Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, DAVAMın yazıları > Hitlerin müharibəni uduzmasına səbəb olan 45 saylı tarixi əmri - İsmət İnönü Türkiyəni Hitlerdən necə qorudu?
Hitlerin müharibəni uduzmasına səbəb olan 45 saylı tarixi əmri - İsmət İnönü Türkiyəni Hitlerdən necə qorudu? |
1918-ci ildə Azərbaycanı bolşevik-daşnak qüvvələrindən təmizləyən Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanı ölkəmizdə demək olar ki, böyük əksəriyyət tanıyır, sevir və rəhmətlə anır. Yəni, Nuru Paşa haqqında yeni nə bilgi ortaya çıxırsa Azərbaycan insanı onu oxumağa, öyrənməyə çalışır. Bu, Paşaya qarşı bizim insanlarımızın mənəvi borcudur.
Biz də Enter.News olaraq Nuru Paşa ilə bağlı rast gəldiyimiz faktları işləyib oxucularımıza təqdim edirik. Belə materiallardan biri də türkiyəli mərhum yazar Uğur Mumcunun arxiv materiallarına əsasən hazırladığı “40-ların cadı kazanı” adlı kitabından Nuru Paşa ilə bağlı olan hissəni Azərbaycan türkcəsinə uyğunlaşdıraraq oxucularımıza təqdim edirik. VI HİSSƏ ...Atatürk dönəminin xarici işlər naziri, təcrübəli diplomat Tevfik Rüştü Aras da bu fikirdə idi... 1942-ci ilin yanvarında Alman orudları Moskva yaxınlığında məğlubiyyətə uğradı. Qızıl Ordu güclü müqavimət göstərirdi. Vəziyyət yavaş-yavaş rusların lehinə dönməyə başlayırdı. Moskva ətrafında məğlub olan Hitler isə gözünü Qafqaza dikmişdi, Qafqaz nefti ələ keçirilməli idi. Bu yandan da general Rommel də Misirə doğru irəliləyirdi. Elə Romel də “Aidor hərəkatı” adı verilən Misirdə kerçəkləşdiriləcək Nil hücumu da eyni günə planlanırdı. Almanların Qafqaz və Leninqrad planları zəfərlə başa çatarsa, o zaman bütün Afrika və Asiya onların əlinə keçəcəkdi. Bu planın gerçəkləşməsi üçün coğrafi və siyasi baxımdan tək əngəl Türkiyə idi. Almaniyanın Xarici İşlər naziri Ribbentrop “Rusiyanın neft qaynaqları əlindən alınarsa məğlub olacağını” deyirdi. Ancaq Qafqaza girə bilmək üçün də Türkiyənin dəstəyi lazım idi. Almaniyanın Xarici İşlər Nazirliyinin Türkiyə üzrə məsul işçisi Voerman da Alman əsgəri birliklərinin Türkiyədən keçməsini təklif edir. Bu yanda da Hitler və Ribbentrop ordunun Qafqaza Türkiyə ərazisindən keçərək getməsini istəyirdilər. Həmin vaxtlarda isə Türkiyənin Baş Qərargahında bu məsələ ilə bağlı tez-tez iclaslar keçirilirdi. Məqsəd də müharibədə iştirak etməmək idi. Ancaq bu necə olacaqdı? Səfir Von Papen də tez-tez dövlət rəhbərləri ilə görüşlər keçirirdi. Məqsəd də Trakya sərhədində olan hərbi qüvvənin Qafqaz sərhədinə yerləşdirmək idi. Bütün şərtlər Türkiyənin müharibədə iştirakını təmin etmək idi. Uzun-uzadı müzakirələrdən sonra hərbi qüvvə Qafqaz sərhədinə göndərildi. Belə olduqda Baş Nazir Saracoğlu və general Orbay şərq cəbhəsini təftiş etməyə başladılar. Bu tərəfdən də Türkiyə Almaniya, İngiltərə, Fransa və Sovet dövlətləri arasında diplomatik döyüş aparırdı. Bacarıqlı bir diplomat olan səfir Papen qismən də olsa istəyinə nail olub, Türkiyənin dövlət adamları ilə münasibətlərini qura bilmişdi. 1941-ci ilin sentyabrında almanlar Türkiyədən xrom mədəni almaq üçün müqavilə imzaladılar. Bunun da qarşılığında onlar Türkiyəyə silah verəcəkdilər. İnönü də səfir Papen vasitəsi ilə Hitlerə söz vermişdi ki, aldıqları silahı almanlara qarşı istifadə etməyəcəklər. Bu yandan da xrom satışı Türkiyənin İngiltərə və ABŞ-la münasibətlərini gərginləşdirmişdi. Ancaq Türkiyə də silaha olan ehtiyacını Almaniyadan təmin edirdi. Xrom və silah. Alman-Türk işbirliyinin özəyi bu iki sözdə gizlənmişdi. Alman iş adamları və Türkiyənin hərbi və mülki bürokratları xrom və silah satışı üçün tez-tez görüşürdülər. Elə bir gün olmurdu ki, səfir Papen hansısa bir hökumət üzvü ilə görüşməsin. 