Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, DAVAMın yazıları > Rus mədəniyyətinə əvəzsiz xidmətləri olan - türkəsilli Baxruşinlər
Rus mədəniyyətinə əvəzsiz xidmətləri olan - türkəsilli Baxruşinlər |
Prof.dr. Minaxanım Təkləli-Nuriyeva
Rus mədəniyyət tarixində Baxruşinlər soyunu tanımayanlar, o cümlədən müasir oxucularımızın arasında Rusiya Teatr Muzeyinin Baxruşin adına olmasını bilməyənlər gərək olmasın. Belə olan halda kimdir Baxruşinlər? Moskva tüccarı arasında Baxruşinlər əsilli-nəsilli, hörmətli ailələrdən biri hesab edilirdi. Bu vaxtın rus ictimaiyyəti arasında onlar kimi səxavətli, xeyriyyəçi, kilsəyə, yetim və kimsəsizə, kasıb-füqaraya kömək edən ikinci bir xeyirxah kimsəyə rast gəlinmir. Anna Baxruşin soy adı heç pravoslav adına da oxşamır axı?! Əslində Baxruşinlərin kökü Qasımov tatarlarına gedib dayanır. Baxruşinlərin xristianlığı qəbul etmə tarixi XVI əsrin axırlarına təsadüf edir. Həmin vaxt Baxruşinlər Ryazan torpağının Zaraysk şəhərində sakin idilər. Bu torpaq Mordva tatarlarının vətəni idi. Onlar özlərinə mordvalı, mokşa, ərzya-Ryazan adı da burdandır, deyirdilər. Bu ailə xristianlığı qəbul edəndə nəsil ağsaqqalı öz xahişnaməsində göstərirdi ki, götürdüyü bu yeni dində öz atası Baxruşun adını familiya kimi daşımağa qoy ona icazə versinlər. Demək lazımdır ki, Qızıl Ordalıların xristianlığa iman gətirməsi Özbək xanın hakimiyyəti illərində xüsusi vüsət almışdı. “1312-ci ildə Özbək xan hakimiyyətə keçib İslamı dövlət dini elan edəndə monqol noyanları “Ərəblərin dinini” qəbul etmək istəmədilər. Özbək xan bu hərcmərcliklə barışmaq istəmədi, onda İslamı qəbul etməyənləri, o cümlədən öz yaxını olan 70 Çingiz şahzadəsini edam etdirdi. 1315-ci ildə Ağ Orda xanı İlbasan da həlak oldu. Bu vətəndaş müharibəsindən canını qurtaranlar Rusiyaya qaçmaqla canlarını xilas edə bildilər. Və Kulikovo çölündə Mamaya qarşı, həmçinin Litva üzərinə hücumda Moskva qoşununun əsas nüvəsinə çevrildilər (L.Qumulyov, A.Pançenko. “Şam sönməsin deyə” (rusca), s.17). Beləliklə bu “qaçaqaç” dan sonra rusa pənah gətirmə, böyük knyazlara sığınma geniş vüsət alır. Habelə bu “siyasi sığınma” Kazan xanlığının məhvindən sonra daha şiddətlə intişar tapır. Çünki artıq pravoslav dinini qəbul etməyənlərin boyunlarına çəkməli olduqları və üzləşdikləri ciddi məhrumiyyətlər: ağır vergilər, mal-mülkün müsadirə olunması, hüquqlardan məhrum etmə və bunun əksinə olaraq “yeni xaçlanmışlara” əta edilən cəlbedici güzəştlər bu tərəddüdləri və iman üçün sədaqəti uçurmaqda, yox etməkdə idi. Baxruşinlər xristianlığı qəbul etdikdən sonra da hələ 200 ildən artıq Zarayskda yaşadılar. Zaraysk şəhərinin əsil türkcə adı Saraydır. İndi Moskva vilayətində şəhərdir. Oka çayının bir qolu olan Osotour çayı üzərində, Moskvanın cənub-şərqində (164 km. ondan uzaqda) yerləşir. Qızıl Orda şəhəri kimi XII əsrin başlanğıcında Kızıl adı ilə çiçəklənməyə başlamış, həmin əsrin sonunda isə adı dəyişdirilərək Saray şəhəri adlandırılmışdı. 