Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Türkün şanlı tarixi > Atillanın qəbri – Fəxri Uğurlu
Atillanın qəbri – Fəxri Uğurlu |
Yağıların başını ayağına ölçdürmüşdü, dərisini əyninə biçdirmişdi, xaqanların tacından atına nal kəsdirmişdi, xanların şirin canını qarışqaya daşıtmışdı, mənəm-mənəm deyənlərin kəlləsindən piyalə qayırtmışdı, yenə də bu dunyadan nə belə pay, nə belə töycü almışdı. Kəniz əlində sini, sinidə qızıl piyalə, piyalədə qıpqırmızı Rum şərabı, şərabın üzündə qaymaq bağlamış gül qoxulu Çin ağusu çadırın ayağından ona sarı gəlirdi…
Onuncu-sonuncu gün bu on gündə bəlkə yüzüncü yol özünə şərab süzdürəndə o, qız işini qorxusuz-ürküsüz görə bilsin deyə üzünü yana çevirdi, elə yana baxa-baxa: – Özün pay verilsən də, sənin mənə öz payın da olmalıdı, bilirəm, – dedi. – Bəxşişini niyə məndən gizlədirsən? – Mən sənə qızılgül şərabının qaymağını gətirmişəm. O şərabdan dadan can qaçaqaçdan, qovhaqovdan əl çəkib dinclik tapar. Gözü baxmırdısa da, qızın əlindən piyaləyə damanı tükü-dərisiylə gördü. Ha istədi görməsin, yenə gördü. Son günlər ordu bəyləri elxanı sayıqlığı itirdiyinə görə qınasalar da, Atilla ayrı nədən yox, sayıqlığından gileyliydi. Hər tükü çuğul kimi dünyadan bir soraq alıb bir xəbər gətirirdi. Ha çalışırdı bədənini yuxuya versin, verəmmirdi. On gündən bəri rumlu kənizi yanına alıb çadırını başına çəkmişdi, yenə özünü dünyanın gözündən oğurlaya bilməmişdi. Yaxası min-min əldəydi, bu çadırdan eşikdə bütün dünya səsini-nəfəsini udub onu gözləyirdi. O qədər gözün altında çadır nədi, mağarada, quyuda, qəbirdə də daldalanmaq olmazdı. Bu on gündə özüylə dünyanın arasına – dərin olmasa da, gen olmasa da – xəndək atıb başına bir arx hərləyə bilmişdi. O xəndəyi keçib arxı adlamaq hələ çətin olmasa da, aradakı yolun çatı-çapığı göz çatladırdı. İndi onun yenə iki dünyası vardı: biri bu çadırın kölgəsində, bu kənizin ayağının altında, o biri çadırdan eşikdə, qoşunların, atların təpiyi altında. Burda onun olan-olmazı bir bu qızıdı, orda onun heç nəyi qalmamışdı, nəyi varsa, onca gündə puça çıxmışdı. Orda, çadırdan çöldə yer üzü özü boyda bir qəbirə dönmüşdü, kişilərin ən qoçağı olsa-olsa ordan özünə bir qəbirlik yer alardı… Qız elə bil iki dünya arasına çəkilmiş qıl çəpərin üstüylə yeriyirdi, sağa əyiləndə soldakı, sola yıxılanda sağdakı dünya qızı özünə çəkirdi. Barmağı sinini, sini piyaləni çənə kimi əsdirib diş kimi şaqqıldadırdı. Atilla irəli yeriyib qızın sinini qaval təki döyəcləyən barmaqlarını ağır yükdən araladı. – Sən bircə qorxma, – dedi, – qorxanda gözəlliyin qaçır. Kəniz udqunmağa macal tapmamış Atilla şərabı udub boğazından axıtdı, əlinin dalıyla dodağını qurudub gülümsündü. Tanrı dağından düşəndən Atillanın dodağında bir işartı, üzündə bir xoş üz görən olmamışdı. Qız ağulu piyaləni onun əlindən nə almağa, nə də vurub salmağa çatdı, əli göydə, sözü ağızda qurudu. Qızın Rumda tutduğu yol burda bitmişdi. Burdan bir ayrı yol başlanacaqdı… Bu neçə gündə qız özünü ələ verib sonuncu sirrini də sandıqdan çıxarmaq üçün, Atilla da özünü karlığa-korluğa vurub kənizin gizlincini örtüb-basdırmaq üçün əlindən gələni eləmişdi, bu onun, o bunun bayrağı altda özünə qarşı döyüşüb öz qanına yerikləmişdi. Sonda yenilməz Atilla bu son döyüşdən də yenik çıxmadı, rumlu kənizlə himləşib-birləşib yer üzünün ən güclü kişisinin kürəyini yerə vurdu, zəhmindən dağlar yarılan igidi atdan saldı, dünyanı döyüş meydanı, ya da düşərgə bilən ordunu yendi. Kəniz elə bil ona çay altından baxırdı. O bu döyüşü uduzmuşdu – güldən zəhər çəkən çinli kimyagərə, o zəhəri gündoğandan günbatana daşıyan dəllallara, siyasətə zəhər qatan rumlu saray adamlarına, onu kimsəsiz qoyub içində qisasdan tonqal qalayan, canını cəhənnəm oduyla