Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, DAVAMın yazıları > Mirzə Kazım Bəy Şeyx Şamillə görüşündən yazır - tarixi söhbət
Mirzə Kazım Bəy Şeyx Şamillə görüşündən yazır - tarixi söhbət |
Belə bir özünəməxsus müdrik insanı, Şamil kimi bir qəhrəmanı görməyi arzu etmək hər şeyə maraq göstərən hər adam üçün bağışlanılası haldır. Tamamilə anlaşılan bu maraq cəmiyyətin böyükdən tutmuş kiçiyə qədər bütün təbəqələrində özünü göstərirdi. Əlbəttə, mən də onu görməyi, onunla tanış olmağı, kəlmə kəsməyi yaman çox istəyirdim. Heç gözləmədiyim bir şəkildə bu mənə nəsib oldu. Şamil haqqımda eşidibmiş və özü məni görmək istədiyini bildirmişdi.
Bizim ilk görüşümüz oktyabrın 3-də, günorta mənim evimdə oldu, Şamil öz oğlu Qazi Məhəmməd və məiyyəti ilə təşrif buyurmuşdu. Ənənəvi salam-kəlamdan sonra imam mənə dedi: “Sənə müraciətimi bu şəkildə yazmaq istəyirdim: “Ey hələ üzünü görmədiyim, lakin tanıyıb-bildiyim insan, sənə salamlar olsun...” “Təşəkkür edirəm, şöhrətli imam, sizi az qala bütün dünya tanıyır, - deyə ona cavab verdim, - indi bir çox adlı-sanlı adamlar belə bir qonaqla söhbət etdiyimə görə mənə həsəd aparırdılar”. Şərqsayağı xoş-beşdən sonra mənim bütün diqqətim imamın üzünün cizgilərinə və ifadəsinə yönəldi. Onun kostyumu, boyu, bədən quruluşu və manerasının təsvirləri qəzetlərdə dürüst təqdim olunub və onları təkrarlamaq istəmirəm. Məni daha çox heyrətləndirən onda elm haqqında, əlbəttə, Dağıstan üləmasının əlləri çatan elmlər haqqında söhbətlərə sevgi idi. Şamil və Şərq müdrikliyində, demək olar, onun qədər məlumatlı olan oğlu ən müxtəlif müsəlman alimləri, onların əsərləri haqqında, öz tədris işlərimdə hansı əsərləri əldə rəhbər tutduğum haqqında suallar verirdilər: “Quran”ın təfsirini öyrədirəmmi, tələbələrə Məhəmmədiyyə qanunları məlumdurmu, öz mülahizələrimi özümün nəşr etdirdiyim hüququ kursu üzrəmi oxuyuram və s. Qəribə suallar da verirdilər, məsələn, ruslar ərəb qrammatikasını, bəlağət elmini, məntiq və prosodiyanı bilirlərmi və s. Əlbəttə, bütün bu suallar ondan ötrü verilmirdi ki, öz elmi səviyyələrini göstərsinlər. Əsla. Daha çox ona görə verilirdi ki, mənim Şərq elmləri nomenklaturasını bilib-bilməməyimi və bu elmlərin ruslara bəlli olub-olmadığını yoxlasınlar. Şamilin sözlərinə görə, o, mənim yanıma “Şərq elmlərini bilən alimə” baş çəkmək arzusu ilə gəlmiş, olsa da (mənim əsərlərim və nəşr etdirdiyim kitablar bundan xəbər verirmiş), lakin kim bilir, bəlkə də o, düşünürmüş ki, bu əsərləri mənim yazıb-yazmadığımı, nəşr etdirdiyim kitablardan başımın çıxıb-çıxmadığını yoxlasın. Hər halda, imamın evimdə olduğu bütün müddət demək olar qiraətdə və elmi söhbətdə keçdi. Mənim Şərq kitabxanamdakı kitablar arasında onu daha çox ərəb dilindəki “Mizanüş-şərani” adlı kitab məşğul etdi. Bu əsərin müəllifi Şərqin mistik alimləri sırasına mənsubdur və müsəlman hüququnun bilicilərindən sayılır. Öz əsərində müəllif sübut etmək istəyir ki, sünni məzhəbində dörd təməl qanun arasında - əzəmi, şafei, hənbəli və maliki təriqətləri arasındakı fərqləri bəndlər üzərə tam təyin etmiş və barışdırıcı yekun rəyə gəlməyə çalışmışdı. Bu əsərin başlıca müsbət tərəfi bundan ibarətdir. Lakin