Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, DAVAMın yazıları > Babəki ərəblərə satan Səhl ibn Sumbatın - kimliyi barədə həqiqətlər - II YAZI
Babəki ərəblərə satan Səhl ibn Sumbatın - kimliyi barədə həqiqətlər - II YAZI |
Bir sıra tarixi mövzular var ki, sovet rejimi onları öz ideologiyasına uyğunlaşdıraraq təhrif edib. Belə tarixi mövzulardan biri də Babək və Hürrəmilər hərəkatıdır. Rejim dağıldıqdan sonra ideologiyanın qurbanına çevrilən Babək və hərəkatı haqqında əsl həqiqətlər gün işığına çıxmağa başladı. Ancaq nə olsun, sovetin milli tariximizdə açdığı izləri doldurmaq hələ ki mümkün deyil və bir çox ziyalılarımız da həmin o yad cığırla getməyə davam edirlər...
Enter.News tariximizlə bağlı həqiqətləri ictimaiyyətə çatdırmaqda davam edir. Beləliklə, tanınmış araşdırmaçı yazar Ceyhun Bayramlının Səhl ibn Sumbatın kimliyi ilə bağlı olan yazısının ikinci - sonuncu hissəsini təqdim edirik. Gerçək tarix uşaq nağıllarını sevməz, həqiqəti olduğu kimi söyləmək lazımdır. Səhl ibn Sumbatın Quzey Azərbaycanda kifayət qədər tərəfdarı və döyüşçüsü vardı ki, onun arxasınca gedib ərəb qoşunlarını pərən-pərən salmışdılar. Deməli, Səhl qala sahibi olmaqdan əlavə, həm də döyüşkən bir sərkərdə idi və sərkərdəlik məharətini də hansısa məqamda göstərmişdi. Təkcə Səhl ibn Sumbat deyil, vaxtilə Babəkə erməni-haylar üzərinə edilən yürüşdə kömək etmiş Ağvanlı Aplasadın (Stepannos Orbelianda adı Ağvanlı Aplasad kimi çəkilən Beyləqan hakiminin ismini Z.Lənkəranlı “Babək” kitabında Əbdül Əsəd kimi qeyd edir. Babəkin müttəfiqi olnuş Beyləqan hakimi Əbu Musa Yesainin (İsa ibn İstifanus) dayısı, yaxud əmisi idi. 830-cu ildə öldürülmüşdür – C.B.) bacısı oğlu, Beyləqan hökmdarı olan knyaz İsa ibn İstifanusun (ərəb mənbələrində adı Əbu Musa Yesai yaxud İsa ibn Yusif kimi də çəkilir) da barəsində, yanında olan Babəkin qardaşı Abdullanı Afşin Hidr ibn Kavusa təhvil verməsindən dolayı, tarix elmində mənfi münasibət formalaşmış, bu münasibət də öz-özlüyündə sözügedən adamın fəaliyyətini obyektiv araşdırmaq imkanını nəzərəçarpacaq dərəcədə azaltmışdır. Biz Əbu Musa Yesainin Babəkin qardaşını təhvil verməsini xəyanət kimi qiymətləndirməyə bir söz demirik. Əbu Musa Yesainin özü və nəsli Babəklə müttəfiqlik münasibətində olduqlarına görə onun barəsində “xəyanət” fikri ilə razılaşmaq olar. Lakin bundan çıxış edərək Əbu Musanı da Səhl kimi qorxaq, hiyləgər, ikiüzlü kimi damğalayıb onun sonrakı fəaliyyətinin üzərindən sükutla keçmək olmaz. Tarixi faktlar onu söyləyir ki, Əbu Musa Yesai sonradan 851/852-ci ildə Abbasilər sarayına qarşı az qala Babək səviyyəsində böyük bir üsyan qaldırmış, xəlifə Mütəvəkkil bu üsyanı yatırtmaq üçün özünün ən tanınmış qoşun sərkərdələrindən biri, türk Buğa əl-Kəbiri böyük bir ordu ilə Əbu Musanın üzərinə göndərməyə məcbur olmuşdur. Beyləqanla Bərdənin arasında yerləşmiş K.tiş qalasında möhkəmlənən Əbu Musa onun üzərinə gələn Buğanın təslim olmaq tələbinə Buğanı qəzəbləndirən bir cavab vermiş, xilafət ordusunun bura qayda yaratmaq, yoxsullara edilən zülmü yox