Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Qarabağ əzmimiz Lapşinçiliyə qarşı: hesab xeyrimizədir - ƏFLATUN AMAŞOV YAZIR
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, DAVAMın yazıları > Qarabağ əzmimiz Lapşinçiliyə qarşı: hesab xeyrimizədir - ƏFLATUN AMAŞOV YAZIR

Qarabağ əzmimiz Lapşinçiliyə qarşı: hesab xeyrimizədir - ƏFLATUN AMAŞOV YAZIR


İnformasiya texnologiyalarının, internetin inkişafının doğurduğu müəyyən mənada əcaib tendensiyalar var. Həmin tendensiyalara diqqət yetirərkən ilk baxışdan yer üzündə xaosun olduğu barədə düşünmək mümkündür. Yadımdadır, təxminən 10 il öncə bir məqalə oxumuşdum. Məqalə bir qrup qələm sahibinin fikirlərindən ibarət idi. Yazıya diqqət yetirdikcə ilk baxışdan adama elə gəlirdi ki, dünyanı idarə edən onlardır.

Təbii, fərqli idilər. Baxışları, hadisə və prosesləri təhlil qabiliyyətləri, tutduqları mövqe və bütün bunlarla yanaşı özlərini ayrıca müstəqil qüvvə olaraq irəli sürmələri, bir növ demarş edən, reallıqları dəyişmək iqtidarında olan, ən əsası düşüncələrini reallıq kimi göstərmək, hətta dürtmək potensialları, qəribə gəlirdi. Həmin vaxt Aleksandr Soljenitsının dəhşət saçan hiddətli sualını xatırladım: "Onları hansı ana doğub?". Tanınmış yazıçı sualı ilə repressiyaları həyata keçirən şəxslərin necə yarandıqlarından və yetişdiklərindən heyrətini ifadə etmişdi. Məqaləni oxuduqca mən də heyrətlənmiş və özümə suallar ünvanlamışdım: "Bu adamlar necə azaddırlar? Fikir azadlığı beləmi olur? Onlar nə etmək istəyirlər?"

Ərəb ölkələrini cənginə alan çevrilişlər, ümumən Yaxın Şərqdə qeyri-sabitlik ab-havasının formalaşması. Bu kimi proseslərdə yeni medianın, eyni zamanda ayrı-ayrı blogerlərin "rolu" xatirimizdədir. Daha əvvəl isə Ukraynada Qonqadze, Gürcüstanda Sanaya faktorlarının sonradan bu ölkələrdəki siyasi düzənə təsiri aktual olmuşdu. Beləcə, məqalədə fikirləri yer alan şəxslərin də nə etmək istədikləri zaman keçdikcə aşkara çıxdı. Aydın oldu ki, dövlət idarəçiliklərinə qarşı qorxmaz Don Kixot formasında təqdim edilənlərin yaratdıqları xaos ciddi şəkildə idarə olunur və bu, böyük siyasi oyunların ənənəvi qəsdçilikdən uzaqlaşaraq forma və məzmun dəyişməsidir.

Belarusdan Azərbaycana ekstradisiya olunan Aleksandr Lapşin müsahibələrinin birində heç də qorxmaz Don Kixot deyil, adi insan olduğunu vurğulayıb. Təbii ki, Servantesin qəhrəmanı, əsərdə onun istədiyi vəziyyətin necə fərqli məcraya çevrilməsindən asılı olmayaraq, müsbət qəhrəmandır. Çünki səmimidir. Bu mənada, Lapşin Don Kixot olmadığını deməkdə haradasa haqlıdır. Ancaq o, adi insandırmı?

Lapşin Dağlıq Qarabağ münaqişəsində ölkəmizin ədalətli mövqeyinə əks-təbliğat xətti seçmiş, qanunlarımıza məhəl qoymamışdır. Buna görə də blogerin Azərbaycana ekstradisiyası üçün sənədlər Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən Belarus hüquq-mühafizə orqanlarına təqdim olunmuşdu. A.Lapşinin hərəkətlərində dövlət əleyhinə yönələn açıq çağırışlar və dövlət sərhədini qanunsuz olaraq keçmə əməllərinin tərkib əlamətləri olduğundan Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi qaldırılmışdı.

Hesab edirəm ki, o, indi ədalətli şəkildə mühakimə edilərək layiqli cəzasını alacaqdır. Bu, öz yerində.

