Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Müsahibə > Qulam İshaqzai: “BMT Azərbaycanın ərazi bütövlüyünü beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində tanıyır”
Qulam İshaqzai: “BMT Azərbaycanın ərazi bütövlüyünü beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində tanıyır” |
“Əvvəllər bir sıra sahələr üzrə Azərbaycan BMT-dən asılı idisə, indi o özü bunların öhdəsindən gələ bilir”
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi və BMT-nin İnkişaf Proqramının (BMTİP) rezident nümayəndəsi Qulam İshaqzainin müsahibəsi - Azərbaycanın BMT-yə üzvlüyünün 25 ili tamam olur. Hər şey necə başlamışdı? - 25 ildir BMT Azərbaycanda təmsil olunur. BMT nadir təşkilatlardan biridir ki, Azərbaycan müstəqilliyini elan etdikdən sonra ölkədə böyük miqyaslı layihələr həyata keçirib. Mən BMT-nın Azərbaycanda fəaliyyət tarixini 3 mərhələyə bölərdim. İlk mərhələdə Azərbaycan BMT-dən çox asılı idi. Biz Dağlıq Qarabağ münaqişəsinə görə yaranan çoxlu sayda qaçqın, məcburi köçkünlərə humanitar yardım göstərdik: qida, qeyri-qida, səhiyyə xidmətləri, sığınacaq, peyvənd ləvazimatları və s. Bütün bunlar 90-cı illərə təsadüf edib. 2000-ci ildən sonra Azərbaycan özünü müasir, inkişaf etmək niyyətində olan ölkə kimi nümayiş etdirməyə başlayıb. Münaqişə zonasındakı atəşkəs Azərbaycana imkan verdi ki dövlət institutlarının inkişaf etdirilməsinə diqqətini artırsın. BMT də bu işdə Azərbaycana kömək etmək istəyib. BMT Azərbaycanda yoxsulluğun aradan qaldırılması strategiyası və bir çox regional inkişaf proqramlarını dəstəkləyib. Bizim və digər beynəlxalq təşkilatların dəstəyi vasitəsilə Azərbaycanda yoxsulluğun kəskin azalması mümkün olub. Biz Azərbaycanı Minilliyin İnkişaf Məqsədləri çərçivəsində üzərinə götürdüyü hədəflərə nail olmaqda dəstəklədik. Bunlar təhsil, ətraf mühit, səhiyyə, gender bərabərliyi, aclıq və yoxsulluğun azaldılması, ibtidai təhsilin inkişafı kimi öhdəlikləri əhatə edib. Azərbaycan artıq bu öhdəliklərin əksəriyyətini yerinə yetirib. Üçüncü mərhələ 2015-ci ildən sonrakı dövrü əhatə edir. Azərbaycan üzərinə dayanıqlı inkişaf sahəsində yeni öhdəliklər götürüb və məqsədlər qoyub. Bu, kənd təsərrüfatı, səhiyyə, təhsil, dövlət institutlarının səmərəliliyi, dövlət xidməti islahatları, vətəndaş cəmiyyətinə dəstək, gömrük, miqrasiya, qaçqınlara dəstək və s. sahələri əhatə edir. Mən qeyd etməliyəm ki, BMT-nin dəstəyi ilə yaradılan bəzi qurumlar hazırda müstəqil şəkildə fəaliyyət göstərir. ANAMA-ya nəzər yetirək. BMT İnkişaf Proqramının dəstəyi ilə yaradılan bu qurum indi müstəqildir və hətta digər ölkələrdə minadan təmizləmə fəaliyyətini həyata keçirir. Digər misal kimi “ASAN Xidmət”i göstərmək olar. BMT agentliyi yaradılan zamanı dəstəkləyib və hazırda ASAN regionda elektron hökumət sahəsi üzrə