Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar Ermənistanın Vaşinqtondakı səfirliyi qarşısında etiraz aksiyası keçirilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Qərbi Azərbaycan-İrəvan > Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar Ermənistanın Vaşinqtondakı səfirliyi qarşısında etiraz aksiyası keçirilib

Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar Ermənistanın Vaşinqtondakı səfirliyi qarşısında etiraz aksiyası keçirilib


Fevralın 24-də ABŞ Azərbaycanlılar Şəbəkəsi (USAN) Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar Ermənistanın Vaşinqtondakı səfirliyi qarşısında etiraz aksiyası keçirib.

Aksiyada Azərbaycan və türk icmalarının Vaşinqtonda və onun ətrafında yaşayan üzvləri iştirak ediblər. Nümayişçilərin əllərindəki plakatlarda Ermənistanın Azərbaycana qarşı təcavüzü və Xocalı soyqırımı haqqında faktlar əks olunub. Bannerlərdə dünya birliyinə müraciətlə Xocalı soyqırımını dövlət səviyyəsində tanımaqla bağlı şüarlar, həmçinin bu soyqırımının ABŞ-ın 20-dən çox ştatı və dünyanın bir sıra ölkələri tərəfindən tanınması və pislənməsi haqqında məlumatlar yer alıb. Bəzi plakatlarda Xocalıda törədilmiş kütləvi qırğının əsas təqsirkarları, o cümlədən Ermənistanın indiki prezidenti Serj Sarkisyan, bu ölkənin keçmiş prezidenti Robert Köçəryan, keçmiş müdafiə naziri Seyran Ohanyan, erməni terroru ideoloqlarından olan Zori Balayan və beynəlxalq terrorçu Monte Melkonyan təsvir edilib. Plakatlarda, həmçinin Ermənistan ordusunun ötən ilin aprel ayında həyata keçirdiyi təxribat haqqında faktlar yer alıb.

Aksiya zamanı “Ermənistan - qeyri-müstəqil nökər dövlət”, “Erməni terrorunu pisləyin!”, “Xocalı qırğını bir daha təkrarlanmamalıdır!”, “Ermənistan etnik təmizləmədə təqsirkardır!”, “Ermənistana ar olsun!”, “Ermənistan, Qarabağdan rədd ol!”, “Uşaq qatilləri”, “Ermənistan vassal dövlətdir”, “Amerikalı vergi ödəyicilərindən pul diləndiyiniz yetər!”, “Biz Xocalını unutmayacağıq!”, “Azərbaycan torpaqlarından əl çəkin!”, “Ermənistan, beynəlxalq hüquqa riayət et!”, “Sarkisyan, Ohanyan cinayətkardırlar” və sair şüarlar səslənib.

Etiraz aksiyasının iştirakçıları Ermənistan hökumətini Xocalı soyqırımını tanımağa çağırıb. Həmçinin erməni silahlı qüvvələrinin Azərbaycandan dərhal çıxarılmasını, girovların azad olunmasını və azərbaycanlı məcburi köçkünlərin doğma yurdlarına qayıtması üçün şəraitin yaradılmasını tələb ediblər. İcma üzvləri Ermənistan hökumətini Azərbaycanın Dağlıq Qarabağ regionunun digər yaşayış məntəqələrində, o cümlədən Malıbəyli, Quşçular, Ağdaban və Qaradağlıda da dinc azərbaycanlı əhalinin kütləvi şəkildə qətlə yetirilməsi faktlarını tanımağa çağırıblar.

Aksiya iştirakçıları Ermənistanın BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 nömrəli qətnamələrinin tələblərini yerinə yetirməklə bağlı çağırışlar ediblər.

Qeyd edək ki, ABŞ Azərbaycanlılar Şəbəkəsi Xocalı qətliamı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq bu kütləvi qırğının tanınması tələbləri ilə hər il etiraz aksiyası keçirir. Bununla yanaşı, şəbəkə artıq 10 ildir Amerika ictimaiyyətini Xocalı soyqırımı barədə məlumatlandırmaq üçün hər il bir neçə kampaniya keçirir.

Geri dön