Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Fərəc Quliyev: “Oliqarxlar qanunların işləməsinə mane olmağa çalışırlar”
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Hüquq, Özəl xəbər, Fərəc Quliyev > Fərəc Quliyev: “Oliqarxlar qanunların işləməsinə mane olmağa çalışırlar”

Fərəc Quliyev: “Oliqarxlar qanunların işləməsinə mane olmağa çalışırlar”


Deputat islahatların anonsunu verdi;“İslahatlarla razılaşmayan, köhnə sistemlə yaşayan nazirliklər var ki...”

Ötən ilin sentyabrında keçirilən referendumdan sonra idarəetmədə ciddi kadr dəyişikliklərinin olacağına dair açıqlamalar verilmişdi. Bu müddət ərzində ölkə prezidenti iqtisadiyyatla bağlı xeyli sayda mütərəqqi fərman və sərəncamlar imzalayıb. Ancaq yerlərdə onların icrası ilə bağlı problemlər qalmaqdadır.

Həmçinin indiyədək kadr bazasında da ciddi dəyişiklik olmayıb. Referendumda konstitusiyaya edilən dəyişikliklərdə vitse-prezidentlər institutunun yaradılması əksini tapıb. Hələlik vitse-prezidentlər də təyin olunmayıb.

Bəs islahatlar niyə yubanır?

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev bildirdi ki, siyasi islahatlarla bağlı gəzən söz-söhbətlərə prezident özü nöqtə qoyub: “Yeni seçkilərin keçirilməsi gündəmdə deyil və bu olmayacaq. Amma idarəetmədə çevik sistem qurmaq, konkret iş bölgüsündə ciddi nəticələr almaq üçün yəqin ki, vitse-prezidentlər postunun təminatı ilə bağlı təyinatlar olacaq. Geniş sahələri əhatə edən strateji ”Yol xəritəsi" böyük sənəddir. Bu baxımdan, demək olar ki, islahatlar üçün nəzəri baza hazırdır. Mütəmadi olaraq, parlamentin son iclaslarında vergilərlə bağlı müəyyən dəyişikliklər etdik. Hesab edirəm ki, artıq praktiki olaraq işlərə start verilməsinin zamanıdır. Məncə, komandanın böyük hissəsinin təzələnməsinə ehtiyac var. Gözləmək olmaz. Qeyri-neft sektorunun bəhrə verməsi üçün işlərin görülməsi çox vacibdir. İdxalımızın artması və ixracımızın azalması ciddi məsələdir. Bu istiqamətdə işlər görmək üçün qəbul edilmiş sənədlər kifayət edir. Aktiv şəkildə yeniliklər olmalıdır. Bir çox nazirlər işlərinin öhdələrindən layiqincə gəlirlər, bir çox icra başçıları çalışır ki, yerlərdə işləri səliqə-sahmana salsınlar. Bu islahatlarla razılaşmayan, köhnə sistemlə yaşayan nazirliklər var ki, orada kadr dəyişiklikləri olmalıdır. Paralellik təşkil edən müəyyən strukturların ləğv olunması, idarəetmədə çevik sistemin yaradılması çox vacibdir. Bələdiyyələrin statuslarının icra hakimiyyətlərinin səlahiyyətlərinin azaldılması hesabına artırılması yerlərdə idarəetmə sahəsində müsbət nəticələr verər. Hesab edirəm ki, bu məsələlərin həlli yubanmamalıdır".
Deputat davam edən iqtisadi böhranın islahatları tezləşdirə biləcəyini istisna etmədi: “Ölkədə əvvəlki illərdə lazımi tədbirlər görülsəydi, bugünkü problemlər yaranmazdı. Hesab edirəm ki, 2017-ci ilin ilk yarısında çətinliklər yenə də olacaq. Amma nəzərdə tutulan tədbirlər həyata keçirilərsə, ilin ikinci yarısından etibarən irəliləyişlər olacaq. İlin sonundan isə iqtisadi inkişafla bağlı addımların atılması istiqamətində işlər görüləcək. Buna həm insan resursumuz, həm iqtisadi potensialımız imkan verir. Əks halda, belə davam edərsə, indiki iqtisadi böhran dərinləşə bilər. Əslində bəzi sahələrdə irəliləyişlər var. Heç bir işin görülməməsi ilə bağlı fikirlər səsləndirmək doğru deyil. Kənd təsərrüfatı sahələrində müəyyən addımlar atılıb. Sahibkarlığın inkişafı üçün vergilərdə müəyyən dəyişikliklərin olması normal haldır. Amma görülən işlər qaneedici səviyyədə deyil. Bu səviyyədə irəliləyişlə qarşıdan gələn çətinliklərin qarşısında dayanmaq çox çətindir. Amma elə məsələlər var ki, təkcə ölkədən asılı deyil. Qonşu ölkələrdə valyuta və digər məsələlərlə bağlı baş verənlər bizə də təsir edir. Ona görə maksimum səviyyədə özümüzün imkanlarımızı artırmalıyıq. Əks halda, böhranın qarşısını almaq mümkün olmayacaq”.

Partiya sədri islahatlarda hökumətin gözləmə mövqeyində durmasına da aydınlıq gətirdi: “Məncə, mövcud situasiyanı ölkə başçısı dəyərləndirəcək. Mane olan qüvvələr, nazirliklər barəsində ciddi ölçü götürüləcək. İslahatlara axsaqlıq yaradanlar, ləng tərpənənlər, bu məsələləri ya bilərəkdən, ya da bilməyərəkdən edənlərlə sağollaşmaq lazımdır. İslahatlara mane olanlara dövlət başçısı çıxışlarında dəfələrlə mesajlar ünvanlayıb. Mətbuatda da bu, geniş yayılmışdı. Onların bir çoxları israfçılıq, sahibkarlıqla məşğul olur, şəxsi maraqlarını dövlət maraqlarından üstün tuturlar, bəzi oliqarxlar milli qanunların işləməsinə mane olmağa çalışırlar. Monopoliyaların aradan qaldırılması hələ mümkün olmayıb. Bütün bunlar hakimiyyətdə təmsil olunan bəzi şəxslər tərəfindən edilir.
Bir işi görüb digərini saxlamaqla heç bir nailiyyət qazanmaq mümkün deyil. Kompleks halda tədbirlər görülməlidir. Əgər o tədbirlər görülərsə, mütləq müsbət sonluğu olacaq. Mən də gözləyirəm ki, prezident bəzi sahələrdə yaxın aylarda kadr dəyişiklikləri edəcək".

Cavanşir ABBASLI

Geri dön