Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, DAVAMın yazıları > Əbdül Nasirin bağışlanmaz səhvi - Misir prezidenti xəstəliyini xalqdan niyə gizlədirdi?
Əbdül Nasirin bağışlanmaz səhvi - Misir prezidenti xəstəliyini xalqdan niyə gizlədirdi? |
Nəcib Məhfuz görkəmli Misir yazıçısı, ədibi və mütəfəkkiridir. Ədəbi yaradıcılıq sahəsində əldə etdiyi nailiyyətlərə və müasir ərəb ədəbiyyatının inkişafındakı xidmətlərinə görə o, 1988-ci ildə beynəlxalq Nobel mükafatına layiq görülüb. Təqdim edilən məqalə Nəcib Məhfuzun Misir ədibi və jurnalisti Ricə ən-Nəqqaşa verdiyi müsahibədən ibarətdir. Müsahibə görkəmli dövlət xadimi, Misirin ilk prezidenti Camal Əbdül Nasirə həsr olunub.
Əbdül Nasirin ölən gününün hadisələri indi də mənim yadımdadır. Televizorun birinci kanalı ilə Quran ayələrinin bivaxt oxunuşu mənim gözümə dəydi. Televizorun dəstəyini burub ikinci kanala keçirdim. Orada da Qurandan oxunurdu. Ürəyimə şübhə damdı, beynimə min bir fikir girməyə başladı. O vaxtlar evimizdə bir xidmətçi işləyirdi. Onu lazımi bəzi şeylər almağa göndərmişdik. O qayıdıb gələntək: “Prezident ölüb!”, - deyə xəbər verdi. Bunu o, bayırda danışanların ağzından eşitmişdi. Mən quruyub qaldım, inanmadım. Xidmətçini susdurub ona tapşırdım ki, nəbadə kimsəyə bu haqda demiş olsun. Sonra elan olundu ki, prezident müavini Ənvər əs-Sədat xalqa müraciətlə çıxış edəcək. Əs-Sədatın üzü televizor ekranında görünən kimi arvadıma dedim: “Əbdül Nasir ölüb!”. Amma Əbdül Nasirin ölüb dünyasını dəyişməsi göstərdi ki, hamımız ölüb gedəcəyik. Əbdül Nasirin böyük səhvləri, ona qarşı aramızda müəyyən narazılıqların olmasına baxmayaraq, onun ölümü bizə bərk təsir etmişdi. Çünki bu insan bizə əvvəllər gümanımız çatmayan arzu və ümidlər vermişdi. Əbdül Nasirin prezident vəzifəsindən imtina etdiyi gün məni çuğlamış bir sual: “Əbdül Nasirin Misirdə xələfi kim ola bilər?” sualı indi yenidən varlığıma hakim kəsilmişdi. Əbdül Nasirdən sonra hakimiyyət başına Ənvər əs-Sədatın gəlməsi elan edildiyi zaman öz evimdə idim. İnanmadım, əlimi-əlimə çırpıb arvadıma dedim: “Bu, lap gülməli bir işdir! Heç ondan da Misirə prezident çıxar?!”. Çünki Əbdül Nasirin xələfi olmaq üçün əs-Sədatdan daha çox haqqı, ləyaqəti çatan uzun adam növbəsi vardı. Amma əs-Sədatın bəxti onda gətirdi ki, öz zehni, fərasəti sayəsində Əbdül Nasirin qanadı altına girib sığına bilmişdi. Əbdül Nasir də əs-Sədatdan məmnun qalıb razılıq edirdi. Tez-tez onun evinə gedib ona baş çəkirdi. 1970-ci ilin başlanğıcında Əbdül Nasir İnqilaba Rəhbərlik Şurasının güclü üzvlərinin çoxundan artıq birkərəmlik azad olur. Onların sonuncusu Zəkəriyyə Müheyyiddin idi. Beləliklə, atılıb hakimiyyətə gəlmək üçün əs-Sədatın qarşısında yollar açılır. 