Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Araşdırmaçı alim: "Bu müqavilə bağlananda ermənilər sevindiklərindən bayram edirdilər" — MÜSAHİBƏ
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Müsahibə > Araşdırmaçı alim: "Bu müqavilə bağlananda ermənilər sevindiklərindən bayram edirdilər" — MÜSAHİBƏ

Araşdırmaçı alim: "Bu müqavilə bağlananda ermənilər sevindiklərindən bayram edirdilər" — MÜSAHİBƏ


Azərbaycan torpaqlarının parçalanmasını rəsmiləşdirən iki müqavilə var. Bunlar Gülüstan və Türkmənçay müqavilələridir.

Türkmənçay müqaviləsi, o dövrdə baş verən proseslər və müqavilədə ermənilərlə bağlı maddələrin olub-olmaması ilə bağlı sualları siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent, araşdırmaçı Zaur Əliyev cavablandırıb:

- XVIII-XIX əsrlər Xəzər regionu və Yaxın Şərqdə qarma-qarışıq siyasi proseslər baş verirdi. Mümkünsə həmin dövrü qısa anladardınız...

- XVIII-XIX əsrlərdə Xəzər regionu Orta və Yaxın Şərqdə gedən geosiyasi rəqabət arenasına çevrilib və bu orbitə Türkiyə və İranla bərabər Rusiya, İngiltərə və Fransa cəlb olunub. Səfəvi dövlətinin zəifləməsi zamanı Xəzər regionunda hərbi-siyasi vəziyyət gərginləşib və bu da Türkiyə və Rusiyanın regionda möhkəmlənmək istəyindən irəli gəlirdi. Qara dənizə çıxışdan məhrum olan Rusiya Xəzər və Xəzəryanı bölgənin üzərində öz hakimiyyətini qurmaq və bütün Avropa-Asiya ticarətini Türk-Aralıq dənizindən Baltika-Volqa-Xəzər yoluna keçirmək arzusunda idi. Rusiyanın geosiyasi məqsədləri bu zaman I Pyotr tərəfindən dəqiq müəyyən olunub: "Bizim maraqlar heç bir dövlətin, hansı olursa-olsun, Xəzər dənizində möhkəmlənməsinə yol vermir."

Pio-Karlo Terenzio “Rekabetha-yı Rus ve İngiliz Der İran ve Afganistan” əsərində qeyd edir ki, Rusiya, İngiltərənin siyasi manevrlərinə səssiz qalmayaraq şərq və cənub istiqamətində genişlənmək istəyib. Bir tərəfdən Türküstan marşrutundan Çin, Əfqanıstan və Hindistana çatmaq istəyərkən, digər tərəfdən Gürcüstan və Dağıstan üzərindən İstanbul Boğazı və Fars Körfəzinə çatmağı qarşısına məqsəd qoyub. Rusiya, bu hədəflərində iqtisadi, siyasi və bəşəri olmaq üzrə başlıca üç yolu sınaqdan keçirib. Kommersiya olaraq İngiltərənin şərqdə əlində tutduğu bazarlara girmək, siyasi olaraq cənubdakı dənizlərə enmək və bəşəri olaraq da Türküstanda etnik və dini yayılmağı başa çatdırmaq istəməkdir. Ancaq bu siyasətində onun yeganə rəqibi İngiltərə idi. O dövrlər regionda olan amerikalı Morqan Şuster “Mission in İran and The Persian Constitutional Revolution” əsərində yazır: "iki güclü dövlətdən İngiltərə və Rusiya, Qafqaz regionunda və Təbrizə qədər olan coğrafiyada xalqlara zülm etməyə və onların həyatlarına müdaxilə etməyə başlayıb".

Tarixçi A. Dirr “İslam Ansiklopedisi”-də bu dövrə geniş toxunaraq vurğulayır ki, “Rusiyanın bu bölgədə möhkəmlənməklə əsas hədəflərindən biri Hindistanı da təsir altına almaq idi. Rus çarı I Pavel ataman Platova göstəriş vermişdi ki, onlar paraddan birbaşa cənuba, Hindistanı tutmağa yollansınlar. Bu da İngiltərədə çox gərgin qarşılanıb. Hətta İngiltərə Qafqaz, İran və Türkiyədəki maraqlarından əl çəkməyə belə hazır idi ki, Hindistan onun nəzarətindən çıxmasın”.