1431-ci ildə talançı ruslar gəmilərlə üzüb şəhərə çıxmış onu qarət etmişdilər. III Vasilinin fərmanı ilə Saray Zaraysk (rus dili tələffüzünə uyğun olaraq) adlandırılmışdı. Baxruşinlər burada əvvəllər mal-qara, sonra isə dəri ticarəti ilə məşğul olurdular. Tacir Baxruşinlər milyonçu adını 1821-ci ildə Moskvaya köçdükdən sonra qazana bildilər. Baxruşinlər ailəsi burada Orda dövründən tatar slabodası olan Taqankada (bu məhəllədə taqan (türkcə qab-sacayağı, ümumiyyətlə qab-qazan hazırlayan sənətkarların yaşadıqları bu tarixi ərazi onların adı ilə adlanmışdır). Saray şəhərindən köçüb gəlmiş həmyerlilərinin məskunlaşdığı həyətlərdə yerləşdilər. Moskvada onlar xam dəri ticarətinə girişirlər, bəxtləri gətirir; tezliklə onlar Moskvanın sayılan ən varlı ailələrindən birinə çevrildilər. Hələ öz türklüyünü unutmamış bu ailənin pozulmaz bir qanunu var idi: Saxtakarlıqdan və haramdan qaçmaq, uzaq durmaq. Eyni zamanda heç kimə, müştərilərə də borc vermirdilər. Xəsisliyə qədər də qənaətcil idilər. Haqq-hesab dəftərində böyük məbləğdə lütf və ehsanlarından tutmuş dilənçiyə verilən iki qəpiklik sədəqəyə qədər hər bir ianə qeyd olunurdu. “Bəxşiş var xalvar-xalvar, hesab var dinar-dinar” məsəli onların həyat tərzində əsas prinsipləri idi. Firavan yaşasalar da qudurğanlıq etmirdilər, əyyaşlıq bu ailədə qadağan idi. Əks halda günahkarı elə öz ailəsində ağır cəza gözləyirdi. Tatar köklərini unutmamışdılar, ataları ölsə də, evli qardaşlar bir evdə yaşayır, ayrılmırdılar. Hamısı sözsüz olaraq böyük qardaş Pyotr Baxruşinə tabe idi. Həmişə döyüşdə olan rus ordusundan götürdükləri hərbi sifarişlər onların dövlətini bir neçə qat artırdı: Kırım müharibəsi (1853-1856) və 1877-1878-ci illər Rus-Türk hərbində dövlət sifarişlərinin hesabına onlar bir daha varlansa da bu milyonçu ailənin həyat tərzi dəyişməz qalmışdı; ailədə təmtərağı sadəcə sevmirdilər. Var-dövlət sanki başlarından tökülürdü; tezliklə Baxruşinlər Moskvanın ən xeyriyyəçi zənginlərinə çevrildilər. Elə tarixə də öz səxavətlərinin, xeyirxahlıqlarının hesabına da düşə bildilər. Hər bir cəmiyyət, birlik Baxruşin qardaşlarını özlərinə başçı seçirdilər ki, təşkilatın xeyriyyə işləri qaydasında getsin, yəni cəmiyyətin büdcəsi qaydasında olsun. Baxruşinlər Moskvada indiki Repin meydanında pulsuz ev tikib bu evin mənzillərini tavanasız ailələrə, başçısını itirmiş yoxsullara payladılar. Kasıb qızlar üçün sənət məktəbi açdılar ki, onlar əxlaqsızlığa