Şamilin və onun elmli müridlərinin gözlərində bu əsərin daha bir gözəl tərəfi də vardı. Müəllif bütün həqiqi təlimlərin öz mənbəyini götürdüyü bir və mütləq olan həqiqətə apardığını izah və sübut etmək istəyərkən kitabın giriş sözündə xəyal aləminin dərinliklərinə də baş vurur və onun təxəyyülü oyunu yerini gah maddi aləmdən ruhani aləmə, gah da əksinə dəyişdirir. Gah da, nəhayət, bu iki mənbənin bir fantastik ideyada birləşməsinə gətirib çıxarır. Əyani izah üçün o, fırça ilə həqiqəti və ya dörd imamın öz təliminin başlanğıcını götürdüyü həqiqətin mənbəyini təsvir edir; sonra bu həqiqətləri bir mütləq əbədi və əzəli həqiqətə müncər edir. Ardınca həqiqət onu həzzlər aləminə aparır ki, bu da cənnətin təsviri ilə təqdim olunur. Cənnətdə bütün müqəddəslərin, başda Məhəmmədin öz dostları ilə birlikdə yer aldığı instansiya göstərilir. Bütün bunlar müsəlman fantaziyasının diqtəsi altında, əlbəttə, mahirlikdən daha çox müqayisəyə gəlməz dərəcədə daha cəsarətli bir əllə təsvir edilmişdir. Şamil bu təsvriləri uzun-uzadı gözdən keçirdi və avar dilində öz oğlu və müridi Hacı Məhəmmədə hər təsvirin başlıca mənasını təfsir etdi. Peyğəmbərlərin və müqəddəslərin yer aldığı cənnət məqamları təsvir olunan səhifəyə çatanda Şamil, Məhəmmədin yerini və məqamını görüb, mötəbər imam intonasiyası ilə öz oğluna və müridinə dedi: “Allaha and olsun, bu doğrudur: mən onu sonuncu dəfə belə gördüm” (əlbəttə, təxəyyülündə və ya röyada, hərçənd, bu və digər imam, ehtimal ki, bunu vəhy kimi qəbul edir). Şamil fanatikdir, hər işi əqidəsinə uyğun olaraq görür və görmüşdür. Bununla belə, onda çoxlu müsbət tərəflər və xeyir işlərə meyl vardı. Mən onda riyakarlıq, sünilik hiss etmədim. Xarakterinin başlıca cizgisini belə anladım: o, əqidəsinin tələb etdiklərinin icrasını soyuq ağlına, ürəyin az iştirak etdiyi və ya qətiyyən etmədiyi qaydalara tabe etmişdir. Onun bütün məktublarının, əmrlərinin, fərqlənmə nişanları üzərindəki yazılanların və qoşduğu mahnıların məzmunu Şamilin xarakter möhkəmliyini və fanatizmini sübut edir. O, heç də sentimental adamlardan deyil, lakin baş verənləri xatırladıqca tez-tez ah çəkirdi. Onun iki dəfə dərindən ah çəkdiyi məni bərk heyrətləndirdi. Birinci dəfə evimdə Şərq kitabxanamı gözdən keçirərkən xatırlatdı ki, onun da belə böyük kitabxanası varmış, amma müridləri yerli-dibli talan ediblər. İkinci dəfə isə onun evində olarkən, böyük oğlundan – sinəsindəki ağrılardan və öskürəkdən (vərəm), ərəbcə “sill”dən vəfat edən Camaluddinin ölümündən danışarkən dərindən ah çəkdi. Birinci halda onda riyakarlıq, sünilik olmasa da, mənə elə gəldi ki, o, kitabların itirilməsindən daha çox müridlərini ititrdiyinə və son zamanlar onların özünə qarşı törətdiyi əməllərə görə ah çəkdi. Bəlkə də, bütün bunlardan əlavə, o, bizə göstərmək istəyirdi ki, onun üçün kitablarından mərhum olmaq, hakimiyyətdən məhrum olmaqdan daha ağır imiş. Şamil bizdən çıxıb gedəndə nə qədər ki, bu şəhərdəydim, ona baş çəkməyimi rica etdi. Paytaxtda qalma müddəti qısa olduğundan mən ona yalnız iki dəfə, oktyabrın 3-də və 7-də axşam baş çəkə bildim. Birinci dəfə onun evində üç saatdan artıq oturdum. Kənar adam yox idi. Mən ürək açıqlığı