Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Elmar Məmmədyarov: "Rusiya bütün ciddiliyi ilə məşğul olsa, Ermənistan qoşunlarının işğal olunmuş ərazilərdən çıxarılması təmin olunacaq"
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Müsahibə > Elmar Məmmədyarov: "Rusiya bütün ciddiliyi ilə məşğul olsa, Ermənistan qoşunlarının işğal olunmuş ərazilərdən çıxarılması təmin olunacaq"

Elmar Məmmədyarov: "Rusiya bütün ciddiliyi ilə məşğul olsa, Ermənistan qoşunlarının işğal olunmuş ərazilərdən çıxarılması təmin olunacaq"


Xarici işlər naziri Elmar Məmmədyarovun müsahibəsi

- Rusiya xarici işlər naziri Sergey Lavrov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın daxili işi olmadığını bildirir. Buna münasibətiniz necədir?

- Qeyd etmək istərdim ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyini bütün beynəlxalq ictimaiyyət tanıyır və dəstəkləyir. O ki qaldı sülh prosesinə, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlar prosesi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında həlli üçün beynəlxalq platformadır. Münaqişənin həlli əlaqədar beynəlxalq təşkilatların beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan çoxsaylı qərar və qətnamələri var.

Münaqişənin həlli ilə əlaqədar ən vacib sənədlər BMT Təhlükəsizlik Şurasının 822 (1993), 853 (1993), 874 (1993), 884 (1993) saylı qətnamələridir. Bu qətnamələrdə BMT Təhlükəsizlik Şurası Azərbaycana qarşı gücdən istifadə edilməsini və onun torpaqlarının işğal edilməsini pisləyib. Bu qətnamələrdə BMT TŞ Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmətini bir daha ifadə edib və Dağlıq Qarabağ regionunun Azərbaycanın ayrılmaz hissəsi olduğunu bir daha təsdiq edib və işğal olunmuş ərazilərdən bütün işğalçı qüvvələrin dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edib. Bu çağırış deyil, BMT TŞ-nın tələbidir.

- Rusiya xarici işlər naziri Dağlıq Qarabağın statusu məsələsinə də toxunur. Bu fikirlər barədə nə deyə bilərsiniz?

- Azərbaycan Respublikasının prezidenti “Sputnik” İnformasiya agentliyinə müsahibəsində bir daha status məsələsinə aydınlıq gətirdi. Dövlətimizin başçısı bildirdi ki, Azərbaycanın ərazi bütövlüyü məsələsində kompromis ola bilməz, lakin yerli özünüidarə, Dağlıq Qarabağın özünüidarəsi məsələlərinə dair kompromis ola bilər. Əgər razılığa gəlsək, bu, gələcəkdə muxtar respublika ola bilər.

- Rusiya xarici işlər naziri aprel döyüşləri zamanı atəşkəsin əldə olunmasında Rusiyanın rolunu da qeyd edir.

- Aprel döyüşləri və ötən il dekabrın 29-da Ermənistan-Azərbaycan sərhədində baş vermiş insident bir daha göstərdi ki, Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğu regionda gərginliyin əsas mənbəyidir. ATƏT-in Minsk Qrupunun həmsədrləri dövlət başçıları səviyyəsində status-kvonun qəbuledilməz və qeyri-davamlı olduğunu dəfələrlə bəyan ediblər. Ötən il aprelin 5-də Moskvada Ermənistan və Azərbaycan silahlı qüvvələrinin baş qərargah rəisləri səviyyəsində atəşkəsin əldə olunması üçün Rusiyanın göstərdiyi səyləri yüksək qiymətləndiririk.

Amma aprel döyüşləri bir daha göstərdi ki, Rusiya ATƏT-in Minsk Qrupunun həmsədr dövləti, həm də qonşu dövlət olaraq münaqişənin tezliklə həll edilməsi üçün səylərini daha da artırmalıdır. Tam şəkildə əminəm ki, əgər Rusiya bütün ciddiliyi ilə məşğul olarsa, status-kvo dəyişəcək, regionda sabitlik təmin ediləcək və Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması təmin olunacaq.

- Lavrov Blogger Aleksandr Lapşinin azad olunması məsələsinə də toxunub. Bu barədə nə deyə bilərsiniz?

- Bu sırf hüquqi müstəvidə baxılan məsələdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə uyğun olaraq, Azərbaycan sərhədlərini qanunsuz olaraq keçmiş, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmətsizlik nümayiş etdirmiş S.Lapşin barəsində cinayət işi açılıb. Onun barəsində “Interpol” xətti ilə beynəlxalq axtarış elan edilib. MDB çərçivəsində Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında 2002-ci il Kişinyov konvensiyası əsasında Belarusda saxlanılmış A. Lapşinin ekstradisiyası üçün müvafiq sənədlər təqdim olunub. Rusiyaya qarşı eyni hərəkətləri törətmiş və onun sərhədlərini qanunsuz keçmiş şəxsə münasibətdə də Rusiyanın hüquq-mühafizə orqanları eyni addımları atardılar.

Geri dön