Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Nəsrəddin şahın təltif etdiyi xanəndə - Məşədi İsi
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Mədəniyyət > Nəsrəddin şahın təltif etdiyi xanəndə - Məşədi İsi

Nəsrəddin şahın təltif etdiyi xanəndə - Məşədi İsi


Enter.News olaraq qərara aldıq ki, xanəndələrimiz haqqında yazı hazırlayaq. İlk yazı XIX əsrin məşhur xanəndəsi Məşədi İsi barəsindədir. Görkəmli musiqişünas Firudin Şuşinskinin Məşədi İsiyə həsr etdiyi yazısını təqdim edirik:

Məşədi İsi Sadıqcanın və Hacı Hüsünün müasiri idi. Onun adı həmişə öz zəmanəsinin görkəmli xanəndələri ilə yanaşı çəkilmişdi. Əlbəttə, bu heç də təsadüfi deyildi. İlk musiqi təhsilini Xarrat Qulunun məktəbində alan Məşədi İsi məşhur xanəndə Hacı Hüsünün “Xanəndələr məclisi”nin ən fəal üzvü olmuşdu. Məşədi İsi klassik Şərq, xüsusən Azərbaycan muğamlarının incəliklərinə dərindən bələd idi. O, öz bilik və sənətkarlıq bacarığını “Xanəndələr məclisi”nin gənc xanəndələrinə öyrədər, onlarda sənətə dərin məhəbbət hissi oyadardı.

Məşədi İsi muğamatı yüksək dərəcədə mənimsəyən ustad xanəndə kimi tanınmışdı. O, “Rast”, “Şur”, “Humayun”, xüsusilə “Mahur” dəstgahını özünəməxsus fərdi xüsusiyyətlə ifa etmişdi. Cabbar Qaryağdı oğlu Məşədi İsinin xanəndəlik qabiliyyətinə yüksək qiymət verərək yazmışdı: “...Şuşa şəhərində, bütün Qafqazda məşhur olan Xarrat Qulunun şagirdlərindən xanəndə Məşədi İsi “Mahur” dəstgahını çox təntənə ilə oxuyardı. Özü də təsnifxanalıqda və qaval çalmaqda birinci sayılırdı”. (C. Qaryağdı oğlu. Keçmiş Azərbaycan musiqisi haqqında xatirələrim (əlyazması). Azərbaycan Mədəniyyət Nazirliyi Memarlıq və İncəsənət İnstitutunun elmi arxivi, inventar № 75. 55)

Məşədi İsi oxuduğu muğam və mahnıların sözlərini aydın, səlis diksiya ilə dinləyiciyə çatdırardı. O, Azərbaycan şairlərinin qəzəl və qoşmaları ilə yanaşı, Hafizin və Sədinin əsərlərini ilhamla oxuyar, öz dinləyicilərini valeh edərdi. Cəlilbəy Bağdadbəyovun yazdığına görə, Azərbaycan şairlərinin şeirlərini ilk dəfə məclislərdə oxuyan Məşədi İsi olmuşdu.

Məşədi İsi təkcə Qarabağda deyil, Azərbaycanın bir çox şəhərlərində - Gəncədə, Ağdaşda, Şamaxı və Bakıda dəfələrlə toy məclislərinə, şənliklərinə dəvət edilmişdi. Məşədi İsi şamaxılı Mahmud ağanın məclislərində aylarla oxumuş və İran hakimi Nəsrəddin şah Qacar tərəfindən bir neçə dəfə Tehran şəhərinə çağırılmışdı. Şah sarayında İran müğənniləri ilə olan bir müsabiqədə qələbə qazanan Məşədi İsi “Şiri-Xurşid” ordeni ilə təltif olunmuşdu.

Keçən əsrin 90-cı illərində Məşədi İsi tarzən Sadıqcan ilə birlikdə Aşqabad, Səmərqənd, Daşkənd və başqa şəhərlərdə xalq şənliklərində iştirak etmişdi.

Məşədi İsi böyük muğam ustası olmaqla bərabər bir təsnifxan kimi də klassik Azərbaycan xanəndələri arasında xüsusi yer tutur. Məlum olduğu kimi, təsniflərin müəllifi xanəndələr olmuşlar. Məşədi İsinin bir çox təsnifləri, xüsusilə “Rast”, “Mahur” təsnifləri məşhurdur. O, el ədəbiyyatından bəzi nümunələrə, xüsusilə Vaqifin, Zakirin bir çox müxəmməs və qoşmasına təsniflər düzəltmişdi. Məsələn, o, “Rast” oxuyarkən Qasım bəy Zakirin:

Bir bağda bülbül olmasa,

Gülüm nə miqdarı, dilbər.

