Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, DAVAMın yazıları > Ana dili - Cəlil Məmmədquluzadənin hekayəsi
Ana dili - Cəlil Məmmədquluzadənin hekayəsi |
Hərdən mənim xəyalıma bir belə şey gəlir:
Mən universitet, yəni darülfunundan təzə qurtarıb vətənimizə gələn günü şəhərimizin qazısı Axund Molla Səbzəli gəldi bizim evə mənim görüşümə. Evimizdə heç kəs yox idi, anamdan savayı. Bu övrət də çıxdı o biri otağa və qazı ilə biz başladıq söhbəti. Deməyinən yazıq anam da qapının dalında durub qulaq asırdı. Qazı içəri girən kimi mən yeridim və dedim: “Salam məleyk”. Cənab qazı mənə cavab verdi: “Ay əssalamü əleyküm, ay xudahafiz, əhvali-şərif, ənasiri-lətif, maşaallah, maşaallah, Əxəvizadə, neçə müddətdi müntəziri-vücudi-zicudunuz və müştaqi-didarınız idim, inşaallah zati-alinizin məzacı-mübarəkləri salimdir”. Mən bir şey başa düşməyib dedim: “Da”. Cənab qazı bir qədər baxdı mənim üzümə və genə başladı: “Əxəvizadə, təhsili-fünunuzu əncama yetiribsiniz, ya dübarə təkmili-nöqsan üçün darülelmə əvdət etməlisiniz?” Mən genə bir şey başa düşməyib dedim ki, “Cənab axund, yaxşı panimat eləmirəm ki, nə ərz edirsiniz”. Axund soruşdu: “Necə?” Mən dedim: “Çto?” Söhbətimiz elə bu cür qurtardı və axund başmaqlarını geyib çıxdı getdi. Anam girdi içəri və mənə dedi: “Balam, mollaynan nə dil danışırdınız ki, mən heç başa düşmədim”. Dedim: “Ana, mollaynan biz ana dili danışırdıq”. Anam başını saldı aşağı və bir qədər fikrə gedib dedi: “Yazıq ana dili!” Geri dön |