Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Sosial > "Qarabağ münaqişəsi region üçün bir nömrəli təhdiddir"
"Qarabağ münaqişəsi region üçün bir nömrəli təhdiddir" |
Vaşinqtondakı Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin hesabatında belə deyilir
Birləşmiş Ştatların Qafqaz üzrə ixtisaslaşmış nüfuzlu ekspertləri regionun təhlükəsizliyi üçün əsas təhdidlərdən birinin Dağlıq Qarabağ münaqişəsi olduğunu deyirlər. Vaşinqtondakı Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzində “Böyük Qafqaz: dağılma və inteqrasiya arasında” adlı hesabatın təqdimatı zamanı deyilib ki, bu münaqişə hər an alovlana bilər. Hesabatın müəllifi, mərkəzin təhlilçisi Ceffri Mankof BBC-nin Azərbaycan redaksiyasına açıqlamasında Qafqazda regional və qlobal təhlükəsizliyə ciddi hədə ola biləcək amillərdən narahatlığını ifadə edib. Onun fikrincə, Qərb bu regionda sülh və inkişafın təminatçısı qismində əhəmiyyətli rol alıb. Hərçənd bu işi bölgədə separatçı təmayülləri dayandırmadan davam etdirmək çətinləşir. “Dağlıq Qarabağ regionda ərazi mübahisələrindən ən təhlükəlisi, bir nömrəli hədədir” - deyə təhlilçi bildirib. Onun fikrincə, qarşı duran tərəflər - Azərbaycan, Ermənistan, eləcə də Dağlıq Qarabağdakı qüvvələrin özləri “yaxşı silahlanıblar və hər biri münaqişənin bərpasından nə isə qazanacaqlarına inanırlar”. Ekspertin qənaətinə görə, zəngin neft gəlirləri və regional mövqeyi Bakının torpaqlarını zor gücü ilə qaytarmaq ambisiyalarını gücləndirib. Belə ki, hazırda Azərbaycan ümumi daxili məhsuluna görə Ermənistanı 4,5 dəfə üstələyir. Hərçənd təhlilçi hesab edir ki, enerji resurslarına beynəlxalq tələbatın azalması və indiki qlobal böhran bu ildən başlayaraq neft gəlirlərinin də azalacağından xəbər verir. “Bütün hallarda iqtisadi tarazsızlığın hərbi xərclərdə əksini tapması, eləcə də sülh təşəbbüslərinin zəifləməsi Qarabağda müharibə təhlükəsini aktual saxlayır” - deyən C.Mankoff və əlavə edib ki, belə olan halda beynəlxalq vasitəçilərin də işi çətinləşib. Məsələn, onun fikrincə, “ABŞ ərazi bütövlüyü və müqəddəratın həlli kimi beynəlxalq prinsiplər arasında seçim etməkdə acizdir”. Qərb bu münaqişənin nizamlanması işində Rusiya və avropalı həmkarları ilə sıx əməkdaşlıq edir. Buna baxmayaraq, ekspert əlavə edib ki, diplomatik yaradıcılıq hələlik bəhrəsini vermir. 2004-2006-cı illərdə ABŞ-ın Ermənistanda səfiri olmuş Con Evans isə diqqəti vaxt amilinə yönəldir. “Atəşkəsin tətbiq olunduğu 1994-cü ildən bu yana münaqişə vəziyyəti dəyişməsə də tərəflərin silahlanması təhlükəli həddə yetişib” - deyə sabiq səfir bildirib. C.Evans əlavə edib ki, sülh səyləri nəticə vermədikdə yeri siyasətçilər bir qayda olaraq vasitəçiləri günahlandırırlar, halbuki bu problemin kənardan həlli yolu mövcud deyil, o, daxildən gəlməlidir. Cənubi Qafqazda maraqları olan digər beynəlxalq oyunçu - Avropa İttifaqı (Aİ) da münaqişəni tərəflərin həll etməli olduğunu deyir. İttifaqın genişlənmə və Avropa qonşuluq siyasəti üzrə komissarı Ştefan Füle Bakıya səfəri zamanı deyib ki, Dağlıq Qarabağ münaqişəsinin yeganə həll yolu tərəflər arasında etimadın və qarşılıqlı anlaşmanın yaradılmasındadır. “Dağlıq Qarabağ münaqişəsi dondurulmuş adlandırılsa da heç kim bu ərazi mübahisəsini unutmur” - deyə Ş.Füle bildirib. Onun sözlərinə görə, Aİ münaqişənin həll olunması üçün maksimum səy göstərməyə hazırdır və ATƏT-in Minsk Qrupunun səylərini tam dəstəkləyir. Lakin onun münaqişənin nizamlanmasında rolu ancaq sadə insanlar arasında etimadın yaradılmasına yönələn səyləri dəstəkləməkdən ibarətdir. “Biz dəfələrlə qaçqınların öz doğma torpaqlarına qayıtmaq arzusunun şahidi olmuşuq və bu proses irəliləməlidir” - deyə Ş.Füle bildirib. Aİ komissarı onu da deyib ki, Fransanın Minsk Qrupu həmsədrliyindən kənarlaşdırılması mümkün deyil və Aİ-nin onu əvəz etmək planları yoxdur. Geri dön |