Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > İslam dini > Rektor: “Xaricdə dini təhsil alan tələbələrimizə “casus” kimi yanaşırlar”
Rektor: “Xaricdə dini təhsil alan tələbələrimizə “casus” kimi yanaşırlar” |
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini, Bakı İslam Universitetinin rektoru hacı Sabir Həsənli dini təhsil üçün Azərbaycandan xaricə göndərilən tələbələrin dayandırılmasına münasibət bildirib.
S.Həsənli açıqlamasında sözügedən addımı təəssüflə qarşıladığını söyləyib: “Çox təəssüf ki, Bakı İslam Universiteti tələbələrinin xaricdə təhsil almasının qarşısını aldılar. Bu gün ABŞ-da, Almaniyada, Böyük Britaniyada və digər Qərb dövlətlərində xeyli sayda gənclərimiz təhsil alır. İndi onlara həmin ölkələrin “casus”ları demək doğrudurmu? Bəs necə ola bilir ki, ABŞ-da təhsil alan azərbaycanlı qayıdıb gəlib yüksək vəzifələrdə çalışa bilir, ancaq xaricə təcrübə üçün getmiş Bakı İslam Universitetinin hər hansı tələbəsi “casus” olur? Bu cür yanaşmalar normal deyil. Çox təəssüf ki, Azərbaycanda bəzən Bakı İslam Universitetinin tələbələrinə bu cür münasibətlər olur. Bütün bunlar isə qəbuledilməzdir. Əgər biz xaricə tələbə göndərmiriksə, o zaman ümumiyyətlə göndərməyək! ABŞ, Böyük Britaniya bizə nə zamandan dost-qardaş olub? Ən azı ərəb ölkələrində təhsil alanlar üçün bir əsas var, bizi ümumi din birləşdirir. Bəs ABŞ ilə nə birləşdirir?”. S.Həsənli deyib ki, burada söhbət təkcə Bakı İslam Universitetindən getmir: “Hələ Sovet Azərbaycanından öncə də İraqda, İranda təhsil alan şeyxülislamlarımız var idi. Onların çoxu da Vətənini sevən insanlar olub. Yəni, bir insanın daxilində Vətən sevgisi varsa, iradəsi güclüdürsə, onu yolundan döndərmək mümkün deyil. SSRİ dövründə Azərbaycandan digər ölkələrə hər il 2 min tələbə təhsil almaq üçün göndərilirdi. Məgər onlar geri qayıdanda “casus” olurdu? Çox təəssüf ki, Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin keçmiş sədrlərindən biri demişdi ki, guya Bakı İslam Universitetinin xaricə göndərilən tələbələri Azərbaycana qayıdanda casusluğu öyrənirlər. Sadəcə olaraq, bizim istəyimiz odur ki, tələbələrimizin, məzunlarımızın dünyagörüşü də çox olsun”. Rektor qeyd edib ki, bəzən Bakı İslam Universitetinin xaricdə təhsil almış tələbələrinin İŞİD-lə və digər təşkilatlarla əlaqələrinin olması və sairə barədə əlaqələndirmələr aparılır: “Ancaq hər şey ola bilər. Bu gün İŞİD-in hər yerlə əlaqəsi var. Vaxtilə Üsamə bin Ladenin də SSRİ və ABŞ-la əlaqələri var idi. Sonradan “Üsamə bin Laden hərəkatı” çökdü deyə, ABŞ İŞİD-i yaratdı. Demək istədiyim odur ki, dünyanı sakit buraxmayacaqlar”. S.Həsənli ötən əsrin 90-cı illərindən başlayaraq, Azərbaycandan xaricə dini təhsil almaq üçün xeyli sayda tələbə göndərildiyini bildirib: “Onlar Misirin Əl Həzər Universitetində dini təhsil alıblar. Maraqlısı odur ki, həmin universitetdə dini məzhəb ayrı-seçkiliyi yoxdur. Bundan başqa, biz Suriyaya, Pakistana, Malayziyaya da tələbələr göndərmişik. Onlar həmin ölkələrdə təhsil alıb geri qayıdıblar. İndi həmin tələbələrin böyük qismi Azərbaycanın diplomatik nümayəndəliklərində çalışırlar. Misal üçün, Azərbaycanın Litvadakı səfiri Bakı İslam Universitetinin məzunlarından biridir. Həmçinin, Azərbaycanın Liviyada, Küveytdə və Malayziyadakı baş konsulları, İndoneziyada, Hindistandakı səfirlik işçiləri də Bakı İslam Universitetinin yetirmələridir. Ona görə də xaricdə dini təhsil alıb təcrübə qazanmaq, dil öyrənmək və sonra Azərbaycana gəlmək böyük fəlakət kimi qəbul edilməməlidir”. Vasif Həsənli Geri dön |