Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > ""Diplomat"ı gizli çap edən mətbəə araşdırmalıdır"
""Diplomat"ı gizli çap edən mətbəə araşdırmalıdır" |
Ənvər Börüsoy: “Böyük ehtimalla adı gizli saxlanılan həmin mətbəə də Tahir Süleymanın arxasında dayanan şəbəkənindir”
Azərbaycan və kürd dillərində çıxan həftəlik “Diplomat” qəzetinin Bakıda hansısa gizli mətbəədə çapını davam etdirməsi barədə srağagün qəzetin baş redaktoru Tahir Süleymana istinadən məlumat vermişik. T.Süleyman bildirib ki, qəzetin 4 sayı Gürcüstanda, son 2 sayı isə Azərbaycanda bir mətbəədə çap edilib. T.Süleyman həmin mətbəənin adını və ünvanını gizli saxlayıb. Qeyd edək ki, “Diplomat” qəzeti zaman-zaman terror təşkilatı kimi tanınan PKK-nın liderləri Abdulla Öcalanı, Murad Karayılanı müxtəlif vaxtlarda müdafiə edən yazılar yayımlayıb, onların bəyanatlarını, müsahibələrini, müraciətlərini dərc edib. Azərbaycanda bir sıra ictimai, siyasi qurumlar, şəxslər “Diplomat”ın fəaliyyətinin dayandırılması çağırışlarını da ediblər. Bu cür çağırışlarla ən çox çıxış edənlərdən biri isə Qafqaz üzrə tanınmış araşdırmaçı Ənvər Börüsoy olub. Ənvər Börüsoy “Diplomat”ın hansısa gizli mətbəədə çap olunmasına kəskin münasibət bildirdi: “Düzdür, mən mətbuata maneələrin əleyhinə olan adamam. Ancaq terror təşkilatlarına rəhbərlik etmiş insanların təbliğatı ilə məşğul olan, Azərbaycanın Kəlbəcər, Laçın və digər bir sıra bölgələrinin ”Qızıl Kürdüstan" adlı “dövlət”in qondarma xəritəsinə daxil edib həmin xəritəni dərc edən qəzetin çapının qarşısı alınmalıdır. Dövlətin və xalqın təhlükəsizliyinə məsul olan orqanlar araşdırma aparıb həmin qəzetin hansı mətbəədə çap edildiyini tapmalı və çapın qarşısını almalıdır. Ya bu qəzet öz səhifələrində terrorçuların təbliğatından, hansısa qondarma dövlət ideyalarının təbliğatından əl çəkməlidir. Ya da rəsmi şəkildə tamamilə qadağan edilməlidir. Bütün mətbəələrin imtinasından sonra da Azərbaycanda həmin qəzetin gizli şəkildə çap edilməsi artıq çox mətləblərdən xəbər verir. Böyük ehtimalla adı gizli saxlanılan həmin mətbəə də “Diplomat”ın və Tahir Süleymanın arxasında dayanan şəbəkənindir. Onların qəzeti çap etmələri artıq hər kəsə meydan oxumaqdır". Ə.Börüsoy onu da dedi ki, qəzetinin çapının hər cür şəraitdə çap olunduğunu görən Tahir Süleyman bir az da həvəslənib bu qəzetin diplomata-kurdi.com adlı internet saytını da yaradıb: “Həmin saytda bir loqo yerləşdirilib. Ona diqqətlə baxsanız çox şeylər sizə aydın olacaq. Saytın əsas səhifəsində 18-ci əsrdən Abdulla Öcalana qədər türk xalqına qənim kəsilmiş bir qrup adamın şəkilləri yerləşdirilib. Onların qəhrəman olduğu təbliğ edilir. Mən hesab edirəm ki, ya o saytda o cür materiallar yığışdırılmalıdır, ya da sayt barədə də ölçü götürülməlidir. Biz qətiyyən kürd xalqının əleyhinə deyilik. Kürdləri də Azərbaycanın bərabərhüquqlu vətəndaşları sayırıq. ”Diplomat" qəzeti və həmin sayt səhifələrində kürd xalqının mədəniyyətini təbliğ etsə, terrorçuların təbliğatını aparmasa, təbii ki, onların qarşısının alınması üçün heç bir tələb irəli sürülməz. Əksinə, fəaliyyətlərinə kimsə maneə yaratmaq istəsə onları müdafiə belə edərik. Lakin təəssüf ki, Tahir Süleymanın qəzeti və saytı Azərbaycanın və Türkiyənin düşməni olan insanların təbliğat tribunasına çevirib". T.Süleyman isə rəhbərlik etdiyi qəzetin və saytın terrorçuları təbliğ etdiyi barədə iddiaları əsassız hesab edir: “Gəlin qəzetin podşivkasını açaq görək mən hansı yazımda terrorçuları təbliğ eləmişəm? Yoxdur belə yazılar. Biz Azərbaycan dövlətini başqalarından az sevmirik. Azərbaycanda ciddi hüquq-mühafizə orqanları var. Əgər hər hansı qanunsuz hərəkətimiz olsaydı, çoxdan ölçü götürülərdi”. FUAD Geri dön |