etmək, onların vəziyyətini yaxşılaşdırmaq üçün yox, məhz quldurluq, qarət, talan üçün gəldiyini bildirib Buğaya qarşı öz qoşunu ilə sonadək müqavimət göstərəcəyini yazmışdır. Əbu Musa ərəb qoşununun hücumunu gözləmədən ilk olaraq özü hücuma başlamış, ordusu qaçmağa məcbur edilən Buğanın hərtərəfli hazırlanmış ikinci və daha ciddi cəhdi də uğursuzluqla sonuclanmış, ərəb ordusu Əbu Musa Yesainin qoşunu tərəfindən darmadağın edilmişdir. Buğanın külli miqdarda qoşunla və silahla əlçatmaz K.tiş qalasına bir il ərzində düz 28 dəfə hücuma keçməsi, hər dəfə də Əbu Musa tərəfindən geri atılması tədqiqatçılar tərəfindən qeyd olunur. Hər kim olur-olsun, Səhl ibn Sumbatın Babəki aldadaraq Afşinin adamlarına təhvil verməsi onun fürsətdən yararlanaraq güclü olan tərəfə “sədaqət” nümayiş etdirməsi, xəlifə yanında məqam, hörmət, titul və böyük maddi irəliləyiş əldə etmək istəyilə və ya daha dərində yatan başqa bir istəyilə izah oluna bilər. Səhl ibn Sumbatın erməni olması fərziyyəsi əslində onun Babəki təhvil verməsinə “xəyanət” adı verməyə imkan vermir, çünki ermənilərin Babəkə, Babəkin də erməni-haylara olan münasibəti haqda yuxarıda danışdıq. Və bir məqam da var: Səhl ibn Sumbat Babəkin hələ on il əvvəl Göyçə-Çuxursədd həndəvərində darmadağın edib qovduğu erməni-hayların nümayəndəsi olsaydı, Babək Hürrəmi kimi sərvaxt bir sərkərdə əsla millətini qırıb-çatdığı, monastrını yandırıb keşişlərini qovduğu bir məxluqun şirin dilinə aldanıb onun evinə getməz, onun çörəyini kəsməzdi. Səhlin Babəki ələ verməsi məhz ona görə xəyanət kimi qiymətləndirilməlidir ki, Səhl Babəklə eyni millətdən olmaqla, onun həm mübarizəsinin mahiyyətindən xəbərdar idi, həm də Babəkin cəsur, igid, indacıl və həqiqətpərəst xarakterinə bələd idi. Babəksə onu əsilzadə birisi kimi tanıyıb etimad göstərirdi. Babəki hiylə ilə xəlifənin sərkərdələrinə təhvil verən Səhl ibn Sumbat öz arzularına nail olmuş kimi görünsə də (bu hadisədən 16 ilə yaxın bir dövr ərzindəSəhl ibn Sumbat Şəkinin hakimi kimi qalmaqla yanaşı, Arran torpaqları üzərində böyük imtiyazlar, daha çox var-dövlət, patrik tacı əldə etmiş, xəracdan azad olunmuşdu), 853/854-cü ildə Xaçın hakimi knyaz Atrnersex, Beyləqan hakimi knyaz Yesai Əbu Musa ilə birlikdə xəlifə Mütəvəkkilin sərkərdəsi türk Buğa əl-Kəbir tərəfindən tutularaq xilafətin paytaxtı Samirə şəhərinə aparıldı. Bundan sonra onun taleyi naməlumdur, mənbələrin heç birində bu haqda bir söz söylənilmir. “Ağvan tarixi”ndə isə Samirəyə aparılanlardan yalnız knyaz Atrnersexin uzun illərdən sonra vətəninə qayıda bildiyi əks olunmuşdur. Burdan da belə nəticəyə gəlmək olur ki, Səhl ibn Sumbat elə Babəkə xəyanət edib onu təhvil verdiyi Abbasi sarayı tərəfindən də öldürülmüşdür. Səhl Sunbatın Babəki aldadaraq Afşinə təhvil verməsinin arxasında sadəcə var-dövlət, imtiyaz, pul əldə etmək istəyinin dayanması mənə şübhəli görünür. Məhz bu baxımdan mən Səhl ibn Sunbatın daha böyük istəyinin olduğunu düşünürəm. Bəli, Səhl Babəki satmış, onu xainliklə ələ vermişdi, bunu inkar etmək qeyri-mümkündür. Ancaq dərindən