Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Osmanlı donanmasına ziyan vuran türk əsilli rus admiralı - Fyodr Uşakov - Uşak Paşa
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, DAVAMın yazıları > Osmanlı donanmasına ziyan vuran türk əsilli rus admiralı - Fyodr Uşakov - Uşak Paşa

Osmanlı donanmasına ziyan vuran türk əsilli rus admiralı - Fyodr Uşakov - Uşak Paşa


Feldmarşal Potyomkin imperatriça Yekaterinaya yazdığı məktubda “əgər fransız gəmiləri türklərə öz bayrağı altında ərzaq daşımasaydı türk paytaxtı çörəksiz qalmaqdaydı, çünki türk gəmisi dənizə çıxmağa cürət etmir” deyə öyünərək xəbər verirdi.

...1780-cı ildə avstro-rus yaxınlığı başlandı. Bu “hərarətli” ittifaqın nəticəsi o oldu ki, növbəti il Türkiyə əleyhinə hərbi hücum müqaviləsi imzalandı. Rusiyada “yunan proyekti” deyə bir ideya yarandı ki, bu proyektə görə Türkiyə Balkanlardan qovulmalı, onun yerində Vizantiya imperiyası bərpa olunmalı idi.

İndi budur, daimi xarakter alan Rus-Türk münaqişəsində yeni çarpışmalar gözlənilirdi. Xüsusi yunan gəmiləri və ələlxüsus korsar (dəniz qulduru) gəmiləri casusluğa cəlb edilirdi. Zaparojye kazaklarının da əlinə yaxşı fürsət düşmüşdü. Bu yöndə onlar hər vasitə ilə ruhlandırılırdılar. Müharibənin başlanmasına sadəcə kiçicik bir bəhanə lazım idi...

Kıl Burun (indi: Kmbrunn) limanında dayanmış iki rus hərb gəmisi hərəkətə keçib Oçakkalanı (indiki Oçakov) aramsız atəşə tutdu. Bir neçə saatlıq döyüşdən sonra 1787-1991-ci ilin Rus-Türk müharibəsi başlandı.

Türk şücaətinin simvolu olan Oçak kala təslim olarkən o qanlı bir məzara oxşayırdı. I Sultan Əbdülhəmid vəfat edərkən müharibədəki uğursuzluqlar haqqında oxuduğu məktubun əlində olduğunu deyirdilər.

Oğlu Sultan Səlimin taxta çıxması ilə fərəhli dönüşlərə ümidlər artmışdı. Yeni müharibə isə məkirli tədbirlərlə başlayırdı. Bu tədbirlər qanlı müharibələrdən də təhlükəli idi. Yunanları qızışdırıb gizli təxribati işlərə qoşmaqla çar hökuməti Yunanıstanda Osmanlı əleyhinə üsyan qaldırmağa çalışırdı. Gizli manifestlər göndərilirdi. Nəhayət, yunanların dəniz quldurları İstanbulu mühasirəyə aldılar, onu blokadada saxlamaqla şəhəri ərzaqdan məhrum etməkdə idilər.

Bu səbəbdən Türk flotu Aralıq dənizini və Qara dənizi nəzarətdə saxlamalı idi.

Qüvvənin ağırı Qara dənizə istiqamətləndirildi. Burada yeni zühur etmiş Əmir əl Bəhr - admiral Fyodr Fyodoroviç Uşakov tüğyan edirdi.

Ruslar neçənci dəfədir ki, üzbəüz vuruşduqları türklərin cəsarətinə artıq bələd idilər. Etiraf edirdilər ki, türklərin gəmilərini suya qərq etmək və ya yandırmaq olar, lakin onları bayraqlarını endirməyə məcbur etmək qeyri mümkündür.



Türklər vətən uğrunda mübarizəyə qalxmışdı. Son damla qanlarınadək döyüşəcəkdilər. Qarşı tərəf istilaçı idi, bütün vasitələrdən istifadə edirdi, türk gəmilərinin adları əgər “Meleki-Bəhri”, “Pərviz Bəhri” və s. idisə də, rusların hərb gəmisi “Velikaya Armeniya” idi. Bu hal özü müharibəyə provakasiya xarakteri verirdi. Ruslar Qara dənizdə yeni-yeni qazandığı ixtiyarları əldən vermək istəməzdi.

