Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azad İsazadə: “Azərbaycan üçün ən münasibi Moskvanın imtina etməsi və RLS-in ləğvidir”
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Siyasət > Azad İsazadə: “Azərbaycan üçün ən münasibi Moskvanın imtina etməsi və RLS-in ləğvidir”

Azad İsazadə: “Azərbaycan üçün ən münasibi Moskvanın imtina etməsi və RLS-in ləğvidir”


Bu il icarə müddəti başa çatan Qəbələ RLS-lə bağlı Bakı ilə Moskva arasında hələ ki razılaşma əldə olunmayıb.

Hazırda faktiki olaraq stansiya müqaviləsiz çalışır. Mətbuata verilən bilgilərə əsasən, Moskva RLS-in icarə müddətini daha 25 il uzatmaq niyyətindədir. Ancaq rəsmi Bakının RLS-in icarə qiymətlərini 300 milyon dollara qaldırması danışıqların uzanmasına səbəb olub.

Rusiya Müdafiə Nazirliyindəki mənbə mediaya bildirib ki, Moskva qiymətlərin endirilməsində qərarlıdır. Ancaq danışıqların uzanması onu göstərir ki, Rusiya Bakının tələb etdiyi qiymətlərdən daha aşağı variantda icarə məbləği müqabilində RLS-i əlində saxlamaqda israrlıdır. Eyni zamanda müşahidəçilərə görə, birdən-birə qiymətləri bu qədər qaldıran Bakı RLS-in ləğv olunması və yaxud Moskvadan güzəştlər əldə etməyə çalışır.

Hərbi Siyasi Araşdırmalar İnstitutunun əməkdaşı, ekspert Azad İsazadənin fikrincə, daha sərfəli variant Rusiyanın Qəbələ RLS-dən imtina etməsi olardı. Ancaq ekspertin qənaətinə görə, proseslər Rusiyanın Qəbələ RLS-dən imtina etməyə hazırlaşmadığını göstərir: “Düşünürəm ki, Azərbaycan üçün daha münasib olan Rusiyanın imtina etməsi və RLS-in ləğvidir. Çünki faktiki olaraq bu stansiyanın Azərbaycana heç bir faydası yoxdur. Əksinə, ekoloji və hərbi təhlükəsizlik baxımından zərəri var. Amma görünən odur ki, Moskva imtina etmək istəmir. Çünki ilk növbədə bu stansiya Azərbaycanda Rusiyanın yeganə hərbi mövcudluq nişanəsidir, az da olsa indiyə qədər hərbçilərini saxlayıb. Sözsüz ki, gələcəkdə Rusiya RLS-ə baza statusu almağa çalışacaq. İkinci mühüm məsələ İranla bağlıdır. Qəbələ RLS vasitəsi ilə Rusiya İranda baş verənləri nəzarətdə saxlaya bilər. Sabah İsrail İrana qarşı hərbi əməliyyat keçirsə, Rusiya bu məlumatı ya İrana, ya da Amerikaya verə bilər. Bu baxımdan RLS indiki vəziyyətdə Rusiya üçün çox mühüm əhəmiyyət daşıyır. Nəzərə almaq lazımdır ki, indi Qəbələ RLS-in müşahidə ərazisinə daxil olan Yaxın Şərqdə ciddi hərbi-siyasi hadisələr baş verir. Bu baxımdan, Rusiyanın Qəbələ RLS-dən imtina edəcəyi inandırıcı görünmür”.

A.İsazadənin qənaətinə görə, Azərbaycan Rusiyaya birmənalı şəkildə “yox” deyə bilmədiyi üçün qiymətləri birdən-birə bu qədər artırıb. İndi hökumətlər arasında qiymət üstündə bazarlıq getdiyini deyən ekspertin fikrincə, Rusiyanın imtina etməsi Azərbaycanın Qərb müttəfiqləri - Türkiyə, ABŞ və NATO-nun da maraqlarına cavab verir: “Yəqin ki, Rusiya hansısa güzəştlərə gedəcək. Amma unutmaq lazım deyil ki, münaqişələr zamanı ilk növbədə zərərsizləşdirilən məhz RƏM sistemləri olur. Yəni sabah Rusiya ilə konfliktə girən ölkə ilk növbədə bu tip stansiyaları vuracaq, yəni Rusiyaya vurulan zərbə Azərbaycana dəyəcək. Onu da unutmaq olmaz ki, o cür nəhəng stansiyanı partlatmaq üçün adi silahdan deyil, nüvə başlıqlarından istifadə edilir. Bu baxımdan, bu stansiyanın varlığı hər zaman Azərbaycan üçün təhlükə mənbəyi olaraq qalır. Mümkündür ki, Qərbin təzyiqi ilə Azərbaycan müqaviləni uzatmaqdan imtina edə bilər. Bunun üçün həm də ictimai etiraz da lazımdır. QHT-lər Qəbələ RLS-in genefond, ətraf mühit üçün təhlükələri ilə bağlı maarifləndirmə işləri aparmalıdırlar”.

KƏNAN

Geri dön