- Türkmənçay müqaviləsindən öncə Gülüstan müqaviləsi imzalanıb. Rusiya bu müqavilənin imzalanması üçün niyə canfəşanlq göstərirdi?

- Məhz 1813-cü il oktyabrın 12-də Qarabağda Gülüstan müqaviləsi imzalanması bu qorxudan irəli gəlirdi. Qeyd edim ki, İngiltərə indi İran adlandırdığımız corğafiyada Qacarlar dövlətilə müxtəlif müqavilələr imzaladı ki, bu müharibədə qalib gəlmək üçün İrana kömək etsinlər. Ancaq müharibə elə bir vəziyyətə gəldi ki, onu davam etdirmək İran üçün təhlükə yaradırdı. Gülüstan müqaviləsinə gəldikdə, qısaca desəm, bu müqavilə ilə Naxçıvan və İrəvan xanlıqları istisna olmaqla Şimali Azərbaycan torpaqları Rusiyanın tərkibinə keçdi.

Lakin Rusiya bununla kifayətlənmirdi. Çünki onun regionda qorxusu var idi ki, iki türk xəndanı: Osmanlılar və Qacarlar öz aralarında birlik yaradıb regionu tam nəzarətə alsınlar. Lakin gözlənilən Osmanlı dövləti ilə Qacarlar dövləti arasında ittifaq meydana gəlmədi. Bunu görən Rusiya təklikdə əvvəl Buxarestdə Osmanlı ilə məsələni həll etdi, Gülüstanda isə Qacarlarla məsələni aydınlaşdırdı. Rusiyanın yeni işğalına şərait yaradan 1826-1828-ci illərdə yeni Rusiya-İran müharibəsi başlananda öz xanlıqlarından qaçan xanların 1826-cı ildə Ümummüsəlman üsyanına qoşulmaları oldu. Rusiya İvan Paskeviç Fyodorovu regiona göndərir. Paskeviçin gəlişi ilə Rusiya qüvvələrinin sayı da artırıldı, Şəmkir və Gəncə yaxınlığındakı qanlı döyüşlərdən sonra, Abbas Mirzənin qoşunları məğlubiyyətə uğradı. Rus qoşunları Naxçıvan və İrəvanı tutaraq, Arazı keçdilər. Ruslar Təbrizə kimi gedərək, onu da ələ keçirirlər.

1828-ci il fevralın 9-da Təbriz yolunun üç verstliyində yerləşən kiçik Türkmənçay kəndində ikinci sülh sazişini bağlamaq üçün sonuncu iclası keçirildi. Fevral ayının 10-da "İsanın anadan olmasının 1828-ci ilində" gecə münəccimin təyin etdiyi vaxtda, saat 12-00-da barışıq paktı imzalandı. Müqaviləni Rusiya tərəfindən İvan Paskeviç, İran tərəfindən isə Mirzə Əbdül Həsən xan imzaladılar. Elə həmin an müqavilənin bağlanması münasibəti ilə rus toplarından 101 yaylım atəşi açıldı. Türkmənçay müqaviləsi preambula və 16 maddədən ibarət idi.

- Bizi bu müqavilənin imzalanmasında maraqlandıran məsələlərdən biri də iddiaya görə, orada ermənilər barədə maddələrin olmasıdır. Belə maddə olubmu?

- Rus tədqiqatçısı L.S.Semyenov 1959-cü ildə dərc etdiyi “XIX əsrin üçüncü rübündə Rus-fars münasibətlərinin tarixinə aid bir neçə mənbələr” adlı məqaləsində yazır: “Müqavilənin əsas müddəaları Peterburqda hazırlanmışdır. Onun hazırlanmasında Qafqaz ordularının komandanı olmuş Yermolov və Paskeviçin yazışmaları, hesabatları və sənədləri mühüm rol oynamışdır. İlk olaraq 1826-cı ildə ilk müddalar yazılmış, daha sonra Cəlaloğlu lagerində 24 may 1827-ci ildə Qirbayedov və Obresk tərəfindən əlavələr edilibdir. Türkmənçay müaviləsinin Peterburq variantında ermənilərin köçürülməsi və ermənilərə aid heç bir cümlə olmamışdır. Müqavilənin orijinal nüsxəsi olan “1826, 1827 və 1828-ci illər ərzində Paskeviç və onun yavəri Buturlin arasında gizli və hərbi yazışmalar” adlı sənəddə də ermənilər haqqında bir cümlə belə olmayıb”.