...Uşakovlar qədim Kosaq torpağından (müasir kazakların qədim vətəni, kosoqdan) çıxmışdılar. Uşakovların nəsil atası Uşak öz doğma torpağı olan Temereki müdafiə edərək həlak olmuşdu (Temerek-müasir Temiryuk, knyaz Çerkezskilərin yurdu. İvan Qroznı onların qızına evləndikdən sonra bu xan ailəsi xristianlığı qəbul etmişdi).

Uşakın törəmələri, bir vaxt xristianlığı ilk qəbul edən iki oğlunun (onların xristian adı: Roman və Yuri) varisləri xanın kötücəsinə təkrar olaraq Uşak adı qoydu və XVI əsrdən onlar Uşakov soy adı ilə tanınmağa başladı.

Uşakov soy adı uşak-uşaq “balaca, körpə, azyaşlı”, əlavə mənalarında isə “cahil, təcrübəsiz adam”, “nökər, cavan xidmətçi, qualm” və s. mənalar daşıyan türk sözündən yaranmışdır. Rus lüğətşünası Vladimir Dalın göstərdiyinə görə rus dilinin məhəlli danışığında uşak həm də “ögey övlad”, eləcə də "sütun və dirəyin dayaq taxtası” deməkdir.

Uşakovlar nüfuzlu bir ailə kimi Romanovların hakimiyyətə gəlməsi ilə məşhurlaşdılar. Bu soy Rusiyada demək olar ki, bir-biri ilə qohumdur, eyni kökə malikdir. Onların arasında hərbçilər üstünlük təşkil edir. Məsələn, Uşakov Aleksandr Korniloviç (1803-1877) Rus-Türk müharibəsində (1828-1829), Polşa üsyanının (1831) yatırılmasında iştirak etmiş, Kırım müharibəsində (1853-1856) Dunayı keçib türklərin müdafiəsini yarmışdı, 1863-cu ildəki Polşa üsyanının yatırılmasında iştirak etmişdir.

Digər məşhur dənizçi Uşakov Aleksandr Mitrofanoviç qraf Orlova qoşulub türk adalarını bir pirat kimi talan etmişdi.

Yazıçı Stepan Fyodoroviç Uşakov (1705-1790) senator idi və Sankt-Peterburq şəhərinin general-qubernatoru vəzifəsini aparırdı. Həmin əsrdə daha bir şair Uşakov (Uşakov Matvey Aleksandrovçi) var idi.

Lakin bu ailənin şərəf-şanını, adını məşhurlaşdıran admiral Fyodor Fyodoroviç Uşakov (1743-1817) olmuşdu.

Uşakov I Rus-Türk müharibəsində Azov dənizində üzürdü; Don çayının mənsəbini təmizləyib arıdır, gəmiləri təmir etdirirdi. 1787-ci ildən Qara dəniz flotuna keçirilir. 1790-cı ildə Yekaterinanın keçmiş sevimlisi, ömrü boyu isə onun sadiq dostu kimi qalmağa nail olan knyaz Potyomkin onu Qara dəniz flotuna təyin edir. Uşakovun hərbi şöhrəti başlayır. Özünün “Müqəddəs Aleksandr” flaqman gəmisi ilə şəxsən Anadolu sahillərinə yanaşaraq Sinopu bombaladı. 26 türk gəmisini durduğu yerdə yandırdı. Qayıdıb Kerç boğazına sıxışdırdığı türk gəmilərini Hacıbəy (indiki Odessa) altında ələ keçirib darmadağın etdi. 1800-cü ildə tam admiral rütbəsi alan Uşakov 1802-ci ildə Baltik dənizinə keçirildi. 1807-ci ildə xəstələndiyinə görə təqaüdə çıxdı və 1817-ci ildə vəfat etdi.

Uşakov yeni dəniz derjavasına çevrilmiş hökumətinin flotunun daha yeni, əslində yeni olmayan, çox cəsarətli (bəlkə də həyasız) taktikalara ehtiyacı olduğunu hiss etmişdi. Onda Suvorovun qətiliyi, riski, amansızlığı, qəddarlığı vardı. Bu özü taktika idi. Rus qoşunu məhz canlı qüvvənin üstünlüyündən bəhrələnirdi.