qarsan fələyə uduzmuşdu, bu çadırın altında onun bayrağından öpüb onu özüylə döyüşdə tək qoyan düşməninə uduzmuşdu. Ata-anası gözünün qabağındaca atlı qoşunun tapdağı altında toza çıxanda, bacı-qardaşı at quyruğuna bağlanıb qul gedəndə belə uduzmamışdı – qarşıda ömür vardı, özü, ya da baxtına çıxası Rum əsgəri onların qanını ala bilərdi; ala bilməsələr də, fələk özü ölənin qisasını öldürəndə qoymayacaqdı, öldürənlə öləni bir cığırla bir yerə aparacaqdı, bir ocaqda bişirib bir tüstüyə çıxaracaqdı. Bunları görməyə onun ömrü çatardı – yağının ən cavanı iki o yaşda olardı; demək, qız qocalıb qarıyana yer üzündə bir düşməni qalmayacaqdı. Qan almağa ayrı yolu olmasa da, o günə, o saatacan yaşayacaqdı. Ola bilsin, bacı-qardaşıyla tapışıb yenə bir damın altına, bir ocağın başına yığılacaqdılar… Atını daşladığı düşmən əsgəri yanından gülüb keçəndə, qarğa-quzğun yuvasına, tülkü-çaqqal yatağına dönmüş kəndin içiylə özünü vəhşilərə yedirtmək üçün çığıra-çığıra qaçanda belə uduzmamışdı – toxluqdan adam qanı qusan yırtıcıların onu görəndə qursağı qaynatmışdı, əsgərin də yorğunluqdan qolu qalxmırdı. Əldən-ələ keçmişdi, evdən-evə, eldən-elə köçmüşdü, qaldığı yerlərdə bir erkək milçək üstünə qonmamışdı, gözəl oğlanlar ondan gen gəzib-dolanmışdı, kişilər üzünə kişi gözüylə baxmamışdı, hər kişi onu özündən üstün kişiyə saxlamışdı, hər kəs onu özündən yaxşısının haqqı saymışdı, əldən-ələ bir pozğun kimi də yox, pay kimi ötürülmüşdü, evdən-evə gəlin köçürülməmişdi, bəxşiş göndərilmişdi – yenə, yenə dəyərini belə itirməmişdi. Rum qeysərinin sarayında yenə qızı adam sayıb ürəyinə yol axtaran, ona yiyə çıxan tapılmamışdı. Orda hər kəs Atillanın ayağı oralara dəyəndən dünyadan umacağını kəsib alım həvəsini axtalamışdı, hamı qazancını verib mayasından yeyirdi. Qeysər özü bütün səltənətinə Atillaya veriləsi bac-xərac kimi baxırdı, sıra gəlib öz canına çatmasın deyə xəzinəni dolu saxlayıb vergini bol-bol verirdi, quruca nəfəsi də hundan satın alırdı. Belə yerdə belə qıza pay kimi, töycü kimi, pul kimi baxardılar, baxırdılar da. Yalnız bircə yol – üst-başına daş-qaş düzüb Atillanın çadırına göndərəndə onu adam saymışdılar, sayıb iş tapşırmışdılar. Bundan qabaq ata-anasının başına gətirilənlərin yadında qalıb-qalmadığını ondan soruşmuşdular, qız da o günü atların dırnağından qopan qanlı tozun sayına qədər unutmadığını, düşmənini görərsə, bir baxışdan tanıyacağını yaddaşına güvənə-güvənə demişdi. Sonra ona düşməni bu yolla, bu gedişlə tapmağın çətinliyini qandırmışdılar: – Hər kəs yalnız öz düşmənini axtararsa, heç kim düşmənini tapmaz, – demişdilər. – Bizim hər birimizin ayrıca düşməni yoxdu, hamımızın bir düşməni var. Sən o düşməni başsız qoyub yurdumuzun, dinimizin, keşiş atanın qanını almaq istəyərsənmi?.. Əlini kitaba basdırıb andını ona zəhər kimi içirtmişdilər. Artıq bütün dünyanın, adsız körpəsindən qeysərinəcən Rum torpağında bitən hər adamın, dinin, xaçın, kilsənin qurtuluşu bir kənizin əlindəydi! Əldən-ələ keçən qızıl puldan artıq dəyəri olmayan qız birdən-birə Məryəm ananın taxtına çıxarılmışdı – cəhənnəm dustaqları gözünü ona dikib ondan qurtuluş umurdu. Atillanın düşərgəsinə gəlib çadırının altına girənəcən o qız belə düşünürdü. Rum kilsəsi onu qorumaqdan ötrü üç-dörd mələk ayırmışdı, hun qılıncı qızın ruhunu canından qovan kimi mələklər o pak ruhu göyün ən uca qatında yerbəyer eləyəcəkdilər. Qız cangüdən mələklərə arxayın olduğundan üzüyünün qaşında gətirdiyi ağunu, ciyərinin başında gəzdirdiyi qorxunu unutmuşdu, Atillaya çatılan qaşlarının qırışlarından baxırdı, dindirəndə ötkəm-ötkəm danışırdı. Atilla kənizin Rumdan nəylə, necə, nədən ötrü göndərildiyini bilsə də, çuğulların gətirdiyi xəbərə inanmaq istəməmişdi: on yeddi yaşı