Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan-Təbriz, DAVAMın yazıları > Azərbaycan-İran Münasibətləri və Güney Azərbaycan Məsələsi
Azərbaycan-İran Münasibətləri və Güney Azərbaycan Məsələsi |
Azərbaycan-İran Münasibətləri və Cənubi Azərbaycan Məsələsi
Daha öncəki yazılarımızda İranın ümumən Qafqaz siyasətinə və xüsusi olaraq Azərbaycan-İran münasibətlərinin bəzi istiqamətlərinə toxunmuş, fəqət ikitərəfli münasibətlərdə ən vacib məqamlardan olan Cənubi Azərbaycan məsələsinə ayrıca baxacağımızı qeyd etmişdik. Çünkü ikitərəfli münasibətlərdəki bütün istiqamətlərin kökündə az və ya çox dərəcədə, amma mütləq şəkildə bu məqamın izlərini görmək mümkündür. Varlıq problemilə əlaqəli olduğu (göründüyü) üçün hər iki dövlət, xüsusilə də İran siyasətini. Yalnız İranda istifadə edilən "Şimal İran", Azərbaycanda istifadə edilən "Cənub Azərbaycan", ya da "Birləşmiş Azərbaycan" (Bütöv Azərbaycan) anlayışları deyil, şəxslər və dəyərlər də mübahisə/müzakirə və gərginlik qaynağı ola bilməkdədir. Bu günkü rəsmi İran sərhədləri daxilində yaşayan Azərbaycan Türkü mənşəli yazar, şair, sənətçilərin mövqeləri və fəaliyyətlərinin Azərbaycan ilə əlaqələndirilməsi, müxtəlif şair və yazarların İran rəsmiləri tərəfindən “İran şairi” kimi adlandırılmaları qarşılıqlı etirazlara sahib olmuşdur. Bunun da sadə bir səbəbi var. Sanki müstəqil Azərbaycan və “bütöv İran” geopolitik təzad təşkil edirlər və hər iki tərəf bu mövzunu varlıq və təhlükəsizlik problemi kimi qiymətləndirir. 1980-ci illərin ikinci yarısında Bakıda keçirilən nümayişlər Sovet İmperiyası içərisində Azərbaycanın müstəqillik mübarizəsi xarakteri ilə yanaşı "Cənubi Azərbaycan" şüarına da sahib idi. Digər yandan sanki ümumiyyətlə Azərbaycanı (yalnız müstəqil Azərbaycanın sahib olacağı siyasi xətti deyil, özünü, hətta adını belə) özünə təhdid kimi görən İran Azərbaycanın müstəqillik ehyimalından xeyli narahat olmuşdu və bunu gizlətmirdi də. Belə ki, İranın xarici işlər naziri Əli Əkbər Vilayəti 30 noyabr 1991 tarixdə (hansı ki, artıq SSRİ-nin yaşamasına heç bir ümid qalmamışdı) Moskvaya səfəri vaxtı verdiyi bəyanatda Sovet respublikalarına Moskva mərkəzli baxacaqlarını və əslində bu respublikalar üçün də xeyirlisinin SSRİ-də qalmaq olacağını iddia etmişdi. Bu səbəbdən Azərbaycan müstəqilliyini elan etdikdən sonra İran “çox da tələsmədi” və Azərbaycanın müstəqilliyini ancaq çox sayda dövlət tanıdıqdan sonra 25 dekabr 1991-ci il tarixdə tanımışdır. Qeyd edək ki, buna qədər mühüm bir hadisə artıq baş vermişdi. Belə ki, 31 dekabr 1989-cu il tarixdə SSRİ-İran sərhədinin Azərbaycan qisimi (iki Azərbaycan - Şimali və Cənubi Azərbaycan arasındakı tikanlı məftillər) dağıdılmışdı. Bu hadisənin planlanması və həyata keçirilməsi ilə bağlı fərqli düşüncələr olsa da ən azı iki tərəfin də ayrılıqdan cana doyduğunun nümayişinə dair bir fikir birliyi var idi. Bu da İran baxımından kifayət qədər narahatedici amil idi. Azərbaycanın müstəqilliyinə yenidən qovuşarkən prezident olan Ayaz Mütəllibov İranla bağlı maksimum ehtiyatlı siyasət aparmağa və İranı “narahat etməməyə” çalışırdı. Müstəqillikdən sonrakı ilk prezident seçkisində “açıq danışmağı” sevən və Cənubi Azərbaycan məsələsinə həssas yanaşan Əbülfəz Elçibəyin qələbə çalması isə münasibətlərin gələcəyi baxımından sadəcə narahatlıqlar vəd edirdi. Milli azadlıq hərəkatının liderlərindən biri və Azərbaycan Xalq Cəbhəsinin sədri Əbülfəz Elçibəy hələ prezident seçkilərindən bir gün əvvəl televiziya ilə müsahibəsində işlətdiyi İranın parçalanacağı və vahit Azərbaycanın qurulacağı günün uzaq olmadığına dair ifadələr İran üçün “müstəqil Azərbaycan” xofunun artması üçün kifayət idi. Bəzi yanaşmalara görə 1992-1993-cü illərdəki AXC hakimiyyətinin İran siyasəti əslində vahid xəttə malik deyildi. Həmin yanaşmalarda daha çox üstünlük təşkil edən iki fərqli siyasi xəttin mövcud olduğu vurğulanır. Birinci xətt ümumi olaraq İrana qarşı fəal siyasət izləməyi, "Cənubi Azərbaycan" problemini rəsmi danışıqlarda tez-tez