Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, DAVAMın yazıları > Cümhuriyyət nazirinin kimsəsiz məzarı
Cümhuriyyət nazirinin kimsəsiz məzarı |
"Məzar yeri" layihəsi 6
Öncəki yazı İstanbulda Feriköy məzarlığında Əhməd bəy Ağaoğlunun məzarının yaxınlığında kimsəsiz bir məzar var. Üzərində yazılıb: “Azerbaycan milli mücahidi Halil Has Mehmet Gürgören. 1870-1945”. Feriköydə dəfn olunan digər Azərbaycan siyasilərinin məzarlardan fərqli olaraq bu məzar baxımsız vəziyyətdədir, sinə daşı da çatlayıb. Bura yolu düşən azərbaycanlı tələbələri, jurnalistləri çıxmaqla, demək olar ki, kimsə tərəfindən ziyarət edilmir. Bu məzar Azərbaycan Cümhuriyyətinin Ədliyyə və Daxili İşlər naziri olmuş Xəlil bəy Xasməhəmmədliyə aiddir. Bir neçə il öncə bu məzar haqqında mətbuatda xəbərlər yayılmışdı. Aradan ötən bu müddətdə məzarın təmiri ilə bağlı hər hansı bir yenilik olmayıb. Cümhuriyyətin yüzüncü ildönümünə bir il qalmış bu məsələni bir daha gündəmə gətirmək üçün məzarın foto və videosunu çəkdik. “AXC Ensiklopediyası”nda verilən məlumata görə, Xəlil bəy Gəncə klassik gimnaziyasında orta təhsil alıb, Moskva Universitetinin hüquq fakültəsini bitirib. “Azerbaycan Yurt Bilgisi” jurnalında yazdığı “İsmayıl bəy Qaspıralıya aid bir xatirə” adlı yazısında, 1895-ci ildə Moskvada oxuduğu zaman Fətəli xanla birlikdə İsmayıl bəylə görüşməsindən bəhs edib. Daha sonra Xəlil bəy Yekaterinodar (indiki Krasnodar) və Yelizavetpol (Gəncə) dairə məhkəmələrində işləyib. "İttifaqi-müslimin" təşkilatının din və hüquq komissiyalarının üzvü olub. 1907-ci ildə Yelizavetpol quberniyasından 2-ci Dövlət dumasına deputat seçilib. Xəlil bəy Fətəli xan Xoyski ilə birlikdə Dumanın milli-dini bərabərlik komissiyasının, Dumanın ikinci şöbəsinin və beş komissiyasının üzvü olub, xalq azadlığı partiyasını təmsil edib. 3-cü Dövlət dumasında (1907-1912) Xasməhəmmədli Azərbaycanı təmsil edən yeganə deputat olub. O, Dumanın iki illik fəaliyyəti dövründə müsəlmanların hüquqlarının imperiyanın əsas əhalisi ilə bərabərləşdirilməsi, onların maariflənməsi məsələlərini, rifahının yüksəldilməsi üçün heç bir iş görülmədiyini Duma üzvlərinin nəzərinə çatdırıb, kəndlilərin torpaq azlığından əziyyət çəkdiyini vurğulayıb. Xasməhəmmədli Zaqafqaziya (Qori) seminariyası Azərbaycan Şöbəsinin Yelizavetpola (Gəncəyə) köçürülməsi və onun müstəqil seminariyaya çevrilməsi barədə Xalq Maarifı Nazirliyi qarşısında vəsatət qaldırıb. O, 1911 il noyabrın 30-da hərbi mükəlləfıyyət barədə qanun layihəsi üzrə çıxış edərkən hərbi mükəlləfiyyətin müsəlmanlara da şamil olunmasını tələb edib. Xasməhəmmədli 1913-1917-ci illərdə Yelizavetpol şəhər bələdiyyə rəisi işləyib. Fevral inqilabından (1917) sonra Gəncədə "Türk Ədəmi-mərkəziyyət" partiyasının yaradıcılarından biri, 1917 ildə keçirilmiş Qafqaz (Bakı, aprel) və Ümumrusiya (Moskva, may) müsəlmanları qurultaylarının iştirakçısı olub. "Müsavat" partiyasının birinci