yenicə adlamış, hələ bir qarışqanı tapdamamış bu qıza, özünü dana bilməyən bu Tanrı amanatına Atillanın canını almağı tapşıranlar bu qədərmi çiy iş tutmuşdular? Yoxsa bişirdiklərini elə bişirmişdilər, onun da dişi batmırdı?! Atilla Atilla olandan kimsə onun üzünə bu qız qədər ərklə baxmamışdı. Doğrudu, kəniz ona dost kimi yox, düşmən kimi ərk eləyirdi, ancaq ərkyana baxışlar Atillanın istəyinə yox, işləyinə düşmən kəsilmişdi. Qızın üzündəki duru, saf qəzəb qorxudan yox, sevgidən od almışdı – qorxu yandıran üzü Atilla çox görmüşdü. O qəzəbə nifrət xalı, kin ləkəsi düşməmişdi. Yiyəsini axtaran qəzəbli sevgi Atillanın gövdəsini çatladıb ürəyinə işləmişdi, yaddaşının dibini eşib altını üzə çıxartmışdı. Kənizin arxasından Atillanı güdənlər onun dibindən çıxıb gözlərindən boylanan, dilindən danışan kimsəni görcək iynə görmüş cin kimi yox olmuşdular. – Elə bilirsən onlar məndən yaxşıdılar? Mən onların cənnətinə inanmasam da, səni düşmənimə qıymazdım, səndən ötrü döyüşərdim. Onlar cənnətdən danışa-danışa sənin kimi cənnəti cəhənnəmə göndəriblər. Qızı titrətmə tutmuşdu, daha onun üzünə baxmamışdı. – Onlar sənin canındakı cəhənnəm tonqalına qucaq-qucaq odun daşıyıb atıblar. Çalışıblar o tonqalın odu öləziməsin, səni yandıran alov məni də yandırsın. Onlar səni canındakı cənnətdən qovub göydə sənə cənnət boyun olublar. Yerdə-göydə səndən yaxşı cənnət tapmaq olarmı? Kənizin hər telindən cəhənnəm suyu dammışdı, nəfəsi yarı yoldan qayıtmışdı. – Bax, sən qorxdun, qorxan kimi gözəlliyin də qaçdı, dönüb cəhənnəm oldun. Bu cəhənnəm içində nə yaxşı özünü görmürsən, necə yazıq, yöndəmsiz günə düşdüyünü bilmirsən! Bu görkəmlə cənnəti sən neyləyəcəksən? Bundan sonra cənnət sənin nəyinə gərək? Hansı cənnət gözəlliyini geri qaytaracaq?! Göstərsinlər o cənnəti, sənin gözün baxa-baxa onu cəhənnəmə döndərim! Hanı onların allahları, mələkləri?! Qaçıblar, bəndələrini başsız-köməksiz qoyub qaçıblar! Hamısı mən qurduğum cəhənnəmdən biryolluq qaçıb! Bundan sonra Məryəm ananın büllur taxtı çiliklənib-ovulub göydən yerə dolu kimi yağmışdı, cangüdən mələklər ürküb sərçə kimi perikmişdi. Rumlu kəniz Atillanın cələsində quru canıyla tək, kimsəsiz, köməksiz qalmışdı, nə irəli, nə geri gedə bilmişdi. Dəmir barmaqlarıyla qızı qırmaqdan qorxurmuş kimi Atilla onu ehmalca cələdən çıxarıb qırağa durmuşdu. – Biz kölə saxlamarıq, bizim ya dostumuz olar, ya düşmənimiz. Quldan kişi, kənizdən xanım olmaz. Kölədən adama nə dost olar, nə düşmən. Mən nökər saxlamamışam – mənim əsgərim olub, qulluqçu saxlamamışam – qulluğumda xatunum durub. At minəndən atıma, əlim qılınc tutandan qılıncıma özüm qulluq eləmişəm… Qız Rumdan başlanan yolun dənizə dirəndiyini Atillanın çadırında keçirdiyi birinci gündən duymuşdu. O suya girmək üçün qız Rumdan şəllənib gəldiyi nə vardısa, hamısını çiynindən atmalıydı, dənizdə yaşamağı öyrənməliydi. Bircə yara, bircə ağrı, bircə göz yaşı da qıza ağırlıq eləyib onu o suda batıra bilərdi. – Mən səni özbaşına buraxıram, get. İstəsən, Ruma da qayıda bilərsən. Qorxma, incitməzlər səni, hamısının kəndiri mənim əlimdədi. Yer üzünün harasında desən, səni qoruyaram, hansı torpağı istəsən, sənə bağışlayaram… Sən demə, ona ölümdən yük tutub Atillanın düşərgəsinə göndərənlər kənizdən qurtuluş-filan gözləmirmişlər. Qızı yola salan kimi hamısı xəbərə qaçıb bir-birini Atillanın çuğullarına satıbmış. Demə, qız bu çadırda dünyanın yiyəsinə qaş çatıb dodaq büzəndə hər biri qulaq şəkləyib kənizin ələ keçəcəyini, işdə əli olanların dara çəkiləcəyini, özünün də ənam alıb öyüləcəyini gözləyirmiş. – Sözün düzü, bundan sonra onlara nifrət də çoxdu. İndən belə onlar məni yalnız iyrəndirə bilərlər. İyrənə-iyrənə yaşamaq qorxa-qorxa yaşamaqdan da pisdi. Məni geri