1971-ci il 15 may hadisələrində əs-Sədatın səriştəliliyini, fərasətliliyini aşkar edib görməyincə, mən onun haqqında bəd fikirdə olub belə möhkəm qanaətdə idim. Bəşər tarixi göstərir ki, hər bir tragik-faciəli qəhrəmanın öz zəif cəhəti olur; bu da onun məhvinə gətirib çıxarır. Əbdül Nasirin zəif cəhəti onun demokratiyaya, dialoqa inamsızlığında, hakimiyyətə tam sahib çıxmasında, başqa rəyə qarşı korazehnliliyində idi. Hərgah Əbdül Nasir istədiyi vaxt ləğv edib buraxa bildiyi sırf məşvərətçi məclisdən deyil, əksər üzvlərinin rəyi nəzərə alınan qanunverici məclisdən ibarət hər hansı bir demokratik sistem qursaydı; hərgah Əbdül Nasir Misir tarixini daha yaxşı səmtə döndərmək üçün belə “yarımdemokratik” sistem qursaydı, onda biz həm imperialist qüvvələrlə toqquşmaqdan qaçar, həm də İsraillə aramızda olanı qaydasına salardıq; nə 1956-cı, nə 1967-ci il müharibələrini görərdik, nə də ki, 1973-cü il Oktyabr müharibəsinə ehtiyac olardı. Biz ağıllı, müdrik addımlarla “ərəb millətçiliyi” proqramı ilə hərəkət edib gedərdik. Şübhəsiz, bunun daha yaxşı nəticələri olardı. 1952-ci il iyul inqilabının prinsip və qayələri, doğrudan da, insanpərvər və əzəmətlidir. Bütün misirlilər çoxdan onun arzu və təmənnasında idilər. Amma belə oldu ki, inqilabçılar nə inqilab, nə də onun prinsipləri səviyyəsinə uyğun adamlar idilər. Məsələ bu yerdə naşı, xam həkimin işinə bənzəyir: belə həkimə can üstündə olan xəstə üzərində ciddi cərrahiyyə əməliyyatı aparmaq tapşırılır. O da öz naşılığı ilə xəstənin ölümünə bais olur. Deyə bilərlər ki, Misirin coğrafi mövqeyi beynəlxalq qüvvələrin marağına səbəb olur. Lakin bu, həlli çətin bir məsələ deyil, çünki təmkinli siyasət yürüdülərsə, həm bizim maraqlarımız təmin olunar, həm də bu maraqlarla başqalarının maraqları arasında müəyyən müvazinət yaranar. Elə prezident Hüsni Mübarək də belə bir siyasət yürüdür. Hamıya bəllidir ki, prezident Mübarək Misirin ərəblərlə münasibətlərini bərpa edib, böyük dövlətlərlə tarazlaşdırılmış əlaqələr qurub. Beləliklə, Misir beynəlxalq birlikdə geniş hörmət qazanaraq, bütün dünyaya dost olub. Çoxdan toqquşub düşmənçilik etdiyimiz dövlətlərlə onun indi nə mürəkkəb mübahisələri, nə də bir problemi var. Əbdül Nasirin bağışlanmaz səhvlərindən biri onun xalqdan bəzi məlumatları gizlətməsi idi. Belə ki, Əbdül Nasirin vəfatına kimi biz onun xəstəliyi barədə heçzad bilmirdik. Lakin sonra lapdan bəlli olur ki, o, ciddi ürək xəstəliyinə mübtəla imiş, ona işləmək uzun müddət qadağan imiş, Misiri də “komitə” idarə edirmiş. Amma onu müalicə edən ruslar xəstəliyi haqda həqiqəti bilirdilər. Mənim fikrimcə, amerikalıların Əbdül Nasirin xəstəliyindən məlumatları vardı. İngilislər Səd Zəclulun xəstəliyi barədə tam hesabata malik olantək onun ölümündən sonrakı vəziyyətə hazırlaşdıqları kimi, bunlar da Əbdül Nasirə xələf hazırlamaqla məşğul idilər. Deyirdilər ki, guya Qərb hələ altmışıncı illərin əvvəllərindən əs-Sədatı Misirə rəhbərlik etməyə hazırlayırmış. Mən Əbdül Nasirdən həm də orduya rəhbərlik işini Əbdül Həkim Amirə tapşırdığına görə də narazı idim. Fərdi xüsusiyyətlərinə görə mənim Amir haqqında təəssüratım onun ictimai xadim kimi təəssüratımdan fərqlənirdi. Birinci halda o, xeyirxahlıq, sadəlik və Yuxarı Misir əhlinə xas alicənablıq kimi keyfiyyətlərə malik bir adam idi. Lakin ictimai xadim kimi onu mən zəif şəxsiyyət hesab edir, onun orduda yüksək məsul vəzifəyə gətirilməsini gülünc hal sayırdım. Belə düşünürdüm ki, Əbdül Nasir orduya nəzarət işini ona tapşıracaq, əməli rəhbərliyi ilə hərbi bacarığı olan bir şəxsə həvalə edəcək. Bunu mən nəinki yolverilməz və qeyri-məqbul bir məsələ, əksinə, 