fikirləşmək bizə əsla mane olmaz: Səhl bu xəyanətinin əvəzində nə umurdu? Sadəcə var-dövlət və imtiyazmı? Bu xainliyi heç nəyi olmayan kasıb birisi etsəydi, yenə də başa düşülərdi. Axı Səhl Alpan (alban) padşahları nəslindən olan bir sülalə mənsubu, üstəlik Şəki qalasının sahibi olan bir feodal idi, böyük bir ərazi onun torpaqları idi, məntiqlə onun pula ehtiyacı olmamalı idi. Adam xristian ola-ola bu qədər şeyə sahib idisə, müsəlman xəlifəsindən başqa nə uma bilərdi? Necə deyərlər, “bir yeyib, beş nəzir verməliydi” ki, onun ağalığına toxunmurlar. Deməli, Səhl ibn Sunbatın xəyanəti məqsədyönlü olmaqla yanaşı, həmçinin, onun xəlifədən daha böyük bir istəyinin olması ilə izah olunmalıdır. Bu istəksə, məntiqlə düşündükdə, yalnız Alpan eli dövlətinin bərpasına izn verilməsi, Səhl ibn Sunbatın da bu dövlətin başına keçirilməsi ilə xilafət sarayının razılaşması planından ibarət ola bilərdi. Ola bilsin Səhl ibn Sunbat Babəkin onun yanında olduğunu Afşinə xəbər çatdırarkən onunla şərt kəsibmiş ki, Babəki təhvil verməyin əvəzində xəlifənin razılığı ilə Alpan knyazlığı yenidən bərpa olunsun. Əl-Kufi “Kitab əl-Fütuh”da Səhlin Babək və qardaşı Abdullanın yeri barədə Afşinə xəbər yollaması haqda yazır ki, “Əl-Afşin ona cavab verdi: “Əgər bu doğrudursa, o zaman sən məndən və Əmirəlmöminindən nə istəsən alarsan””. Əgər təxminimiz doğrudursa, Afişin və xəlifə Mötəsimin Səhl ibn Sunbatı aldatdıqlarını və ona bu əməlinin müqabilində yalnız pul mükafatı, patrik tacı və özlərinə tabe olan hakimlik statusu verməklə Səhli başlarından etdiklərini ehtimal edə bilərik. Bu təxminlərimizin doğru ola biləcəyi düşüncəsini Z.Bünyadovun bir fikri də qüvvətləndirir: “Ərəblər Səhlin Arranı bir qədər müstəqil idarə etmək ixtiyarı olduğunu qəbul etsələr də, Tovma Arsruninin verdiyi məlumata görə, o, yalnız “Şəkinin hökmdarı olaraq qalırdı””. Moisey Kalankaytuklu yazır ki, “Öz səyinə görə, o, (Səh ibn Sunbat nəzərdə tutulut – C.B.) xəlifədən böyük mükafat aldı. Ərməniyyə, İberiya və Albaniya üzərində ali hakimiyyət ona verildi və o, bu ölkədə çar kimi hakimlik etdi”. Bu məlumat nə qədər şişirdilmiş olsa da, bir şey aydındır –Səhl ibn Sunbatın Güney Qafqazda Alpan dövlətini bərpa etmək arzusunun çox cüzi bir hissəsi gerçəkləşmiş, on-on beş ildən sonra isə onunla birlikdə digər knyazların xilafət paytaxtına aparılması ilə hər şey məhv olub getmişdir. Bunu Əbu Tahir əl-Məqdisinin (Müqəddəsinin)“Kitab-ül əl-bəd və-t-tarix”əsərindən gətirdiyimiz aşağıdakı sitatdan da duymaq mümkündür: “Səhl Babəki tutdu və Afşinin yanına göndərdi; Mötəsim Babəki diri tutub gətirənə 2 milyon dirhəm, onun başını kəsib gətirənə bir milyon dirhəm təyin etdiyinə görə, Səhl ibn Sumbata 2 milyon dirhəm gətirdilər və ona icazə verdilər vilayətində hakimləri özü təyin etsin”. Dərindən təhlil edəndə, Səhlin bu xəyanəti öz-özlüyündə hardasa əsaslandırılmış bir addım kimi görünür. Əsla nəzərdən qaçırmaq olmaz ki, Mehranilərin sülaləsini davam etdirə biləcək son nümayəndənin (yerli hakim II Varaz Trdatın) hələ hürrəmilər hərəkatının