xidmət göstərən agentliklər arasında ən yaxşısıdır. ASAN əhaliyə dövlət xidmətləri göstərilməsi sahəsində BMT mükafatına layiq görülüb. Fikrimcə, hazırda BMT Azərbaycanla dəstəyə əsaslanmış əməkdaşlıqdan tərəfdaşlığa əsaslanmış əməkdaşlığa keçir. Əvvəllər bir sıra sahələr üzrə Azərbaycan BMT-dən asılı idisə, indi o özü bunların öhdəsindən gələ bilir. “Azərbaycanın potensialı nəhəngdir, amma bəzi çətinliklər də var.” - Sizin müxtəlif ölkələrdə 22 illik iş təcrübəniz var. Azərbaycana gəldikdə ölkəmiz barədə hansı təəssüratlarınız var idi? Fikrinizcə, ölkəmizdə görüləsi hələ çox iş var? - Mən Azərbaycan barədə əvvəllər çox eşitmişdim və təəssüratlarım da olduqca müsbət olub. Azərbaycana on il əvvəl səfər etmişəm və son 10-15 il ərzində ölkənizin inkişafında nəzərəçarpacaq dəyişikliklər görürəm. Mənim 22 illik iş təcrübəm Azərbaycanla müqayisədə daha az inkişaf etmiş, problemlərin çox olduğu ölkələrdə təsadüf edib. Azərbaycanda biznes, turizm beynəlxalq təşkilatların fəaliyyət göstərməsi üçün infrastruktur, sabit və təhlükəsiz mühit imkanları var. Ən böyük fərq isə buradakı insanlardır, xalqınızın qonaqpərvər və dostsayağı münasibətləridir. Azərbaycanın potensialı nəhəngdir, amma bununla belə, qeyd etdiyiniz kimi, bəzi çətinliklər var. Bunlardan ən vacibi neftə əsaslanmış iqtisadiyyatı qeyri-neft iqtisadiyyata keçirməkdir. Bu, düzgün addımdır. Digər çətinlik gəlirlərin qeyri-bərabərsizliyidir. Yəni, kənd əhalisi və böyük şəhərlərdən kənarda yaşayan əhalinin gəlir səviyyəsini artırmaq lazımdır. Bundan əlavə, gender bərabərliyini qeyd etmək istərdim. Gender bərabərliyi məsələsində Azərbaycanın çox yaxşı təhsil sistemi var. Uşaq yaşlarından qızlar və oğlanlar təhsil alır. Ölkəniz çox nadir ölkələrdən biridir ki, burada sırf qadın məktəbinin əsası qoyulub. Azərbaycan hökuməti Dayanıqlı inkişafa nail olmaq üçün Milli Əlaqələndirmə Şurasını təsis edib. BMT 2030-cu ilə hədəflənmiş Dayanıqlı İnkişaf Gündəliyini qəbul edib. Daha yaxşı nəticələr əldə olunması üçün Şura ilə necə əməkdaşlıq aparacaqsınız? - Əvvəla, mən başda ölkə prezidenti olmaqla Azərbaycan hökumətinə bu məsələdə liderlik missiyasını üzərinə götürdüyü üçün təşəkkür edirəm. Dayanıqlı İnkişaf Məqsədləri 2015-ci ildə Nyu-Yorkda bütün BMT ölkələrinin yekdil səsverməsi ilə müəyyən edilib. Bu, universal məqsədlərdir və onlara nail olmaq inkişaf etmək anlamı verir. Azərbaycana beynəlxalq səviyyədə bu öhdəlikləri yerinə yetirməsi ilə bağlı qiymət veriləcək. Bu 17 məqsəd inklüziv və əhatəlidir. Qlobal Məqsədlər 269 hədəf və göstəriciləri əhatə edir Əgər Azərbaycan bunlara yaxın 15 ildə nail olsa, ölkədə ümumi insan inkişafı indeksində böyük fərq hiss ediləcək. Şuranın təsisi öz-özlüyündə dünya və BMT qarşısında Azərbaycanın bu yolda hər kəsə nümunə olacaq bir