Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > DAVAMın yazıları > Kulunçak xanın nəvəsi - rus yazıçısı KUPRİN
Kulunçak xanın nəvəsi - rus yazıçısı KUPRİN |
Bütün ömrü boyu öz əslinin tatar xanlarından gəldiyini qürurla qeyd edir, həm də bu soyadının kulunçak, kulun, dayça mənasını da əlüstü göstərirdi. ...Tatar araqçını qoyur, ümumiyyətlə, şərqli görkəmdə gəzir, özünün paytaxtda qəribə görünən başdan-ayağa türk paltarı ilə hər kəsi heyrətləndirirdi.
Balaca Kuprinin atası vəbadan öləndə gələcək yazıçının bir yaşı vardı. Vaxtilə cah-calallı ailə yoxsul vəziyyətə düşmüşdü. Penza əyalətində əlində qalan kiçik əkin sahəsi ilə üç yetimi saxlamaq qeyri-mümkün idi. Odur ki, anası 1874-cü ildə onu götürüb pansionata - Dul evinə köçür. Daha əvvəl isə iki böyük qızını dövlət hesabına qapalı məktəbə vermişdi. Ailə artıq öz-özünü saxlaya bilmirdi. Get-gedə vəziyyətin ağırlaşdığını görən ana oğlunu Razumovski Yetimlər evinə verir. Özü isə ömrünün sonunadək bir daha evinə qayıda bilmir. Dul evində yaşayır. Gələcək yazıçı məhrumiyyətlər və onun doğurduğu xəcalət içində böyüyürdü. Hər tərəfdə kobudluq, rəhimsizlik, qəddarlıq və biganəlik hökm sürürdü. Hələ ki, məhəbbət adına heç nə yox idi. Gələcəkdə böyük məhəbbəti, qızğın eşqi tərənnüm edəcək yazıçının bu gün gördüyü hələ ki, yalnız qəddarlıq idi; gələcək yazıçı yoxsulluğun qılınc kimi kəsib doğradığı yaralı ürək gəzdirirdi. 12 yaşında anası onu hərbi məktəbə düzəldir. Kadet məktəbində oxuyandan öz imkanlı yoldaşlarının qarşısında anasının evsizliyinə və kasıblığına görə xəcalət çəkir, sirrini-dərdini heç kimə açmırdı. Əslində isə anası Lyubov Kulunçakova (1840-1910) yazıçı üçün ömrü boyu tükənməz qürur mənbəyi idi. O, qədim tatar əsilzadəsi Kulunçakovların qızı idi. Knyaz Kulunçak Qasım xanın əyanlarından idi (44, s.67). XV əsrdə Rusa pənah gətirmiş, pravoslavlığı qəbul etmiş, çox varlı adam kimi şöhrət tapmışdı. Rusların içində Kollontay şəklinə düşən türk familiyası da əslində kulun+tay (day, at) sözündən yaranmışdı. Artıq XVII əsrin II yarısında Penza vilayətinin Narovçat rayonunda Kuprinin babası Knyaz Klunçakovun mülk və torpaqlara sahib olduğu görünür. Ailə söhbətlərinə görə isə ata-babaları öz kefçilliyi və qayğısız həyatı ilə ətrafda ad çıxarmışdı. Bu səbəbdən də böyük sərvət ildən-ilə azalıb gedirdi. İndi Penza vilayətindəki qədim Narovçat və ya o zaman deyildiyi kimi, Naruçat XIII-XV əsrlərdə Qızıl Ordanın əsas şəhərlərindən sayılırdı; Ulus Mukşa adlanan tatar xanlığının mərkəzi idi. Bu ad şəhərin üzərində yerləşdiyi Mukşa və ya Mokşa çayının adı ilə bağlıdır. Bu torpaqdakı tatarlar da Mokşa tatarları adlanırlar. 