qurultayında (Bakı, 1917, 26-31 oktyabr) Mərkəzi Komitənin üzvü seçilib. Azərbaycan milli hərəkatının rəhbərlərindən biri, Yelizavetpol Qəza İcraiyyə Komitəsinin sədri, Zaqafqaziya komissarlığında Dövlət nəzarəti komissarı, Zaqafqaziya seyminin, Zaqafqaziya Demokratik Federativ Respublikasının süqutundan (1918, 26 may) sonra Azərbaycan Milli Şurasının (1918, 27 may) üzvü olub. O, 1918 ildə keçirilməsi nəzərdə tutulan İstanbul konfransına göndərilən Azərbaycan Cümhuriyyəti nümayəndə heyətinə daxil idi. X.Xasməhəmmədli Azərbaycan Cümhuriyyətinin 1-ci Hökumət kabinəsində ədliyyə naziri, 2-ci kabinədə əvvəlcə portfelsiz nazir, 1918-ci il 6 oktyabr kabinədaxili dəyişikliklərdən sonra ədliyyə naziri, 3-cü kabinədə daxili işlər naziri, 5-ci kabinədə ədliyyə naziri vəzifələrində çalışıb. "Müsavat" partiyasından Azərbaycan Parlamentinin üzvü idi. Azərbaycan nümayəndə heyətinin tərkibində Cənubi Qafqaz respublikaları konfransında (1919, aprel-iyun) iştirak edib. 1920-ci ildə rusların Azərbaycan Cümhuriyyətini işğalından sonra ölkəyə qayıtmır, İstanbulda yaşayır, "Yeni Qafqaziyyə" (1923-27), "Azəri-türk" (1928-31), "Odlu yurd" (1920-30), "Azərbaycan Yurd Bilgisi" jurnallarında, Parisdə fransızca çıxan "Prometey" (1929-38), rusca "Kavkaz" (1932-38), Berlində Azərbaycan türkcəsində nəşr edilən "İstiqlal" və "Qurtuluş" qəzet və jurnallarında siyasi məzmunlu məqalələr dərc etdirir. O, Azərbaycan Milli Mərkəzi (1924, İstanbul) Mərkəzi Komitəsinin və "Müsavat" partiyası xarici bürosunun (İstanbulda fəaliyyət göstərirdi) 3 nəfərdən (Məhəmmədəmin Rəsulzadə - sədr, Mirzəbala Məhəmmədzadə - katib və Xəlil bəy Xasməhəmmədli - xəzinədar) ibarət rəyasət heyətinin üzvü idi. 1930-cu illərin əvvəlində Milli Mərkəz və Xarici Büro daxilindəki ixtilafların dərinləşməsi Azərbaycan siyasi mühacirətinin parçalanması ilə nəticələndi. Mustafa bəy Vəkilli, Şəfı bəy Rüstəmbəyli və digərləri ilə birlikdə Xasməhəmmədli də Rəsulzadəyə qarşı müxalif mövqedə dayandı. Sovet hökumətinin təzyiqi ilə Rəsulzadə Türkiyəni tərk etdikdən sonra Xəlil bəy, Şəfi bəy Rüstəmbəyli və başqalarının Avropadakı mərkəzdən göstəriş almadan, müstəqil fəaliyyət göstərmək meyli gücləndi. Nəticədə, Milli Müsavat Xalq Partiyasının konfransında (avqust 1936, Varşava) Xəlil bəy Xasməhəmmədli partiya sıralarından xaric edildi. Azərbaycanın bütün Qafqazın türk-müsəlman xalqları ilə sıx birliyinin qızğın tərəfdarı olan Xasməhəmmədli Azərbaycan və Şimali Qafqaz mühacirləri tərəfındən yaradılmış "Azərbaycan-Dağlılar birliyi" adlanan qurumun ilk sədri seçilib. 1942 ilin yazında Almaniyanın Xarici İşlər Nazirliyi xətti ilə Berlinə görüşə dəvət edilmiş tanınmış Qafqaz siyasi mühacirləri sırasında o da yer alıb. Xəlil bəyin mühacirət həyatı, demək olar ki, araşdırılmayıb. Ümid edirik ki, növbəti illərdə tədqiqatçılarımız unudulmuş Cümhuriyyət naziri haqqında sanballı əsərlər ortaya qoyacaqlar. Geri dön |