Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İlham İsmayılov: “Azərbaycan türklərinin milli mücadiləsi mövcud rejimin sonunu gətirəcək”
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Müsahibə > İlham İsmayılov: “Azərbaycan türklərinin milli mücadiləsi mövcud rejimin sonunu gətirəcək”

İlham İsmayılov: “Azərbaycan türklərinin milli mücadiləsi mövcud rejimin sonunu gətirəcək”


Müsahibimiz Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin sədri İlham İsmayılovdur.

- İlham müəllim, son vaxtlar mətbuatda İrana qarşı hərbi müdaxilələrin olacağı gündəmdədir. Bununla bağlı nə deyə bilərsiniz?

- Doğrudur, son vaxtlar müxtəlif mətbuat orqanlarında ABŞ, Böyük Britaniya və İsrail üçlüyünün İranda yaxın vaxtlarda hərbi əməliyyatlara başlayacağı ilə bağlı xəbərlər yayılmaqdadır. İlk baxışdan bu bir təbliğat xarakteri daşısa da, əvvəl-axır biz real olaraq İrana olacaq hərbi müdaxilənin qaçınılmaz olduğunu da görürük. Çünki artıq bütün beynəlxalq aləm insan hüquqlarının total şəkildə pozulmasına, ortaçağ prinsipləri ilə idarəçilik üsul-idarələrini qəbul etmir. Bu gün İranın region dövlətləri, eləcə də bütün dünya üçün bir təhlükə rolu oynadığı artıq hamıya bəllidir. Fikir verin, bütün dünya ictimayyəti Suriya xalqının müdafiəsinə qalxdığı bir vaxtda belə, İran hələ də Bəşər Əsəd rejiminin ömrünü uzatmasına yardım etməkdədir. Və yaxud biz İranın Dağlıq Qarabağ probleminin həllində tutduğu mövqeyə fikir versək, görərik ki, bu gün İran işğalçı Ermənistan üçün bir “ilham mənbəyi” rolunu oynamaqdadır, bütün qüvvəsi ilə Ermənistanı dəstəkləməkdədir. Təbii ki, biz regionumuzda yeni bir münaqişə ocağının yaranmasını istəmirik. İrana qarşı olan hərbi müdaxilələr qonşu dövlət olaraq bizə də olduqca mənfi təsirini göstərəcək. Üstəlik, İranda yaşayan 40 milyona yaxın Azərbaycan türklərinin taleyi də bizi narahat etməkdədir. Lakin İranın bu gün tutduğu yolda, apardığı siyasətdə də bölgənin taleyi həmişə narahatçılıq doğurmaqdadır. İran bu gün bölgədə özünü islam dəyərləri ilə idarə olunan bir dövlət sayır, lakin Dağlıq Qarabağda qətlə yetirilən minlərlə müsəlmanın qətlinə göz yumaraq, işğalçı Ermənistanla siyasi, iqtisadi əlaqələrini daha da genişləndirir. Və yaxud, İranda yaşayan 40 milyonluq müsəlman Türkləri bütün hüquqlardan məhrum etməklə, ermənilərin bu ölkədə bütün azadlıqlarını artıqlaması ilə tanımaqdadır.

- Sizcə İrana qarşı atılacaq hər hansı müdaxilə zamanı Azərbaycan türkləri hansı mövqedə dayanmalıdırlar?