göndərmə, mən bu çadırdan eşiyə qayıtmaq istəmirəm. Doğrusu, hələ içəri də əməlli-başlı keçməmişəm, ayağımın biri elə bil çöldə qalıb. Kömək elə, çöldə qalan ayağımı çəkib içəri salaq… Elə birinci gündən o, üzüyünün qaşında ilan kimi marığa yatan Çin ağusundan başqa Rumdan gətirdiyi bütün yükləri üstündən atıb kəpənək kimi yüngülləşmişdi. Gəldiyi yolu başa vurub ayağının palçığını silməkdən ötrü sonuncu yükdən də qurtulmalıydı. Bundan sonra arxayınca suya baş vurub dənizə köçə bilərdi. Bundan sonra ayağını çöldən içəri yığıb Atillanın çadırının altına keçə bilərdi. Gizlinlər bircə gündə üzə çıxsa da, hər şeyi danışıb bölüşsələr də, ta sonuncu günəcən nə Atilla zəhərdən söz salmışdı, nə də kəniz onu necə öldürməli olduğunu demişdi. Qızın boynunda zəhərli üzükdən də ağır bir yük qalmışdı – and yükü! Onu and verənlərə, əl basıb and içdiyinə, andını yerinə yetirməli olduğuna inamını itirsə də, qız andından dönməyi özünə sığışdırmamışdı. Qoy Atilla özü onun boynundan bu yükü götürsün!.. Onuncu gün Atilla payını istəyəndə qız qorxudan əsmirdi, sevincdən titrəyirdi. Min-min əjdaha boynu vurmuş cəhənnəm allahı, ölüm tanrısı ilanı yuvasında yox, yumurtasında tutmuşdu. O yumurta çatlayıb ilan olmamış, ilan əjdahaya dönməmiş piyalədəki şərab Atillanın əlindən lax yumurta kimi yerə dağılacaqdı, töküldüyü yeri yandıracaqdı. Zəhərli tikan iki dünya arasında qıl üstündə gəzməkdən telinəcən gərilmiş, qırılmağa az qalmış kənizin barmağından çıxacaqdı. Yüklərin ən ağırını çiynindən atıb, gəldiyi dünyanın qapısını dabanıyla örtəcəkdi, Atillanın çadırını başına çəkib yeni dünyada düşərgə salacaqdı. O dünyadan eşikdə olmuşları unudub olanları görüb-eşitməyəcəkdilər. O zəhərli üzükdən söz salıb keçmişin üstünü vurmayacaqdılar. Sandıqdan çıxan gizlinci qəbirə gömüb o qəbrin yerində ot bitirəcəkdilər… Budu, qarışqanı yuvada sanayan Atilla onun sevincini qorxudan seçib-ayıra bilməmişdi, qorxu qızın üz-gözünü pozmasın deyə şərabı dodağına calamışdı. Qız keçmişdən qopduğuna sevinə bilməmiş öz əliylə gələcəyini zəhərləmişdi, ağulu şərabı Atillanın canına axıtmışdı. İndən belə gəldiyi yerə qayıtmaq ondan ötrü ana bətninə, ata belinə qayıtmaqdan çətin olardı. Keçmişə yol bağlıydı, gələcəyin də olsa-olsa yarım gün ömrü qalmışdı. Nə irəli görünürdü, nə geri. Beləcə, qız Rumda götürdüyü şələni belindən ata bilmədi, zəhər yükü çiynində bitib canına calandı, qanı, nəfəsi, ömrü ağulandı. Yağı qoruğunda tapdığı dirilik çiçəyini yurdundan gətirdiyi azar vurub qurutdu. Ruma dönmədisə də, Rumda içinə salınan cəhənnəm odu ölənəcən sönmədi. Rum səltənəti dağıldı, Rum qeysərinin yurdu xaraba qaldı, o qız Rumdan qaçıb qurtarammadı, dağılmış Rumun xarabası kimi düzləri dolaşdı; o qızın Rum yarası sağalmadı, o qız Rumda yoluxduğu azardan ayılmadı… *** Tanrı dağından düşəndən Atillanın dodağında bir işartı, üzündə bir xoş üz görən olmamışdı. Kəniz əlində sini yerişindən yıxıla-yıxıla ona sarı gələndə qorxu qızın yaraşığını pozmasın deyə tez irəli yeriyib kənizi əlindəki ölüm yükündən aralamışdı, qız qorxudan eybəcər günə düşməmiş şərabı tələsik boğazından axıdıb, canı cəhənnəmə döndərən ölümü aradan götürmüşdü. Bir ayağı sıldırımdan qopan qızı tutmağa tələsdiyindən piyaləyə zəhər qatıldığını bir anlıq unutmuşdu, şərab içinə axıb dibində göllənəndə damağına bulaşan gül dadı Çin ağusunu yadına salmışdı. Yadına düşəndə sayıqlığı bir göz qırpımınca olsa itirdiyinə sevinib gülümsünmüşdü. Tanrı dağından düşəndən, Atilla olandan o, hər yarpağı dünyanı bir göz kimi güdən qart gövdəsini bircə yol da yuxuya verəmməmişdi, bədənini taxtdan salıb könlünün buyruğu altında bircə gün yaşamamışdı. Bütün dünya ölümdən, ölüm də ondan qorxurdu. Ölüm gətirən nə varsa, hamısını yumurtadan