Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, DAVAMın yazıları > “Bəyani-məslək” və “mədəniyyətin meyvəsi”, yaxud Ceyhun Hacıbəylinin “Avropa məktubları”
“Bəyani-məslək” və “mədəniyyətin meyvəsi”, yaxud Ceyhun Hacıbəylinin “Avropa məktubları” |
Abid Tahirli,
Mehdi Gəncəli (Fevraln 3-ü görkəmli yazıçı-publisist, tərcüməçi, naşir, redaktor, istiqlal mücahidi, dövlət xadimi Ceyhun Hacıbəylinin anım günüydü) Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ədəbiyyatımızın tanınmış nümayəndələrindən biri, yazıçı-publisist, tərcüməçi, naşir və ictimai xadim Ceyhun Hacıbəylinin (1891-1962) anadan olmasının 125 illiyinin keçirilmişi ilə bağlı Sərəncamının imzalanmasından bir il ötür. Ötən müddət ərzində Sərəncamın icrasını təmin etmək məqsədi ilə Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə birlikdə yubileyə həsr olunmuş tədbirlər həyata keçirmişlər. İstiqlal mücahidinin ədəbi, publisistik , siyasi irsinin tədqiqi, tanıdılması və təbliği məqsədi ilə AMEA-nın Ədəbiyyat və Folklor İnstitutlarında elmi sessiyalar təşkil olunmuş, Üzeyir Hacıbəylinin ev-muzeyində və Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində “Üzeyir bəyin qardaşı, sirdaşı və məsləkdaşı” adlı tədbirlər təşkil edilmişdir. Televiziya kanallarında Ceyhun Hacıbəylinin həyat və yaradıcılığından bəhs edən maraqlı verilişlər hazırlanmış, KİV-də o, cümlədən elmi jurnallarda həmin mövzularda materiallar dərc olunmuşdur. Milli Elmlər Akademiyasında Ceyhun Hacıbəylinin “Seçilmiş əsərləri” üzərində iş başa çatdırılmışdır və əsərin nəşri bu il nəzərdə tutulmuşdur. Bir sözlə, Prezident Sərəncamından sonra Ceyhun Hacıbəyli irsinin və həyatının daha dərindən və geniş öyrənilməsinə maraq artmışdır. Ceyhun Hacıbəylinin böyük qardaşı, məsləkdaşı, dahi bəstəkar, peşəkar musiqi sənətimizin banisi, musiqişünas alim, yazıçı- dramaturq, pedaqoq və ictimai xadim Üzeyir Hacıbəyli, həm də milli mətbuatımızın mümtaz simalarındandır. O, baş redaktoru olduğu "Tərəqqi" (1908-1909), "Həqiqət" (1909-1910), "Yeni iqbal" (1915-1917), "Azərbaycan" (1919-1920) qəzetləri il yanaşı, "Kaspi", "Həyat", "Təkamül", "İrşad", "İqbal", "Füyuzat", "Molla Nəsrəddin", sonralar- sovet dövründə "Maarif və mədəniyyət", "İnqilab və mədəniyyət", "Revolyusiya və kultura", "Vətən uğrunda", "Yeni yol", "Kommunist", "Bakinskiy raboçi" və digər mətbu orqanlarda müntəzəm olaraq çıxış etmişdir. 