Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Kralların əyləncəsi, insanı uçuran MİLYONLUQ GÖZƏL - Azərbaycanda 3 dənədi
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Mədəniyyət > Kralların əyləncəsi, insanı uçuran MİLYONLUQ GÖZƏL - Azərbaycanda 3 dənədi

Kralların əyləncəsi, insanı uçuran MİLYONLUQ GÖZƏL - Azərbaycanda 3 dənədi


Şahanə görünüş, məftunedici səs, insanın ayağını yerdən üzən sehr… Miylonlara başa gələn alət. Ondan Azərbaycanda cəmi üç dənədir. Söhbət orqan musiqi alətindən gedir.
Təsadüfü deyil ki, qeyri-adi, rəngarəng səslənmə qabiliyyətinə görə dünyşöhrətli bəstəkar Mosart orqanı alətlərin şahı adlandırırdı. Bilənlər bilir, bilməyənlərin diqqətinə çatdırım ki, bu alətlərdən biri Alman Kilsəsində, digər ikisi isə Bakı Musiqi Akademiyasında yerləşir.
Sizi bu şahanə alətlə daha yaxından tanış etmək məqsədilə Bakı Musiqi Akademiyasına yollandıq.
Bələdçimiz Bakı Akademiyanın “Orqan və Klasesin sinfi” kafedrasının professoru Rasimə Babayeva oldu.
Öyrəndik ki, orqanın yaranma tarixi bizim eradan əvvəllərə gedib çıxır. İlk dəfə bu alətin yaradıcısı İsgəndəriyyədə yunan mexaniki Ktesibin olub. O müasir orqanın ilk nümunəsini yaradıb. Orqanın əsasını hava ilə işləyən dəmir borular və registrlər-manuellər təşkil edir. Bu alət xüsusi ustalar tərəfindən quraşdırılır. Orqan həcm etibari ilə nə qədər böyük olsa, səs effekti də bir o qədər keyfiyyətli olur. Dünyada ən böyük orqan Nyu-Yorkdadır - alətin 7 manueli və iki pedalı var.
Rasimə xanım deyir ki, bu qədim alət bütün orkestri əvəzləyir:
“Fleyta, violençel, kontrobas, qaboy, klarnet… Elə bir alət yoxdur ki, orqan onun səsini çıxarmasın. Zərb və nəfəs alətlərinin də səsini çıxaran bu alət bütün orkestri əvəzləyir”.
Sən demə, bu alət krallıq dövründə dövlət adamları üçün nəzərdə tutulan ən maraqlı hədiyyələr siyahısına daxil olub. Məsələn, İngiltərə kraliçası Birinci Yelizavetanın əmrilə bu alət hədiyyə olaraq Osmanlı sultanına göndərilib. Həm də bu alət kralların əyləncəsinə xidmət edib.
“Orqan insanlara ilahi musiqi möcüzəsini təlqin edir. Bu musiqi bir növ meditasiya xarakteri daşıyır. Orqan insan kimidir. Bu aləti yaxşı danışdıra bilsən, o sənə bu zövqü verəcək, yox danıdıra bilməsən, həmin zövqdən məhrum olacaqsan. Gərək onunla incə davranasan, nəzakətlə danışdırasan, ruhunu incitməyəsən”.
Maraqlıdır, bu qədim alət Azərbaycana ilk dəfə nə vaxt gətirilib?
Ölkəmizdə kilsədə və bəstəkar musiqilərində istifadə olunan orqan aləti ilk dəfə Azərbaycana Üzeyir Hacıbəylinin təşəbbüsü ilə gətirilir. Amma Üzeyir bəyin bu alətə sevgisi 1910- cu ildə Bakıya dəvət olunan alman orqan ifaçısı Qorşaqeynin kilsədə verdiyi konsertlərdən sonra yaranıb. Üzeyir bəy bu aləti dinləmək üçün Kirxada keçirilən konsertlərə gedirmiş. 1961-ci ildə onun təşəbbüsü ilə Konservatoriyada orqan sinfi açılıb. Almaniyadan gətirilən alət təhsil ocağında quraşdırılır. İlk azərbaycanlı orqan ifaçısı Zəhra Cəfərova Sankt-Peterburqda təhsil alaraq, Konservatoriyada bu alətin sirlərini öyrətməyə başlayır”.
Digər orqan aləti 1964-cü ildə Konservatoriyada quraşdırılır. Həmin alət də Almaniyadan gətirilir və əcnəbi ustalar tərəfindən quraşdırılır.
Azərbaycanda olan üçüncü orqan Alman kilsəsində 1991-cı ildə quraşdırılır:
“Bu alət Çexiyadan gətirildi və keçmiş nazir Polad Bülbüloğlu həmin aləti bizə həvalə etdi. Bu gün vaxtaşırı olaraq, həmin kilsədə orqan musiqiləri səsləndirilir, konsertlər təşkil olunur”.
Həmin vaxtlarda Konservatoriyaya orqan musiqi alətinin quraşdırılmasının paytaxtın musiqi həyatına böyük təsiri olur. Dünyanın görkəmli orqan ifaçıları Bakıya gələrək konsertlər verir. Azərbaycan bəstəkarları içərisində ilk dəfə olaraq, Qara Qarayev bu qədim alət üçün əsərlər yazır.