1942-ci il mayın 23-də polkovnik İsmayıl Hakkı Tunaboylunun rəhbərliyi ilə hərbçilərdən ibarət bir heyət Almaniyaya səfər edirlər. Xarici İşlər Nazirliyindən Faiq Hazar da onlarla gedir. Səfər əsnasında hərbi və ticarət mövzusunda olan görüşləri sonda siyasi mövzular əvəz edirdi. Hitler Almaniyasında hakim olan irqçilik artıq Türkiyəyə də sirayət etmişdi. Məsələn, “Anadolu” agentliyində çalışan əcnəbiləri işdən çıxarırdılar. Ancaq bu qanun bir nəfərə tətbiq edilmədi: O da Simens fabrikasının alman əsilli mühəndisi Reys idi... 1942-ci il almanlar üçün ölüm-qalım məsələsinin başlanğıcı olmuşdu. Alman orduları hücumlarını davam etdirirdilər. Həmin ilin yazında olan hücum uğurlu olmuşdu, alman orduları Qafqaz dağlarının ən yüksək yeri olan Elbrusa çatmışdılar. Onlar Elbrusa çatsa da, ancaq Stalinqrad cəbhəsindən heç də xoş xəbərlər gəlmirdi. Belə olduqda Hitler məşhur 45 saylı əmrini imzalayaraq Qafqazdakı hərbi qüvvəni Stalinqrad cəbhəsinə göndərdi. Elə bu 45 saylı əmr də almanların məğlubiyyətinin başlanğıcı oldu. Düzdü, əmri alan Almaniyanın Baş Qərargah rəisi Halder 45 saylı əmri tətbiq etdi və dəftərinə də belə bir cümlə yazdı: “Hitlerin xəyalları hərəkətlərinə bələdçilik edir.” Hitlerin bu hərəkəti eynən Turançı Ənvər Paşanın hərəkətləri kimi idi... Stalinqradda Qızıl Ordu alman ordularına qarşı güclü bir müqavimət göstərirdi. Stalinqrad cəbhəsində baş verən bu olay, nasist imperatorluğunun çöküşünü xəbər verirdi. Hitler orduları geri çəkilməyə başladı, Qızıl Ordu isə əks hücuma keçmişdi. Buradan başlayan hücum sayəsində 1944-cü ilin may ayında işğalçı faşist ordusu Sovet torpaqlarından qovulur. “Ən böyük təhlükə” ...1943-cü ilin iyununda İstanbulun siyasi polisi “Ən böyük təhlükə” yazılmış broşurların universitetdə əldən ələ dolaşdığı xəbərini alır. Həmin dəqiqə əmr verilərək broşurları toplayırlar. Orada Turançılıq hərəkatı tənqid edilirdi. Bunu yazanı da tapmışdılar, o İstanbul bələdiyyəsinin əməkdaşı Faris Erkmen idi. Erkmen büroşurda Pan-Türklüyün Kamalizm və dövlət siyasəti ilə bir araya sığmadığını irəli sürür, eyni zamanda turançıların şişirtdikləri milliyyətçilik fikirləri ölkənin varlığını təhlükə altında qoyan xarici təbliğatçıların maskalanmaq üçün istifadə edildiyini yazırdı. Erkmenin fikrincə Pan-Turançı hərəkatının liderləri Tatar və Azərbaycan kökənli idilər. O, tərtib etdiyi broşurda bu şəxlərin adlarını yazmışdı: Zeki Velidi Toğan, Ayaz İshaki, Muharrem Feyzi Toğay, Resulzadə, Əhmət Cəfəroğlu. Bəli, bunlar Qafqaz və Kırımdan gəlmişdilər. Bir qismi də uzun illər Almaniyada yaşamışdı. Erkmen, bu qaçqınların Türkiyədə onlara göstərilən qonaqpərvərlikdən sui-istifadə etdiklərini deyir. Adlarını qeyd etdikləri bu qaçqın türklərə yerli türkiyəlilərin də dəstək olduğunu yazırdı. Kim idi onlar? Erkmen bu adları qeyd edir: General Hüseyn Erkilet, General Ali İhsan Sabis, Payami Safa, Nihal Adsız, Yusif (Ortac) və Orhan Seyfi (Orhan). “Ən böyük təhlükə” adlı broşurda Çınaraltı, Bozqurd, Gökbörü, Tasviri Efkar və Aylı Qurt yayınlarının da