vurğulamağı və əlaqələrdəki təməl problemin İrandakı Azərbaycan Türklərinin vəziyyəti olduğunu ifadə etməyi müdafiə edirdi. İkinci yanaşmanın tərəfdarları isə normal ikitərəfli əlaqələrin mümkün olduğu qədər inkişaf etdirilməsiylə Azərbaycan Türklərinin bölünmüşlüyü probleminin həll edilə biləcəyi fikrini müdafiə edirdilər. Hər iki xətt kifayət qədər güclü müdafiə olunduğundan (birincisi prezident başda olmaqla əksəriyyət, ikincisi isə mövzu baxımından xüsusilə əhəmiyyətli olan Xarici İşlər Naziri və Parlamentin Sədri səviyyəsində) xəttlərdən birinin digərinə mütləq üstünlüyü mümkün olmamışdır. Yenə də Azərbaycan ilə İran arasında rəsmi münasibətlərin normal qaydada qurulması üçün təşəbbüslər göstərilmiş və Azərbaycan rəsmiləri İranla bağlı ərazi iddiası xarakterli addımlar atmamışdır. Digər tərəfdən, İran bölgədə Şiəlik amilindən istifadə etməyə çalışmışdır. Bununla həm Azərbaycan daxilində imkanlarını artıracağını, həm də Türkiyə başda olmaqla rəqibi kimi qiymətləndirdiyi ölkələrin imkanlarını məhdudlaşdıracağını düşünmüşdür. Ən azı iki qonşusu Rusiya və İran üçün eyni vaxtda “problem olmağa başlayan” Elçibəy 1993-cü ilin iyunundakı hərbi çevriliş təşəbbüsü nəticəsində hakimiyyətdən getdikdən sonra İran-Azərbaycan münasibətlərində qismi yaxşılaşma, yeni hakimiyyət üçün ideoloji olaraq Cənubi Azərbaycan məsələsinin mövcud olmadığı görüntüsü, Cənubi Azərbaycan amilini bir qədər arxa plana keçirmişdir. Amma Azərbaycan Respublikası daxilindəki “Cənubi Azərbaycan” potensialı, İran üçün Azərbaycan adının belə problem olması, İranın Azərbaycan daxilində xüsusi planlar həyata keçirmə təşəbbüsləri, yeni Heydər Əliyev hakimiyyətinin də bir qədər ideoloji, amma həm də praqmatik maraqlar çərçivəsində mövzuya qapılarını tam bağlamaması, hətta bəzən İranı heyətləndirəcək dərəcədə açıq saxlaması mövzunun aktuallığını saxlamasına səbəb olmuşdur. Xaricdə Dünya Azərbaycanlıları Konqresinin yaradılması, prosesə Azərbaycanın orta rəsmi səviyyədə qoşulması, Azərbaycanda rəsmi səviyyədə Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının qurulması və Dünya Azərbaycanlılarının ilk qurultayının keçirilməsi də bu istiqamətdəki vacib addımlardan olmuşdur. Bütün bu mərhələlərdə İranda bəzən rəsmi, bəzən yarı-rəsmi səviyyədə Azərbaycan Respublikası ilə bağlı “Şimali İran” ifadələri də əksik olmamışdır. Daha sonra hakimiyyətə gələn İlham Əliyev dövründə Cənubi Azərbaycan mövzusu daha da aktuallıq qazanmağa başlamışdır. 16 mart 2006-cı il tarixdə Bakıda keçirilən Dünya Azərbaycanlıları Qurultayı isə mövzunun gərginlik qaynağı kimi zirvəyə daşındığı proseslərdən biri olmuşdur. Belə ki, Qurultaydakı bəzi çıxışlar Azərbaycan ilə İran arasında gərginliyi artırmışdır. İranın Azərbaycan səfiri Əfşar Süleymani qurultaydan sonra Azərbaycana qarşı çox sərt açıqlamalar vermiş, Martın 17-də isə İran Azərbaycana nota vermişdir. Səfir Süleymaninin açıqlamalarında və İranın notasında Azərbaycan hakimiyyəti ikitərəfli əlaqələrə kölgə salmaqla günahlandırılmışdır. Süleymaninin Azərbaycana qarşı sərt bir üslubda danışması, qurultayda çıxış edən bəzi şəxsləri "şəxsiyyətini itirmişlər" ifadəsilə təhqir etməsi və hətta özünü saxlaya bilməyib Azərbaycanı "tarixi İran torpağı" kimi xarakterizə etməsi Azərbaycanda sərt etirazlara səbəb olmuşdur. İranın Azərbaycandakı Səfirliyi qarşısında etiraz aksiyaları keçirilmiş, bəzi Azərbaycan rəsmilərinin etiraz bəyanatları səslənmişdir. İranın rəsmi mətbuatında Azərbaycan kimliyinin təhqirinə etiraz, Babək qalasına yürüyüşlərə dəstək, Urmu gölünün qurudulmasına etirazlar və nəhayət Traxtor komandasının azarkeşliyinin artması (fan-klubun yaradılması) Azərbaycan-İran münasibətlərində Cənubi Azərbaycan amilinə yeni məqamlar kimi daxil olmuşdur. Hazırda Azərbaycan-İsrail və İran-Ermənistan münasibətləri fonunda sanki kölgədə qalırmış kimi görünsə də Cənubi Azərbaycan amilinin münasibətlərin strategiyasını müəyyənləşdirən əsas amil olduğu mübahisəsizdir. Araz Aslanlı, Geri dön |