Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > KTMT-yə baş katib seçmək müşkülə çevrilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev > KTMT-yə baş katib seçmək müşkülə çevrilib

KTMT-yə baş katib seçmək müşkülə çevrilib


Politoloqların fikrincə, Serj Sərkisyanın güvəndiyi, kölgəsində gizləndiyi hərbi təşkilat artıq onu müdafiə etmək istəmir

Rusiyanın himayəsi altında yaradılan Kollektiv Təhlükəsizlik üzrə Müqavilə Təşkilatının (KTMT) baş katibi Nikolay Bordyujanın səlahiyyət müddəti xeyli vaxtdır ki, başa çatıb. Bu səbəbdən təşkilatın yeni baş katibinin seçilməsi məsələsi bir neçə aydır gündəmə gətirilib. Lakin KTMT-yə üzv dövlətlər bu günə qədər öz aralarında bu problemi həll edə bilməyiblər.
Xatırladaq ki, oktyabrın 14-də KTMT-nın İrəvanda keçirilən iclasından öncə Ermənistana məxsus "Aykakan Jamanak” qəzeti sabiq müdafiə naziri Seyran Ohanyanın KTMT-yə baş katib gətirilməsindən imtina etdiyini yazmışdı. Nəşrin yaydığı məlumata görə, bundan sonra Ermənistan rəhbərliyi digər sabiq müdafiə naziri Vaqarşak Arutyunyanı KTMT-ya rəhbər gətirməyi planlaşdırıb. Səlahiyyət müddəti başa çatmış N.Bordyuja da bundan bir müddət əvvəl verdiyi açıqlamada yeni baş katibin Ermənistan təmsilçisi olacağını bildirmişdi. Ona görə də Ermənistan prezident Serj Sarkisyanın oktyabrın 14-də KTMT-nın İrəvanda keçirilən iclası zamanı növbəti 4 il üçün Arutyunyanın namizədliyini irəli sürəcəyi gözlənilirdi. Ancaq Qazaxıstan prezidenti Nursultan Nazarbayevin həmin sammitdə iştirak etməməsinə görə İrəvanda KTMT-nin yeni baş katibinin seçilməsi məsələsi müzakirə olunmadı. İki gün bundan öncə isə Rusiyanın Sankt-Peterburq şəhərində Avrasiya İqtisadi İttifaqının (Aİİ) sammiti ilə yanaşı, KTMT-nin də növbəti toplantısı keçirilib. Ehtimal edilirdi ki, budəfəki toplantıda KTMT-nin yeni baş katibi seçiləcək. Lakin Belarus prezidenti Aleksandr Lukaşenkonun hər iki tədbirə qatılmaması KTMT-yə yeni baş katib təyinatı məsələsini yenidən təxirə salıb. N.Bordyuja jurnalistlərə məlumat verərək bildirib ki, Rusiya, Ermənistan, Qırğızıstan, Qazaxıstan və Tacikistan liderləri bu məsələnin 2017-ci ilin aprel ayına qədər təxirə salınması barədə qərar qəbul edib. Qeyd olunanlardan da göründüyü kimi, Rusiyanın himayəsi altında olan KTMT-də artıq xeyli müddətdir ki, yeni baş katibin seçilməsi problemə çevrilib.


Millət vəkili, politoloq Elman Nəsirovmövzu ilə bağlı "Kaspi”yə açıqlamasında KTMT-yə yeni baş katib seçilməsi məsələsinin həqiqətən də böyük bir müşkülə çevrildiyini diqqətə çatdırıb. Deyib ki, bunun yeganə səbəbi Ermənistan rəhbərliyinin sözügedən vəzifəyə öz generalını gətirmək istəməsidir: "KTMT-nin həm İrəvanda, həm də Sankt-Peterburqda keçirilən görüşlərində Ermənistan tərəfinin belə cəhdləri alınmadı. Bu onu göstərir ki, KTMT-də təmsil olunan dövlətlər arasında Ermənistanın bu quruma rəhbərlik etməsi barədə ciddi fikir ayrılığı var. Xüsusən də Qazaxıstan və Belarus bu məsələdə Ermənistanın mövqeyini dəstəkləmir. Bu, hər kəsə aydındır. Digər tərəfdən, Ermənistan hər zaman Azərbaycanı hədələyərkən KTMT-nin adını çəkir. Ermənistan rəsmiləri dəfələrlə bəyan ediblər ki, Azərbaycan müharibəyə başlayacağı təqdirdə qarşısında KTMT-ni görəcək. Bununla Ermənistan hakimiyyət nümayəndələri böyük yanlışlığa yol verirlər. Əvvəla ona görə ki, Azərbaycan Ermənistana hücum etmək barədə düşünmür, yalnız işğal altındakı ərazilərini azad etməyi, ərazi bütövlüyünü təmin etməyi düşünür. İşğal altındakı Azərbaycan ərazilərində isə hazırda separatçı bir qurum var və həmin qurumu dünyanın heç bir dövləti, o cümlədən Ermənistan da müstəqil qurum kimi tanımır. Bu mənada, Ermənistan prezidenti Serj Sərkisyanın yürütdüyü siyasət hazırda dalana dirənib. Sərkisyanın hər zaman güvəndiyi, kölgəsində gizləndiyi KTMT də artıq onu müdafiə etmək istəmir. KTMT-nin Sankt-Peterburq toplantısı bir daha bu həqiqəti təsdiqlədi. O baxımdan, 2016-cı il həm də Ermənistanın hərbi təhlükəsizlik nöqteyi-nəzərindən böyük problemlər yaşadığı il kimi tarixə düşəcək”.