adı hallanırdı. Faris Erkmenin buraxdığı broşurda son olaraq bu qənaətə gəlmişdir: “Türkçülər mübarizələrində səmimi deyildilər. Bir çoxları bu işə şəxsi mənfəətləri üçün qoşulublar. Şəxsi çıxarları üçün Türk gəncliyi arasında yanlış təbliğat aparırlar. Bununla da ölkənnin inkişafına mane olur və ölkəmizə qarşı işğalçılıq niyyəti güdənlərin dəyirmanına su tökürlər. Onlar demokratiyaya qarşı apardıqları plnalı kampaniya ilə ölkəmizin İngiltərə və Sovet hökümətinə qarşı yürütdüyü tərəfsiz siyasətin əksinə gedirlər.” CHP-nin baş katibi Cevdet Kerim İncedayı TBMM-də çıxış edərək həmin broşurda yazılanlar barəsində sərt danışdı. İncədayıdan sonra kürsüyə Xarici İşlər naziri Numan Münümüncioğlu çıxaraq Türkiyədə Pan-Türkist bir hərəkətlənmənin olmadığını söylədi. Çıxışının sonunda “Türkük, Türkçüyük” deyərək kürsüdən enir. Bütün bu reaksiyalardan sonra Faris Erkmen həbs edildi. Aradan bir neçə il keçir və Erkmen yenidən siyasi polisin əlinə düşür. O, 1946-cı ildə TKP baş katibi dr. Şefik Hüsnü ilə birlikdə saxlanılır və 3 il həbs cəzasına məhkum edilir. “Ən böyük təhlükə” olayı Almaniyanın səfirliyində olduğu qədər, ABŞ səfirliyində də maraqla izlənilirdi. ABŞ səfiri Lourens A.Steinhard Əli Nur Bozcalıya hadisə ilə bağlı dərindən maraqlanmağını tapşırır. Bozcalı da 1943-cü il iyunun 14-də belə bir hesabat təqdim edir. State Depertament E.O 12065 Sec.3-402 qeydiyyatlı,416 saylı sənədə qısaca bir göz gəzdirək: “Jon Türk rejimində olduğu kimi Pan-Turanizmə bənzər bir türkçülüyü canlandırmağa çalışanlar var. O da doğrudur ki, bu hərəkatı müdafiə edənlər itirdikləri torpaqları geri almağa istiqamətlənmiş ifadələr işlədirlər. Ancaq düşünürəm ki, bu hərəkat diqqət çəkəcək qücdə deyil. Səfirliyin bir neçə dəfə hökumətin yuxarıda adı hallanan nəşrlərlə bağlı hazırladıqları hesabatda bu məsələlər barəsində qeyd edildiyini düşünürəm. Həmin qeydlərdə göstərilir ki, cəmiyyətin türklərə bir rəğbətinin olduğu, ancaq bu rəğbətin Pan-Türküst təşkilatının aktiv şəkildə dəstəklənmədiyini bildirmişdim. Ola bilsin ki, yanılıram, ancaq Pan-Türkist hərəkatını qəbul edən heç kimlə rastlaşmadığım kimi, hökumətin də bütün türkləri bir arada toplamağa istiqamətlənmiş bir siyasətini görmədim. Pan-Türkçü nəşrlərin totalitar sistemlərə rəğbət duyduqları və bundan başqa Almaniyaya simpatiya bəslədikləri də bir həqiqətdir. Əslində broşurda müəllifin fikirlərini də əlimizin tərsi ilə rədd edə bilmərik. Xüsusən bu fikirlərə rəğbət bəsləyənlər müdafiə etdikləri iddianın nəzəri və təcrübi bir gərəyi olduğunu düşünürlər. Bu insanlar məhvər ölkələrinin təbliğatçısı olsunlar, ya da olmasınlar, bu axının qarşısında son dərəcə güclü, müttəfiq tərəfdarı olan gündəlik qəzet və dərgilər var. Pan-Türkçülərin ortaya atdıqları fikirlər yalnız duyğusal bir çərçivə içərisindədir. Fikrimcə bunların önəminin şişirdilməsi Türkiyənin bitərəf qalması üçün ciddi təhlükə deyil. Bu bületen mövzusunun belə məşhurlaşması solçu təbliğatının nəticəsidir. Hətta bəziləri fikirin əsl müəllifinin Zəkəriyyə Sertel olduğunu da irəli sürürlər. İctimaiyyətin etirazından və mətbuatda aparılan müzakirələrdən gəldiyim qənaət budur ki, Pan-Türkistlərə qarşı olanların onlar tərəfindən mənimsənilməsi bir az çətin görünür. Bunu ümumən ictimaiyyətin Pan-Türkçülərə bəslədikləri gizli bir simpatiya və məqsədli şəkildə xüsusi təbliğatın