Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Mədəniyyət > AMEA Naxçıvan Bölməsində Bayraq Günü ilə əlaqədar tədbir keçirilib
AMEA Naxçıvan Bölməsində Bayraq Günü ilə əlaqədar tədbir keçirilib |
Üçrəngli bayrağımız ilk dəfə 1990-cı il noyabrın 17-də görkəmli dövlət xadimi Hеydər Əliyеvin təşəbbüsü və rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisində keçirilən sessiyada dövlət atributu kimi qəbul edilib. Bu günü üçrəngli bayrağımızın dövlətçilik tariximizə əbədi qayıdış günü də hesab etmək olar.
Bu fikirlər AMEA Naxçıvan Bölməsində 17 Noyabr - Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı Günü ilə əlaqədar keçirilən tədbirdə səsləndirilib. AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev qeyd edib ki, noyabrın 17-si Azərbaycan tarixində bir sıra hadisələrlə əlamətdardır. 1990-cı il məhz həmin gündə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi üçrəngli bayrağı təkcə muxtar dövlətin rəmzi kimi qəbul etməyib, həm də bu bayrağın Azərbaycan Respublikasının Dövlət Bayrağı kimi qəbulu ilə bağlı Azərbaycan Respublikası Ali Soveti qarşısında vəsatət qaldırıb. Nəticədə 1991-ci il fevral ayının 5-də Azərbaycan Respublikası Ali Soveti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsatətinə baxıb və üçrəngli bayrağın Azərbaycanın Dövlət Bayrağı kimi qəbul edilməsi haqqında qərar verib. Qeyd olunub ki, müstəqilliyimizin rəmzi olan bayrağımız həmişə uca tutulub, onun qorunması və mühafizəsi ilə bağlı bir çox qanun və sərəncamlar verilib. Belə ki, ulu öndər Heydər Əliyevin 1998-ci il martın 13-də imzaladığı “Azərbaycan Respublikasının dövlət atributlarının təbliği işinin gücləndirilməsi haqqında” Sərəncamı dövlət atributlarının, o cümlədən bayrağımızın təbliği baxımından mühüm əhəmiyyət daşıyıb. Bundan əlavə, 2004-cü il iyunun 8-də “Azərbaycan Respublikası Dövlət Bayrağının istifadəsi qaydaları haqqında” Qanun imzalanıb, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2007-ci il noyabrın 17-də Bayraq Meydanının yaradılması, 2009-cu il noyabrın 17-də isə Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında Sərəncam verib. Diqqətə çatdırılıb ki, müstəqil Azərbaycanın hər bir guşəsində olduğu kimi, Naxçıvanda da dövlət atributlarına münasibət yüksək səviyyədədir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan şəhərində Dövlət Bayrağı Meydanı və Muzeyinin yaradılması haqqında” 2014-cü il avqustun 22-də imzaladığı Sərəncama əsasən, Naxçıvan şəhərində Dövlət Bayrağı Meydanı və Muzeyi yaradılıb. AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri Vəli Baxşəliyev, AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru Fəxrəddin Səfərli, İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru Əbülfəz Quliyev mövzu ilə bağlı çıxış ediblər. Çıxışlarda Azərbaycanın ərazi bütövlüyü və toxunulmazlığını, milli müstəqilliyimizi, azadlığımızı, dövlətçiliyimizi əks etdirən dövlət bayrağımızın dünya azərbaycanlılarının mənəvi-siyasi və mədəni birliyinin, vahidliyinin, bölünməzliyinin simvolu olduğu vurğulanıb. Eyni zamanda, hələ sovetlər dövründə üçrəngli Azərbaycan bayrağı ilə əlaqədar müxtəlif yaradıcı ziyalıların əsərlərində, xalq mahnılarında mətnaltı ifadələrin qeyd olunması ilə bağlı maraqlı faktlar diqqətə çatdırılıb. Geri dön |