çıxmamış boğan Atilla indi canında ölümə öz əliylə yer salmışdı. Burda nəsə bir böyük sirr olmalıydı. Qoy o sirrin açarı heç tapılmasın, o sirrin özünü tapmaq, o kilidi qurdalayıb o qıfıla min cür açar salmaq onu sevindirirdi. İllər boyu hazıryaraq durmağın, tikan üstə yatmağın gərginliyindən bədəni bərkiyib daşa dönmüşdü. Qoşunu, yarağı artdıqca, hun oğulları ilxısından at seçib qılıncını qurşadıqca canına can, qoluna qol calanıb gücünə güc qalanırdı, gövdəsi bir az da qartıb gərilirdi, damar ətə, ət sümüyə sıxılıb gün işığının qabağını kəsirdi. İçəri gün düşmürdü. Atillanın içi qaranlıqda qalmışdı. Gücün qurudub daşa döndərdiyi canı bir azdan ölüm qurudub daşa döndərəcəkdi – ən böyük gücsüzlüyün gördüyü iş ən böyük gücün gördüyü işdən seçilməyəcəkdi. İki daşın arasında Atillanın sinirləri boşalıb qartları yumşalacaqdı, boşalıb-yumşalan yerdən içinə gün düşəcəkdi, illər boyu canında dustaq saxlayıb üzünə dünyanı bağladığı Tanrı işığa çıxacaqdı. Tanrı onun, o da Tanrının gözüylə yavaş-yavaş əriyən, əpriyən, çürüyən bədənin xarabalığından yaxına-uzağa baxacaqdı. Daha gediləsi yer, görüləsi iş, keşiyində durulası can qalmamışdı, Atilla olandan o özündən sarı bu qədər arxayın olmamışdı… Rumlu kənizin adamı yaşamaq azarından sağaldan dərmanını içəndən sonra Atillanın kefi bir az da duruldu. Rumdan onu öldürməyə gələn yağı qızı ən böyük düşmənini ağlayırdı, Atillanın qəbrinə girməkdən ötrü yalvarıb ondan zəhər istəyirdi. Atilla çoxlarına yaşamağı haram eləmişdi, ancaq ölüm yaşamaq istəyənlərin cəzasıdı; ölmək istəyən adama yaşamaq da cəzadı. Ömrünün son gününəcən bir kimsəni belə cəzalandırmamışdı: Atilla bu kənizi dünya durduqca yaşadıb, yaşada-yaşada öz dərdindən öldürmək istəyirdi. Belə öc alıb belə cəza verməyin sevinci gözündən yağıb üzünü aydınlığa çıxarmışdı. Düşmən ordunu basıb yağı yurdunda at oynatmaq bunun yanında çürük ağaca balta çalmaq kimiydi. Uşaqlıqda toruna balıq, cələsinə quş düşəndə ovunu başının üstə bayraq kimi yelləyib nənəsinə muştuluğa qaçardı, nənəsi də ovuna yox, nəvəsinin üzünə baxıb dodağının altında pıçıldayandan sonra səsini qaldırıb ona alqış elərdi, Tanrı sevindirsin, bala, deyərdi, Tanrı sevindirsin səni… O sözləri deyəndə qarının niyə xoflandığını indi-indi anlayırdı: sən demə, Tanrıdan xəbərsiz sevinc sevinc deyilmiş, cəhənnəm çal-çağırı, iblisin toy-düyünüymüş. Sonralar Tanrı dağında Tanrı sevincini dadmışdısa da, zaman keçdikcə ürəkdən sevinməyi yadırğamışdı. Tanrı dağından düşəndən çox igidlər çökürdüb çox ordular basmışdı, qoşunu neçə döyüşdən üstünə qanlı sevinclə, dəli bağırtıyla qayıtmışdı, muştuluğa çapan əsgərlər ona tez çatmaqdan ötru atlarını qıylayıb yarışa girmişdilər, dünyanı köhlən atların quyruğuna bağlayıb onun ayağına gətirmişdilər – heç birində bu qızı yenəndə sevindiyi kimi sevinməmişdi. Heç birində gəzdiyini tapan adam kimi dincəlməmişdi. Dağlardan yeni düşəndə axtardığı hələ yadındaydısa da, nə gəzdiyini çox keçməmiş özü də unutmuşdu. Axtardığını unutsa da, unutmağını yadında saxlamışdı, tapdıqca tapılanın axtarılan olmadığını bilirdi, bir gün itiyinin üstünə çıxsa, itirdiyini sözsüz-sovsuz tanıyasıydı. Gündoğandan gəzə-gəzə günbatana gəldiyi, axtarmaqla tapmadığı Atillanın üstünə öz ayağıyla qayıtmışdı. Ən əziz dostlarının tapıb gətirəmmədiyini, yolunda dünyanı tutan ordusunun dünyadan geri alıb qaytarammadığını ən böyük düşməni ona pay göndərmişdi. Sonuna sanılı günlər qalmış Atilla bu dünyada itirdiyi dünyasını tapmışdı. Haçansa Tanrı dağına sığmayan o dünya indi bir çadırın altına yerləşirdi, dünyanın yiyəsinin bu dünyada vur-tut bir çadırlıq dünyası vardı. Qorçubaşı rumlu kənizi boğmağın vaxtı çatdığını deyəndə Atilla onun üzünə düşmən bağrı çatladan, dişi