1909-cu ilin dekabrından Ü. Hacıbəyovun redaktorluğu ilə nəşrə başlayan "Həqiqət" qəzetinin ( 1909-cu il- 6 nömrə, 1910-cu il 150 nömrə) ilk nömrəsində Üzeyir bəy “Bəyani –məslək” proqram məqaləsi ilə oxucularına xitab etmişdir: “Bizim məsləkimiz odur ki, millətimizin tərəqqisinə bais olan hər bir həqiqi vasitə və vəsilələrə yol verməli və millətimizi cəhalətə və yaxud tərəqqiyi-məkusə sövq edən şeyləri dəf və izalə etməlidir”. Məhz bu əqidə və amalına, təmənnasız və fədakar xidmətlərinə görə Ü. Hacıbəyovun hələ 1910-cu ildə "Həqiqət" qəzetində yazdığı bu kəlmələr onun özünə və məsləkdaşlarına daha çox yaraşır: "Bəşəriyyət tarixində elə şəxslər var ki, onlar özləri üçün anadan olmayıblar, bəlkə bütün xalqa və insaniyyətə xeyir gətirmək və tərəqqisinə səbəb olmaq üçün yaranıbdır. Bu cür adamlar nəinki sağlığında, bəlkə də öləndən sonra da camaata mənfəət verirlər!..." Qısa bir müddətdə fəaliyyət göstərən “Həqiqət” qəzeti məsləyinə sadiq qalmış, maarifçilik hərəkatına öz töhfəsini vermiş, cəhaləti, ətaləti tənqid etmiş, tərəqqiyə, elmə, mədəniyyətə çağırmışdır. Bu mənada qəzetin böyük Mirzə Ələkbər Sabirin "Əcnəbi seyrə balonlarla çıxır, biz hələ avtomobil minməyiriz!"- misralarını xatırladan “Avropa məktubları” başlığı ilə Ceyhun Hacıbəylinin “Həqiqət” qəzetinin bir neçə nömrəsində dərc etdirdiyi silsilə publisistik yazı çox ibrətamizdir. Azərbaycan mətbuat və publisistika tarixini, mətbuatımızda Avropa həyatının işıqlandırılması problemini, Hacıbəyli qardaşlarının mətbu fəaliyyətini öyrənmək baxımından əhəmiyyətini nəzərə alaraq, Ceyhun Hacıbəylinin qələmə aldığı həmin yazının qəzetin 28 dekabr 1909 –cu il tarixində (“Həqiqət”, № 3,) dərc olunan bir parçasını oxucuların diqqətinə təqdim edirik. Avropa məktubları Bəli, dəryada balıq kimi üzən, çöldə ceyran kimi gəzən insan, indi də havada quş gibi uçmaq istiyor. Keçən oktyabr ayında Vynalılar üçün başqa bir gün idi. Saat 12-dən küçələr uzun- uzun dəstələrlə dolu idi. Tramvaylarda iynə atmağa yer yoxdu. Adamlar bir-birinin üstünə minirdilər. Faytonçular, arabaçılar ki, başqa günlər qəhvəxanaların qabağında gəzetə oxuyurdular- indi qanı qiymətinə tapılırdılar. Xüsusi faytonlar, landolar, karettalar, avtomobillər o qədər idi ki, hər iki-üç addımda atlı və piyada polis nəfərləri durmuşdular ki, hərəkət ba-qaidə olsun. Bir yerdə sıxıntılıq gördükdə əli ağ əlcəkdə əlini yuxarı qovzayır. Həmən dəm faytonlar, arabalar, avtomobillər dayanır. Sonra genə biri birinin dalına düzülüb hərəkət edirlər. Saat 12-dən başlamış tamam saat 3-ə dək küçələrdə belə hərəkət varid idi. Nədir, bu nə izdihamdır? Bunlar nərəyə gedirlər? Bunlar məşhur akuator (yəni göydə uçan) Fransa ile İngiltərənin arasında olan Lamanş boğazını öz “aeroplanı” ilə keçmiş Fransız Bleriunun göyə qalxmasına tamaşa etməyə gedirlər. Keçən həftədən bəri ki, bəradəranı Brennenlərin göyə qalxması vaqe olmuşdu- gəzətələr, afişalar Bleriunun Vyanaya gəlib burada öz məharətini göstərməyi elan edirdilər. Təbii ki, belə bir Vyanada hələ görünməmiş tamaşa böyük bir əhəmiyyətlə əhali tərəfindən pişvaz olundu. Halihazırda Avstriya-Macarıstan dövləti həmin bu göyə qalxmaq işində başqa dövlətlərdən geri