Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > AZADLIQ
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Türk dünyası-Turan > AZADLIQ

AZADLIQ


Azadlıq bu şirin sözdə nələr var,
Azadlıq yoxdursa, viranələr var.

Bütün pərdəsiz pəncərələr
Qəm pəncərəsidir, qəm ...
...Istanbulda Kadıköydə
Çamlıca xəstəxanasının
pərdəsiz pəncərələrindən
Həyətdə qar altında çiçəkləyən
Gilənar ağacına baxa-baxa
Sən və Azadlıq haqqında
düşünürəm...
Və elə bu an;
xatırlayıram -
Sən azad olasan deyə
Nə cür əl çəkdim azadlığımdan.

Azadlıq!
Ah, mənim azadlığım!
- Qarımış bacı, yenilmiş qardaş,
Gəlməyəcəyini bilə-bilə
Oğul yolu gözləyən ana...
Tanrım! Ölüm yatağında
Ölüm də çox zor görünür
azadlığı olmayana.

Azadlıq!
Bu şirin söz dilimdə
zəhər dadır;
Azadlıq Bakıda
Gecələr sağ-solu
Fahişələrlə dolu
Gedib dənizə dirənən
Ən uzun bir küçənin adıdır...
Bakıda Azadlıq sadəcə
bir küçənin adıdır.
“Azadlıq” susan meydandır bir də
Nə zamandı köz kimi
bağrına basıb Bakı;
Bu meydan indi addır
Bir də yatan qiyamdır,
qiyamdı ruhumdakı.

Bu məmləkətdə şairlər lal-kar,
Əvəzində Bakının küləkləri dəlidir,
Əvəzində Bakının çiçəkləri dəlidir...
Azadlıq - Bakıda soyunan bir qadın heykəlidir...

...Azadlıq Sinqapurda
arxideya çiçəyidir;
Bu məmləkətdə dibçəkdə doğulub
Dibçəkdə yaşayıb, dibçəkdə ölər.
Yazıq dibçəklərdə yatıb, külə dönən
çiçək azadlığımız,
Yazıq mənə, kül oluram tüstünə...
...Azadlıq Sayqonda
Düşmən qərargahına uzanan
250 km-lik yeraltı tuneldir
Təkbaşına döyüşçü Kuçili qızlar
Gəlin gedən kimi gedər,
gedər düşmən üzərinə.

Qərbdə Azadlıq!
- Amsterdamda azan səsidir,
Parisdə pəncərəsi pərdəsiz
Notrdam kilsəsidir...
Vatikanda mavi keşişlərin
duaları, andı,
Londonda şəhərə çökən dumandır,
dumandır azadlıq.

Şərqdə Azadlıq -
Azadlıq anı
Lüt-üryan hacıların
Məkkədə şeytana atdığı daş;
Qərbdə Azadlıq -
Kələkbaz Leonardo Da Vinçinin
Isanın Torino kəfənidir,
Sirri açılır yavaş-yavaş.
Şərqdə Azadlıq -
Çində Çin səddidir,
Qüdsdə ağlayan divarlar.
Kəbənin hər il təzələnən örtüyüdür
Və bir də ilbəil dəyişən zəvvarlar.

“Azadlıq”
Amerikanın qulağının dibində
Kuba adlı bir ada;
Xalqı Azadlıq haqqında
Che Guevara adlı mahnı oxuyur
Acqarına səhərdən axşamacan
Havanada, Varedorada.
Azadlıq adası - Kuba...
Kuba azadlığın köksündə bir yara.
“Azadlıq” adasında
Azadlıq haqqında bir mahnı
Öldürür məni,
Mahnımın adı - Che Guevara.

Kim nə deyir-desin,
Azadlıq qılıncların
oxuduğu nəğmədir;
Çünki,
Azadlıq qan tökməkdir,
Fərqi yoxdu
Başqasının olsun, ya özününkü...

Hər il
“Azadlıq” meydanından
zəvvarlar gedir.
Allahın evinə
sevinə-sevinə.
Bu nə yoldu Tanrım?!
Bu nə yoldu imanlı
Imansızla bir gedir.
Şuşadan keçməyən yol
Kəbəyə nə cür gedir?!

Bu nə cür şəhərdi, Tanrım?!
Şairləri yox,
küləkləri dəlidir
Sevənləri yox,
çiçəkləri dəlidir.
“Azadlıq”! Azadlıq
Bakıda soyunan bir qadın
heykəlidir…

Rüstəm BEHRUDİ

Geri dön