aslana bala saldıran qəzəbiylə yox, Tanrıdan aldığı qəzəblə baxmışdı: – Mənim dünyamı dağıtmaq istəyirsən?! Düzünə qalanda bu qız o qıza bir o qədər bənzəmirdi. O qızın görkəmi yadından silinib cizgiləri oxunmasa da, boy-buxunu, biçimi, yerişi, qaş-gözüylə bu qızdan çox seçildiyini bilirdi. Ancaq yenə arada nəsə bir oxşarlıq vardı, bu qızın harasından baxsan, o qız görünürdü. Yox, buna oxşarlıq demək olmazdı, bu qız o qızın özüydü – donunu dəyişmişdi, elini, dilini, dinini dəyişmişdi. Bir-birindən günəşin doğuşundan batışınacan, Atillanın ömrünün səhərindən axşamınacan uzaq olan qızların arasında yaxınlıq axtarsa da, bir-birinə bənzəyən, dondan-dona girən qızlar deyildi; bircə dəyişən vardısa, Atillanın özüydü. Rumlu qız onu içindən devirmişdi, otuz üç il canında dustaqlıq çəkən tanrısını Atillanın üstünə qaldırmışdı. Atillanın dönüb bir ayrı donda otuz üç il bundan qabaqkı Atilla olması, dünyaya Tanrı dağından baxdığı gözlə baxması bircə gündə həyatın altını üstünə çevirib dünyanı dəyişmişdi. Dünyaya həmənki gözlə baxdığından Rumdan gələn yağı qızını Tanrı dağında itirdiyi qıza bənzətmişdisə də, gerçəkdə bu qız o qıza oxşamırdı, bu Atilla o Atillaya oxşayırdı. O qız bu qızın donuna girməmişdi, o Atilla bu Atillanın donunda dirilmişdi. Bu çadırın altına zənci qızı girsəydi, indi Atilla onu qar kimi ağ rumlu qızdan seçə bilməzdi. Bu çadırdan çöldə onu bütün dünya gözləsə də, Atilla o dünyaya bir də qayıtmayacaqdı. Daha onun o dünyada izini tutub sorağına gedəcəyi, axtarıb-tapıb alacağı kimsə, nəsə qalmamışdı. Orda, burdan eşikdə qəbrini də qoyub getmək istəmirdi. O dünyanın yalanına çatmaq üçün nə qədər at çapmışdı, hər ağaran dan yerinin işığında itənlərin tapılacağına inanmışdı, inana-inana torpağın altını üstünə çevirmişdi, yerlə göyün arasını ələk-vələk eləmişdi, fələyin əli qılınclı fəhləsi, ölümün qulluğunda min-min canla duran nökəri, cəhənnəmin ayıq-sayıq qarovulçusu olmuşdu, qol çalıb, tər töküb qan axıtmışdı, di gəl, o dünya ondan qismətini danmışdı. Bu qədər zəhmətin qarşılığında ən böyük yaxşılığı düşmənindən görmüşdü, dünyada tək qazancını yağıdan pay almışdı. Onda bu düşmənçilik, o savaşlar, o qırğınlar nədən ötrüydü – bu qızın könlünü almaqdan ötrümü? Bəs o gül qoxuyan Çin ağusu nəydi – Rum qeysəri kənizinin ruhunu Atillanın bədənindənmi qorumaq istəyirdi?.. Tanrı dağından düşüb yol başlayanda bu yolun hara dirənib harda bitəcəyi onun yuxusuna girməzdi. Yuxusunda bircə yuxu görürdü: öləziyən ocağın güclə işıqlandırdığı çadırın alaqaranlığından o qız qorxa-qorxa əl eləyib sızıldayan səsiylə onu çağırırdı, görmürsən nə çəkirəm, deyirdi, niyə gəlib məni burdan qurtarmırsan?.. Burnundan fışqıran qan gözündən daman qana qarışırdı, yastığı sabaha qanlı çıxırdı. O qız dara düşməsəydi, hər gecə dil deyib onu çağırmazdı; çağırırdısa, demək, onu güclə qaçırmışdılar, sürüyə-sürüyə, döyə-döyə aparmışdılar. Atillanı öz qanına bulayan, öz dərdində qovuran da elə işin burasıydı. Qız onu atıb getsəydi, başını aşağı salıb dərdini çəkərdi, ancaq indi öz dərdi yaddan çıxmışdı, qızın dərdi ona ağır yük olmuşdu. Doqquz gün-doqquz gecə üzüqoylu yatan Atilla öz qanında yoğrulub öz dərdində bişə-bişə kərpic kimi bərkimişdi. İndi o kərpici bünövrəyə bərkitmək olardı. Obanın igidləri, Atillanın tay-tuşları onu tək qoymamışdılar, atlanıb Atillanın yolunu tutmuşdular. Qonşu yurdlarda qızı gördüm deyən olmamışdı. Obalardan, oymaqlardan soraqlaşa-soraqlaşa yol aşağı çapmışdılar. Hər obada-oymaqda beş-üç igid atlanıb onlara qoşulmuşdu, görmədiyi, tanımadığı qızın sorağına çıxmışdı. Dəstə böyüdükcə atlar çoxalmışdı, atların dırnağı dağları yağır, təpələri keçəl eləmişdi. Təpələr seyrəlib düzə çıxanda kimsə burdan belə izin itdiyini, min