qalmışdır. Belə həmin bəradəranı Brennerlərin balonlarından başqa ayrı şeyi yoxdur. Bunun üçündür ki, həmin balonu və sahiblərini Vyanalılar böyük bir şərafətlə tutub onları bu işdə təşviə və ianə edirlər. Tamaşa şəhərin kənarında böyük bir düzəngahda vaqe olacaqdı ki, adı Zimmerinq çölüdür. Həmin yerin ortalığını böyük bir məsafədə açıq qoyub dövrəsinə ağacdan baryer çəkmişlər ki cəmaat onun dalında dururdular. Bunun qiyməti bir kron idi. (40 qəpik). Başqa lojalar və oturacaq yerləri vardı ki qiymətləri 3 krondan 15 kronadək idi. Lakin həmin günü elə bir yerlərə 100 krona dək verən dəxi vardı. Aeroplan olan ambarın yanında Avstriya imperatoru qoca Frans Yosef üçün dəxi bir loja hazırdı. İmperator belə sportu çox sevir və bəradəranı Brennerlərin göyə uçmasında hazırdı və sonra onlardan həmən vaxt əhval- pürsan olurdu. Tamam bir neçə mürəbba [kvadrat] verst böyüklüyü olan bu düzəngah adamla dolu idi. 300 000-ə dək məxluq var idi. Hələ bugün bayram günü deyildi ki, mağazalar, dükanlar və fabrikalar işləməyələr. Genə bununla belə, bir bu qədər adam cəm oldu. Saat 12-dən adamlar hazır olurdular ki, özlərinə yaxşı yerlər tapalar və cürbəcür …… kartını satanlar, program satanlar həman dəm hazır idilər. “Bleriunun kartı, Bleriunun kartı!” Birisi də çağrır: “Blerinun bulkası, Bleriunun bulkası!” Necə ki, bizdə deyirlər: “Millət tütünü, millət qarpızı” və ilx. Neçə yerdə musiqi dəstəsi çalır. Axirüləmr saat 4-ün yarısında imperator varid olur. Musiqi Avstriya milli nəğməsini çalır. Saat 4-də qırmızı bayraq qavzanır, “tamaşa” başlanır. Aeroplanı iki nəfər ambardan çıxarıb bir neçə vaxt yer üzüylə aparırlar. Aeroplan araba kimi çarxlarla yerdə gəzir və birdən yerdən qovzanıb havaya qalxır. Cəmaatdan bir səs-küy, alqışlama qışqırtısı çıxır. Aeroplan quş kimi cəmaatın başı üstə dolanıb bir dövrə vurur. Onun qabağında olan fırlağı elə iti fırladır ki, havada böyük bir səs əmələ gəlir ki, guya bir neçə yüz quş qanad vurur. Bleriu rahatca onun üstə əyləşib sürür. Bir neçə dəfə aeroplan cəmaatın başı üstə dövrə vurur. Sonra bir qədər yuxarı qalxıb birdən enmək istəyən gibi aşağı tərəf meyl ediyor. “Endi, endi!” Cəmaat qışqırır, lakin birdən aeroplan quş gibi genə yuxarı qalxır. Cəmaatdan bir nərə çıxır. Bu adam quşmu, açıq havada da böylə manevralar etmək olarmış. “Yaşa, Bleriu, yaşa!” Hamının ürəyindən böylə alqışlar çıxır. Nemeslər özləri böylə bir əhəmiyyət, böylə bir məhəbbət göstərirlər ki, guya bu adam fransız deyil! Lakin indi siyasiyyat, təfriqəyi milliyyət meydanı deyildir! İndi bir nəfər adam oğlu öz məharəti, biləcəyi sayəsində 300 000 nəfərin nəzərini özünə cəlb etmişdir və bahadurdur və avropalılar da bahadurlara -istər kim olmuş osun, bir nəzərlə baxarlar. Lakin əlbətdə, həmən bahadur özlərindən olsa, daha da böyük