Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Vaşinqtonda Azərbaycan regional lider kimi xarakterizə edilmişdir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > Vaşinqtonda Azərbaycan regional lider kimi xarakterizə edilmişdir

Vaşinqtonda Azərbaycan regional lider kimi xarakterizə edilmişdir


Azərbaycanın ABŞ-dakı səfirliyindən daxil olmuş məlumatda bildirilir ki, martın 27-də ABŞ-ın aparıcı analitik mərkəzlərindən biri olan Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzində (Center For Strategic&International Studies) “Xəzər hövzəsində inkişafın perspektivləri: ABŞ ilə diplomatik münasibətlərin iyirmi illiyi” mövzusunda konfrans keçirilmişdir. “Diplomatik münasibətlərin iyirmi illiyi” və “İqtisadi inkişafa gedən yol: enerji, boru kəmərləri və iqtisadi islahatlar” başlıqlı iki paneldən ibarət konfransın aparıcıları “Heritage” Fondunun eksperti Ariel Kohen və Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin mütəxəssisi Janusz Bugajski olmuşlar.
Konfransda Mərkəzi Asiya-Qafqaz İnstitutunun sədri Frederik Star, Yaxın Şərq İnstitutunun tədqiqatçısı Aleks Vatanka, Jamestown Fondunun prezidenti Qlen Hovard, Corc Vaşinqton Universitetinin professoru Marlene Laruelle, bp-nin Vaşinqtondakı ofisinin baş direktoru Qreq Saunders, Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov, səfirliyin iqtisadi məsələlər üzrə müşaviri Nərgiz Qurbanova, Gürcüstanın ABŞ-dakı səfirliyinin müvəqqəti işlər vəkili David Rakviaşvili və Dünya Bankının Azərbaycan üzrə mütəxəssisi Raşmi Şankar çıxış etmişlər.
F.Star və A.Kohen çıxışlarında Azərbaycanın regionda artan rolu barədə yekdil fikirlərini bölüşərək, Azərbaycanın enerji təhlükəsizliyinin təminində və ekstremizm və terrorçuluğa qarşı mübarizədə töhfəsindən bəhs etmiş, o cümlədən ABŞ və İsraillə sıx əməkdaşlıq münasibətlərinin, bu yaxınlarda İsrail və ABŞ vətəndaşlarına qarşı sui-qəsdin qarşısının alınmasının təqdirəlayiq hal olduğunu xüsusilə vurğulamışlar. Q.Saunders isə Azərbaycanı Avropanın enerji tələbatının ödənilməsi və enerji təhlükəsizliyinin təminində mühüm tərəfdaş kimi xarakterizə edərək, Azərbaycanın Avratlantik inteqrasiya istiqamətinə sadiqliyinin mühüm element olduğunu qeyd etmişdir.
N.Qurbanova son illərdə Azərbaycanın yüksəlməkdə olan iqtisadi göstəricilərinə istinad edərək, Azərbaycanın artıq sərmayə yatıran dövlət olduğunu bildirmiş, bu xüsusda Azərbaycanın Gürcüstanda ən böyük vergi ödəyicisi, Türkiyədə isə ən irimiqyaslı layihənin müəllifi olduğunu diqqətə çatdırmışdır.
Konfransın yekununda çıxış edən səfir Elin Süleymanov əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş regional inteqrasiya və qonşu dövlətlərlə əməkdaşlıq strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, Azərbaycanın Türkiyə və Gürcüstan ilə əlaqələrinin nümunəvi qonşuluq münasibətlərinin bariz nümunəsi olduğunu vurğulamışdır. Səfir, həmçinin ABŞ-ın regionla bağlı uzunmüddətli strategiyasının olmasının vacibliyini vurğulamış və regionun hərtərəfli inkişafının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllindən asılı olduğunu bildirmişdir.

Geri dön