bir cığırlı-yollu ucsuz-bucaqsız çöldə qız gəzməyin faydasız olduğunu dilə gətirmişdi, o birilər də onun səsinə səs vermişdilər. – Kim qayıtmaq istəyirsə, yol soyumamış qayıtsın, sonra geri dönmək çətin olacaq, – Atilla sonsuz çöldə gözüylə yol çəkə-çəkə, dönüb arxaya baxmadan demişdi. – Mən bu yolu sona qədər, yer göyə, göy yerə dirənib durana kimi gedəcəm. Burda onun səsi tanınmaz olmuşdu, bir yurdda böyüdüyü tay-tuşları da Atilladan çıxan səsə mat qalmışdılar. O səslə danışmaq, gülmək, çığırmaq, yalvarmaq olmazdı, o səslə ancaq buyurmaq, buyruq vermək olardı. O sözlər də elə-belə söz deyildi, Atillanın ilk buyruğu, birinci fərmanıydı, atının dırnağıyla yerə vurduğu damğası-möhürüydü. Atillaya qoşulub bir qızın sorağıyla dağlardan düşən igidlər o günün o saatında o çölün ortasında əsgər olmaqdan başqa yolları qalmadığını bilmişdilər, Atillanın buyruğuna boyun əyib and içmişdilər. Hər biri Tanrı dağını bir də görməyəcəyini duymuşdu. Bundan sonra Atilladan ötrü o qızı tapmağın bircə yolu qalmışdı: yer üzündə adam ayağı dəyən nə qədər torpaq var, tutmaq, obaları, elləri, ulusları uzun-uzun cərgələrə düzüb hamını iynənin gözündən keçirmək. O qız harda olsa bir gün onun aldığı dünyanın içindən çıxacaqdı… Yürüşə yeni başlayanda, qoşunu hələ minliklərə yox, yüzlüklərə, onluqlara bölünəndə əsgərlərinə tapşırmışdı aldığı yurdlarda qıza-gəlinə dəyib-toxunmasınlar. Döyülən, tapdanan, əldən-ələ keçən qadınların içində bir gün o qızın da ola biləcəyindən qorxurdu – onda qızın tapılmağı itməyindən min qat ağır dərd olardı. Ancaq illər ötdükcə, ordu artıb minləri, on minləri aşdıqca qızmış əsgəri güdmək, ayaq altda qalanların erkəyini dişisindən ayırmaq da çətin olmuşdu. O qız bəlkə də çoxdan onun əsgərlərinin dəmir donu altında əzik-əzik əzilib onun dəli atlarının dırnağında didim-didim didilmişdi. Sağıdısa da, ölüydüsə də, Atilla itiyini axtarmaqdan yorulmurdu. Çəpəri basılan kəndlərin xarabasında, divarı yıxılan şəhərlərin viranəsində uzun-uzadı gəzirdi, boş evləri-otaqları dolaşırdı, leş leşə söykənən yerdə ayaq saxlayıb cəsədləri bir-bir gözdən keçirirdi, o kənddə, o şəhərdə ölü-diri kim varsa, hamısını tanıyandan sonra atlanıb qoşunun başını çəkirdi. Yüz xandan, yüz xaqandan bac alırdı, yüz ölkəni tutası qoşunu, yüz qoşuna yetəsi yatırı vardı, yenə bir yurda kül töküb bir qala bürcünə bayraq sancmırdı; bütün sərhədlər, divarlar yarılmalıydı, yer üzündə ondan qorunan bir yer, üzünə bağlı bir yuva qalmamalıydı, sağ da, sol da, irəli də, geri də onunku olmalıydı. Atdan düşüb taxt minmək, öz mülkünə sərhəd qoymaq ağlına da gəlməzdi – bütün dünya Atilladan qorxub çəkinməkdəykən o kimdən qorunacaqdı? Keçdiyi torpaqlarda sərhəd nədi, bağ-bostan çəpəri də qoymayan Atilla indi çadırdan özünə sərhəd qurub dünyasını ona dünyalıq eləməyən dünyadan ayırmışdı, rumlu qızı eşikdəki dünyadan, o dünyanı da özündən qoruyurdu… Atillaya bir yerə daş tökdürüb yeni dünya qurdurmaqdan ötrü hun bəyləri ona illər boyu yalvarmışdılar. Ordu qənimətdən doymuşdu, əsgər varını-yoxunu çiynində daşımaqdan bezmişdi. Atillanın bölgüdə ədalətinə kimsə şəkk gətirməsə də, payını yemək, qazancını xərcləmək onlara qismət deyildi, hamı elə beləcə – başıbağlı qızıl kisəsi atının tərkinə düyülü ölüb gedəcəyindən qorxurdu. Torbanın başını açmamış atdan yıxılıb fələyin torbasına düşənlər çox olmuşdu, ona görə hamı atdan yıxılmamış yəhərdən düşmək istəyirdi, hamı öz evinin sərhədini cızıb öz ocağını közərtmək istəyirdi; hələ günbatana gəlib çıxmamış Tanrı dağına qayıtmağa, qoyub gəldiklərini gətirməyə umudlu olanlar da vardı. Ancaq Atilladan ötrü sərhəd çəkmək qorxub-çəkinmək deməyidi, qorxmaq hədəfin üstə yox, qırağa sıçramağıdı. O, qırağa sıçrayıb canını dünyadan