addımdır. Bu, onu göstərir ki, Azərbaycan bu hədəflərin yerinə yetirilməsinə çox ciddi yanaşır. Şura yaradılan kimi, BMT bu təşəbbüsü dəstəkləyib və hərtərəfli yardım etməyə hazır olduğunu söyləyib. Artıq Şuranın strategiyasını müəyyən etmək üçün BMT qərargahından bir neçə ekspertin missiya səfərləri baş tutub. Onu da vurğulayım ki, heç də bütün məqsəd və hədəflər Azərbaycana uyğun olmaya bilər. Hökumət hansının daha mühüm olduğunu gərək özü seçsin. Biz isə bu prosesdə lazımi texniki dəstəyi veririk. İkincisi, gərək insanlar dayanıqlı inkişafın nə olduğunu və hər kəs üçün niyə mühüm olduğunu anlasın. Biz bunu sadə dilə çevirməliyik və insanlara vacibliyini aşılamalıyıq. Qlobal Məqsədlərin milli səviyyədə təşviqat strategiyasının olması üçün Şuranı dəstəkləyirik. Təkcə əhali yox, hökumət üzvləri, millət vəkilləri və siyasətçilər, vətəndaş cəmiyyəti və KİV-ə bunu asan yolla tədris edəcəyik. Özəl sektor da daxil olmaqla, bu yolda hamının dəstəyinə ehtiyacımız olacaq. Dayanıqlı inkişaf məqsədlərinin unikallığı onların üç sütuna əsaslanmalarıdır: sosial, iqtisadi və ətraf mühit. Əgər birinin üzərində işləyəcəksinizsə, bunun səmərəsi olmayacaq. Gərək bu 3 sütunun balansı qorunsun. Əgər neft istehsalı üzərinə cəmləşəcəksinizsə, bunun ətraf mühitə, meşə, Xəzər dənizinə ola biləcək təsiri mütləq nəzərə alınmalıdır. Şuraya dəstək verəcəyimiz digər sahə isə hesabatların hazırlanmasına yardımımızdır. Hesabatda hər hədəf və göstəriciyə görə Azərbaycanın tutduğu yer göstərilir. Bu hesabatlar könüllü şəkildə verilir. İlk belə könüllü hesabat iyul ayında Nyu-Yorkda yüksək səviyyəli siyasi forumda təqdim olunacaq. Bu hesabatlar çox vacibdir və onlar statistik məlumatlara əsaslanmalıdır. Ümumilikdə, bizim Şura ilə sıx əməkdaşlıq və tərəfdaşlığımız var. Ümid edirəm ki, bu, hökumətin digər strukturlarında da hiss ediləcək, çünki Şura sadəcə əlaqələndirici orqandır. Hər kəs bu hədəflərin həyata keçməsində öz rolunu oynamalı və töhfəsini verməlidir. “Məcburi köçkünlərlə bağlı birinci məsuliyyət hökumətin üzərinə düşür. Biz ancaq hökumət bizə müraciət edəndə və ya hökumətin öz resursları olmayanda kömək edirik.” - Sizcə, Azərbaycanla BMT və onun agentlikləri arasında hansı sahələrdə daha sıx əməkdaşlıq olmalıdır? İxtisaslaşmış BMT agentlikləri Azərbaycanla birgə layihələr həyata keçirir. Sizcə, hansı layihələrə və tərəfdaşlara daha çox üstünlük verilməlidir? - Mənə hansısa sahənin adını çəkin ki, BMT orada iştirak etməsin. Hazırda Azərbaycanda BMT-nin 9 ixtisaslaşmış agentliyi var. Bu, münasibətlərimizdə hansı sahələrə prioritet verildiyinin göstəricisidir. Biz Azərbaycanda xüsusi və həssas sahələrə dəstək verən müxtəlif nümayəndəliklərlə təmsil olunuruq. Məsələn, BMT İnkişaf Proqramının çox geniş mandatı var və inkişafa dair bir çox sahələri