yaradılması ilə açıqlamaq olar.” ABŞ-ın Ankaradakı səfiri Laurens A. Steinhardın ölkəsinin Xarici İşlər Nazirliyinə 1943-cü il 16 iyul tarixində göndərdiyi hesabatdan: “Səfilrik bəyannamədəki fikirlərə qatılmaq niyyətindədir. Belə ki, Pan-Türkist və Ultra Nasiyonalizm hərəkatının liderləri, totalitar düşüncənin inamlı davamçıları və məhvər güclərin dəstəkçiləridir. Ancaq fəaliyyətlərini çox da şişirtmək olmaz. Çünki Türkiyə ictimaiyyətində digər ölkələrdə yaşayan türk əsillilərə qarşı bir simpatiya olsa da, ancaq istər hökumətdən, istərsə də işğalçılığa qarşı hər hansı bir dəstək hiss olunmur. Xaricdə yaşayan türklərin Türkiyəyə gəlmələrini və Türkiyə vətəndaşlığına keçmələrinə razıdırlar. Ancaq bunlar sərhədləri genişlətməyə isti münasibət göstərirlər. Ankarada hökumət və mətbu dairələrdə narazılıqlara və hətta Xarici İşlər nazirinin məclisdə çıxışına səbəb olan bu broşura solçu qüvvələr tərəfindən maliyyə yardımı edilməsə belə, ancaq sovet nümayəndələri tərəfindən sifariş edildiyini düşünürlər. Fikirlərinin təsdiqi kimi də bu broşurun rus dilinə tərcümə edilərək “Pravda”da nəşr etdirilməsini göstərirlər. Mətbuat bölməsindən olan bir şəxsin fikrinə görə, broşuru yazan araşdırmada göstərildiyi kimi Zəkəriyyə Sertel yox, olduqca istedadlı və sol qüvvələrə yaxın olan yoldaşı Sabiha Serteldir. Xatırladım ki, müzakirə mövzusu olan broşuru ictimaiyyətə yayan xanım Sertelin nəşr etdirdiyi “Tan” qəzetidir.” Taleyin işinə bax ki, aradan illər keçdikdən sonra Sovetlər birliyində yaşayan müsəlman türklərlə bu dəfə də ABŞ səfirliyi yaxından maraqlanacaqdır. 1960-cı və 1970-ci illərdə ABŞ-ın Akaradakı səfirliyinin CİA heyətində işləyən bir özbək türkü türkiyəli sağçılarla çox yaxın dostluq münasibətləri quracaq və bu dostluq özbək kökənli türkün Ankaradan sonra təyin edildiyi Bonnda da davam edir. İkinci Dünya Müharibəsində Qızıl Ordudan qaçıb Alman ordularına sığınan Ruzi Nazar Alman xüsusi xidmət işçisi general Gehlen ilə birlikdə türklərlə yaxından maraqlanır (İkinci Dünya Müharibəsi başlayanda Ruzi Nazar sovet ordusunun zabiti idi. Özbək əsilli olan Nazar müharibə vaxtı almanlar tərəfə keçir. Müharibənin sonunda Alman xüsusi xidmət işçisi olan general Gehlenlə birlikdə Amerikaya gedən Nazar, sonralar CİA-da xidmətə başlayır. 1960-cı ildə ABŞ-ın Ankaradakı səfirliyində CİA-nın nümayəndəsi kimi işə başlayır. Həmin ilin sonlarında Alparslan Türkeşlə dostluq münasibətləri quran Nazar, 1971-ci ildən sonra Federal Almaniyaya köçür. Federal Almaniyada MHP-nin müşaviri Ənvər Altaylı ilə də dostluq edir. Altaylı də MİT əməkdaşı idi.) Hazırda Vaşinqton D.C-də alman əsilli olan xanımı ilə yaşayan Ruzi Nazar türklərlə çox yaxın və səmimi dostluqlar qurmağa davam edir. Həmçinin ABŞ-ın Ankara səfriliyində CİA bölmə rəhbəri olan Paul Henze də Sovetlər birliyində yaşayan müsəlman xalqlarla çox yaxından əlaqəlidir. Henzenin “Central Asian Survey” dərgisində nəşr etdirdiyi “Qafqazda od və qılınc / XIX əsrdə Şimali Qafqaz dağ kəndlilərinin dirənişi” ODTÜ Asya-Afirka araşdırmaları qrupu nəşrləri tərəfindən çap olunmuşdur. Henzenin “Marksın ruslar və müsəlmanlar haqqında yazdıqlarından seçmələr”ini də ODTÜ tərəfindən 1984-cü ildə çap edilmişdir. “Xüsusi qatar, 5 dekabr 1942-ci il, saat 2.30. Alında: 5 dekabr 1942-ci il, saat 3.30. №1526. Alman səfirliyi, məxfi”. Rəşad Sahil Geri dön |