Millət vəkili, politoloq Hikmət Məmmədovda mövzu barədə qəzetimizə açıqlamasında bildirib ki, KTMT MDB məkanında dövlətlərin təhlükəsizliyini təmin etməli idi. Lakin reallıqda bu təşkilat qarşısına qoyulan hədəflərə çata bilməyib: "MDB məkanındakı dövlətlərin təhlükəsizliyinin təmin olunması üçün maraqlar da ümumi olmalıdır. Düzdür, Azərbaycan KTMT-nin üzvü deyil. Amma buna baxmayaraq, Ermənistan istisna olmaqla, MDB məkanındakı dövlətlərlə çox yaxşı münasibətləri var. Ermənistan hər zaman olduğu kimi, KTMT-dən də manipulyasiya etmək istəyir. Bir növ bu təşkilatın gücünü özünə arxa hesab etməyə çalışır. Ancaq biz bilirik ki, həmin təşkilatda təmsil olunan Qazaxıstan və Belarus Azərbaycanla sıx əlaqələrə, qarşılıqlı əməkdaşlığa malikdir. Hətta Rusiya ilə də belə yaxşı münasibətlərimiz var. Belə olan halda Ermənistanın KTMT-dən manipulyasiya etməsi üçün imkanlar məhdudlaşdırılır. Bu isə Azərbaycanın beynəlxalq sfera ilə, o cümlədən MDB məkanındakı ayrı-ayrı dövlətlərlə münasibətlərin səviyyəsini göstərir. Sözügedən münasibətlər, Azərbaycan prezidenti İlham Əliyevin lider kimi dünyada şəxsi nüfuz hətta regional müqavilələrdən də üstündür. Təbii ki, bu, Ermənistan hakimiyyətində, siyasətçilərində qıcıq yaradır. Onlar Azərbaycan əleyhinə apardıqları siyasətdə hər hansı nəticəyə nail ola bilmirlər”.

Millət vəkili, Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri Fərəc Quliyev isə hesab edir ki, KTMT hərbi ittifaq olsa da, orada təmsil olunan dövlətlər heç də könüllü şəkildə bu quruma qoşulmayıblar. Deputatın fikrincə, KTMT-dəki bəzi dövlətlər ehtiyat edərək, bir qismi isə məcburiyyətdən bu quruma qoşulublar: "Bəzi dövlətlərdən biri digərinə hərbi təcavüz edəndə dərhal KTMT-dəki dövlətlər reaksiya verirlər ki, biz bu məsələlərə qarışmayacağıq. Ermənistan rəhbərliyi də bir vaxtlar tez-tez bəyanatlarla çıxış edir, bizi hədələyirdi ki, əgər Azərbaycan müharibəyə başlasa qarşısında KTMT-ni görəcək. Həmin vaxtlarda da KTMT-yə üzv olan digər dövlətlər bunun əksini göstərən bəyanat verdilər, Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini bildirdilər. Son zamanlar isə Rusiyanın düşdüyü vəziyyət, tutduğu mövqe Ermənistanı qane etsə də digər üzv dövlətləri qane eləmir, onlar cəhənnəmə gedənlə yoldaşlıq etmək istəmirlər. O baxımdan düşünürəm ki, KTMT-nin sonu yoxdur. Qazaxıstan, Belarus və KTMT-dəki digər dövlətlər doğru mövqedən çıxış edərək Azərbaycanla münasibətlərini Ermənistana görə qurban vermək istəmirlər. Həmin dövlətlər Azərbaycanla münasibətlərinə, Ermənistanın düşmənçilik, işğalçılıq niyyətlərinə də fikir verirlər. bütün bu amillər KTMT-nin zəifləməsinə təsir edir. Düşünürəm ki, Rusiya öz davranışlarında, xarici siyasətində redaktələr etməzsə, KTMT-nin də sonu olmayacaq. Xüsusən də Azərbaycana qarşı ədalətsiz mövqenin qorunub saxlanması KTMT kimi təşkilatların zəifləməsində böyük rol oynayır”.

Rufik İSMAYILOV

Geri dön