Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Babəkin əsl adı nə olub? - ÖNƏMLİ FAKTLAR
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Türkün şanlı tarixi > Babəkin əsl adı nə olub? - ÖNƏMLİ FAKTLAR

Babəkin əsl adı nə olub? - ÖNƏMLİ FAKTLAR


İllərdi ki, Babəkin adı ətrafında müxtəlif fərziyyələr formalaşdırılıb. İstər elm adamlarımız, istərsə də həskar tarixçilər tərəfindən müxtəlif cür yozumlar səsləndirilib. Ancaq əslində necədir? Bütün bu qaranlıq məqamlara aydınlıq gətirmək üçün tanınmış araşdırmaçı yazar Ceyhun Bayramlının “Babəkin adı ilə bağlı fərziyyələr” yazısını tədim edirik.
Babək adının hardan gəldiyinə dair fikirlər müxtəlifdir, lakin bu fikir müxtəlifliyinin də kökündə ərəb-fars tarixçilərinin təhriflə dolu qeydləri, üstəgəl bir sıra savadsız və qeyri-türk sovet tarixçilərinin yanlış müddəalara yer vermələri dayanır. Xatırlaya bilərik ki, sovet dönəmində tarix kitablarında Babəkin guya bu adı özünə Sasani hökmdarı olmuş və atəşpərəstliyi dövlət dini kimi bərqərar etmiş Ərdəşir Babəkanın adından götürdüyü qeyd olunurdu. Sonra da bu “tezisdən” irəli gələrək götürüb yazırdılar ki, çox güman ki, bu adamın məqsədi İranı İslam dinindən uzaq turmaq və ərəb xilafətinin tabeçiliyindən çıxarmaqla bölgədə Sasanilərin hakimiyyətini bərpa etmək imiş. O zaman, əcaba necə olur ki, “fars dövlətçiliyini bərpa etmək istəyən” bir sərkərdəyə fars tarixçiləri başda Nizamülmülk, Təbəri, mirxond və digəriləri olmaqla nifrət yağdırır? Məntiqlə gərək bu tarixçilər fars dövlətçiliyinin bərpasına çalışan bir tarixi şəxsiyyəti tərifləyib onun adını öz kitablarıının bəzəyinə çevirəydilər, halbuki Nüzamülmülk “Siyasətnamə”də batinilərdən hesab edir, sonra isə onun barəsində ağzına gələni çərənləyir. Deməli, Babəkin öz ismini hansısa Sasani hökmdarının adından götürməsi barədə deyilənlər yalan olmaqla bərabər, onun Sasanilər dönəmini geri qaytarmaq istəməsi barədə söylənilənlər də başdan-ayağa iftiradır. Zatən Ziya Bünyadov Moisey Kalankaytuklunun “Alban tarixi” əsərinə yazdığı izah və şərhlərdə Sasani dövlətinin banisi I Ərdəşiri “Sasanın nəvəsi, Papakın kiçik oğlu” deyə qeyd edir. Başqa yerdə də onun isminin “Sasanın oğlu Ərdəşir Papakın” şəklində olduğunu bildirir. Məhz bu baxımdan da Babək ismini I Ərdəşirin adı ilə əlaqələndirmək ağlabatan deyil. Ayrıca, Sasanilər özlərinin 400 ildən artıq hökmranlığı müddətində Azərbaycana, konkret Azər türklərinə mərhumiyyətlərdən başqa nə vermişdilər ki, Azərbaycanda alovlanmış üsyanın və hərəkatın aparıcı qüvvəsi olan Azərlər Sasanilərin dönəmini geri qaytarmaq üçün hər şeyindən keçərək özünün on minlərlə övladının canını fəda etsin, hələ bir bu xalqın qəhrəman övladı olan üsyan başçısı da özünə həmin işğalçı imperiyanın banisinin ismindən ləqəb düzəltsin?!
“Babək” adının məna yozumları arasında iki variant bu gün müstəqil araşdırma aparan ziyalıların diqqətini daha çox cəlb edir:
1.BAY+BƏK morfoloji struktur bölügüsü üzrə.
Bu gün Güney Azərbaycanın bir çox yerlərində Babək ismini “Baybək” formasında tələffüz edir və yazılır. Hər iki komponent özünün leksik mənasına görə “bəy, əsilzadə” anlamını verir, belə olduğu halda sözügedən adın ümumi leksik mənasını “bəylər bəyi” şəklində yorumlamaq mümkündür. Bu yerdə paralellər apararaq onu qeyd edə bilərik ki, Şah İsmayılın hakimiyyəti dövründə də onun təyin etdiyi mahal böyüklərinə “bəylərbəyi” titulu verilirdi və bu titul, ilk fərziyyəyə əsaslansaq, özünün mənşəyinə görə çox-çox əvvəlki dövrlərə gedib çıxır. Təəssüf ki, Babək adının “Baybək” formasında qeyd olunması ilə bağlı IX-X əsr ərəb müəlliflərinin əsərlərində elə bir xatırlatmaya rast gəlinmir.