almaq istəmirdi, gündoğandan günbatana bir böyük sıçrayışla dünyanın canını almaq istəyirdi. Atillanın heç yerdə əylənməməsi, bir çöpə ehtiyacı olmasa da, ordunu yeni yürüşə, yeni döyüşə aparması ona qulluq andı içənləri çox incidirdi. Günəşin ardınca gedib ta günün batdığı yerə çatanacan bunca yolu bir qızın sorağına gəldiyi orduda bir kimsənin yuxusuna girməzdi, Atillanın bir qızı tapmaqdan ötrü yer üzünü ələk-vələk eləyib dünyanın o başından bu başına at yorduğu ağıllı heç, dəlinin də ağlına gəlməzdi. Atillanın özü də bu yürüşü hardan, nədən başladığını, hər sabah onu yəhərə qaldırıb yerlə göyün qovuşuğuna çağıranın nə olduğunu unutmuşdu. Aparanı, çağıranı unutsa da, o çağırışa səs verib getməli olduğunu yuxuda da unutmamışdı. Nə axtardığı yadından çıxsa da, nəsə axtardığını yaddan çıxartmamışdı. Yer üzünün ən böyük, ən güclü səltənətini ələyib ələkdən keçirəndən sonra da itiyi üzə çıxmamışdı. Daha gediləsi yer, gəziləsi yurd qalmamışdı. Atilla qəmə tutulub çadırına çəkilmişdi. İndən belə necə yaşayacağını, içindəki itkinin yerini nəylə doldurub ürəyindəki yırtığı nəylə yamayacağını son dönə götür-qoy eləməkdəykən qeysərin pay göndərdiyi, canına bir barmaq izi düşməmiş qız gəlib çıxmışdı… O qıza Atilla da barmaq vurmadı. Heç olmasa bir qız bu dünyadan təmiz köçməliydi. *** Zəhərin əpridib yumşaltdığı bədən ölümün kürəsində bişə-bişə bərkiyirdi. Bu bədən Atillanın diriykən qəbri olmuşdu. Atillanın tanrısı diri-diri o qəbrə gömülmüşdü. Bu bədən yiyəsini yıxıb sürüyən, kölgəsindən ürkən dəli at kimi Atillanı daşdan-daşa çalmışdı, gündoğandan ta günbatana qədər yiyəsinə yer eşdirib ot yoldurmuşdu. Bir azdan o bədənin çərləyib kötüyə dönəcəyini göz qabağına gətirdikcə bədən yiyəsinin gözü gülürdü. Rum qeysəri Atillanın qisasını almışdı… Yer üzündə sərhəd tanımayan Atilla ruhuyla bədəninin sərhədini də pozmuşdu, könlü istədiyini ayağıyla axtarmışdı, ürəyinin şirəsini dünyadan gövdəsiylə çəkib sormaq istəmişdi. Tanrı axtardığını iblisin gözüylə tapmaq istəmişdi, Tanrı buyurduğu işi şeytan əliylə tutmaq istəmişdi. Bu bədən ruhun kölgəsi olsa da, ruhunu tərs göstərmişdi, yamsılaya-yamsılaya öz oyununu oynamışdı. İndi o bu bədəni dünyadan ilim-ilim itirməliydi. Yoxsa İblisin hökmüylə bu bədən bir gün yenidən dirilərdi, haçansa yer üzünə qayıdası Atillanı yenə canına çəkib diri-diri öldürərdi… *** Atillanın buyruğuyla hunlar Dunay çayının qabağını kəsdilər. Atillanın qəbrini çayın yatağına göməndən sonra Dunayı öz yoluna qaytardılar. Atilla bütün varını rumlu qıza vəsiyyət eləmişdi, ancaq kəniz o yatıra, qızıl təpələrinə gözünün ucuyla da baxmadı. Hunlar o var-yatırı atlara, qatırlara yükləyib oralardan biryolluq uzaqlaşdılar. Rumlu kənizi özbaşına buraxdılar. Qızın saçından bir tük, bəzəyindən bir inci əskik olmadı – Atilla belə buyurmuşdu. *** O qız Dunayın yatağından uzaqlaşmadı. Atillaya ağı deyə-deyə çay boyunca aşağı-yuxarı getdi, Atillanın su altından çıxacağı günü gözlədi. Dunay coşub Atillanın qəbrini selə verdi, göllərə, dənizlərə axıtdı. O qız yenə o yerdən aralanmadı, Dunayı Atillanın qəbri kimi oxşadı. Qız gözünün selini axıtdıqca axıtdı, göz yaşını Dunayın şirin suyuna qatdıqca qatdı… Qızın gözünün yaşı bir gün suyu çürütdü. Çürümüş su qan kimi laxtalanıb Dunayın yatağını bataqlığa döndərdi. Sonra qızın ağı deyən səsindən düşən qığılcım o çürüntünü çırtaçırt yandırıb çayın yatağını qurutdu. O qız Dunayın quruyub cadar olmuş yatağı boyunca aşağı-yuxarı gəzdikcə gəzdi, Atillanın qəbrinə uzanmaqdan təskinlik tapdı… *** Sonra Dunay çayının yatağı yeni sular axıtdı. Su qızın üstündən keçdi. O qız çay altından son baxışında qoşun çəkib göyü tutan durna qatarı gördü. Atillanın qəbrindən yer üzü görünmürdü. Geri dön |