1313-1367-ci illərdə Qızıl Ordanın sikkələri burada kəsilirdi (Müasir ruslar bu pulu özlərinin ilk pulları hesab edirlər. Qızıl pullar türkcə “tenka, denqa”, mis pullar “pul, pulo” adlanırdı. Tarixçi Karamzinin və başqa nüfuzlu tədqiqatçıların göstərdiyi kimi, hər iki üzü tatar yazısı ilə yazılırdı). Bu zaman Narovçatın ən geniş yayılmış adı Mukşa idi. XV əsrdən Rus dövlətinə daxil edilmişdi: Kazan xanlığı işğal olunandan (1552) sonra mukşalı tatarların xristianlaşdırılması xüsusi vüsət alır, tatarları silah və ağır vergilər gücünə xristianlaşdırmağa başlayırlar. Arxeoloji qazıntılar nəticəsində Narovçatda məscid, hamam, kərpic evlərin qalıqları, müsəlman məzar-sərdabələri aşkar olunmuşdu. Kuprin burada Penza quberniyasının Narovçat şəhərində 1870-ci ilin 26 avqustunda məmur ailəsində anadan olmuşdu. Kuprin anasına pərəstiş edirdi. Lakin onun yoxsulluğuna və başqa adamların qarşısında alçalmasına dözə bilmir, alışmır, utanır, əzab çəkirdi; heç vaxt bu təhqiri unutmurdu. Türk xanının qızı olan ananın isə böyük arzuları var idi; ana oğlunun təminatlı gələcəyi üçün çox fikir çəkirdi. Oğluna hərbi məktəbə daxil olması üçün göz yaşları içində yalvarırdı. Bütün uşaqlıq və gəncliyinin bu ağır təəssüratları “Kadetlər”, “İgid qaçqınlar”, “Yunkerlər”, “Müqəddəs yalan” əsərlərində əks olunmuşdu. Odur ki, ondan haradasa və nə vaxt tərcümeyi-hal tələb etdikdə yarızarafat tərzində: “Bütün əsərlərim tərcümeyi-halımdır”, - cavabını verirdi. Kuprin onu zabit görmək istəyən anasının ümidlərini alt-üst edir. Baş Ştab Akademiyasına imtahanlar ərəfəsində istefa verir və sərgərdan həyata başlayır. Məqsədi ədəbiyyatla ciddi məşğul olmaq idi. Uşaqlıq və yeniyetməlik illərinin məhrumiyyətləri və sıxıntıları gələcək yazıçıya lazım olan həyat materialını vermişdi. Həmin illərin acı güzəranı, yoxsulluq onda başqalarının dərdlərinə diqqət və qayğı, zəiflərə acıma, kimsəsizə, arxasıza ülfət, mərhəmət hissləri tərbiyə etməkdə idi. Uğursuzluqlar isə hələ ki, onu izləməkdə idi. Akademiyaya girə bilməməsi, böhtanlar, iftiralar, daim onu izləyən, yaxasından yapışan yoxsulluq həyatın rəzalətlərini böyüdür, ədaləti itirirdi. Kuprin özündə olan yazıçılıq istedadının anasından gəldiyini hər zaman, hər yerdə inadla qeyd edirdi. Anasından ona irsən incə, kövrək hisslər, canlı müşahidələr və emosionallıq (o, bunu “əsil tatar naturası” adlandırırdı) gəlmişdi. Ana nənəsindən hələ uşaqkən gözəl əfsanələr, sehrli nağıllar, tarixi əhvalatlar eşitmişdi. Bunlar onun Şərq mövzusunda yazdığı gələcək əsərləri doğuracaqdı. Sirli-sehrli, nağılvari əsərlər, lakin qüdrətli, müdrik, fəlsəfi əsərləri bu uşaqlıq nağıllarından yaranacaqdı. Şərqə məxsus cəsurluq, fədakarlıq öz növbəsində alicənablıq, güclü, nəşəli məhəbbət, hər yerdə ədalət simasında çıxış edən Allah hər şeyi eşidən və görən Allahın xofu olan əsərlər meydana çıxacaqdı. Yazıçı A.Kuprinin nə qədər qəribə olsa da Şərq sevgisi, türk ehtirası, türk mədəniyyətinə