İngilis tədqiqatçısı ser Percy Sykes 1921-ci ildə Londonda nəşr etdiyi “History of Persia” adlı kitabının 314-cü səhifəsində yazır ki, “Müqavilə imzalanmazdan bir gün öncə erməni keşişi Nerses Aştaraklı və erməni varlı ailələri ilə Tiflisdə tanış olan, onlardan böyük miqdarda pul alan Qriboyedov da erməni katalikosunun bu xahişinə əməl etməyi unutmadı. Türkmənçay müqaviləsinin 15-ci maddəsi bütünlüklə ermənilərin xeyrinə yazıldı”. Ermənilərin ideoloqlarından sayılan Zori Balayan “Ocaq” kitabında yazır: “1828-ci ildə məşhur “Türkmənçay” müqaviləsi olmasaydı, Qriboyedov və Abovyan olmasaydı, rus əsgərləri olmasaydı, bu gün müasir kənd və şəhərlərə çevrilən yüzlərlə yeni yaradılan erməni ocaqları olmayacaqdı… Təkcə son onillikdə (60-70-ci illərdə) vətənə iki yüz mindən çox erməni köçürülüb”.

Müraciət etdiyi bütün arxiv sənədləri, hadisənin iştirakçısı olan şəxslərin səfərnamələri, əlyazmaları, xatirələrində “Ermənistan” sözü yoxdur. Hətta Müqavilənin orijinal və sonradan dəyişikliyə uğrayan maddələrində də belə bir söz yoxdur və ola da bilməzdi. Çünki o zaman Cənubi Qafqazda “Ermənistan” adlanan ərazi və ya dövlət yox idi. Erməni “tarixçiləri” bütün bu real tarixi faktları saxtalaşdıraraq İrəvan və Naxçıvan xanlıqlarının Rusiya tərəfindən işğal olunması faktını bütün dünyaya guya “Ermənistanın Rusiyaya birləşdirilməsi” kimi təqdim edirlər.

Müqavilənin əsas orijinalı fransız dilində yazılıb, onun sonradan rus və fars dillərinə tərcüməsində çoxsaylı səhvlər var idi. Elə IV bəndə yazılır: “sərhəd xətti Türkiyə torpaqlarının ucundakı kiçik Araratın zirvəsindən aralıda düz istiqamətdə ən yaxın nöqtədən başlayaraq o dağların zirvəsindən keçir” Lakin fars və fransız variantlarında yazılır: “sərhəd xətti Türkiyə torpaqlarının ucundakı kiçik Ağrı zirvəsindən...

”İkinci müqavilənin orjinal Peterburq nüsxəsində isə yazılır: “İran və Türkiyə sərhəddində kazaklar yerləşdiriləcək”. Təəssüf ki, burada tarixçilərin çox az diqqət etdiyi bir məqam da var. Bu da Türkmənçay müqaviləsinin mətnində coğrafi yer adlarımızın bilərəkdən təhrif edilməsi, onların əsl adlarının dəyişdirilərək tarix səhnəsindən silinib çıxarılmasıdır. Hər halda Türkmənçay müqaviləsində Azərbaycan yer adlarının saxtalaşdırılması istiqamətində araşdırmaların aparılması tarixçilərimiz üçün bir mövzudur…

- İddia edilir ki, bu müqavilədən sonra ermənilər bayram edib. Səbəb nə idi?

