Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İzmirdə Güney Azərbaycan Forumu yaradılacaq
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Müsahibə, Güney Azərbaycan-Təbriz > İzmirdə Güney Azərbaycan Forumu yaradılacaq

İzmirdə Güney Azərbaycan Forumu yaradılacaq


Camal Məhmətxanoğlu: «Məqsədimiz Güney Azərbaycanın, 35 milyon soydaşımızın problemlərini dünya gündəminə gətirməkdir»

«Diaspor təşkilatlarının qurultaylarında olduğu kimi yeyib-içməyə can atanlar bizim toplantıya gəlməsin»

Son zamanlar Güney Azərbaycandan olan soydaşlarımızın Türkiyədə fəallaşır. Tezliklə İzmirdə Güney Azərbaycan Forumu təşkil ediləcək. Forumla bağlı İzmir Azərbaycan Dərnəyinin sədri, CanAz TV- nin rəhbəri Camal Məhmədxanoğlu ilə söhbətləşdik, məqsəd və məramları ilə bağlı suallar verdik. Camal bəy öncə toplantının məqsədinin nə olması barədə danışdı.
- Bu il aprelin 21-22-də Güney Azərbaycan Forumu adı ilə bir toplantı keçirəcəyik. Bu toplantıda məqsəd Güney Azərbaycanın, 35 milyon soydaşımızın problemlərini dünyanın gündəminə gətirməkdir. İkinci məqsəd isə Güney Azərbaycanı sevən insanlardan ibarət Güney Azərbaycan Milli Şurası adlı bir qurum yaratmaqdır. Həmin qurumun üzvləri demokratik şəkildə seçiləcək. Güney Azərbaycan, Quzey Azərbaycan və Türkiyə azərbaycanlılarından ibarət bir qurum olacaq. Beynəlxalq təşkilatlarda, BMT-də Güney Azərbaycan adına söz söyləmək haqqına sahib olacağıq. Yəqin ki, soydaşlarımız bu qurumu dəstəkləyəcək. Çünki qurum Azərbaycan türklərini dünyada təmsil etmək üçün yaradılır. İnanıram ki, yarandıqdan sonra qurumun qaldırdığı məsələlərə diqqətlə yanaşılacaq. Qurum dünya azərbaycanlılarının problemlərini dünya ictimaiyyətinin diqqətinə çatdıra biləcək.
- Bu qurumda təkcə güneylilər təmsil olunacaq, yoxsa, digər dövlətlərdə yaşayan soydaşlarımız da orada iştirak edə bilərlər?
- Foruma Güney Azərbaycanın problemlərini özünə dərd edən, onu Quzey Azərbaycandan, Türkiyədən ayırmayan hər kəs qatıla bilər. Bizim təməl prinsiplərimiz var. Toplantı milli haqlarımızı təmsil edəcək. Burada demokratik prinsiplərə geniş önəm veriləcək. Hər kəs burada xüsusi haqqına sahib olacaq. Digər tərəfdən, toplantı çağdaşlığa layiq olmalıdır. Çünki bu dini, məzhəbçilik əsasları ilə deyil, milli əsaslarla toplanan qurumdur. Həm də qurumu yaradarkən bir məqama xüsusi diqqət yetirəcəyik ki, şura Azərbaycan, nə də Türkiyə dövlətinin nəzarətində olmayan qeyri-hökumət təşkilatı formasında fəaliyyət göstərsin. Prosesə hər kəs qatıla biləcək. Kim istəsə, ora qoşula bilər. Burada hansısa ayrı-seçkilik olmayacaq. Hər bir insan qurultaya qatıla biləcək. Özü də hər kəs öz imkanları çərçivəsində qatılacaq. Yəni toplantını dəstəkləyən nə dövlət qurumu, nə də hansısa holdinq şirkəti var. Əminəm ki, qaldırdığımız məsələyə can yandıran insanlar prosesə aktiv şəkildə qoşulacaqlar.Diaspor təşkilatlarının qurultaylarında olduğu kimi yeyib-içməyə can atanlar bizim toplantıya gəlməsin. Bizə prosesə can yandıran insanlar lazımdır. İzmir qurultayına 100 nəfər gəlsə belə, bu işə can yandıran insanlar olacaqlar. Ona görə də toplantımız uğurlu olacaq.
- Qurultaya nə qədər insanın gəlməsi planlaşdırılır?
- Güney Azərbaycan məsələci ən azı Türkiyədə yaşayan güneyli soydaşlarımızı düşündürməlidir. Keçən il Türkiyədə yaşayan azərbaycanlı türklərin birinci qurultayında iştirak edənlərin 350 nəfərindən cəmi 50 nəfəri güneyli soydaşımız idi. Bu toplantıya isə azı 100 nəfərdən çox Güney Azərbaycan türkü qatılacaq. Türkiyədə artıq Güney Azərbaycan məsələsini gündəmə gətirən millətçi insanlarımız vardır. Onlardan da qurultaya qatılanların olacağını zənn edirəm. Bakıdan da gələnlərin olacağına əminəm. Kanada, ABŞ, İsveç və Horveçdən də dostlarımız gələcək. İnanıram ki, toplantıda 300 nəfər iştirak edəcək. Amma toplantıya 100 nəfər gəlsə belə bunu uğur kimi qəbul edəcəyik. Çünki həmin insanın özü də bizim üçün qiymətlidir.