2.BABƏK isminin mənşəyi ilə bağlı bu gün bizləri daha çox düşündürən, daha inandırıcı və ağlabatan görünən versiya bu adın ilk komponentinin (“BAB” hissəciyinin) müsəlman dünyasında, ələlxüsus da, şiə məzhəbinə inanan müsəlmanlar arasında böyük önəm daşıyan bir söz olmasıdır. Hz.Məhəmmədin öz layiqli ardıcıl və söylədiyi “Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır” (ərəbcə “Ənə mədinətul elmi və Əliyun babuha”) fikrində Hz.Əli İslam və İslam peyğəmbərinin biliklərinə “qapı” ərəbcə با ب “bab” deməkdir) olaraq dəyərləndirilir. Bu nöqteyi-nəzərdən, “Həsən” adlı qəhrəmanımızın təxəllüsü (ləqəbi) olan “Babək” ismini məhz BAB kökü + ƏK şəkilçisi (burada mənsubiyyəti, aid olmanı ifadə edir) olmaqla morfoloji bölgü apararaq təhlil etmək lazım gəlir. Bu mənada “Babək” ismini “İslam həqiqətlərinin qapısını açan” və ya “İslam peyğəmbərinin “elm qapısı”nın qulu” kimi izah etmək mümkündür. Maraqlıdır ki, mənbələrdə Babəkin adının “Bab”, yaxud “Baban” şəklində çəkilməsi hallarına heç də az rast gəlinmir. Və fonetik cəhətdən də “Babək” isminin dilimizdəki tələffüz variantı (baabək) ərəb dilində “Bab” sözünün tələffüz variantına (baab) uyğundur, yəni “A” saitinin uzun tələffüz edilməsi hər iki söz üçün xarakterikdir.
İlk öncə Babək haqqında məlumat vermiş mənbələrdən birinə nəzər salaq. Səmani özünün “Kitab-əl-ənsab” adlı əsərində “Babəki” sözü ilə bağlı belə bir qeyd edib: “İki “B” (ب ) arasındakı “Əlif” (ا) və sonundakı “ki” (َیک) – “babəkilər” deməkdir”. Maraqlıdır ki, Babək və hürrəmilər hərəkatına tamamilə təhqiredici tərzdə yanaşan bu fars tarixçisi “Babək” adını kök və şəkilçi olmaqla iki yerə ayırıb “Bab”hissəciyini ayrıca söz kökü kimi qeyd edir. Halbuki Babək ismi hansısa Sasani hökmdarının adından götürülmüş olsaydı, bu fars tarixçisi sözügedən faktı əsla gizlətməz, bu adı kök və şəkilçiyə ayırmadan, yəni tam şəkildə qeyd edərdi.
Sözügedən ad variantları ilə əlaqədar faktlar həm Musa Kalankaytukluda, həm də erməni (hay) mənbələrində qarşımıza çıxır. M.Kalankaytuklu Babəki “quldur Baban” adlandırır. Eyni yolla, yəni Babəkin “Baban” kimi adlandırılması ilə erməni (hay) yazarı Yeğişenin əsərində də üzləşirik. “Baban” ad variantındakı – an şəkilçisinə gəlincə, bu şəkilçinin cəm kateqoriyasına aid olduğunu Alpan, Avşaran, Xəzəran və s. kimi etnotoponimlərdən bilirik. Bu yerdə həmçinin, “Kitabi Dədəm Qorqud” dastanlarının Drezden nüsxəsinin üz qabığında qeyd olunmuş “taifeyi-Oğuzan” kəlməsindəki – an sonluğunu da xatırlaya bilərik.
Erməni (hay) mənbələrini bu yerdə heç də təsadüfi olaraq yada salmadıq. Hər şeydən əvvəl erməni (hay) mənbələrini bu yerdə ona görə xatırlatmaq gərəkdir ki, həmin mənbələr nəyi də yalan yazsa, özünə düşmən və ya yad hesab etdiyi xalqların şəxsiyyətlərinin adlarını olduğu kimi qeyd etməyə meylli olmuşdur. Hətta bir çox ərəb mənbələrində adları təhrif olunmuş şəxsiyyətlərin dəqiq ad variantlarına məhz erməni (hay) mənbələrində rast gəlmək olur. Səid Nəfisi yazır ki, erməni mənbələri “Babəkin adını bəzən Bab, ya Baban, bəzən də Babək şəklində yazmışlar”.