1967-ci il 5 iyunda Misir ordusunun başına gələnlərinin başlıca səbəbi hesab edirdim. Nəzərimi çəkən cəhətlərdən biri də odur ki, İnqilaba Rəhbərlik Şurasının üzvləri arasında Əbdül Nasirin siyasi səhnədən uzaqlaşdırdığı və bizim artıq xəyali şəxslər kimi tanıdığımız digər üzvlərindən fərqli olaraq yeganə şəxs idi. Mənim bu gümanım bir neçə dəlillə təsdiqlənir: - Birinci. Həsən Hüseynin mənə açıqlamaları. Bu mənim dostumdur. Onunla Abbasiyyədə yaşayarkən tanış olmuşam. O bizimlə qonşuluqda olurdu. Ən mühümü isə odur ki, həmin H.Hüseyn Əbdül Həkim Amirin yeznəsi, həm də Əbdül Nasirin həyat yoldaşı Təhiyyə xanımın xalası oğludur. Bir sözlə, öz yaxın əhatəsinə görə o, şan-şərəf sahibidir! Mən Həsən Hüseynlə marşal Əbdül Həkim Amirin intihar xəbəri elan edildikdən sonra İsgəndəriyyədə görüşdüm. Onun xanımı - marşalın doğma bacısı da onunla idi. Həsən Hüseyni çox pərişan bir halda gördüm. Onun marşalın özünü öldürmədiyinə, öz əcəli ilə ölmədiyinə möhkəm əmin olduğunun şahidi oldum; - İkinci. Ordu başına gələn və Əbdül Nasirin sərəncamlarını yerinə yetirən diviziya generalı Məhəmməd Fövzi marşal Amirlə nəinki yaxşı münasibətdə deyildi, onlar aralarında hətta qarşılıqlı nifrət hissi vardı. Bütün bu hallar belə güman etməyə əsas verir ki, Amiri öldürməklə ondan yaxa qurtarmışlar. Tarixə, ələlxüsus böyük inqilablar tarixinə dair oxuduqlarımdan müəyyən etdim ki, onların hamısı üçün ümumi bir əsas olub. Bunu mən “Nildə laqqırtı” romanında göstərmişəm. Məsələ ondadır ki, inqilabı hiyləgər adamlar törədir, mərd adamlar onu həyata keçirir, xeyrini isə namərdlər görürlər. Onu da aşkar etdim ki, inqilabı bir dəstə adam edir. Hakimiyyətə gəlib çıxdıqdan sonra isə onların arasında didişmə başlanır. Bu da onlardan birisinin qalanlarını aradan götürmək, hakimiyyətə tək gəlməsi ilə nəticələnir. İnqilablar müəyyən mərhələlərdən keçir - qanunçuluğa qədərki mərhələdən: bu mərhələdə inqilab törədicilərinin başlıca məqsədi hakimiyyətə gəlməkdir; sonra diktatura və avtoritar rejim mərhələsindən. Vəziyyət düzələnə, qanunçuluq və demokratiya mərhələsinə çatana kimi uzanan illərdə inqilabdan ya opportunistlər, ya da inqilabın ilk mərhələlərində fəal rol oynamamış namərd ağıllılar edə bilərlər. İnqilablar barədə başqa mülahizələrimdən biri də budur ki, köhnə cəmiyyətdəki vəziyyət inqilabın uğurlu olmasına kömək edir. Keçmiş hakimiyyətin inqilab əleyhinə özbaşınalığı onun öz aqibətini yaxınlaşdırır. Xilası mümkün olanı xilas etmək, məğlubiyyətdən sonrakı Misirin gələcəyini müəyyənləşdirmək üçün real düşüncə vasitəsi olaraq öncül bir təşkilat yaradılır. Mən Yusif əs-Sübainin sədrlik etdiyi ilk toplantıya dəvət olundum. Düzü, əvvəlcə bu təşkilatdan ehtiyat edib təşvişə düşdüm. Mənə elə gəldi ki, o, hökumət əleyhinə iş görən sirli bir təşkilatdır. Özümə dedim: bu, ola bilsin, əs-Sübainin başçılığı altında “Yeni Azad Zabitlər Təşkilatı”dı, məqsədi də dövlət quruluşunu devirməkdir; bizi - onun üzvlərini isə o, bada verəcəkdir. Odur ki, əs-Sübai təşkilatın ilk yığıncağına dəvət etmək üçün mənimlə telefon əlaqəsinə girənə kimi həmin təşkilata qoşulmaqda tərəddüd etdim. Ondan bu təşkilatın məqsəd və mahiyyətini açıqlamasını