- Belə qurumun yaradılması Güney Azərbaycan problemlərinin həllində hansı rola malik olacaq?
- Bu gün Güney Azərbaycan problemini dünyaya çatdırmaq lazımdır. Bu gün həm Türkiyə, həm də dünya İranda 35 milyona yaxın soydaşımızın hüquqlarının tapdalandığını bilmir. Keçən il İzmirdə Xocalı qətliamı ilə əlaqədar tədbirdə güneyli soydaşımızın Urmiya soyqırım məsələsinin də gündəmə gətirdilər. Amma Cümhuriyyət Xalq Partiyasının millət vəkili İran məsələsini qarışdırmamağı vacib saydı. İddia etdi ki, guya İranda türklər ana dillərində sərbəst şəkildə danışa bilir. Başa düşdüm ki, Türkiyədə hətta millət vəkili belə Güney Azərbaycanda insan haqlarının tapdanmasından xəbərsizdir. Forumuzun başlıca məqsədi də ilkin olaraq Türkiyədə Güney Azərbaycanda 35 milyon soydaşlarımızın adi insan haqlarının tapdandığını anlatmaqdır. Sonrakı mərhələdə isə işimiz Güney Azərbaycan problemini bütün dünyanın diqqətinə çatdırmaqdan ibarət olacaq.
- İranla bağlı hazırki prosesləri necə dəyərləndirirsiniz?
- Üç il öncəyə kimi Türkiyə hökumətinin Liviya rəhbəri Müəmmar Qəddafi, Suriya prezidenti Bəşər Əsəd və İranla sıx əlaqələri vardır. Amma beynəlxalq vəziyyətin dəyişməsilə Türkiyə az qala Liviyaya əsgər göndərəcəkdi. Bəşər Əsədin qətliamlar törətdiyi Suriya ilə Türkiyə arasında münasibətləri heç də əvvəlki səviyyədə deyil. Bəşər Əsəd hökuməti Türkiyəyə qarşı müxtəlif əsassız ittihamlarla çıxış edir.
Son proseslər onu düşünməyə əsas verir ki, eyni vəziyyət üç-dörd aydan sonra İranla Türkiyə arasında da ola bilər. Qarşıdakı 3-4 ay İranla bağlı önəmli hadisələrlə müşayət oluna bilər. Ona görə bizim proseslərə hazır olmağımız lazımdır. Forumun təşkilində bir məqsədimiz də hazırlıqlarla bağlı müzakirələr aparmaqdır. Təəssüf ki, Güney Azərbaycanla bağlı fəaliyyət göstərən müxtəlif qurumlar bir-birini suçlamaqla məşğuldur. Bu xüsusda İzmirdə keçirilən tədbirdə Türkiyədə yaşayan Azərbaycan türkləri, güneyli və quzeyli türkləri bir araya gətirmək istiqamətində çalışacağıq. İnanıram ki, ciddi irəliləyişlərə nail olacağıq. Biz Güney Azərbaycan Milli Hərəkatının toparlanmasına səbəb olmaq istəyirik.
- Dünya Azərbaycanlıları Konqresi də eyni ideyalarla gündəmə gəldi, amma sonradan didişmələr üzündən parçalandı. Sizi də gələcəkdə belə bir təhlükə gözləyirmi?
- DAK-lar artıq milli fəalların, güneyli, quzeyli soydaşlarımızın gözündən düşüb. Biz DAK-dan fərqli olaraq təşkilatımızın nizamnaməsini müzakirə edərək formalaşdıracağıq, demokratik seçki keçirəcəyik. Ona görə də yaradacağımız qurumun daha uğurlu, bölünməz və uzun müddətli olacağına inanıram. Düzdür, ilk qurultayımızda səhvlərimiz də oldu. DAK-ın 2004-cü ildə olan qurultayında iştirak etdim. Bu qurultay tədbiri məndə həddindən artıq anti-demokratik təsir bağışladı. Həm də DAK-da təmsil olunanlar son illər Güney Azərbaycan Milli Hərəkatından çıxanlardan ibarət deyil. Hamısı şah rejimilə birlikdə İranı tərk edənlərdən ibarətdir. Hamısının da xaricdə rahat yaşayışı təmin olunub. Diaspor təşkilatları da onun bənzəri oldu.
- Türkiyə, İran və Güney Azərbaycan müstəvisində sizin quracağınız şuranın yeri harada olacaq?
- Güney Azərbaycan türklərin yanında olacaq. Önümüzdəki dönəmdə beynəlxalq vəziyyət o qədər kəskinləşəcək ki, həm Türkiyə, həm də Azərbaycan hökuməti forumumuzu dəstəkləməsələr belə, qarşımızı kəsməyəcəklər. Keçən il Diaspor Komitəsi qurultayımıza qarşı çıxaraq əngəlləməyə çalışmışdı, hətta bizi suçlamışdılar. Amma indi düşünürəm ki, özünü azərbaycanlı sayan hər kəs bizə dəstək olmaq zorundadır. Keçdiyimiz aylarda GAMOH-un Ankarada qurultayı oldu. Dövlət bu qurultaya müdaxilə etmədi. Bu isə onu göstərir ki, artıq Türkiyə dövləti Güney Azərbaycanla bağlı tədbirlərə qarşı çıxmayacaq.

Geri dön