əhatə edir. UNİCEF isə uşaq və gənclərin təhsil, səhiyyə və digər məsələlərinə baxır. BMT-nın Əhali Fondu gender bərabərliyi, demoqrafiya məsələlərinə, Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı isə adından məlum olduğu kimi, aqrar sahədə siyasət və strategiya ilə məşğuldur. Mən bu sıranı uzadaraq Beynəlxalq Əmək Təşkilatını, Dünya Səhiyyə Təşkilatı, Beynəlxalq Miqrasiya Təşkilatını, Qaçqınlar üzrə BMT Ali Komissarlığını da qeyd etmək istərdim. Bizim burada hazırkı fəaliyyətimiz 5 illik Tərəfdaşlıq Çərçivə sənədi ilə müəyyənləşib. Keçən ilin iyulunda Azərbaycan hökuməti ilə BMT arasında UNAPF adlanan tərəfdaşlıq çərçivə sənədi imzalanıb. Sənəddə prioritet kimi qəbul edilən, Azərbaycanı dəstəkləyəcəyimiz sahələr sadalanıb. Bunlar arasında 3 sahə vurğulanıb. Birincisi, hökumətin də prioritet hesab etdiyi inklüziv iqtisadi artım və yeni iş yerlərinin açılması. İkincisi, xidmətlərin göstərilməsi və dövlət müəssisələrinin potensialının gücləndirilməsi. Üçüncü isə ətraf mühit və onun dayanıqlılığının artırılmasıdır. - Bildiyiniz kimi, Dağlıq Qarabağ problemi Azərbaycanın prioritet sahəsidir. Müharibədən sonra 1 milyona yaxın insan öz evindən didərgin düşdü. BMT bu insanların həyatında dəyişiklik üçün nə edir? - İlk növbədə onu deyim ki, öz evindən didərgin düşmüş insanlar bizim əsas prioritetimiz və strategiyamız olaraq qalır. Əgər işsizləri işlə təmin etmək üçün hansısa layihəmiz varsa, biz əmin olmalıyıq ki, məcburi köçkünlərin həmin layihədə iştirakını təmin edək. Bir qədər əvvəl mən qeyd etdim ki, münaqişə dövründə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı humanitar yardımla dərhal Azərbaycana dəstək vermişdi. Bütün bu vaxt ərzində Azərbaycan iqtisadiyyatı inkişaf etdikcə, ölkə öz zəngin resursları ilə bu rolu bizdən təhvil aldı. Məcburi köçkünlərlə bağlı birinci məsuliyyət hökumətin üzərinə düşür. Biz ancaq hökumət bizə müraciət edəndə və ya hökumətin öz resursları olmayanda kömək edirik. İndi BMT-nin rolu dəyişib. Hökumət quruculuğa və məcburi köçkünlərin həyatını yaxşılaşdırmaq üçün böyük resurslar yatırır. Qaçqın və məcburi köçkünlər, qadınlar, uşaqlar, əlilliyi olan şəxslər kimi aztəminatlı və həssas insan qrupları bizim əsas hədəfimizdir. Əmin olmalıyıq ki, bu insanlar dövlət tərəfindən dəstəklənir. Məcburi köçkünlərin dövlət xidmətindən yararlanması yaxşı haldır. Keçən ilin aprelində baş vermiş hadisələrdən sonra BMT yenidən bu həssas hədəf qruplarını diqqətdə saxladı. Təəssüf ki, bu müharibə Azərbaycanın kədərli reallığıdır. Biz həmçinin hökumətlə birlikdə işləyirik. Bəzi məsələləri onlar bizim diqqətimizə çatdırır. Amma ümumilikdə Azərbaycan məcburi köçkünləri qorumaq baxımından yaxşı nümunədir. Çünki mən bir neçə il əvvəl İraqda, Əfqanıstanda, Pakistanda məcburi köçkünlərin çox çətin vəziyyətdə yaşadığının şahidi olmuşam. Çünki həmin dövlətlərin Azərbaycan kimi pulu yoxdur ki, onları qorusun. 