Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Mədəniyyət > Novruz (Öğuz) bayramının fəlsəfəsi - ARAŞDIRMA
Novruz (Öğuz) bayramının fəlsəfəsi - ARAŞDIRMA |
Türk dünyasında 24 müxtəlif adı olan bu bayramın mifikləşdirilməsi, dini bayram çərçivəsinə salınması nə qədər absurd bir şey olsa da, bütün bunların Novruzun gözəlliklərindən doğduğu aydındır.
Çünki Novruz, yenidən doğmanın, canlanmanın, oyanışın bayramıdır. İnsanın cismində, toplumun təbiətdə oyanışı, həmrəy olmasını ifadə edən Novruz Ön Asiyadan Ural və Altaya doğru, həmçinin müxtəlif təzahür formasında Amerika qitəsinin yerli xalqlarının yaşadıqları əraziləri əhatə edən, sözün bütün anlamlarında dünyəvi bayramdır. Əcdadların izi ilə Yaz bayramının bilinən ən qədim qeyd olunma tarixi Ön Asiya xalqlarından qutilər və lulubilərin dönəminə aiddir. Hər iki etnos Urmiya gölünün ətrafında yaşayıblar, Azərbaycan tarixində ilk tayfa ittifaqlarını yaradıblar, Azərbaycan türklərinin etnogenezisində önəmli rol oynayıblar. Mesopotomiyanın sirli xalqı şumerlər bu bayramı Akitil (“til” yaşamaq, yenidən doğmaq mənasını ifadə edir) adı altında qeyd edib. Eyni zamanda miladdan öncə XVIII yüzillikdən etibarən Babildə arpa əkinindən əvvəl Akitu adlı şənliklərin keçirilməsi mənbələrdən məlumdur. Qədim Babildə bahar bayramında Tanrının simvolik təsviri yaradılaraq çay kənarında yerləşən Akitu məbədlərinin içərisinə qoyulur ki, bu ənənə Tanrının yenidən Yer üzünə qayıtmasını, daha doğrusu ölən təbiətin yenidən dirilməsi prosesini özündə əks etdirir. Şumerlərin “Bilqamus” abidəsində bahar şənliklərinin keçirilməsi qeyd olunur. Amerika qitəsində Kaliforniya ətrafında yaşayan hindu tayfalarından Yurok, Karuk, Hupa, Yuki, Pomo, Modoç və Maidu tayfaları şaman öndərliyində mart ayında yeni il bayramı keçirirlər. “Diriliş” şənlikləri adlanan bu bayramda hindular yaşadıqları ərazinin tam ortasına uzun və düz şəkildə bir dirək basdırır, bunun dünyanın mərkəzinin və tanrının simvolikası olması bildirilir. Burada daha maraqlı hadisə şamanın həmin dirəyə çıxaraq mənsub olduğu qəbiləni şər ruhlardan, xəstəliklərdən, hər cür bəladan qurtararaq, onlara bol məhsul verməsi məqsədilə Ulu Ruha- Gök Tanrıya dua etməsidir. Bu adət daha çox Kaliforniyada yaşayan Kamella qəbiləsinə xasdır. Bu qəbilələrlə yanaşı hazırda Boliviyada yaşayan Aravak və Manası, Meksikada yaşayan Arıkara qəbilələri də Gök Tanrı inancına uyğun şəkildə martda bahar şənlikləri keçirirlər. Qədim keltlərin də bahar bayramı keçirmələri bəllidir və hazırda İrlandiyada qeyd olunan Belteyn törəni Novruzun analoqlarındandır. Patidan bağlayan zərdüştilərin etmədikləri Zərdüştilərin inancına görə müqəddəs mələk Vohuman Novruz günündə Zərdüştə Tanrının sözlərini çatdırıb. Zərdüştün həyatından bəhs edən “Mövludnameyi-Zərdüşt” və “Zərdüştnamə” adlı salnamələrdə yazılır ki, Zərdüşt Novruz günündə Dərcaçayın sahilində olarkən müqəddəs mələklərdən Vohuman ona görsənir və onu Ulu Hörmüzdün yanına aparır. Burada Tanrı ona Yerdə görməli olduğu missiyasını izah edir və ona bir çox sirlər agah edilir. Salnaməyə görə, Tanrı ilə olan bu görüş Xara dağının başında yerləşən və Homa ağacının bitdiyi Qerozemanda-yəni cənnətdə baş verir. Salnamədə Zərdüşt peyğəmbər bu barədə deyir: “Elə ki, Ulu Tanrını öz gözlərimlə gördüm, həmin an dərk etdim ki, dünyada baş vermiş bütün əməllərə ən doğru, ən ədalətli hökm çıxaran hakim təkcə Odur”. Novruz bayramında edilən, bayramın mahiyyətinə aidiyyatı olmayan yanlış hərəkətlərdən biri odun üzərindən atlanmaqdır. Mifik inanclarda od günahları yandıran deyil, günahlardan arındırandır. Odun ən müqəddəs hesab edildiyi din olan zərdüştilikdə kahinlər atəş qarşısında dayanarkən nəfəsləri odu çirkləndirməsin deyə patidan adlanan geyim geyinirdilər. Əski türklərdə atəşin üzərinə su tökmək, tüpürmək, atəşlə oynamaq günah sayılırdı. Odun nəfəslə belə çirkləndirilməsi qadağan olduğu halda, üzərindən tullanaraq ritual keçirilməsi ənənələrə uyğun deyildir. Yusif Vəzir nə düşünürdü? Azərbaycan ədəbiyyatında Novruza və zərdüştiliyə verdiyi önəm baxımından Y.V. Çəmənzəminli mühüm yer tutur. Onun “Azərbaycanda zərdüşti adətləri” adlı məqaləsinin ilk başlığı Novruza həsr olunub. Çəmənzəminli yazır ki, Novruz adətinə Avestada rast gəlmiriksə də, fəlsəfəsi tamamilə oradan alınıb: “Novruzun Azərbaycan mədəniyyəti məhsulu olduğuna qaneyəm. İran mədəniyyətini Midiya və bilxassə Azərbaycan yaradıb, Midiya səltənəti yarandıqda bu mədəniyyət zərdüştiliklə bərabər İrana keçib və əsrlərcə azərilər (muğlar) məmləkətin ruhani və mədəni həyatını idarə eləyiblər. Novruz və başqa adətlərimiz də o vaxtdan qalmadır”. Yenidən doğuluş-Ergenekon Hunların miladdan öncə III yüzillikdən, uyğur türklərinin isə miladi IX əsrdən etibarən “yanqı kün” şənlikləri keçirmələri qeyd olunur. Əski uyğurların insanlara xoşbəxtlik bəxş edən "Akkuza" ulduzunun adına uyğun olaraq verdikləri Akkuza ayının başlanğıç gününü (miladi 21 mart) bayram kimi keçirmələri bildirilir. X əsrə aid olan Maytrısimit əsərində “yanqı kün”də uyğurların teatrda müxtəlif pyesləri oynamaları, güləş keçirmələri haqqında məlumatlar vardır. Tsi-Ma-Çianın əsərinin “Hun adətləri” adlı bölməsində hunların müxtəlif şənliklər keçirmələri, atalarının ruhlarını yada salmaları, ibadət etmələri və Gök Tanrıya qurban kəsmələri qeyd olunur. Digər bir Çin tarixçisi Fenyenin “Son Xan sülaləsi” adlı əsərinin “Cənub hunları” adlı bölməsində hunların başda 21 mart olmaqla ildə 3 dəfə toplanıb (milad təqvimi ilə 3-cü, 8-ci, 12-ci ayda) qurban kəsdikləri bildirilir. Novruzun türk dünyasında