Lapşin bloqlarında Azərbaycanla bağlı açıq qərəz ortaya qoyması ilə diqqəti çəkən fiqurdur. Buna qarşı təpki gördükdə isə Dağlıq Qarabağdakı separatçı rejimin "müstəqilliyini" dəstəkləyən fikirləri ilə ölkəmizin ərazi bütövlüyünün pozulmasına yönələn çağırışlar edib. Məsələ bu qədər sadədir. Ancaq qeyd etdiyim kimi, Lapşinin "şər aparatı" kimi çıxış etməsi ilk baxışdan sadə görünən mənzərəyə mürəkkəb çalarlar gətirir. Bu mənzərədəki mürəkkəblik isə əslində Dağlıq Qarabağ münaqişəsinin özünün təbiəti ilə həmahəngdir. Münaqişə də mürəkkəb köklərə malikdir...

Bizlər dünyaya Qarabağ həqiqətlərini, ədalətli mövqeyimizi təbliğ edirik. 20 ildən çoxdur ki, torpaqlarımız işğal altındadır. Məhz belə bir durumda hardansa ortaya Lapşin atılır. Sözün, insan düşüncəsi azadlığının, müstəqil yanaşma tərzinin guya toxunulmazlıq simvolu olaraq gözə girməyə çalışan adam niyəsə münaqişə ilə bağlı məhz Ermənistanın xeyrinə olan tərzdə danışır. Ən əsası isə bu danışıq Dağlıq Qarabağdakı separatçı rejimi ictimai rəydə bir növ leqallaşdırmaq mahiyyəti daşıyır. Düşünək görək, belə bir vəziyyətin yaranması yalnız Ermənistanamı sərf edən reallıqdır? Cavab birmənalıdır və demək ki, Lapşin də təsadüfi sima deyildir...

Hesab edirəm ki, Lapşinin ekstradisiyası Ramil Səfərovun Azərbaycana qaytarılması qədər önəmlidir. Ramil Səfərovla bağlı məsələdə olduğu kimi, bu məsələdə də Azərbaycan dövləti, şəxsən Prezident İlham Əliyev öz prinsipial mövqeyini göstərib. Birinci halda erməni xislətinə bir azərbaycanlının verdiyi cavab mühakimə olunmuşdusa və bu cavab Azərbaycanın qətiyyətli mövqeyi olaraq müdafiə edilmişdisə, ikinci halda ərazimizdə ikinci erməni dövlətinə yol verməyəcəyimiz, bunun üçün ifadə olunan fikrin hər vasitə ilə boğulacağı vurğulandı. Çünki fikir və söz azadlığı xalqların, millətlərin heysiyyatına toxunmaq, onların yaşantılarını saymazdan gəlmək, nəhayət beynəlxalq hüquqda təsbit olunmuş ərazi bütövlüyünü pozmaq üçün vasitə deyildir.

Bəli, Lapşin söz və ifadə azadlıqlarından separatçılığın təbliği naminə "bəhrələnmənin" bariz nümunəsidir. Onun fəaliyyətinin belə ali dəyərlərə heç bir aidiyyatı yoxdur. Ali dəyərləri ifadə etməklə öz gerçək "məqsədini" pərdələməyə çalışan bu şəxsin Azərbaycanın timsalında məhz separatçılıqdan əziyyət çəkən bir ölkədə mühakiməsi də az-az rast gəlinən hadisələrdəndir. Üç ölkənin vətəndaşı olan belə bir adamın məhz Azərbaycanda mühakimə olunması həm də eyni yolu tutmaq istəyənlər üçün yaxşı dərsdir. Axı bizlər lapşinləri, ona oxşar nələrisə az görməmişik.

Sonda A.Lapşinin Azərbaycana məhz Belarusdan ekstradisiyası üzərində dayanmaq istərdim. Yəni rəsmi Minskin, şəxsən Belarus Prezidenti Aleksandr Lukaşenkonun bütün çətinliklərə, xüsusən də Rusiyadakı bəzi dairələrin məsələdəki mövqeyinə rəğmən ölkəmizə açıq dəstək göstərməsi kifayət qədər ciddi məqamdır. O, Lapşinin Azərbaycana ekstradisiyasından çəkinmədi, müstəqil siyasət yürüdərək beynəlxalq hüquqa sayqı ilə yanaşdığını bir daha dünyaya nümayiş etdirdi.

Bu, bilavasitə Prezident İlham Əliyevin şəxsində Azərbaycan dövlətinin, diplomatiyamızın Qarabağ siyasi xəttindəki ardıcıllıq, prinsipiallıq və barışmazlıq göstəricisidir. Bu, Qarabağla bağlı bütünü siyasi spekulyasiyaları dəf etmək məharətidir. Bu, Qarabağa görə hər şeyə getmək, hər şeyi gözünün ardına almaq əzmidir.

Əflatun Amaşov,

Azərbaycan Mətbuat Şurasının sədri,

Milli Məclisin deputatı

Geri dön