Qara dəniz boyunca diyarlara qarşısıalınmaz maraq göstərən II Yekaterina şövqlə apardığı Rus-Türk müharibələrində Uşakova bərk güvənirdi. Suvorovun İsmayıl qalasını alması ilə başa çatan (1790-cı il, dekabr) növbəti müharibənin sonunda bağlanan sülhü ona görə ləngidib qanunsuz elan etdilər ki, çar Rusiyası Uşakovun səyi ilə artan qələbələrdən ruhlanmışdı. Sülh bağlandıqdan sonra belə Uşakov dənizin həqiqətən əmiri kimi sularda sağa-sola cövlan edir, limanlara basqın edir, türk flotunu qarabaqara izləyir, gedib İstanbulu bombalamaq istəyirdi. Onun qələbələrinə arxayın olan Potyomkin guya tələsik imzalanmış sülh müqaviləsini cırıb atır. Yekaterina sevimlisinin bu yekəxanalığından razı qalır, məmnunluqla: “Onsuz da admiral Uşakov Səlimi əməlli-başlı qorxuzub” - deyə sülh şərtlərini ağırlaşdırır. İstanbulda isə Uşak paşanın adı dillərdə dolaşır.



Hələ 1790-cı ilin aprelində Potyomkin Uşakovu özünün olduğu Yassı şəhərinə dəvət edib türklərin itirilmiş torpaqlarına görə gələcəkdə təkrar hücuma keçməmələri və bu torpaqları, xüsusən türklərin Kırımı bir daha yad etməmələri üçün tədbir tökməyə çağırır. Uşakov 16 mayda 50 topçu gəmisi, 4 freqat, 11 kreyserdən ibarət qüvvə ilə Türkiyənin Anadolu sahillərinə yollandı. Bu zaman Qara dəniz Rus Flotiliyası tərkibində Uşakovun bu eskadrasında “Qriqoriy Velikiya Armeni” adlı gəmi də iştirak edirdi.

21 mayda bu ölüm karvanı Sinopa yetişdi. Uşakov sahil əhalisini vahiməyə salmaq, rus silahı ilə onların gözünü qorxutmaq üçün limanda dayanmış keşikçi gəmilərilə bərabər ticarət gəmilərinə də hücum edib onları yandırmaq əmri verdi. Özü isə buxtaya girib dinc əhalini topların atəşi ilə qorxuya saldı. Uşakovun tapşırığı ilə rus gəmiləri, sularda “ovladıqları” gəmiləri istər balıqçı gəmisi, istərsə də hərbi gəmi olsun, əsir edib buxtaya gətirir, yerli əhalinin gözləri önündə heyət qarışıq batırırdılar. Bu yanğın və qəddarlıq müharibə meydanlarından uzaq olan bu məntəqələrdə vahimə yaratdı. Ramazan bayramı günləri idi; bayram yasa çevrildi. Bu qayda ilə Samsunu topa tutan və gəmiləri yandıran Uşakov dönüb Anapaya üz tutdu. Anapa general Bibikovun komandanlığı altındakı rus mühasirəsindən yenicə çıxmışdı. Türklər Uşakovun həyasız hücumlarına cəsarətlə cavab verdilər. Nəhayət o Sevastopola dönüb üç həftəlik pirat hücumlarının nəticələrini Potyomkinə raportla xəbər verdi.

...On il idi ki, vətənində Tambov vilayətinin sakit bir guşəsində ömrünün son çağlarını yaşamaqda idi. Xəstə idi. Elə xəstə-xəstə də fransız qoşununun Rusiyaya girişinin də, çıxışının da şahidi oldu.

Bütün pulunu, saxlancını müharibənin var-yoxdan çıxardığı adamlara, müharibə əlillərinə vəsiyyət etdi. “Təəssüf ki, daha artığını edə bilmirəm", dedi. Amma xahiş etdi ki, adını çəkməsinlər, ianənin kimdən olduğu gizli qalsın.

Evlənməmişdi, “qardaşım uşaqlarını öz uşaqlarım bilirəm” deyə kəndlərini, əkin ərazilərini onların adına yazdırdı.

Çoxlu kəndləri içində özünə elə sığınacaq seçmişdi ki, monastıra yaxın olsun. Çox ianələr ehsan etdiyi Sanaksar monastırında dəfn olunmaq arzusu vardı. Elə də oldu.
Prof.dr. MinaxanımTəkləli-Nuriyeva

Geri dön