geniş yayılan digər adı olan Ergenekon eyniadlı əfsanədən götürülüb. Əfsanəyə görə türklər çinlilər tərəfindən məğlub edildiklərində xaqan oğulları Nüküz və Qıyan və iki qız xilas olur. Onlar bir maralın arxasınca düşərək yaşıllığın olduğu bir yerə çatırlar. Gənclər evləndikdən sonra 400 il burada yaşayırlar, bir gün bozqurdun yol göstəriciliyi ilə ərazidən çıxmağa yer tapırlar və yenidən öz yurdlarına qayıdırlar. Bu günün özündə də uyğur, qazan, ufa türklərində Ergenekon dastanı Novruzda, həmçinin digər dini bayramlarda Qurani- Kərimin oxunması bitdikdən sonra da söylənir: Ərgənəkon! Ərgənəkon! Davarlar yox oldu, Kişilər qocaldı, Yenidən balalar doğdu, Bizim yolumuz hələ bitmədi Əcəba dənizə daha çoxmu var? Ağaclar yaşıllaşdı, quzular doğdu, Çiçəklər açdı, indi yaz gəldi. Bu gün bizim bayramdır, Ərgənəkona dönmək istəyirəm. Nərimanovun Atatürkü təbrik etdiyi bayram TBMM açıldıqdan sonra ilk Novruz 21 Mart, 1921-ci ildə keçirilir. İstiqlal savaşı dönəmində ən möhtəşəm Novruz törəni 22 Mart, 1922-ci ildə Ankarada Taşhan meydanında qeyd olunur. Bu törəndə Mustafa Kamalın Azərbaycan, Özbəkistan, Əfqanıstan və Rusiyadan gələn nümayəndələrlə birlikdə bir çadırdan bayramı seyr etdiyi bildirilir. Bir il qabaqkı törənlə əlaqədar olaraq Atatürk 24 Mart, 1921-ci ildə N. Nərimanovdan teleqraf alır: “Cənubi Qafqaz komissarı, Azərbaycan Sərbəst Hərbi Məktəb tələbələri, iki bölüklü Süvari əsgərləri, Şuşa Mühafizə Taboru əsgərləri Türk millətinin böyük Novruz bayramını təbrik edir və biz ümid edirik ki, Azərbaycan İnqilab Ordusu qəhrəman Türk ordusu ilə bərabər bu yaxınlarda Şərq millətlərini Qərb imperializminin təzyiqindən qurtararlar. Yaşasın Şərq inqilab başçılarından Mustafa Kamal!” (Nəriman Nərimanov, Azərbaycan Hökumətinin başçısı). Nə qəribədir ki, Nərimanovun özü də Novruz gününün axşamı zəhərlədilərək öldürülür. Novruz XX əsrdə 1920-ci ildə Özbəkistanda qadağan edilən Novruz törənlərinin keçirilməsinə 1960-cı ildən etibarən yenidən başlanılır. 1988-ci ildə Qazaxıstanda, 1990-cı ildə Özbəkistanda Novruzun rəsmi şəkildə qeyd olunmasına icazə verilir. Azərbaycanda isə basqılara rəğmən Şıxəli Qurbanovun fədakarlığı nəticəsində tədricən qeyd olunmağa başlanılır. Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri Elmira Qafarova 1990‐cı il, martın 13‐də Novruz bayramının rəsmən qeyd edilməsi haqqında fərmanı imzalayır. 2009-cu il sentyabrın 30-da Novruz YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilir, 23 fevral, 2010-cu ildə isə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında mart ayının 21-i "Beynəlxalq Novruz Günü" kimi elan edilir. Qaynaq: 1. Prof.Dr. Abdulhaluk M.Çay “Türk Ergenekon bayramı Nevruz”, Ankara, 1991 2. Y.V. Çəmənzəminli “Əsərləri-3-cü cild”, Bakı, 1977 Dilqəm ƏHMƏD Geri dön |