Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev > Prezidentin Naxçıvana 5 milyon manat maliyyə dəstəyi strateji addım kimi dəyərləndirilir...
Prezidentin Naxçıvana 5 milyon manat maliyyə dəstəyi strateji addım kimi dəyərləndirilir... |
Fərəc Quliyev: "Əhalinin iş yeri təminatı və infrastrukturun inkişafı baxımından Naxçıvana 5 milyon manat vəsaitin ayrılması əhəmiyyətlidir"
Vüqar Rəhimzadə: "Naxçıvan bütövlükdə sürətli inkişaf dövrünü yaşayır" Ölkəmizdə bütün sahələrdə görülən irimiqyaslı işlər Naxçıvan Muxtar Respublikasından da yan keçməyib. Naxçıvan da sürətlə inkişaf edir, müxtəlif sahələrdə qazanılan uğurlarla diqqəti cəlb edir. Ölkə başçısı İlham Əliyev Naxçıvan Muxtar Respublikasına dəfələrlə səfər edib və burada aparılan abadlıq-quruculuq işləri ilə tanış olub. Prezident İ.Əliyevin növbəti səfəri yanvarın 11-də baş tutub. Prezident "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında" Sərəncam imzalayıb. Sərəncamda bildirilir ki, zəngin tarixə və çoxəsrlik dövlətçilik ənənələrinə malik olan Naxçıvan Muxtar Respublikası çox mürəkkəb, lakin parlaq inkişaf yolu keçərək Azərbaycanın sosial-iqtisadi və ictimai-siyasi həyatında özünəməxsus yer tutmuş, ölkəmizin inkişafında hər zaman əhəmiyyətli rol oynayıb. Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi məqsədilə 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 5 milyon manat ayrılıb. Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb. Qeyd edək ki, vəsait Naxçıvan Muxtar Respublikasında abadlıq-quruculuq işlərinin davam etdirilməsini, habelə "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda müəyyən olunmuş tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədilə ayrılıb. Millət vəkili Fərəc Quliyev "Bakı-Xəbər"ə açıqlamasında qeyd etdi ki, Naxçıvana ayrılan diqqət çox əhəmiyyətlidir: "Blokada vəziyyətində olan Naxçıvana diqqət və qayğının göstərilməsi yalnız dəstəklənməlidir. Əhalinin iş yeri təminatı və infrastrukturun inkişafı baxımından Naxçıvana 5 milyon manat vəsaitin ayrılması əhəmiyyətlidir". Həmsöhbətimizin sözlərinə görə, Naxçıvana ayrılan vəsait kənd təsərrüfatının, emal sənayesinin inkişafına səbəb olar. Millət vəkili hesab edir ki, Prezident İ.Əliyevin Naxçıvanın sosial-iqtisadi inkişafı ilə bağlı ayırdığı vəsait ardıcıl xarakter daşıyacaq: "Naxçıvan Muxtar Respublikası Azərbaycandan coğrafi baxımdan ayrı düşdüyünə görə əhaliyə kömək göstərmək lazımdır. Həmçinin, onu da unutmaq lazım deyil ki, Naxçıvan, bir növ, "qala" funksiyasını daşıyır. Məlum olduğu kimi, Naxçıvan Ermənistanla əhatələnib. Naxçıvanın müdafiə qüdrətini artırmaq və əhalinin daha əzmli olması üçün tədbirlər görmək lazımdır. Bu səbəbdən də ölkə başçısı İlham Əliyevin imzaladığı sərəncamı dəstəkləyirəm". "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə qəzetimizə açıqlamasında qeyd etdi ki, ölkə başçısı İ.Əliyev daim regionlara diqqət ayırır. Regionların inkişafı ölkənin daxili siyasətinin prioritet məsələlərindən biridir: "Bölgələrdə istehsal sahələrinin yaradılması, yaşayış binalarının təmir olunması, infrastruktur layihələrinin həyata keçirilməsi, yolların çəkilməsi və yeni iş yerlərinin açılması qarşıda duran məsələlərdəndir. Bütün regionların sosial-iqtisadi inkişafı üçün Prezidentin ehtiyat fondundan vəsait ayrılır. Bəllidir ki, bir neçə gün öncə Prezident İlham Əliyev Naxçıvana növbəti dəfə səfər etdi. Səfər çərçivəsində ölkə başçısı açılışlarda iştirak etdi. Etiraf etmək lazımdır ki, Azərbaycanın digər bölgələri kimi, Naxçıvanda da uğurlu işlər görülür. Naxçıvan bütövlükdə sürətli inkişaf dövrünü yaşayır. Səfərdən sonra dövlət başçısı Naxçıvanın sosial- iqtisadi inkişafı ilə bağlı 5 milyon manat məbləğində vəsait ayırdı. Bu siyasəti yüksək qiymətləndirirəm. Bu siyasət uzun müddətdir davam etdirilir. Regionların sosial-iqtisadi inkişafı ilə bağlı vəsaitin ayrılması bölgələrin daha da müasirləşməsi və abadlaşmasına xidmət göstərəcək. Azərbaycan vətəndaşları bu inkişafın əyani şahididir. Biz müşahidə edirik ki, ölkəmiz bu baxımdan nə dərəcədə inkişaf edib. Naxçıvanın sosial-iqtisadi inkişafını sürətləndirmək üçün sərəncamın imzalanmasını yüksək qiymətləndirirəm. Ayrılan vəsait əhəmiyyətli olan sahələrdə istifadə olunacaq". Günel CƏLİLOVA Geri dön |