- -Cənubi Azərbaycandakı soydaşlarımızın milli azadlıq mücadiləsi tarixi bir ənənənin üzərində var olan milli ideoloji bir xəttin davamıdır. Əsrin əvvəllərində Səttarxanın başlamış olduğu milli azadlıq mücadiləsi süqut olsada, sonralar İkinci dünya müharibəsinin başlanması ilə bu ideoloji xətt davam etmişdir. Həmin vaxtlar İngiltərə ilə yanaşı SSRİ-nin hərbi birləşmələrinin İrana daxil olması, Rza şahın başçılıq etdiyi rejimin yıxılması soydaşlarımız üçün bir şans olmuşdur. Həmin vaxtlar az da olsa yaranmış demokratik mühütdən yararlanan soydaşlarımız öz milli-azadlıq mücadiləsini davam etdirmiş, hətta Seyid Cəfər Pişəvərinin başçılığı ilə 1945-ci ildə Azərbaycan Milli Hökümətinin yaranmasına da nail olmuşdular. Azərbaycan Milli Hökuməti əvvəlcə soydaşlarımızın milli muxtariyyat hüququnun tanınması uğrunda mücadilə aparmış, daha sonra isə müstəqil dövlətçilik xəttinə üstünlük vermişdir. Azərbaycan Milli Hökuməti cəmi bir il ərzində Cənubi Azərbaycanda fəaliyyət göstərmiş muxtar sosialist hökümət olmasına, bilavasitə SSRİ-nin İrana qarşı siyasi, ideoloji və hərbi müdaxiləsi nəticəsində yaranmasına baxmayaraq, tarixdə ilk dəfə Cənubi Azərbaycanda müstəqil və milli bir dövlətçilik cəhdi olmuşdur. Lakin sovet ordusunun İrandan çəkilməsi ilə İran bu milli hökümətinin varlığına son qoymuşdur. Biz həmin tarixi araşdırsaq görərik ki, milli hökumətin süqutunda yenə də rus və xüsusilə ermənilərin böyük xidmətləri olmuşdur. Hesab edirəm ki, bu gün keçən əsrdə soydaşlarımıza verilmiş bu şanslardan biri ilə yenidən qarşı-qarşıyayıq. Fikrimcə, bu tarixi məqamdan maksimim yararlanaraq, soydaşlarımız ən azından milli və mədəni muxtariyyatlarını əldə etməlidirlər. Çünki, İran əhalisinin az qala yarısından oxunu təşkil edən Azərbaycan türkləri öz ana dilində təhsil almaq hüququndan tamamilə məhrum olunub, fars rejiminin assimilyasiya siyasəti ilə bütün milli-mədəni hüquqlardan kənarda qalıblar.

- Bu gün Cənubi Azərbaycanda soydaşlarımıza qarşı aparılan repressiyalar və edamlar günü gündən daha da artmaqdadır. İrandakı mövcud rejimin soydaşlarımıza qarşı bu cür aqressiv münasibətini necə izah etmək olar?

- İran hakimiyyəti bu gün yalnız Cənubi Azərbaycandakı soydaşlarımıza deyil, onların ana dilinə, adət-ənələrinə, mədəniyyətlərinə qarşı da total şəkildə repressiyalar aparır. Təəssüflər olsun ki, bu cür hallar son dövrlərə aid deyil, uzun illərdir ki, davam etməkdədir. İran-İraq müharibəsi zamanı da müharibədə ən çox ziyan çəkən, müharibənin qurbanlarına çevrilmiş böyük çoxluq məhz soydaşlarımız olmuşdur. İran rejminin son dövrlərdə Cənubi Azərbaycan türklərinə qarşı olan aqressiyası isə daha çox soydaşlarımız arasında baş verən milli oyanış hərakatını boğmaq, öz mürtəce varlığını davam etdirməklə bağlıdır. Diqqət edirsinizsə, sovet imperiyası da eyni siyasət yürüdürdü, millətləri daima qorxu altında saxlayırdı. Məhz bu qorxu sonralar onu milli oyanış hərakatlarını boğmağa qalxması ilə nəticələndi. Qazaxstanda, Gürcüstanda, Azərbaycanda baş qaldıran milli azadlıq hərakatları sovet imperiyası tərəfindən amansızcasına yatırılmağa başladı. Lakin Azərbaycan xalqı 20 yanvar 1990-cı ildə sovet imperiyasının yaratmış olduğu qorxudan birdəfəlik azad oldu, öz müstəqilliyini əldə etdi. Bu gün İran da məhz soydaşlarımızı qorxu altında saxlamaqla, artıq bütün ölkəni bürümüş milli oyanış hərakatlarını boğmaq istəyir. Lakin bu istək mövcud İran hakimiyyətinin sonunu gətirəcək. İrana heç bir hərbi müdaxilə olmasa belə, Azərbaycan türklərinin milli mücadiləsi mövcud rejimin sonunu gətirəcək. Bu günki İran mürtəce rejimi bunu yaxşı başa düşdüyündən soydaşlarımıza qarşı öz aqressivliyini daha da artırır, hər gün milli mücadilədə fəal olan insanları, ziyalıları, tələbələri edam etməklə soydaşlarımızı qorxu içində yaşamağa məcbur edir. Lakin öz xalqını bu cür qorxu ilə idarə edən İraqın, Liviyanın, Suriyanın son aqibətinə nəzər salsaq, İran rejiminin də eyni aqibəti yaşayacağını istisna edə bilmərik. Çünki, artıq İranın “ərəb baharı”ndan sonra dünyada tam təklənmiş olduğunu və dünyanın yeni düzəninə qarşı inadkarcasına müqavimət göstərdiyini görməkdəyik.

