Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Danimarka şirkətləri Azərbaycan büdcəsinə daha çox vergi ödəyəcək
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > İqtisadiyyat > Danimarka şirkətləri Azərbaycan büdcəsinə daha çox vergi ödəyəcək

Danimarka şirkətləri Azərbaycan büdcəsinə daha çox vergi ödəyəcək


Vergilər Nazirliyi son illər ikiqat vergitutmanın aradan qaldırılmasını nəzərdə tutan sazişlər şəbəkəsini əhəmiyyətli dərəcədə genişləndirib. Beynəlxalq əlaqələrin genişləndirilməsi istiqamətində növbəti addım Azərbaycan Respublikası Hökuməti və Danimarka Krallığı Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Konvensiyanın imzalanması oldu. İkiqat vergitutmanın aradan qaldırılması barədə beynəlxalq sazişlərin imzalanması ölkədə əlverişli investisiya mühitinin yaradılmasına birbaşa təsir göstərməklə yanaşı, həm də vergidən yayınma hallarının qarşısının alınması məqsədilə vergi orqanlarının bir-birinə qarşılıqlı yardım göstərməsi üçün əlavə imkanlar yaradır. Danimarkanın vergilər naziri Karsten Lauritzen sazişin imzalanmasının Azərbaycan və Danimarka arasında mövcud olan düzgün siyasi əlaqələrin, qarşılıqlı münasibətlərin, məhsuldar iqtisadi əlaqələrin daha da inkişafına şərait yaradacağını vurğulayıb: “İkiqat vergitutmanın aradan qaldırılmasının ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafına töhfə verəcəyini, eləcə də vergidən yayınmanın qarşısının alınmasına xidmət edəcəyini düşünürük. Bu sənəd hər iki ölkənin şirkətləri və iş adamları üçün geniş imkanlar açacaq”.

Azərbaycanın artıq neftdən asılı iqtisadiyyatdan uzaqlaşaraq, postneft dövrünü yaşadığını bildirən danimarkalı nazir ölkəmizin iqtisadi imkanlarını yüksək qiymətləndirib: “Bu gün Azərbaycan iqtisadiyyatından danışanda yalnız neftlə kifayətlənmirlər, ölkə iqtisadiyyatı kifayət qədər şaxələndirilib və sözün həqiqi mənasında, böyük və hərtərəfli sənaye kompleksi yaradılıb. Bir çox sahələr, xüsusilə kənd təsərrüfatı üzrə Danimarka şirkətləri Azərbaycana böyük maraq göstərirlər. Yəqin ki, yaxın zamanlarda bu sahədə mühüm irəliləyişlər olacaq. Azərbaycan iqtisadiyyatında müqayisəli üstünlüklərin mövcudluğu, qeyri-neft sektorunun rolunun davamlı şəkildə genişlənməsi və istehlakın artması əcnəbi investorların nəzərindən qaçmır. Danimarkanın bir çox böyük şirkətləri Azərbaycana investisiya yatırmağa maraqlıdırlar. Güman edirəm ki, ikiqat vergitutma ilə bağlı sazişin imzalanmasından sonra bu, reallığa çevriləcək”.

Hazırda dünyanın əksər ölkələri ikiqat vergitutmanın beynəlxalq ticarət, kapitalın sərbəst hərəkəti və bazarların inkişafı üçün maneələr yaratdığı qənaətinə gəlmişlər. Ona görə də dövlətlər ikiqat vergitutma problemini daxili qanunvericiliyin dəyişdirilməsi və beynəlxalq sazişlərin bağlanması yolu ilə həll etməyə çalışırlar.

Son dövrlərin iqtisadi göstəricilərinə əsasən, ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi aşağı səviyyədədir. Bu da müəyyən mənada Azərbaycanda çox az sayda danimarkalı iş adamları və şirkətlərinin olmasından irəli gəlir. Danimarkalı nazir ümid etdiyini bildirib ki, bu saziş imzalandıqdan sonra onların sayı daha da artacaq. Bu isə son nəticədə Danimarka şirkətlərinin Azərbaycan büdcəsinə daha çox vergi ödəyəcəyi deməkdir.

Geri dön