Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Türkiyənin Sakarya şəhərində “Molla Pənah Vaqif ili” çərçivəsində konfrans keçirilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Mədəniyyət > Türkiyənin Sakarya şəhərində “Molla Pənah Vaqif ili” çərçivəsində konfrans keçirilib

Türkiyənin Sakarya şəhərində “Molla Pənah Vaqif ili” çərçivəsində konfrans keçirilib


Türkiyənin Sakarya şəhərində Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən XVIII əsr Azərbaycan poeziyasının parlaq siması, görkəmli şair, məşhur siyasi və dövlət xadimi Molla Pənah Vaqifin anadan olmasının 300 illiyi münasibətilə 2017-ci ilin “Molla Pənah Vaqif ili” elan edilməsi layihəsi çərçivəsində konfrans təşkil olunub.

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının, Azərbaycanın və Türkiyənin Mədəniyyət və Turizm nazirliklərinin və Azərbaycan Milli Kitabxanasının, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun birgə təşkilatçılığı ilə Sakaryadakı AKM Mədəniyyət Mərkəzində keçirilən konfransda rəsmi şəxslər, deputatlar, şəhər ictimaiyyətinin tanınmış nümayəndələri, elm və mədəniyyət xadimləri, tələbələr, QHT və KİV təmsilçiləri, Vaqifsevərlər və digərləri iştirak ediblər.

Konfransdan əvvəl TÜRKSOY rəhbərliyi və Azərbaycan nümayəndə heyəti Sakarya Böyükşəhər Bələdiyyəsinin sədri Zeki Toçoğlu ilə görüşüb. Söhbət zamanı türk dünyasının görkəmli şəxsiyyətlərinin qarşılıqlı olaraq tanıdılması istiqamətində görülən işlər yüksək qiymətləndirilib. Azərbaycan tərəfdən “Azərbaycan xalçaları-İrəvan qrupu” kitab və albomu, o cümlədən TÜRKSOY-un türk dünyası mədəniyyətinə aid nadir nəşrləri Sakarya Böyükşəhər Bələdiyyəsinə hədiyyə olunub.

Sakarya Böyükşəhər Bələdiyyəsinin dəstəyi ilə təşkil olunan konfrans Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı-TÜRKSOY-un ötən dövrdəki fəaliyyəti, əldə etdiyi uğur və nailiyyətləri əks etdirən filmin nümayişi ilə başlayıb.

Molla Pənah Vaqifin həyat və yaradıcılığını əks etdirən filmin nümayişi konfrans iştirakçılarında Vaqif şəxsiyyətinin ucalığı barədə zəngin təəssürat yaradıb.

Professor Mehdi Ergüzelin sədrliyi ilə keçirilən konfransda TÜRKSOY-un baş katibi Düsen Kaseinov, Azərbaycanın mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev, Milli Kitabxananın direktoru, professor Kərim Tahirov, Türkiyə Böyük Millət Məclisinin üzvü Mustafa İsen, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, Milli Məclisin elm və təhsil komitəsinin sədri, akademik İsa Həbibbəyli, Avrasiya Yazıçılar Birliyinin sədr müavini, şair Ali Akbaş və dosent Yıldız İsmailova çıxış ediblər.

TÜRKSOY-un tarixi missiyasını yüksək dəyərləndirən Düsen Kaseinov və Mustafa İsen türk dünyasının dahi şəxsiyyətlərinin, mədəni irsinin araşdırılması və təbliğ edilməsi çərçivəsində həyata keçirilən layihələrin əhəmiyyətindən danışıblar. Qeyd olunub ki, TÜRKSOY yaranmış tarixi şəraitə uyğun olaraq eyni kökdən olan türkdilli xalqları ortaq mədəni maraqlar ətrafında birləşdirməyi qarşısına məqsəd qoyub. Əminliklə ifadə olunub ki, türk xalqlarının dünya şöhrətli ədiblərinin həyat və fəaliyyətinin tanıdılmasına göstərilən diqqət və qayğı, onların əsərlərinin müxtəlif dillərə nəşr edilməsi, həmçinin bu səpkidən olan digər işlər türkdilli xalqları daha möhkəm tellərlə bağlayır və qarşılıqlı olaraq tanıdır.