- Uzun illərdir İranda Azərbaycan türklərinə qarşı olan diskriminasiya siyasəti kadr potensialına da böyük təsir göstərib. Sizcə İranda baş verə biləcək proseslərdə soydaşlarımızın təşkilatlanması istiqamətində və proseslərdə aktiv rol oynaya bilmələri üçün hansı addımları atmaq lazımdır.

- Cənubi Azərbaycanda milli oyanış bu gün zirvə nöqtəsindədir. Artıq biz soydaşlarımızın etiraz səslərini daha ucadan və davamlı şəkildə eşitməkdəyik. Neçə illərdir ki, fars rejimindən yaxa qurtaran fəallar, ziyalılar dünyanın inkişaf etmiş ölkələrinə səpələniblər. Onlar getdikləri ölkələrdə təşkilatlanaraq, öz aktiv fəaliyyətlərini davam etdirməkdədirlər. Doğrudur, bu gün onların arasında fikir ayrılıqları yaradıb, onları parçalamaq istəyən qüvvələr də var. Lakin bu gün onların da vahid şəkildə birləşib fəaliyyət göstərmələri olduqca vacibdir. Biz bir təşkilat olaraq, xüsusilə Avropa dövlətlərində milli məsələ ilə bağlı, Dağlıq Qarabağ problemi ilə bağlı keçirdiyimiz tədbirlərdə Cənubi Azərbaycan türklərinin nə qədər aktiv rol oynadıqlarını görürük. Onlar artıq Avropa dəyərlərini tam əxz etmiş, siyasi cəhətdən yetişmiş bir insanlardır. İnanıram ki, İranda baş verə biləcək demokratikləşmə prosesində həmin fəal insanlar da öz soydaşları ilə birlik şəraitində proseslərdə yaxından iştirak edəcəklər. Çünkü, onlar da doğulub boya-başa çatdıkları ölkələrinin demokratik bir ölkə olması üçün mübarizə aparırlar. Və demokratik bir ölkə qurmaq, bu ölkədə tam olaraq azad yaşamaq onların da təbii haqlarıdır. Əlavə olaraq qeyd edim ki, bu gün Cənubi Azərbaycan problemi dünyada yaşayan 50 milyondan çox Azərbaycan türkünün, eləcə də bütün Türk dünyasının probleminə çevrilib. İnanıram ki, İranda baş verə biləcək demokratikləşmə proseslərində bütün türk dünyası da cənublu qardaşlarımızın yanında olacaqlar.

- Yuxarıda İranın həm də bölgə üçün təhlükə yaratdığını bildirdiniz. Konkret olaraq İranın Azərbaycana qarşı hansı təhlükə yaratdığından danışmaq olar.