ilə qəbul olunmuşdum. Dağlılar öz imamlarının ətrafında əyləşmişdilər və məni kənar adam hesab etmədiklərindən, əsirlikdə olduqlarını bir dəqiqəliyə unutmuş kimiydilər. Şamil divanda əyləşmişdi və Misir tarixini oxuyurdu. Bu qədim əlyazmanı onun mənə yazdığı 6 oktyabr tarixli məktubunda ifadə etdiyi istəyinə görə digər kitablar sırasında göndərmişdim. Belə görünürdü ki, onlar məni gözləyirdilər. Çünki mən evə daxil olub, onun dəvəti ilə yanında əyləşəndə, salamlaşdıqdan dərhal sonra dedi: “Mənim sənə sualım olacaq”. Sual Günəş və Ay tutulmaları haqqında idi. Sözügedən kitabda bunlar barədə təzəlikcə oxumuşdu. Orada deyilirdi ki, Fatimi xəlifələrindən birinin zamanında eyni bir ildə Günəş və Ay tutulması olub ki, bu da fəlakətdən soraq verir. Bu yerdə Şamilin təriqət yolu ulə adlarını şöhrətləndirən tarixi şəxsiyyətlər haqqında daha çox oxuduğunu qeyd etməyə bilmirəm. Məsələn, sözügedən halda, o, Fatimilər sülaləsinin təməlini qoyan, öz fəaliyyətinə təriqət vaizliyi ilə başlamış, bəxti üzdə olan macəraçı və şöhrətpərəst Übeydulla əl-Mehdinin taleyi ilə maraqlanırdı. Şamil insan ehtiraslarının buna bənzər zaman kəsimləri haqqında oxumağı xoşlayırdı. Bəlkə də, ona görə ki, buna bənzər fırıldaqçıların, yalnçıların uğurlarını gördüyü yerlərdə öz hərəkətlərini xatırlamaq və tutuşdurmaq, məğlubiyyətini gördüyü yerdə isə özünə təskinlik vermək istəyirdi. Əlbəttə, sonuncusu – məğlubiyyətlər və uğursuzluqlar daha çox idi. Söhbət Günəş və Ay tutulmalarından gedirdi. Şamil soruşdu ki, ruslar tutulmanın nə üçün baş verdiyini bilirlərmi? Onlar səmavi əlamətlərə inanırlarmı? Mən öz izahatıma ərəb dilində başladım, bunsuz müsəlmanlara elmi predmetlər barədə danışmaq mümkün deyildir. Mən kağız və qələm istədim və hər iki tutulma əsnasında Günəşin, Yerin və Ayın nisbi vəziyyətlərini təsvir etdim: Onlar çox aydın başa düşdülər; lakin mən hər dəfə Yerin Günəş ətrafında dövr etdiyini... deyəndə Şamil mənə düzəliş verirdi: “Xeyr, Yer deyil, Günəş...” Mən məsələnin bu yerində söylədim ki, səhv etmirəm; əvvəlki çağların filosofları düşünürdülər ki, Günəş və bütün göy cisimləri Yerin ətrafında fırlanır, yeni çağın filsosofları isə aydın şəkildə sübut edirlər ki, Yer Günəş ətrafında fırlanır. Lakin bütün bunların tutulmaya dəxli yoxdur. Şamil mənim izahatımı yaxşı anladı və bir qədər fikrə getdi. Qazi Məhəmməd bizi böyük maraqla dinləyirdi və onun üzündəki məmnunluğu, Yerin Günəş ətrafında fırlandığına inanmağa hazır olduğunu görməmək olmazdı; eyni bir ifadənin elmli mürid Hacı Məhəmmədin də üzündən oxunduğu gözümdən qaçmadı. Lakin imam eynəyini çıxardıb, kitabı kənara qoyanda və onlarla avar dilində danışmağa başlayanda üzlərindəki ifadə dəyişdi. O, uzun-uzadı danışdı; mən bu dili anlamıram, lakin “Quran”dan və digər dini kitablardan ərəbcə gətirdiyi istinadlardan da aydın idi ki, imam öz oğlunun və müridinin yeni məktəblərin meyvələrini mənimsəməyə hazır olduqlarını sezib, lakin istəməyib ki, onlar “Quran”la müqəddəsləşən və Yerin hərəkətsiz dayandığına inanmağı vacib bilən qədim təlimdən uzaq düşsünlər. Mən təkrar etdim ki, Yerin Günəş ətrafında və ya əksinə fırlanmasının qətiyyən əhəmiyyəti yoxdur. Beləliklə, mən