Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Qərbi Azərbaycan-İrəvan > İrəvan xanlığının həqiqətləri
İrəvan xanlığının həqiqətləri |
Noyabrın 24-də Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasında Azərbaycan, ingilis və rus dillərində nəşr olunmuş İrəvan xanlığının tarixinə dair 4 adda broşürün təqdimat mərasimi keçirildi. Təqdimat mərasimi Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutu, Prezident Kitabxanası və "Azərbaycan Tarixçiləri" İctimai Birliyinin (ATİB)birgə təşkilatçılığı ilə reallaşdı.
"İrəvan xanlığı" və digər fundamental tədqiqatlar kimi bu əsərlər də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yazılıb. Kitabçalar Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi "İrəvan xanlığının tarixinə dair 4 adda broşürün nəşr olunması" layihəsi çərçivəsində ATİB tərəfindən nəşr olunub. Layihənin rəhbəri və nəşrlərin elmi redaktoru Əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü, Dövlət Mükafatı laureatı Yaqub Mahmudov, texniki redaktoru isə riyaziyyat üzrə fəlsəfə doktoru Mehri Xanbabayevadı. Tədbiri giriş sözü ilə Prezident Kitabxanasının direktoru Mayıl Əhmədov açaraq Azərbaycan Milli Elmler Akademiyası ilə əməkdaşlıqdan məmnun olduğunu bildirdi. İnstitutun nəşr etdiyi kitabların ilk olaraq burada təqdimatı artıq ənənə halını aldığını qeyd etdi. Tarixi İnstitutunun kitablarının elektron versiyaları ilk olaraq Kitabxananın "Elektron kitablar" bölməsində yerləşdirildiyini tədbir iştirakçılarına xatırlatdı. Daha sonra Mayıl Əhmədov "2014 - cü ildə ölkəmizin diplomatik xidmət orqanlarının rəhbərlərinin beşinci müşavirəsində cənab Prezident İrəvan xanlığı haqqında həqiqətlərin daha geniş auditoriyaya çatdırılması üçün kiçik həcmli broşürlərin buraxılmasını aidiyyati təşkilatlara tapşırmışdı. Həmin nəşrlərdən ikisinin - "İrəvan xanlığı: Erməni vandallarının yox etdiyi Xan sarayı" və "İrəvan xanlığı: Erməni vandallarının yox etdiyi İrəvan məscidləri" broşürlərinin müəllifi Nazim Mustafa həm Prezident Kitabxanasının, həm də Tarix İnstitutunun əməkdaşıdı. Kitabların yazılmasında kitabxanamızda erməni dilində olan ədəbiyyatdan geniş istifadə edilmişdi. Digər iki broşürün müəllifi isə tanınmış tarixçi alim Gültəkin Nəcəflidi" - qeyd etdi. Qeyd edək ki, İrəvan xanlığının tarixinə dair çap olunan broşürlər tariximizin yenidən araşdırılmasında, tarixi həqiqətlərimizi dünya ictimaiyyətinə çatdırılmasında müstəsna əhəmiyyətə malikdi. Kitabcalar Azərbaycan, ingilis və rus dillərində çap olunub. Tarix İnstitutunun direktoru Y.Mahmudov çıxışında qeyd etdi ki, müasir Ermənistan Respublikasının ərazisi yaxın keçmişdə - XIX əsrin əvvəllərində Azərbaycan dövləti olan İrəvan xanlığının torpaqları olub: "Azərbaycan xalqının və digər türk xalqlarının qəhrəmanlıq eposu olan "Kitabi-Dədə Qorqud" dastanlarında təsvir olunan bir çox mühüm tarixi hadisələr, proseslər Azərbaycanın məhz bu regionunda - İrəvan xanlığının ərazisində cərəyan edib. Çar Rusiyası erməniləri Qacarlar İranı və Osmanlı imperiyası ərazisindən Cənubi Qafqaza köçürdükdən sonra Azərbaycan xalqına qarşı etnik təmizləmələr, zorakı deportasiyalar və soyqırımları dövrü başlandı. Nəhayət, 1918-ci il mayın 29-da Şimali Azərbaycanda - keçmiş İrəvan xanlığının ərazisində erməni dövləti yaradıldı". "Erməni