ehtiramı, cazibəsi və s. onun "anam tatar knyazı Kulunçak xan nəslindəndir” - harayı ilə bir doğmuşdur. Bütün ömrü boyu öz əslinin tatar xanlarından gəldiyini qürurla qeyd edir, həm də bu soyadının kulunçak, kulun, dayça mənasını da əlüstü göstərirdi. Müasirlərinin xatirələrinə görə, tatar araqçını qoyur, ümumiyyətlə, Şərqli görkəmdə gəzir, özünün paytaxtda qəribə görünən başdan-ayağa türk paltarı ilə hər kəsi heyrətləndirirdi. Varlanandan sonra əsil türk ağası kimi ianə, sədəqə verməsi, türk sözlərini danışığında çoxaltması və s. ilə yanaşı, ailə məktublarını da “İsgəndər” ləqəbi imzalayırdı. Beləliklə, öz Aleksandr xristian adının Şərq variantını təxəllüs kimi işlədirdi. Kuprinin Şərqə, türk həyatına bəslədiyi sonsuz maraq yaradıcılıq xəttinə də təsir edib keçə bilirdi. Bu maraq və aludəlik onun Şərq ruhu hakim olan “Sulamif”, “Süleyman peyğəmbərin ulduzları”, “Qismət” (əsli “Kismet”), “Kırım”, “Məcid”, “Nargilə qolbağ”, “İstintaq”, “Gecə növbəsi” əsərlərində uğurlu türk obrazları yaratmasına kömək etmişdir. Eləcə də “Təkbətək” əsərində yaratdığı Bek-Ağamalov surəti Şərq xarakterli-doğrucul, ləyaqətli bir obraz olaraq hər biri ayrıca bitkin psixoloji məzmun saxlayan insanlardır. Kuprin təşəxxüslü Bek-Ağamalov simasında uğurla Qafqazlı zabit obrazı yaratmışdı. Həm də surətlərlə bərabər, estetikliyi, öz ibtidailiyi ilə ilahi gözəllik yaradan adətlər, mərasimlər təsvir edir. Türk həyat tərzini Kuprin qeyri-adi dəqiqliklə, yaddaqalan, eləcə də parlaq boyalarla nəqş edir. “Nargilə bilərzik” kimi məşhur əsərindəki qız - bu şərqli, çəkik tatar gözlü qız, hətta öz kübar, ağayana görünüşlü bacısından da daha güclü marağa və sevgilərə səbəb olur. Kuprinin istifadə etdiyi Şərq sözləri onun əsərlərinə ətir, diri ruh gətirir, hadisələrə və təsvirə parlaq, xariqə rənglər, boyalar əlavə edir. Yazıçı “İstintaq” əsərində böyük məhəbbətlə bədbəxt türk obrazı yaratmışdı; burada məhkumun və müstəntiqin tərsliyinin və inadının buzunu ikincinin birinciyə onun ana dilindən tez tapıb işlətdiyi doğma və əziz olan “Allah” və “ana” sözləri qırıb əridə bilir. Əsgər rus silistini, cəzanı, kazarma məhkumluğunu unudur; mərhəmətə və ədalətə ümid bağlayır. Bu əziz kəlmələrin eşqinə Kuprin hekayədə ustalıqla psixoloji situasiya yaradır. İstintaqı aparan zabit (Kozlovski) özü istəməsə də qələbə çalır. Zabit birinci ildir ki, elə türk əsgərin özü kimi qulluğa başlamışdı. Əslində o, vicdanlı adamdır, amma işin sonunu fikirləşmədən cidd-cəhdlə psixoloji istintaq aparır. Əsgərlə ümumi dil tapmaq naminə hətta rus dilində danışmasına baxmayaraq, cümlələrin qrammatik quruluşunu türk dilinə uyğunlaşdırmağa çalışır. Müstəntiq zabit öz peşəsinə aludəliklə elə uzağa gedir ki, tatar əsgərin yadına “ana”nı, “Allah”ı salır. Beləliklə, rus dilində zorla danışan