xahiş etdim. Allaha şükür etdim ki, təşkilat cəmi bircə dəfə toplantı keçirdi. Yadımdadır, konfransda dedim ki, mövcud böhrandan çıxmaq üçün yeganə yol dialoqun, çoxpartiyalılığın və plüralizmin tətbiqindədir. Bir azad, təmiz seçkilər yolu ilə hakimiyyətə gələn, hətta İsraillə danışıqlara gedən partiyadan razılıq edərdik. Söylədim ki, 5 iyunda baş verənlər, sadəcə, Misirlə İsrail arasında olan müharibə deyil, bizim ona gücümüz çatmayan böyük beynəlxalq bir oyundur. Əgər biz bundan duyuq düşməsək, həm var-dövlətimiz, həm də güc-taqətimiz əldən gedəcək. Son nəticəsi də bizim mədəni və texniki tərəqqi yolunda geriliyimiz olacaq. Bu fikri mən hələ Əbdül Nasirin dövründə, ola bilsin 1967-ci ilin sonlarında, ya da ki, 1978-ci ilin əvvəllərində söyləmişəm. Onu əs-Sədatın vaxtında da polkovnik əl-Qəzzafi qarşısında - o, “əl-Əhram” binasına gəlib ədib, yazıçı və mütəfəkkirlərlə görüşərək - bir daha söylədim. “əl-Əhram”da əl-Qəzzafi bizimlə görüşərək salamlaşıb əlimizi sıxdı və bizimlə birlikdə nahar etdi. Söhbət əsnasında o bizə belə bir sual verdi: “İsrail Qərb sahili, Qüdsü və Sinoyu işğal etdikdən sonra ərəb millətinin hal-hazırda düşdüyü vəziyyət barədə nə deyə bilərsiniz? Bu böhranın həllini siz necə təsəvvür edirsiniz?”. Əlimi qaldırıb söz istədim. Çıxış edərkən də öz növbəmdə iştirakçılara sualla müraciət etdim: “Bizim indi İsraillə müharibə etməyə imkanımız varmı?”. İştirakçıların birisi cavab verdi. Deyəsən, bu, Əhməd Abbas Saleh idi. O təsdiqlədi ki, bu vəziyyətdə biz müharibə edə bilmərik; görəcəyimiz hər bir hərəkətdən İsrail bizim mühüm həyati obyektlərimizi vurmaq üçün istifadə edə bilər. Mən onun cavabını şərh edərkən dedim: - İndi ki, müharibə edə bilmərik, onda biz başqa bir yol - danışıqlar yolunu tutmalıyıq. Amma yaşadığımız məlum nə müharibə, nə sülh vəziyyətinə gəlincə, bu, tarixdə görünməmiş bir şeydir; nəticəsi də ki bizim üçün çox acınacaqlıdır. Polkovnik əl-Qəzzafi fikrimi aydınlaşdıraraq: - Dediyin bu sözlərdən keçirəm. Çünki bu kimi əhval-ruhiyyəli fikirlər ərəb rəhbərlərinin xislətindən törənibdir. Sonralar fələstinlilərin çoxu mənim nöqteyi-nəzərimi anlayıb başa düşdü. Odur ki, 1988-ci ildə Nobel mükafatı aldıqdan sonra məni ziyarət edən ərəb nümayəndələrinin əksəriyyəti elə fələstinlilər idilər. Odur ki, mən Əbdül Nasirin özünün İsraillə danışıqlara hazırlaşdığını bildikdə təəccüb etmədim. Lakin ABŞ dövlət katibi öz portfelində İsrailin rədd etdiyi danışıqlar paketi ilə bölgəyə gəldikdə o, etiraz əlaməti olaraq artıq istefa vermişdi. Əs-Sədat Kemp-Devid sazişinə qol atdıqda bəziləri yazıb deyirdi ki, guya, mən həmişəki kimi hakimiyyətə ixtilafda olduğumdan əs-Sədatın yedəyində gedərək bu müqaviləni dəstəkləmişəm. Amma insafla deyilsə, mən yox, əs-Sədat məni dəstəkləyib. Mən anlayırdım ki, üzücü müharibə aparmaq mənasızdır, çünki uzun hərbi qarşıdurma fayda verməz və nəsillərlə davam edərkən güc və imkanlarımızı çəkib sovura, maddi-mədəni tərəqqi cəhətdən bizi ən azı bir əsr geri sala bilər. Belə isə onda nə üçün də sülhü sınağa çəkməyək? Bəlkə əksinə olsa, müharibə qaçılmaz olacaq, biz də ona artıq tam hazırlıqlı şəkildə qoşulacağıq. Mehdi BƏYAZİD Geri dön |