2017-ci il İnkişaf Naminə Beynəlxalq Dayanıqlı Turizm ilidir. Siz Azərbaycanın bu sahədə potensialını necə dəyərləndirirsiniz? - Düşünürəm ki, Azərbaycan turizm mədəniyyətinin formalaşmasına töhfəsini verə bilər. Əmin olmalıyıq ki, turizm davamlı və dayanıqlıdır. Bu, o deməkdir ki, turizm ətraf mühitə, su və canlı aləmə zərər vurmur. Müvafiq siyasətin aparılması və lazımi təbliğatla Azərbaycan dayanıqlı turizm modelinə çevrilə bilər. Bundan əlavə, turizm ölkədə bir harmoniya və tolerantlıq yaradır. Azərbaycan bir çox tədbirlərə ev sahibliyi edir. Əgər bu ilə nəzər salsaq, İslam Oyunları, “Formula 1” yarışları keçiriləcək. Bundan başqa, beynəlxalq dialoq, Bakı Humanitar Sammiti təşkil ediləcək. Bu tədbirlərə müxtəlif dövlətlərdən müxtəlif dinləri təmsil edəcək insanlar gəlir. Bu insanlar da bir-biri ilə əlaqə qurur və şəbəkələşir. Bu, sonunda cəmiyyətdə mədəni tolerantlıq yaradır. Biz dünyada çoxlu nifrət mesajları və ekstremizm görürük. Turizmin inkişafı bu stereotipləri qırar və Azərbaycanın tolerantlıq imicini artırmaqla yanaşı, yeni iş yerlərinin açılmasına da kömək edər. 2017-ci il Beynəlxalq Turizmin İnkişafının təbliğində Azərbaycanın rolu çox əhəmiyyətli ola bilər. Azərbaycan Şərqlə Qərbin qovşağıdır. Burada bütün mədəniyyətləri görə bilərsən. İnsanlar sülh şəraitində yaşayır. Mənim fikrimcə turistlər ən yaxşı səfirlərdir. Onlar bura gələndə öz ölkələrini təmsil edirlər. Onlar yaxşı xatirələrini, təəssüratlarını də öz ölkələrinə aparırlar. Bundan gözəl təbliğat vasitəsi hazırda ağlıma belə gəlmir. “Baş katib tərəfləri atəşkəs razılaşmasını sarsıdacaq istənilən hərəkətlərdən çəkinməyə və təxirə salınmadan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə aparan hərtərəfli danışıqların bərpasına çağırır” - 2017-ci il BMT-nin yeni rəhbərinin işə başlaması ilə yadda qaldı. Yeni baş katibin rəhbərliyi altında nə dəyişəcək? - Yeni baş katib Qutyerres 3 əsas sahəni xüsusi vurğulayıb. Birincisi, sülh əməliyyatlarındakı islahatı vurğulamaq istərdim. Biz dünyada çoxsaylı münaqişələrin şahidiyik. Gəlin, özümüzə sual verək: Münaqişə genişmiqyaslı xarakter almazdan əvvəl biz nə edə bilərik? Burada iqtisadi və sərhəd məsələləri var. Ola bilsin ki, BMT onlara vasitəçilik təklif etməklə, öz rolunu göstərə bilər. Birincisi qeyd etdiyim kimi, müdaxilədir və sülh əməliyyatlarının səmərəliliyini artırmaqdır. İkincisi, BMT-nin bürokratikləşməsi yolunda islahatlardır. BMT-nin böyük institutları var və hər institut zamanla genişlənir. Bütün bu təşkilatların əsas vəzifəsi göstərilən istiqamətlər üzrə şəffaflığı, aşkarlığı, səmərəliliyi artırmaqdır. BMT-nin müxtəlif agentliklərinin birlikdə işləmək