tədris edən imamı görürdüm. Dinləyicilərinin ona diqqət kəsilmələrinə baxmaq maraqlı idi. Mən kağız üzərində astronomik məsələni həll edən zaman maraq dolu gözlər və üzlər eyni ciddiliklə imama yönəlmişdi. Adama elə gəlirdi ki, Yerin hərəkətisizliyi haqqında Şamilin verdiyi izahlar zamanı onlardan heç biri heç gözlərini də qırpmadı. Mənə verilən ikinci sual fotoqrafiyaya dair idi. Bu ərəfədə ömürlərində ilk dəfə onların - Şamilin və məiyyətinin fotoşəkilləri çakilmişdi. Sualı Qazi Məhəmməd vermişdi. Əvvəlcə o, avar dilində atasına, sonra onun icazəsi ilə mənə üz tutdu. Burada günaha batmamaqdan heç söhbət belə gedə bilməzdi, “Quran”da fotoqrafiya haqqında müddəa yoxdur. Optika və kimya qanunları haqqında bəzi anlayışların ilkin izahını vermədən bu məsələnin həlli mənim üçün çətin idi, lakin belə bir izahı bu elmlərin hələ işlənmədiyi dillərdə verməmək də olmazdı. Ağlıma yaxşı bir fikir gəldi, onun köməyi ilə Şamil və oğlunun qane edə bilmərdim. Mən Qazi Məhəmmədin qolundan tutdum və onu güzgünün qarşısına gətridim. - Öz təsvirini güzgüdə görürsənmi? – deyə ondan soruşdum. - Özümü boyaboy və çox aydın görürəm. - Özümüzü güzgüdə necə görürük? – deyə mən davam etdim. – Bu nə üçün baş verir? Bu nə deməkdir? Bütün bu suallar ərəblərdə elmi ruət, bizdə isə “optika” adlanan elmə aiddir. Ruslarda “ximya” adlanan başqa bir elmin adına ərəblərdə kimya deyilir. Mən “kimya” adını çəkən kimi Qazi Məhəmməd bu sözdən yapışdı: qədim filosoflar kimya vasitəsi ilə hər hansı metalı qızıla döndəriridilər... Deyəsən, Şamil buna inanmırdı. Deyəsən, o inanırdı ki, mistik filosoflar qədim çağlarda heç nədən qızıl əldə edirmişlər. Lakin kimya vasitəsilə deyil, hərf və kvadratlar elminə məxsus biliklərin köməyi ilə. Hər halda, mən onun oğluna, - “bunu huruf və aukaf vasitəsilə çevirirdilər”, - deyə cavab verəndə belə anladım... Mən onlarla mübahisəyə girişmədim, bircə bunu dedim ki, ərəblərdəki və bizdəki kimya eyni şeydir, lakin bu elm o zaman indiki qədər inkişaf etməmişdi. Özü də o zaman bu elm xalqın və alimlərin anlamında onun həqiqi təyinatının ziyanına olaraq qızıl əldəetmə vasitəsi sayılırdı. Ardınca kimyanın bizdə nəyə xidmət etdiyinin izahına girişərək davam etdim: kimya elmi bizə indi güzgüdə və hər hansı cilalı metal üzərində gördüyümüz təsvirimizi orada həmişəlik və ya heç olmasa uzun müddətə qalmasından ötrü vasitə tapmağı öyrətmişdir. “Aha! Mən anladım! Mən anladım! – deyə Qazi Məhəmməd səmimi bir vəcdlə səsləndi, - gör nə qədər ağıl işlədiblər!” “Bu vasitəni kim kəşf edib, - deyə Hacı Məhəmməd soruşdu – müsəlman?” “Xeyr, - deyə cavab verdim, - onu bu yaxınlarda bir fransız kəşf edib”. Şamilin oğlu hər dəfə bir qeydi eşidib təəccüblənirdi. “Necə yəni, bu qədər dərinliklərə varan və hər şeyi bilən Avropa alimləri hələ də müsəlman deyillər!” “Onlar elə hey bu təəccübü öz aralarında dilə gətirirdilər”, - deyə onlara baş çəkmiş adamlar mənə danışırdılar. Belə bir təzahür onların İslamın üstünlüyünə və gözəlliyinə dərindən inandıqlarını göstərsə də, hər halda, bu özəlliklə də təravətli və hər şeyə maraq göstərən ağıl, zəka üçün həqiqətin sərbəstliklə tədqiqinə doğru ilk addım ola bilərdi. Əgər