- Azərbaycan bir islam dövləti olaraq regionda demokratik inkişaf yolunu tutmuş hüquqi bir dövlətdir. Həm də bu gün olduğu kimi tarix boyunca da milli və dini dözümlüyü ilə hər zaman nümunə olubdur. Lakin İran özünü islam dövləti olaraq təqdim etməsinə baxmayaraq, biz əsl reallıqda İrandakı islam anlayışının nə qədər mühafizəkar və təriqətlərə, məzhəblərə parçalandığını görə bilərik. Təəssüf doğuran haldır ki, bu gün İran Azərbaycandakı hüquqi, demokratik dəyərlərə aqressiv münasibəti ilə fərqlənir. Bir islam dövləti olaraq, tarix boyu müsəlman türkünə qarşı qətliam törədən və bu əməllərini bu gün də davam etdirən Ermənistan kimi işğalçı dövlətlə açıq-açığına yüksək siyasi-iqtisadi münasibətlərini davam etdirir. Bu azmış kimi üstəlik Azərbaycan dövlətçiliyinin təməlini zəiflətmək üçün bizə “siyasi islam” ixracı edir, Azərbaycan vətəndaşlarının milli dövlətçiliyə münasibətini zədələyir. Bu yaxınlarda biz Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi əməliyyat nəticəsində belə bir düşüncə ilə “bəslənmiş” qrupun zərərsizləşdirildiyinin şahidi olduq. Belə qruplar neçə illərdir ki, mövcud olub və vaxtaşırı onlar Azərbaycanın güc strukturlarının ayıq-sayıqlığı nəticəsində zərərsizləşdirilə biliblər. Lakin İranın Azərbaycana qarşı təhlükələri bununla bitmir. İran rejiminin neçə illərdir ki, Azərbaycana qarşı ideoloji müstəvidə apardığı təbliğat maşını da durmadan fəaliyyət göstərməkdədir. İran televiziyaları, internet yayım portalları uzun illərdir ki, Azərbaycana qarşı aqressiv yanaşmaları ilə fərqləniblər. Biz zaman-zaman İranın ali rütbəli şəxslərinin Azərbaycana qarşı təhdid dolu bəyanatlarını eşitməkdəyik. Bütün bunlara görə hər zaman regionda bir İran təhlükəsi hiss etməkdəyik. Lakin bildirmək istəyirəm ki, İran bu köhnə təbliğat üsulları ilə heç nəyə nail ola bilməyəcək. Ola bilsin ki kiçik bir qrupa qismən öz təsirini göstərə bilər. Ümumilikdə bu gün Azərbaycan cəmiyyəti, xüsusən gənclər ölkənin gələcəyini demokratikləşmə, Avropaya inteqrasiyada görür və heç bir əks təbliğat bizi bu yoldan döndərə bilməz.

- Ilham müəllim, son vaxtlar Cənubi Azərbaycandakı soydaşlarımız Urmiya gölünün qurudulması ilə bağlı geniş aksiyalar keçirdilər və bu məsələ bir milli mücadiləyə çevrildi. Bu yaxınlarda mətbuatda xəbərlər getdi ki, İran hava haqqında olan məlumatlarda Urmiya gölünü xəritədə göstərmir. Sizcə Urmiya gölünün yox olmasında İran niyə bu qədər maraqlıdır?

- Bildiyiniz kimi, Urmiya gölü YUNESKO-nun qorunan təbii ərazilər siyahısına daxildir. Ayrıca olaraq 1967-ci ildən həm də qoruq elan olunub. Bu mövqedən yanaşsaq, Urmiya gölünün yox olması təkcə soydaşlarımız üçün deyil, həm də region üçün ekoloji tarazlığın pozulmasına gətirib çıxaracaq. Amma digər tərəfdən isə, Urmiya gölü həm də xalqımızın maddi və mənəvi toxunulmaz sərvətlərindəndir. Cənubdakı soydaşlarımızın Urmiya gölü ilə bağlı çox həssas yanaşmaları da onların bu sərvətlərinə əl uzadılmasıdır. Urmiya gölü artıq həm də cənublu soydaşlarımız üçün bir milli oyanış, milli birlik simvoluna çevrilməkdədir. Biz bu istiqamətdə milli mücadiləmizi aparmaqla yanaşı, həm də beynəlxalq qurumları bu ekoloji fəlakətin qarşısını almaq üçün səfərbər etməliyik.

"Olaylar" qəzeti

Geri dön