Dal gərdənə tökülməsə,

Telin nə miqdarı, dilbər.

rədifilə başlanan gəraylısından istifadə edib “Rast” təsnifini bəstələmişdi. Görkəmli ədəbiyyatşünas Salman Mümtaz yazırdı: “Bu gəraylını qarabağlı məşhur xanəndə Məşədi İsi Aşqabadda təsnif məqamında oxuduğunu şəxsən eşitmişəm”. (Salman Mümtaz. Azərbaycan el ədəbiyyatı. Bakı, 1928, I cild, səh. 362.)

Əlbəttə, Məşədi İsinin Hacı Hüsü, Bülbülcan kimi çox zil səsi olmamışdı. Lakin o, muğamatın texnikasına dərindən bələd olduğundan xoş səsi ilə öz dinləyicilərini heyran etmişdi. Məşədi İsi kamil bir sənətkar idi. Onun ustad bir xanəndə olması haqqında müasiri, şuşalı Çıraq Məhəmməd oğlu söyləyirdi:

“Məşədi İsinin səsi çox zil deyildi. Amma bütün muğamları çox ustalıqla oxuyardı. Dünyada Məşədi İsi kimi “Osmanlı” oxuyan çətin tapılar.

Şuşanın “Çöl qala məhəlləsində” Səlimbəyin qardaşı oğlu Rüstəmbəyin toyu idi. Adamları toya dəvətnamə ilə buraxırdılar. Mənim 17-18 yaşım olardı. Dayım dəllək Kərbəlayı Hüseyn Zeynal oğlu toya bir dəllək kimi dəvət olunduğundan məni də özü ilə toya aparmışdı.

Səlimbəyin böyük salonu altı arşın Qarabağ xəliləri ilə döşənmişdi. Qaz lampanın işığı adamın gözünü qamaşdırırdı. Hamı milli geyimdə idi. Toya iki xanəndə dəstəsi - Gülbalı aşıqları və qarmonçalan dəvət edilmişdi. Toyun padşahı şair Növrəs Mirzə Ələsgər, fərraşı isə lotu Qulu idi.

Xanəndə Məşədi İsi, tarçalan Qulu (Xəstə Qasımın qardaşı) ilə salonun görkəmli yerində əyləşmişdi. Salonun başında isə Hacı Hüsü ilə Sadıqcan oturmuşdu. Ayaq tərəfdən Gülablı aşıqları (Abbasqulu, Nəcəfqulu, Həşim, Heydər) əyləşmişdilər. Aşıqlar ilə qabaq-qabağa qarmonçu İsi bəy qarmonu əlində hazır saxlamışdı.

“Toyun padşahı” Növrəs əmr etdi ki, Hacı Hüsü bir dəstgah başlasın. Hacı Hüsü saat yarıma “Şüştər”oxudu.

Hacı Hüsü oxuyandan sonra “toyun padşahı” əmr etdi ki, Məşədi İsi dəstgah başlasın. Yadımdadı, tarzən Qulu Məşədi İsiyə dedi:

- Hacı Hüsüdən sonra nə dəstgah başlayacaqsan?

Məşədi İsi:

- Mən dəstgah başlamayacağam. Hacı Hüsü camaatı yatırdıb, mən isə oyadacağam.

Qulu:

-Nə ilə oyadacaqsan? Məşədi İsi:

- “Osmanlı” ilə Məşədi İsi qavalı əlində oynadıb ağzını açdı:

Sübhi tezdən oyandım,

Dərdi-qəmə boyandım.

Daş olsaydım əriyərdim,

Torpaq idim, dayandım.

Məşədi İsinin bu sözləri hamının diqqətini cəlb etdi. “Toyun padşahı” Növrəs qışqırdı. “Dalısını de! sənə nənəm qurban!” Məşədi İsi fərəhlə oxumağa başladı:

Mən aşiqəm, xan dursun,

Xan əyləşsin, xan dursun.

Qovza kətan köynəyi,

Ağ məmələr yan dursun.

Məşədi İsi oxuyub qurtaranda salonu sürəkli alqış bürüdü. Məclisi şən keçirdiyinə görə, o gecə Məşədi İsiyə qızıl suya çəkilmiş gümüş padnosun üzərində məndülədən bir paltarlıq və 500 manat qızıl pul hədiyyə verildi”. (Çıraq Məhəmməd oğlunun xatirələrindən (xatirə kitabın müəllifindədir).

Görkəmli xanəndə Məşədi İsi 1905-ci ildə Ağdamda vəfat etmişdi.

Geri dön