Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İslam dini > Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Xocalı soyqırımı ilə bağlı anım tədbiri keçirib
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Xocalı soyqırımı ilə bağlı anım tədbiri keçirib |
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə Xocalı faciəsinin 25-ci ildönümü ilə əlaqədar konfrans keçirilib.
Komitənin mətbuat xidmətindən verilən məlumata görə, konfransda Dövlət Komitəsinin rəsmiləri, ölkəmizdə fəaliyyət göstərən dini konfessiyaların və dini icmaların rəhbərləri, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin (YAP GB) nümayəndələri, eləcə də dini təhsil müəssisələrinin müəllim və tələbələri iştirak ediblər. Konfransda Xocalı faciəsi qurbanlarının xatirəsi birdəqiqəlik sükutla anıldıqdan sonra Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin dəstəyi ilə ərsəyə gələn, Xocalı faciəsindən bəhs edən videoçarx nümayiş olunub. DQİDK sədrinin müavini Gündüz İsmayılov Azərbaycan xalqının tarixinə qanlı faciə kimi daxil olmuş, XX əsrin ən dəhşətli soyqırımı hesab olunan Xocalı qətliamının başvermə səbəblərindən bəhs edib. Bu faciənin Azərbaycan xalqına və bəşəriyyətə qarşı törədilmiş ən ağır cinayətlərdən biri olduğunu bildirib. Sədr müavini əlavə edib ki, bu əməllərin qabaqcadan düşünülmüş qaydada, milli mənsubiyyətinə görə insanların tamamilə və ya qismən məhv edilməsi niyyəti ilə törədilməsi Xocalı faciəsinin beynəlxalq hüquqa əsasən məhz soyqırımı olduğunu təsdiq edir. Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması istiqamətində dövlət səviyyəsində, o cümlədən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyası çərçivəsində görülən işlərdən danışan G.İsmayılov gənclərin milli-mənəvi dəyərlərimizə sadiq, vətənpərvər və dövlətçilik ruhunda formalaşmasının vacibliyini vurğulayıb. Alban-udi xristian dini icmasının sədri Robert Mobili Xocalı soyqırımının Azərbaycanda yaşayan bütün xalqların, dinlərin nümayəndələrinin faciəsi olduğunu qeyd edib. Bu faciəyə beynəlxalq miqyasda siyasi-hüquqi qiymət verilməsinin zəruriliyini vurğulayan dini icma sədri ermənilərin 200 ildir ki, Azərbaycan torpaqlarında soyqırımlar törətdiyini və tarixi alban abidələrini də məhv etdiklərini dilə gətirib. Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının nümayəndəsi Konstantin Pominov Azərbaycan xalqına və insanlığa qarşı törədilmiş Xocalı soyqırımın Holokost, Xatın və Sonqmi faciələri ilə eyni səviyyədə qiymətləndirməli olduğunu bildirib. Konstantin Pominov Azərbaycanın ərazi bütövlüyünün tezliklə bərpa edilməsinin və bu faciəyə beynəlxalq miqyasda siyasi-hüquqi qiymət verilməsinin vacibliyini qeyd edib. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi Hacı Şahin Həsənli Xocalı soyqırımının Azərbaycan xalqı üçün mənəvi hadisəyə çevrildiyini və bu soyqırımın etnik, dini mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan xalqının ortaq dərdi olduğunu bildirib. Xocalı soyqırımının dünyaya tanıdılması istiqamətində həyata keçirilən işlərdən danışan Hacı Şahin Həsənli dünyada söz sahibi olan ölkələrin Xocalı hadisəsinə hüquqi qiymət verməyə tələsməməsinə təəssüfləndiyini bildirib. Ermənilərin Xocalıda soyqırımı törətməklə Azərbaycan xalqında xof yaratmaq niyyətinin baş tutmadığını qeyd edən din xadimi aprel döyüşlərində gənclərimizin vətənpərvərlik ruhunun yüksək səviyyədə olmasının buna əyani sübut olduğunu bildirib. Bakı şəhəri Dağ Yəhudiləri dini icmasının nümayəndəsi Raxmil Mixaylov, Roma Katolik Kilsəsinin Azərbaycandakı nümayəndəsi Yozef Marak çıxışlarında Xocalı qətliamını Azərbaycan xalqına qarşı soyqırımı kimi xarakterizə edib və faciəyə hüquqi qiymət verilməsinin zəruriliyini vurğulayıblar. Daha sonra şəhidlərin ruhuna dualar oxunub. Geri dön |