Vaqif Əliyev və Kərim Tahirov tarixi şəxsiyyətlərin həyat və fəaliyyətlərinin araşdırılması və tanıdılması istiqamətində Azərbaycanda görülən işlərdən bəhs ediblər. Ümummilli lider Heydər Əliyevin Azərbaycanın tarixi şəxsiyyətlərinin, o cümlədən görkəmli şair və yazıçıların adlarının əbədiləşdirilməsi, əlyazmalarının üzə çıxarılması, əsərlərinin tədqiq olunması və nəşrinə daim diqqət və qayğı ilə yanaşdığını qeyd edən çıxışçılar bildiriblər ki, M.P.Vaqif yaradıcılığına və şəxsiyyətinə Azərbaycanda həmişə böyük ehtiram göstərilib. Ulu öndər Heydər Əliyevin bilavasitə təşəbbüsü və iştirakı ilə 1982-ci il yanvarın 14-də Azərbaycanın qədim mədəniyyət mərkəzi Şuşa şəhərində şairin məzarı üzərində məqbərə ucaldılıb. Təəssüflə qeyd olunub ki, 1992-ci il mayın 8-də Ermənistanın silahlı quldur dəstələri işğala məruz qoyduqları Şuşada beynəlxalq hüquq normalarını pozaraq mədəniyyət nümunələrini, o cümlədən Vaqifin məzarı və məqbərəsini dağıdıblar.

İsa Həbibbəyli, Ali Akbaş və Yıldız İsmailova Molla Pənah Vaqifin poeziya dünyası, nadir yaradıcılıq üslubu, xalq ədəbiyyatı ilə qırılmaz tellərlə bağlı olan qoşma və qəzəlləri, dövlət işlərindəki böyük səriştəsi, diplomatik təcrübəsi, bölgədəki ictimai-siyasi proseslərə təsir imkanları, saraydaxili münasibətlərində ədalətli və qətiyyətli mövqeyi, dövlət işlərini müsbət məcraya yönəldən tədbirləri və s. barədə danışıblar. Bildirilib ki, Vaqif poeziyası tarixə, köklərə, mənəvi dəyərlərə bağlılığı, xalq ruhunu ifadə etməklə, eləcə də Azərbaycan dilini yad təsirlərdən qorumaqla həyata vəsiqə qazanmış ədəbiyyat incisidir.

Qeyd olunub ki, Vaqifin yaradıcılığı təkcə Azərbaycanın deyil, bütün türk dünyasının ortaq sərvətidir. Prezident İlham Əliyevin Molla Pənah Vaqifin 300 illik yubileyi barədə Sərəncamı böyük şairin şəxsiyyətinə göstərilən diqqət və qayğının təzahürüdür. Azərbaycanın təşəbbüsü, Türkiyə və Qazaxıstanın dəstəyi ilə Molla Pənah Vaqif UNESCO-nun “2016-2017-ci illər üçün görkəmli şəxslərin və əlamətdar hadisələrin yubileyləri proqramı”na daxil edilməsi onun yaradıcılığına verilən yüksək qiymətdir.

İrəvan Dövlət Azərbaycan Dram Teatrının aktrisası Zülfiyyə İsmayılova Türkiyənin böyük şairi Nəsib Fazil Kısakürəkin “Sakarya” və Vaqifin şeirlərindən nümunələr oxuyublar.

Sonda türkiyəli aşıq Səlahəddin Dündar sazda ifa ilə Vaqifin şeirlərindən parçalar səsləndirib.

Konfrans çərçivəsində Azərbaycan Milli Kitabxanasının arxiv fondunda saxlanılan, M.P.Vaqifin yazdığı, haqqında qələmə alınan və başqa dillərə tərcümə olunmuş əsərlərdən ibarət 100-dən artıq nadir kitabın sərgisi keçirilib.

Geri dön