dərəcədə şad olub iftixar edərlər… Bleriu yarım saat havada gəzdikdən sonra ahəstəcə aşağı enir, genə aeroplan araba kimi bir qədər yer üzündə gedir. Sonra onu saxlayıb aparırlar ambara. Bleriu “atından” yerə sıçrayıb imperatorun məiyyəti nəfərləriylə bahem imperator lojasına tərəf gedir. İmperator ayaq üstə durub tamaşa edirdi. İndi buna tərəf bir neçə qədəm irəli gedib ona hərbicə təzim edib əlindən tutur, mübarəkbadlıq verir. Musiqi, milli nəğmə çalır. Cəmaat “afərin, afərin”- qışqırır. Cəmaatdan bir qədəri Bleriuya tərəf yüyürmək istəyir, lakin onları polis qoymur, bir də geri qayıdırlar. Bir qədər “antrakt” olur. 5 dəqiqədən sonra genə Bleriu havaya qalxıb gah aşağı, gah yuxarı çıxır, dövr ediyor. Düz getdiyi yerdə qəflətən “atını” döndərir. Cəmaat papaqlarını göyə tullayırlar. Qadınlar yaylıqlarıyla alqışlayırlar. Böyük bir alqış! Axırı Bleriu manevralarını tamam edib genə yerə enir ve genə imperatora tərəf gedir. Genə onu imperator istiqbal edib qonuşmağa şüru ediyorlar. Bir neçə vaxtdan sonra imperator gedir. İndi parperin dalında duran cəmaat sel kimi axıb Bleriu tərəfə yüyürürlər. Arvadlar parperdən tullanırlar, yerə yıxılırlar, lakin buna baxan kimdir, genə də durub yüyürürlər. Bleriunu bürüyürlər. “Yaşa, Bleur, yaşa!”- qışqırıb papaqlarını götürürlər və cəmaatın izdihamı o qədər olur ki, az qalır ambar yerindən qopsun. Polis bunu görcək cümlə qüvvətini cəm edib cəmaatı geri oturtmağa şüru ediyor. Atlı polislər atlarının döşü ilə onları geri çəkməyə məcbur ediyorlar. Lakin həmən dəm mümkün olamıyor. Dal tərəf qabaq tərəfi irəli itəliyor. Polislər “təvəqqe edirəm, geri!” qışqırmaqdan səsləri batır. Axırı onlar əl- ələ verib bir sədd qururlar, lakin genə də mümkün olmuyor. Axırı cəmaatı itələməyə başlıyorlar. Bu isə cəmaatı həyəcana gətirir. Cürəti nədir, adama əlini vursun. Başlıyorlar deyişməyə. Axırı zabit çığırır: “Axır istədiyiniz nədir?” “İstədiyimiz Bleriudur!”- cavab verirlər. Hamı gülür, cəmaat ilə polis davası tamam yarım saat çəkir. Axırda polis güclənib cəmaatı geri oturdur və Bleriu öz aparatını yığışdırıb arabaya qoyur. Lakin genə də camaat əl çəkmir. Mən öz mühərrirlik kartımı göstərib gedib Bleriunu və onun aparatını tamaşa etdim. Bleriu özü orta boylu 27-28 sinnində bir adamdır ki, sifəti ……. kimidir. Hər bir Fransıza mənsub dirilik bunda da dəxi vardır. Aparatı isə böylədir ki, qabaqda olan fırkaq və iki çarxlı çox ti fırlanıb aparatı hərəkətə gətirirlər. Bleriu özü yuxarıda əyləşir. Aeroplanın uzunluğu 8 metrə, ağırlığı 210 kilogram ve qiyməti isə 12000 frankdır. Adı Bleriudur. Hərçənd ona bir adamdan başqa minmək mümkün deyidir. Lakin Bleriu öylə etmişdir ki, özündən savayı bir və ya iki nəfəri dəxi götürə bilir. İştə mədəniyyətin meyvəsi yaxud “şeytan “əməli”. Vyana Geri dön |