qurşanmasınlar, öz əllərinin zəhməti ilə yaşasınlar. Baxruşinlər bununla bir çox əxlaq vaizlərindən fərqli olaraq əməli iş gördülər. Az təminatlı ailələrə yeməkxana, uşaqlarına oyun, istirahət müəssisələri, kitabxana təşkil edirdilər. Doğma Saray şəhərini də unutmurdular. Bu dünənki Türk ailəsi indi yeni inanclarından bərk yapışmışdılar; təzə etiqadlarının pravoslavlığın inkişafı adına burada böyük kilsə tikdilər və Sarayın kasıb qızlarına cehiz verib, toyunu edib köçürdülər. Ana şəhərlərinin bütün kasıb təbəqəsini saxlamaqdan ötrü burada fond açmış, xeyriyyə tədbirləri üçün ayrıca vəsait qoymuşdular. Bütün qardaşlardan çox yaşayan Aleksey Baxruşin (92 yaş) var-dövlətinin daha böyük hissəsini öz uşaqlarına deyil, yetim uşaqlara və kilsəyə vəsiyyət etdi. Baxruşin teatrının əsasını (indi: Qorki adına Moskva Bədaye Teatrı) o qoymuşdu. Odur ki, Baxruşinləri tarixə yazıb həkk edən onların milyonları yox, sənətə aşiqlikləri və bu yolda gördükləri işlər oldu. Aleksandr Baxruşinin hər üç oğlu sənət vurğunu idi, onlar köhnə tacirlərdən fərqlənirdilər. Xüsusən onlardan biri Aleksey Baxruşin incəsənətə, xüsusən teatra olan həvəsi ilə onları ötüb keçdi. O teatra, sənətə aid olan əşyaları xüsusi səylə yığır, sərgilər təşkil edir, eksponatları nümayiş etdirmək üçün evində muzeylər yaradırdı. Xüsusi malikanələrində muzey açaraq bu muzeyi eksponatları aşıb daşan şöbələrə böldü: teatr, etnoqrafik, musiqi alətləri, teatr afişaları, sənətə aid kitablar və s. Elə bu kolleksiyası əsasında 1894-cü ildə Rusiyada ilk teatr muzeyi açılır. 1913-cü ildə bu muzeyi və muzey üçün üç mərtəbəli gözəl daş evini Rusiya Elmlər Akademiyasına bağışlayır. Belə bir ürək sahibi Aleksey Baxruşin inqilabdan sonra da Rusiyanı tərk edib heç yerə getmir. Bu zəngin nəslin var-dövlətinə son qoyacaq Oktyabr inqilabı yaxınlaşırdı. İnqilabın ilk illərinin aclığı dəhşətində Aleksey Baxruşinin milyonçu qızı olan arvadı çəkməçi işləyib qazancı ilə ailəsini saxlamağa məcbur olur. Onları səsdən də məhrum edirlər. Özü ağır xəstə idi. Oğlu tuthatutdan yayınaraq, həm də bir parça çörək üçün kənddə yaşayırdı. Əzab çəkən atasını yanına apardı, ona bir otaq da ayıra bildi. Bəlkə buradakı rahatlıq atasının ömrünü uzada bilər deyə, amma ata Baxruşin həyatın zərbələrinə səbr göstərirdi. Ağır zəhmət hesabına böyük var-dövlət toplamışdılar. Xalqa heç kimin etmədiyi səxavəti gostərmişdilər; neçə-neçə Allah evi, kilsə tikdirmişdilər. Sonra Oktyabrın “Səmum yelləri” hər şeyi süpürüb atanda məhrumiyyətlərlə bərabər keçmiş dövlətlərindən təkcə dözüm və təvəkkül onlarla qaldı. Bu keyfiyyət digər gözəlliklər kimi onların indi damarlarında daşıdıqları 5-6 nəsil əvvəlki ulu babalarının türk qanı idi. Geri dön |