vandalları köçürülüb gətirildikləri Azərbaycan torpaqlarından yerli türk-müsəlman əhalini didərgin salmaq üçün onların dini ibadət yerlərini - yüz illərlə öz varlığını qoruyub saxlamış nadir memarlıq inciləri olan 300-dən çox məscidi, çoxlu sayda minarələri, türbələri, ziyarət yerlərini, qəbiristanları yerlə yeksan ediblər. Vandallar, ilk növbədə, İrəvandakı qədim məscidləri məhv ediblər", - deyə institut direktoru bildirib. "İrəvan xanlığı: Erməni vandallarının yox etdiyi İrəvan məscidləri" adlı kitabçada Azərbaycan xalqına məxsus olan və erməni vandalları tərəfindən dağıdılan nadir memarlıq abidələrinin - qədim İrəvan məscidlərinin acı taleyindən bəhs olunur. Əsərdə qeyd olunur ki, erməni rəssamlarından MartirosSaryanın, Setrak Arakelyanın, Anuş Sahinyanın, Qabriel Gürcyanın 1920-1930-cu illərdə çəkdikləri rəsm əsərlərində Göy məscid İrəvan şəhərinin simvolu kimi əks etdirilib. Tarixçi-alim Nazim Mustafa yazır: "Hazırda Ermənistan rəsmiləri Göy məscidi xaricdən gələn qonaqlara "Fars məscidi" kimi təqdim edirlər". Yaqub müəllim qeyd etdi ki, erməni vandalları İrəvan qalasındakı Xan sarayını (Sərdar sarayı) dağıdıb yerində konyak zavodu tikiblər. Qeyd edək ki, Xan sarayını 1578-ci ildə Azərbaycan Səfəvi dövlətinin İrəvan bəylərbəyi Toxmaq xan tikdirib. "İrəvan xanlığı: Erməni vandallarının yox etdiyi Xan sarayı" adlı kitabçada qeyd edilir ki, İrəvan rəsmiləri bu gün xaricdən gələn qonaqlara və tədqiqatçılara "qədim erməni torpağında" və onun "qədim paytaxtında" yaşı 200 ildən yuxarı bircə dənə də olsun tarixi abidə göstərə bilmirlər. Tarixçi-alim Güntəkin Nəcəflinin "İrəvan xanlığı: İrəvan qalası - qəhrəmanlıq qalası" adlı əsərində 400 ildən artıq tarixə malik olan, dəfələrlə yadelli yürüşlərinə sinə gərmiş, XIX əsrin I yarısında Azərbaycan xalqının çar Rusiyası işğalçılarına qarşı apardığı şanlı mübarizə mərkəzlərindən birinin - İrəvan qalasının qəhrəmancasına müdafiəsindən bəhs olunur. Bu kitabça İrəvan qalası müdafiəçilərinin əziz xatirəsinə həsr olunub. Xatırladaq ki, İrəvan qalası Azərbaycan Səfəvi dövlətinin banisi Şah İsmayıl Xətainin göstərişi ilə səfəvi sərkərdəsi Rəvanqulu xan tərəfindən XVI əsrin əvvəllərində tikdirilib. "Çuxursəd hakimləri və İrəvan xanları" adlıəsərdə qeyd edilir ki, qədim Azərbaycan torpağı olan müasir Ermənistan Respublikasının ərazisi orta əsrlərdə Çuxursəd vilayəti adlanırdı: "Azərbaycan dövləti olan İrəvan xanlığını Azərbaycanın yerli türk tayfalarının - Qaraqoyunlu, Ağqoyunlu, Rumlu, Ustaclı, Əfşar, Qacar tayfasının nümayəndələri olan xanlar idarə etmişlər". Yaqub Mahmudov ermənilərin dəfələrlə onun ünvanına hədələr etdiklərini bildirdi. Lakin o bu yoldan çəkilməyəcəyini, onlara ən yaxşı cavab kimi tarixi həqiqətlərimizin dünyaya çatdırmaqda gördüyünü bildirdi. Daha sonra tarixçi alim Gültəkin Nəcəfli çıxış edərək, broşürlərin tarixi əhəmiyyətli olduğunu bildirdi. Gültəkin xanım kitabda nəşr olunan fotoların heç yerdə işıqlandırılmayan fotolar olduğunu qeyd etdi. Təqdimat mərasimində çıxış edənlər İrəvan torpağının qədim Azərbaycan torpağı olduğu barədə tarixi gerçəkliklərin dünya ictimaiyyətinə daha ətraflı çatdırılmasının vacibliyindən, ermənilərin tarixi həqiqətləri daim saxtalaşdırmağa cəhd göstərdiklərindən bəhs etdilər. Nigar Adil[right][/right] Geri dön |