Eramızın 1270-ci ilində ölmüş erməni tarixçisi keşiş Vardapet Vardanın yazmış olduğu “Ümumi tarix” adlı kitabında 826-cı il hadisələrinə dair belə bir fikri vardır: “Bu günlərdə Bağtatdan (Bağdaddan- C.B.) çıxmış Bab adlı bir nəfər iranlı ismail irqinə (ərəb mənşəlilər nəzərdə tutulur – C.B.) mənsub olanların bir çoxunu qılıncdan keçirib bir parasını da əsir tutub apardı. O, özünü Cavidan, yəni ölməz hesab edirdi”.
Zənnimizcə, elə təkcə bu sitatlar və fikirlər “Babək” ismini “bab” sözü ilə bağlı olması versiyasının heç də göydəndüşmə olmayıb kifayət qədər ciddi diqqət tələb etdiyini ortaya qoymağa bəs edir. Əlavə olaraq onu bildirək ki, hətta XIX əsrin 40-cı illərində İranda baş qaldırmış Babilər üsyanı və Babilik təriqəti də şiəlikdən (oxu: Əhli-Beyt sevgisindən) çıxıb. Ensiklopedik məlumatlara əsasən onu da xatırlada bilərik ki, Babilər üsyanının rəhbəri Seyid Əli Məhəmməd adlı bir şəxs olmuşdur. Onun apardığı mübarizənin mahiyyəti ilə bağlı aşağıda gətirdiyimiz sitatın da, zənnimizcə, Babək hərəkatı ilə bağlı söhbətimizlə sıx əlaqəsi vardır. ASE-də oxuyuruq: “Seyid Kazım öləndən sonra (1843) Bab (Seyid Əli Məhəmməd – C.B.) təriqətə rəhbərlik etmiş və 1844-cü ildə özünü “Bab” (ər. “qapı”) adlandıraraq dindarlar tərəfindən zühuru gözlənilən Mehdinin fikir və diləklərini xalqa çatdıracaq vasitəçi elan etmişdir”.
Deməli, BABƏK kimi tanımış unikal tarixi qəhərmanımızın adındakı əsas dəyişməz ünsürün (söz kökünün) məhz “BAB” hissəciyi hesab olunması üçün hər cür ciddi əsasımız vardır.
Qəhrəmanın gerçək adının – HƏSƏN isminin etimologiyası barədə fərziyyələr öz natamamlığı ilə seçilir. Hədis kitabları bildirir ki, “Həsən” ismi Hz. Məhəmməd (s)-in bu adı öz nəvəsinə verməsindən əvvəl ərəblər içərisində istifadə edilməmiş bir isimdir, bu fakt akademik Ziya Bünyadov tərəfindən də təsdiqlənir.“Həsən” və “Hüseyn” eyni kökdən olan isimlərdir. Və peyğəmbər öz qızı Fatimə (ə)-ın dünyaya gətirdiyi bu ilk körpəyə “Həsən” adını verərkən həm ətrafındakı səhabələr, həm də bütövlükdə ərəblər təəccübə qərq olmuşlar. Bu adın mənasını bilmək istəyənlərə peyğəmbər bu cür açıqlama verib ki, “Həsən – Sağlam, gümrah, cüssəli, iradəli deməkdir”. Lakin bu ismin etimologiyası, hansı xalqa mənsub olması haqda bir söz deyilməməsini də görürük. Araşdırmalar bu həqiqəti önə çıxardır ki, “HƏSƏN” isminin ilkin variantı əski türk sözü olan “ƏSƏN” kəlməsidir. Dilimizin şəxs adları lüğətindən aydın olur ki, “Əsən” – qədim türkcədə:
1. “Sağ-salamat, sağlam, gümrah”; 2. “təmiz, saf, xalis”; 3. “zəkalı, ağıllı, kamallı” mənalarını verir.
Bu günün özündə belə Güney Azərbaycan türkləri bir-birilə sağollaşarkən “salamat qalın” yerinə “əsən qalın” deməkdədirlər.
Avropa mənbələrində Ağqoyunlu dövlətinin banisi Həsən Bayandurlunun (uzun Həsən) ismi “ASSAM BEGVS” (Əsən bəy) şəklində qeyd olunur ki, bu da avropalıların sözügedən xüsusi isminin etimologiyası haqda nisbətən daha dolğun məlumata malik olduğunu təsdiqləyir. Həsən Bayandurlunun tarix elminə məlum olan, avropalı rəssam tərəfindən çəkilmiş portreti üzərində hökmdarımızın adının yazılış şəkli də dediklərimizi təsdiqləyir.

Geri dön