- Bu müqavilə Qafqazda erməni vilayətinin yaranması və ermənilərin sayının çoxalması üçün imkanlar yaratdı. Mənbələr yazır ki, həmin müqavilə imzalanan günün səhərisi və üç gün ərzində ermənilər bayram edir, şənlənirdilər. Rusiya və İngiltərə istədiyinə çatmışdı, müqavilənin imzalanması ilə İngiltərə Rusiyanı Hindistandan uzaqlaşdırdı, Rusiya da arzusunda olduğu İstanbula və boğazlara çox yaxın bir ərazini əlinə keçirdi. Gülüstandan fərqli olaraq Türkmənçay Azərbaycanın gələcək bəlalarının ilkin addımı idi. Türkmənçay müqaviləsi ilə Azərbaycanımızın Arazın güneyindəki 210 min kv.km ərazisi İrana, 130 min kv.km. ərzisi isə Rusiyaya qatıldı. İlk olaraq Türkmənçay müqaviləsi Azərbaycan türklərinin vahid tarixi torpaqlarının parçalanması demək oldu. İkincisi, hər iki Azərbaycan torpaqlarına dünyanın hər yerindən ermənilər köçürdülməyə başlandı. Xüsusilə də Osmanlıların torpaqlarından. Bəlkə də elə bu siyasətdə Osmanlı sarayı daha çox maraqlı idi ki, erməniləri öz ərazisindən çıxartsın. Ermənilər kiçik bir ərazidə sabah böyüyəcək bir vilayətin əsasını qoydular. Həmin vilayət də sayca yenə az olmalarına baxmayaraq, rusların böyük dəstəyi ilə yerli azərbaycanlıları sıxşıdıra-sıxışdıra bugünkü Ermənistana sahib oldular.

Türkmənçay müqaviləsi Rusiya və Qacarlar arasında 90 il ərzində bağlanılıb. Artıq 200 ilə yaxın bir dövr keçməkdədir. Müqavilə hüquqi qüvvəsini itirib. Müqaviləni bağlayan dövlətdən biri olan Rusiya bir imperiya olaraq yoxdur. Təbiidir ki, Rusiya bu dövrdən sonra Türkmənçay və Gülüstan müqavilələrindən əl çəkib. O zaman Azərbaycanın torpaqları Araz çayından şimala Rusiyaya, Cənubu isə İrana qaldı. Azərbaycanın İrandakı keçmiş səfiri Əlyar Səfərli hesab edir ki, hazırda Şimali Azərbaycanda müstəqil Azərbaycan Respublikası yaradılıb, Azərbaycan xalqı müstəqil dövlət qurub. Güney isə İranın himayəsi altındadır. Əgər müqaviləni bağlayan tərəflərdən biri öz müqaviləsindən əl çəkmişsə, avtomatik olaraq digər tərəf də əl çəkməlidir.

- Müqavilənin hər hansı hüquqi qüvvəsi varmı?

Beynəlxalq hüquqa görə Türkmənçay müqaviləsi ölü müqavilə və ölü imzalara əsaslandığından hüquqi qüvvəsini çoxdan itirib. Türkmənçay müqaviləsini imzalayan Rusiya və Qacar dövləti olub. İndi bu müqavilənin heç bir hüquqi-siyasi əhəmiyyəti yoxdur. Şimalı Azərbaycan öz azadlığını əldə edib və ona görə Türkmənçay müqaviləsi qüvvədən düşmüş hesab edilir. İndi nə Qacarlar, nə də ki, çar Rusiyası var. Çünki məsələyə hüquqi varislik nöqteyi-nəzərindən baxanda Rusiyada 1917-ci ilin sosialist inqilabı həmin ildə olan burjua inqilabından fərqli olaraq özünü Rusiya imperiyasınının varisi kimi tanımadı.

Müqavilənin hüquqi tərəfini incələdikcə məlum olur ki, İran gərək bəzi əraziləri Azərbaycana qaytarmalı olsun. Abbas-Abad məntəqəsi və Muğan düzünün bir hissəsi buna aiddir. Əgər bu gün Xəzər dənizi Rusiyanın daxili dənizi hesab edilmirsə, bu məntiqlə müqavilədə adı keçən Azərbaycan əraziləri üzərində hər iki dövlətin hüquqi sahibliyi avtomatik olaraq itirilir və mahiyyyət etibarı ilə bu iki iştirakçı dövlət yad ərazilər üzərində ancaq işğalçı statusu ilə qalmış olur.

Səxavət Məmməd

Geri dön