onlar səmimdirsə və maraqları həqiqəti öyrənməyə əsaslanırsa, özünə tez-tez belə bir sual verən adam beynində dolaşan iki cavabdan birini seçməli olacaqdır: “Onlar (avropalılar) o qədər kordurlar ki, həqiqəti görmürlər” və ya “Onlar, belə görünür ki, İslamı göylərə aparan həqiqi yol kimi tanımırlar və bizi çaşqın adamlar hesab edirlər”. Birincisi fanatizmlə təqlin edilə bilər, ikincisi sadə bir sillogizm olacaqdır. Və bu fikrin hər ikisi də ittifaqçılıq olacaqdı. Hər hansı bir məntiqə və heç şübhəsiz ki, təfəkkür Avropa həyatı və elminin müxtəlif fənlərinin soyuqqanlı tədqiqi üçün daha asan olan orta yol vasitəsilə müsəlman xurufatının kobud libasına bürünmüş, lakin onun tərəfindən hələ tamamilə əzilməmiş nə qədər asiyalı ağlına işıq sala bilərdi. Qazi Məhəmməd - qabiliyyətli və hər şeyə maraq göstərən bir gəncdir; hər iki xüsusiyyət digərləri ilə müqayisədə onda daha güclüdür. Görənlər bunu onun üzündən oxuya bilərdilər. O, 1833-cü ildə - Qazi Mollanın öldürülməsindən düz altı ay sonra doğulmuşdur. Atası körpə oğluna öz mürşidinin şərəfinə Qazi Məhəmməd adını qoymuşdu. O, eynilə ilk oğlunu da ilk mürşidinin şərəfinə Camaluddin adlandırmışdı. Qazi Məhəmməd öz boy-buxunu, sifət cizgiləri, soyuq və hərəkətsiz baxışı ilə atasına çox bənzəyirdi. Lakin onları məşğul edən söhbətin gedişində onun da, digərinin də, xüsusilə, Şamilin fizionomiyaları tamamilə başqa şəkil alırdı; bu kimi hallarda baxışları canlanır və üz ifadələri fasiləsiz olaraq dəyişirdi. Sakit vəziyyətdə isə onlar cansız, süst görünürdülər. Hər gün zəriflikdən, dəbdəbədən və paytaxtın insanda maraq oyadan ən müxtəlif qeyri-adiliklərindən zövq alanların belə heyrətlənməyə bilmədikləri halları gördükdə, Şamil heyrətini ümumiyyətlə çox az hallarda dilə gətirirdi. O, hər şey barədə olduqca soyuqanlılıqla danışır, rusların işgüzarlığını və zövqlərinin zəifliyini ədalət naminə etiraf edirdi. Lakin bir şey ondakı heyrət duyğusunu bərk həyacana gətirmişdi: bu bizim Kronştadt hərb gəmiləri idi. Bu gəmilər öz anlaşılan analogiyaları ilə ona Qafqaz dağlarının dərin dərələrini və alınmaz sıldırım qayalarını xatırlatmışdı. O, səmimi bir təəssüratla bu barədə tez-tez söz salırdı. Bu, əlbəttə, onun yüksək hərbi dühasından xəbər verirdi. Buradan gedərkən Şamil mənə məktub yazaraq Kaluqada darıxmamaq və vaxtını öldürmək üçün öz kitabxanamdan ona ərəb dilində bir neçə kitab göndərməyimi rica etmişdi. Bu, olduqca həssas və nəzakətli bir məktub idi. Mən, nəinki Şamilin istəyini yerinə yetirdim, hətta rica etdiyi əlyazma kitablara bir neçəsini də əlavə etdim. Şamil və onun məiyyəti öz talelərindən çox razı idilər və mənə elə gəldi ki, xüsusilədə monarxın lütfkarlığından bəxtiyardırlar. Elə hey bütün rusların onlara xoşrəftar diqqətindən danışırlar. Onlar bütün bunu öz qaliblərinin, knyaz Baryatinskinin ürək genişliyinə və nəcabətinə bağlayırdılar. Ümumiyyətlə, Şamilin Peterburqda olduğu müddətdə onun davranışları, əla bir ədəb, nəzakət örnəyi olmaqla fərqlənir və dərin ağlına dəlalət edirdi. Buna isə bizim ictimaiyyət tərəfindən layiqincə dəyər verilmişdir. P.S. Yazı Mirzə Kazım Bəyin “Müridizm və Şamil” məqaləsindən götürülüb. Geri dön |