bacarıqlarının inkişaf etdirilməsinə ehtiyac böyükdür. BMT həm inkişaf, həm də humanitar agentliklərindən ibarətdir. Humanitar yardımdan dərhal sonra yerlərdə inkişaf layihələri həyata keçirilir. Bu məsələlərin konsolidasiyasını cənab Qutyerresin islahatlarının 3-cü sahəsinə aid etmək olar. Əminəm ki, üzv dövlətlər baş katibin islahatlarını dəstəkləyəcək və qarşıdakı 5 il ərzində uğurlar əldə ediləcək. Mən həm maliyyə, həm də siyasi dəstəyi qeyd edərdim. Bildiyiniz kimi, BMT-nin 193 üzvü var. Hamısını ümumi bir qərara gətirmək çətindir. İndi 5 nəfəri bir yerə yığıb, “ümumi qərar ver” desən, hər kəs bir söz deyəcək. BMT-də də belədir, vahid yanaşma və qərarın əldə etməsi siyasi iradə tələb edir. BMT heç də hər şeyi həll etməməlidir. BMT-nin güclü qoşunu və böyük maliyyə resursları yoxdur. BMT sülh üçün platformanı təmin edir və tərəfləri bir yerə toplayır. BMT insanların birlikdə müzakirə aparması üçün şərait yaradır. Bu forumda razılığın əldə olunması əhəmiyyətli deyil, qarşı tərəflərin bir araya gəlməsi vacibdir. BMT strukturdur və beynəlxalq münasibətlərdə olması labüddür. Dünyada başqa belə institut yoxdur. Əgər BMT olmasaydı, başqa belə bir təşkilat yaradılmalı idi. Əgər BMT olmasaydı, onda dünya düzəni necə olacaqdı? Əminəm ki, daha çox və genişmiqyaslı ölüm halları olardı. BMT yalnız siyasətlə məşğul olmur, təhlükəsizliklə də məşğuldur. Məncə dünya yaxşı işlər görən BMT-ni dəyərləndirməli və müdafiə etməlidir. Mən Azərbaycanı 25 ildə BMT-nin layiqli üzvü olduğuna görə təbrik edirəm. Ümid edirik ki, əməkdaşlıq davam edəcək. Azərbaycan yalnız layiqli yox, həm də güclü BMT üzvüdür. Təhlükəsizlik Şurasında, Baş Assambleyada bəzi konvensiyaların qəbulunda fəallıq göstərib. Ümid edirik ki, bu əməkdaşlıq davam edəcək. Çünki Azərbaycanın BMT-yə, BMT-nin isə Azərbaycana ehtiyacı var. - BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamələri uzun illərdir icra olunmur. Halbuki bəzi qətnamələr bir günün içində icra edilir. Fikrinizcə, bu, nə ilə əlaqədardır? - Biz Dağlıq Qarabağ və onun ətrafında, təmas xətti boyu toqquşmalar barədə sonuncu xəbərlərdən narahatıq. BMT-nin baş katibi ATƏT-in Minsk qrupu həmsədrlərinin və ATƏT sədrinin şəxsi nümayəndəsinin gərginliyin aşağı salınması və sonrakı münaqişənin qarşısının alınması üçün hazırkı səylərini tam dəstəkləyir. Baş katib tərəfləri atəşkəs razılaşmasını sarsıdacaq istənilən hərəkətlərdən çəkinməyə və təxirə salınmadan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə aparan hərtərəfli danışıqların bərpasına çağırır. BMT Azərbaycanın ərazi bütövlüyünü beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində tanıyır. Biz buna tamamilə hörmətlə yanaşırıq. BMT baş katibi artıq deyib ki, əgər ehtiyac yaranarsa, baş katiblik öz köməyini göstərə bilər. Geri dön |