ilk illərində - miladi tarixlə 822-ci ildə öldürülməsi faktı var və hürrəmilər hərəkatı dönəmində Quzey Azərbaycan türkləri (alpanlar) imkan olduğu təqdirdə Babəkin faktiki qurmuş olduğu dövlətlə birləşmək, buna imkan verilməyəcəyi təqdirdə isə öz tarixi dövlətçilik institutlarını bərpa etmək barədə düşünürdülər. Söhbət bu dövlətin hansı sülalənin hakimiyyəti altında, hansı dini yönümdə olacağı ilə bağlı idi. Azərbaycan türklərinin IX əsrdə milli dövlətçilik məfkurəsi barədə bir qədər irəlidə daha geniş danışlacaq. Səhl ibn Sunbatın xəyanətinin gerçək səbəbi isə bütün Quzey Azərbaycan torplaqlarına sahib olmaq, bu ərazilərdə heç olmasa xilafətdən yarımvassal asılılığında olan bir dövlətin yenidən qurulmasına nail olmaq istəyindən ibarət ola bilərdi. Əks təqdirdə Babək kimi xilafət sarayının canına vəlvələ salmış, iki onillikdən çox bir müddət ərzində Azərbaycanı öz qanunları ilə idarə etmiş, adı bütün Azərbaycanda, Doğu Anadoluda, İranda, Xorasanda dillər əzbəri olan bir sərkərdəni dörd-beş kisə qızıla və ya bir sandıq pula satmağın da heç bir mənası qalmaz, onu gizlədib lazım olan vaxtda yenidən dəstək vermək daha ağlabatan görünərdi. Güneyli-quzeyli Azərbaycanın əhalisinin əksər hissəsinin Babəkə böyük ümidlər bəsləməsi, ona inanıb dəstək verməsi səbəbindən Səhlin xəyanəti öz arxasında olan tərəfdarlarının da böyük qisminin ondan üz döndərməsinə səbəb olmalıdır. Bununla belə, Babəkin vəhşicəsinə edamından sonra Səhl ibn Sunbatın fəaliyyəti barədə İbn-Vazeh Yəqubidə çox maraqlı bir məlumata rast gəlinir, bu məlumat, zənnimcə, Səhlin planlarına azacıq da olsa işıq sala bilər: “Afşin Azərbaycana gəldikdə Ərməniyyəyə vali Məhəmməd ibn Süleyman əl-Azdi əs-Səmərqəndinin təyin edir. O, (ölkəyə) gəldikdə Ərranda Səhl ibn Sunbat üsyan qaldırmışdı. Məhəmməd buranı (Arranı) alır və onun ölkəsinə daxil olur. Lakin Səhl ona hücum çəkir və onu qaçmağa vadar edir. Bu vaxt Varsanda Məhəmməd ibn Übeydullah Əl-varsani üsyan qaldırır”. Bu məlumatdan belə başa düşülə bilər ki, Səhl Babəkin edamından sonra xəlifə və Afşin tərəfindən aldadıldığını anlayıb Quzey Azərbaycanda xalqı yenidən özünə inandırmağa və üsyana qaldırmağa çalışmış, ətrafına topladığı qüvvələrlə hətta bura gələn xilafət ordusunu darmadağın edib qaçmağa məcbur etmişdir. Həmin vaxt Quzey Azərbaycan əhalisinin artıq böyük bir hissəsinin müsəlman olduğunu nəzərə alsaq, bu müsəlman çoxluğun xristian patrik olan Səhlə necə dəstək verməsi öz-özlüyündə sual doğurur. Lakin mənbələrdə Səhl ibn Sunbatın sonradan xristianlığı tərk edib-etməməsi, ona dəstək ola biləcək müsəlman çoxluğun dininə gəlib-gəlməməsi haqda hər hansı bir məlumatın olmaması da kifayət qədər düşündürücüdür. Və maraqlı olan bir də budur ki, bu döyüşdən sonra Səhl ibn Sunbata qarşı Afşinin və xəlifə sarayının hansı tədbirlər görməsi barədə də mənbələrdə heç bir şey deyilmir. Məhz bu səbəbdən Səhl İbn Sunbatın Quzey Azərbaycanda dövlət qurulması ilə bağlı arzusunun olduğunu, bu yolda da Babəkdən sonra konkret addımlar atdığını təxmin etmək olar. Geri dön |