Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Strateji Yol Xəritəsinin icrası yoxsulluğun aradan qaldırılmasına imkan verəcək
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > İqtisadiyyat > Strateji Yol Xəritəsinin icrası yoxsulluğun aradan qaldırılmasına imkan verəcək

Strateji Yol Xəritəsinin icrası yoxsulluğun aradan qaldırılmasına imkan verəcək


Son 15 ildə Azərbaycanda yoxsulluğun azaldılması istiqamətində həyata keçirilən kompleks tədbirlər, ölkədə aparılan genişmiqyaslı islahatlar davamlı sosial-iqtisadi inkişafa səbəb olub və əhalinin həyat səviyyəsi yaxşılaşıb. Belə ki, ölkədəki yoxsulluq səviyyəsi 2001-ci ildəki 49 faizdən 2015-ci ildə 4,9 faizə enib. Yoxsulluq səviyyəsində yaşayan əhalinin xüsusi çəkisi on il ərzində 10 dəfə azalıb. Dünya ölkələrinin 2015-ci il üzrə aidiyyəti statistik göstəricilərinin təhlili Azərbaycanın ən aşağı yoxsulluq göstəricisinə malik az sayda ölkələr sırasında olduğunu deməyə əsas verir. Bu göstərici Macarıstanda 14,5 faiz, Portuqaliyada 19,5 faiz, Rumıniyada 25,4 faiz, Latviyada 22,5 faiz, Litvada 22,2 faiz, Yunanıstanda 21,4 faiz səviyyəsindədir.

2017-ci il yanvarın 1-nə olan məlumata görə, Azərbaycan Respublikasında yoxsulluq səviyyəsi 5,9 faiz təşkil edib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin eksperti Ramil Hüseyn bildirib ki, dünya iqtisadiyyatında baş verən neqativ proseslər, neftin ucuzlaşması nəticəsində ixracın azalması həm Azərbaycan iqtisadiyyatına, həm də yoxsulluq səviyyəsinə öz təsirini göstərib. Nəticədə 2016-cı ildə yoxsulluq səviyyəsində cüzi artım olsa da, vaxtında görülən qabaqlayıcı tədbirlər nəticə verib. Xüsusən də buğdanın idxalına və satışına, buğda ununun və çörəyin istehsalına və satışına əlavə dəyər vergisinin tətbiqinin dayandırılması, dərman vasitələri bazarının tənzimlənməsi ilə qiymət artımının qarşısının alınması, elektrik enerjisinin və təbii qazın ölkədaxili tariflərinin həssas təbəqənin maraqlarına uyğun olaraq yenidən tənzimlənməsi və bu kimi digər tədbirlər yoxsulluğun qarşısının alınmasında müstəsna rol oynayıb. Hazırda qonşu dövlətlərlə müqayisədə ən aşağı yoxsulluq göstəricisi Azərbaycandadır.

Ramil Hüseyn qeyd edib ki, Prezident İlham Əliyevin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi", əsasən, ölkədə əhalinin bütün təbəqələrinin etibarlı ərzaq təminatına nail olunması mexanizmlərini formalaşdıracaq. Bu isə yoxsulluğun azaldılmasına xidmət edəcək.

Ümumiyyətlə isə strateji yol xəritələrinin icrası nəticəsində 2025-ci ildən sonrakı dövrdə yoxsulluq ünvanlı şəkildə tam aradan qaldırılacaq, keyfiyyətli səhiyyə xidmətlərinə və təhsilə çıxış imkanları genişləndiriləcək. 2025-ci ildən sonrakı dövrdə yoxsulluq probleminin həllinə iki yanaşma olacaq: layiqli iş yerlərinin sayının artırılması; əməkhaqqı və digər gəlirləri ilə ən zəruri ehtiyaclarını ödəyə bilməyən insanlara ünvanlı sosial dəstək. Minimum əməkhaqqı məbləğində tədrici artım işləyən yoxsul insanların xüsusi çəkisini minimuma endirəcək. Xüsusən də minimum əməkhaqqı orta əməkhaqqı səviyyəsinin 60 faizinə yaxınlaşacaq.

Qeyd edək ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin fəaliyyətinin məqsədləri ölkənin dayanıqlı iqtisadi inkişafının təmin edilməsi istiqamətində makro və mikroiqtisadi səviyyədə təhlil və tədqiqatlar aparmaqla, analitik məlumatlar əsasında iqtisadi islahatların həyata keçirilməsi üçün təkliflər, habelə orta və uzunmüddətli dövr üçün proqnozlar hazırlamaqdan, dövlət orqanlarını və qurumlarını həmin proqnozlarla təmin etməkdən, həmçinin iqtisadiyyatın müxtəlif sahələrində Azərbaycan Respublikasının nailiyyətlərinin təbliğini təşkil etməkdən ibarətdir.

Geri dön