tatar əsgər bu yad mühitə “ana” kəlməsi ilə onun min verstlərlə uzaqda qoyub gəldiyi isti, mehriban varlığın adını eşitməklə “təslim olur”; oğurluq etməkdə günahlandırılan bədbəxt tatar indiyədək sussa da, zabitin təsadüfən tapıb işlətdiyi doğma “ana” sözü onu hipnoz edir, “dilini açır” və nəhayət, onu məhv edir. O beləliklə bəlkə də etmədiyi oğurluğu və onun cəzasını bu şirin və qərib kəlmənin təsiri altında çiyinlərinə götürür və o, ağır cəzaya məhkum edilir. “Ana” sözündən axan nur və şəfqət müstəntiqin də gözlərini açır, o da etdiyi qəbahəti anlayır, tatar əsgərin doğma dilində “ana” kəlməsini işlədib, onu bədbəxt etməsinə təəssüflənir. Balaca adamların, həyatın mağmın qoyduğu adamların təsviri Kuprin qələmi ilə çox uğurlu aparılır. Kuprin belə adamlara qarşı həssasdır, sanki öz bəlalı taleyini nəql edir. Həqiqətən öz dediyi kimi, şöhrət, pul, ad-san onu tapanacan sərgərdanlıq etmişdi: çilingər, çapçı, əkinçi işləmiş, tütün satmış, Azovda sirkdə çalışmış, aktyor olmuşdu. Onun-bunun yanında, dost-tanışın evində qabırğa qonaq kimi günlərini keçirən Kuprin birdən-birə varlı bir qızla üzləşir. Qızın da qəribə taleyi vardı, qanunsuz doğulmuşdu. Anası onu aparıb qundaqda varlı, lakin Allah adamı olan Marya Davıdovanın qapısına qoymuşdu. Davıdova yaşlı, varlı qadın idi, “Mir bojiy” jurnalını çıxarırdı, özünün də uşaqları var idi. Lakin bu tapdıq qızı övladlığa götürəndən sonra öz uşaqları bir-birinin ardınca tələf olur, götürülmə qızın ayağı düşmür sanki bu evə. Sonda bütün uşaqlar öldüyünə görə yeganə varis bu qız olur. Bu qız olduqca şən, qayğısız bir qız idi. Onu hələ də “Musya” çağırırdılar. Hər kəs onun kimi şaqqıldayıb gülə bilmirdi. 1902-ci ildə evlənirlər. Onun ayağı yazıçıya düşür. Kuprin varlanır. Özü də necə? Təkəbbürlü bir ağaya çevrilir və onsuz da kiçik kişmişi tatar gözlərini qıyaraq təşəxxüs satır. Yazıçı Belozerskaya-Bulqakova da həmin günləri xatırlayaraq yazırdı: “Mən Kuprinə, onun sevimli üzünə yaşlı tatarlara məxsus sevimli çöhrəsinə acgözlüklə tamaşa edirdim.” Kuprin elə özü də addımbaşı acı olduğundan çoxlarının yan ötdüyü tarixi həqiqətə işarə edirdi: “Burada hər bir rusun damarlarında axan köçəri monqol qanı özünü göstərmirmi?” Dostu İvan Bunin onun yaradıcılığına sonsuz rəğbətini və eyni zamanda həsədini elə də məharətlə gizlədə bilməyərək ona həsr etdiyi “Kuprin” yazısında göstərirdi: “Onda xariqüladə keyfiyyətlər, qeyri-adi dərəcədə özünü göstərən, nəyə desən dəyən cazibə və nə qədər də tatar xasiyyətləri var idi?! Anası tatar familiyalı knyaginya idi, həmişə də görürdüm ki, Aleksandr İvanoviç özünün tatar qanı ilə çox öyünür. Şöhrətin zirvəsində olduğu vaxtlar, yadımdadır ki, rəngli tübeteyka geyir və qonaqlıqda, eləcə də restoranda elə ağayana otururdu ki, elə bil əsil xan idi. Qəzet-jurnal