Mənim üçün də maraqlı fakt oldu. Sən demə, Qara Qarayevin “İnsan məskən salır” filmindəki musiqisi orqan üçün yazılıbmış.
Orqan musiqisinə tamaşaçı marağı necədir?
Əvvəllər insanların bu musiqiyə böyük maraq göstərdiyini deyən professor son illər diqqətin azaldığını deyir:
“Orqan dediyim kimi ilahi musiqi bəxş edir. Son vaxtlar insanların ruhsal musiqilərə marağı kütləvi xarakter daşımır axı. Bəlkə buna görə. Amma yadımdadır ki, biz illər öncə kosertlər verəndə izdiham əlindən tərpənmək olmurdu”.
Onu da öyrəndik ki, bu alət xüsusi temperaturda saxlanılır. 17-18 temperaturda saxlanılan alətin birinci düşməni rütubətdir.
Bu alət 5-10 ildən bir mütəxəssislər tərəfindən təmizlənir. Sökülür və yenidən yığılır.
Hə, suallarımızla Rasimə xanımı o ki var yorduq, orqanın bütün sirlərini öyrəndik. İndi də keçək bu alətdə ifa etməyi öyrənən tələbələrə.
Hər il Akademiyanın orqan-klasisin sinfini bir, ya da iki məzun bitirir. Bu sehrli alətin sirlərini isə altı müəllim öyrədir. Bəziləri maraq və sadəcə zövq xatirinə bu aləti öyrənməyə meyl edir. Elə tələbələr var ki, bu sinfi bitirəndən sonra sorağı xarici ölkələrdən, məşhur orkestrlərdən gəlir.
Professor həvəslə yetirmələrindən danışır:
“Məsələn, bizim məzunlarımız var ki, Amerika, İsveç və Holliandiyada yaşayır, adımızı ucaldır. Cəmilə Cavadova Amerikada, Leyli Yekta Stokholmda çox tanınmış orqan ifaçılarıdır. Bu bahalı alət olsa da, gəlir gətirmir. Məzunlar yalnız kilsədə, yaxud da müxtəlif konsertlər zamanı fəaliyyət göstərir. Buna görə də gənclər daha çox xaricə üz tutur”.
Orqan alətini öyrənmək istəyən tələbə ilk növbədə səbrli olmalı və eyni zamandı bu aləti sevməlidir. Bir şərt də vacibdir:
“Orqanda səs çalarlarının tonu qruplara bölünür. Tələbələr bu fərqləndirici əlamətləri yaxşı bacarmalıdırlar. Əsas meyar da eşitmə qabiliyyətidir”.
Maraqlı bir cəhət də bundan ibarətdirdi ki, bu alətə daha çox qızlar maraq göstərir. Bunun da səbəbi yenə orqanın gəlir gətirməməsidir.
Professor xarici ölkələrdə bu alətin daha tələbatlı olmasını həmin ölkələrdə kilsələrin çoxluğuyla əlaqələndirib:
“Elə götürək Vyananı, hər küçədə bir kilsə var. O kilsələrin hər birində orqan musiqisi səslənir. Hər gün insanlar bu möhtəşəm musiqinin sədaları altında işə, evə gedir-gəlir. Eyni zamanda zövq alır. Eləcə də digər ölkələr. Bizdə tələbat azdır, elə ona görə də üc orqan bəs edir”.
Hə, az qala yadımdan çıxmışdı, görünüşcə əzəmətli, səs etibarı ilə valehedici olan bu yaraşıqlı alətin qiyməti neçəyədir, görəsən? “Azı milyon manat”. Neçə?.. Sözün düzü, qulaqlarıma inanmadım, təkrar soruşdum. Eyni cavabı eşidəndə, sadəcə heyrətləndim və professordan təvəqqe etməli oldum:
“Rasimə xanım, lütfən bu bahalı aləti danışdırın, mən onunla söhbətləşmək istəyirəm”.
Sözümü yerə salmadı, bir dəfə yox, iki dəfə ifa etdi. Nə gizlədim, o, Nazim Əliverdibəyovun “Bayatı-şiraz”ını elə məharətlə ifa etdi ki, ayaqlarım yerdən üzüldü. Bir milyonluq alət məni göylərə necə uçurdusa, ifanı videoya köçürməyi unutdum. Təkrar xahiş etdim, bəzi müsahiblərim kimi üstümə acıqlanıb, “diqqətin hardaydı”, deməyəcəyini də bilirdim. Çünki bu zərif, ilahi musiqinin ifaçısı, hər gün bu əsrarəngiz alətin sehrinə düşən bir xanımdan sərtlik gözləmək ağlımın ucundan da keçmirdi.
Mən paxıl insan deyiləm, heç o möhtəşəm səsdən sizi məhrum eləyərəm? Dinləyin və bir neçə dəqiqəlik də olsa, problemlərinizi boş verin, buraxın yer üzünü, Tanrıya doğru qanadlanın, uçun …
Cəvahir Səlimqızı

Geri dön