naşirləri onun dalınca qaçışırdılar və yazıq-yazıq yalvarırdılar ki, min-iki min avans götürsün, yalnız söz versin ki, onları unutmayacaq. O isə ətli, yastı üzlü, ağır adam, astaca türkcə fısıldayırdı: - Qet"... Elə dostu Buninlə küsüşməyi də bu həssas nöqtədən başlayır, birinci arvadı Kuprina - İordanskaya xatırlayır: “Kuprinin ana tərəfdən tatar xanı nəslindən olmasını, dönə-dönə eşidən yazıçı Bunin daha dözə bilmədi. - Bəli, Aleksandr İvanoviç, yalnız anası tərəfdən zadəgandır, - dedikdə Kuprin bərk tutuldu və masanın üstündəki gümüş çay qaşığını götürüb, dinməzcə onu sıxdı, əzib yumruladı, onu otağın bir küncünə tulladı. Aleksandr Kuprin yaddaşlarda və həm də torpağın köksündə möhür kimi qalan bu izlər haqqında 29 dekabr 1901-ci il tarixli məktubunda A.P.Çexova yazırdı: “Yaltadan getdikdə mən Ryazan quberniyası meşələrinə düşdüm. Orada heyrətamiz adlarından tatar, hətta poloves qədimliyi ətri gələn yerlərdə torpaqölçən işlədim”. Eyni hörmət və məhəbbətlə əski Qara Dəniz boylarının türk tarixinə işarə ilə: - Bizim sanatoriya çiçəkləmiş armud, alma, badam və ərik ağaclarının ağ dalğalarında itib batmışdı. Deyirlər, bu torpaqların keçmiş sakinləri çərkəzlərin dilində bu cazibədar sahil kəndinin adı – “Ağ gəlin” olmuşdu. Necə əziz, necə dəqiq addır! Belə ki, bu addan padşah Süleymanın “Nəğmələr nəğməsi”ndən birbaşa axıb süzülən Şərq poeziyasının koloritli dilinin ətri gəlir, - deyə Kuprin yazırdı. Kuprinin ilk evliliyi uzun çəkmir. Çox keçmir ki, o, evdə arvadının köməkçisi işləyən yeniyetmə alman qızına vurulur. Qızın isə bu div enerjili və həyat qədər maraqlı kişidən ötrü ürəyi gedirdi. Bu alman qızı yazıçı Mamin-Sibiryakın baldızı idi. Kuprinin evinə dayə kimi xidmətə götürülmüşdü. Gizli, həm də göz qabağında olan “oyunlar”ın üstü açılır, aşkar olur. Nəhayət, 1907-ci ildə Kuprin bu qızla nigah bağlayır. Əvvəlki əhli-kef qadınından fərqli olaraq bu xanım ömrünün sonunadək bir mehriban dayə kimi daim Kuprinin nazıyla oynayır, ona əsil qadın olur. ...Kuprin oktyabr inqilabından qorxuya düşüb, 1919-cu ildə xaricə qaçdı. Fransada yaşadı. Lakin evdən ötrü bərk xiffət edirdi. Nisgil və qübar içində 18 il yaşadığı bu qübar onu geriyə dönməyə məcbur etdi. Geri dönmə cəsarətinin ona baha başa gələcəyi ehtimalını da duyurdu. Amma sağlam canını itirmişdi artıq. Beyninə qan sızmışdı. Daha itiriləcəyindən qorxduğu başı da qalmamışdı. O öz evinin içində ölmək istəyirdi. Xahişi dərhal qəbul olundu. Onu Moskvada təntənəli qəbul etdilər. Lakin nə danışmağa dili, nə də fikirləşməyə beyni var idi. Amma ölməyə Vətən yaxşı, - deyiblər. Ürək bu sevgiylə çırpınırdı. 1937-ci ilin mayında Rusiyaya dönən yazıçı 1938-ci ilin avqustunda bu dünyaya gözlərini yumdu. Prof.dr. MinaxanımTəkləli-Nuriyeva [right][/right] ADMİRAL,AZ Geri dön |