Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > DAVAMın yazıları > Bizə düşmən olan biri-1
Bizə düşmən olan biri-1 |
"Qurani Kərim aradan götürülüb məhv
edilmədikcə sülh üzünü Avropaya döndərməyəcəkdir William Evart Gladstone" "Mən, siyasi ilhamımı William Evart Gladstonedan aldım, mənim qəhrəmanım odur. Tony Blair" Türklər, tarix səhnəsində çıxış edəndən bəri daim məzlumun hamisi olublar. Xarakterimizin bu yönündən asılı olaraq bəzilərinin, yəni zalımların bizdən zəhləsi gedir. Onsuz da onların bu fikrini və duyğusunu indiyə kimi heç vecimizə də almamışıq və indən belə də almayacayıq. Bu fikirdə olduğumuzdan ötürüdür ki, heç kəsə düşmən gözüylə baxmamışıq, baxmırıq da. Millətçilik anlayışımızı heç kəs irqçi zəminəyə çəkə bilməz, çünki tarix boyu bu fikrə heç vaxt nə üz döndərdik, nə də yaxşı gözlə baxdıq. Dövlətlərimizi tənəzzülə uğradıb yıxanları, xalqlarımızı qırğınla məhv edənləri belə, bəşəriyyətin narahatçılığına səbəb olar deyə, onlara nəinki düşmən gözüylə baxmaq, hətta onlarla dostluqlar da yaratdıq. Ruslarla, ingilislərlə, fransızlarla, çinlilərlə və digərləri ilə illər uzunu vuruşduğumuz halda bugün onların əksəriyyəti ilə müttəfiqik. Sadəcə olaraq bu rəftarımız belə bizim nə cür bir millət olduğumuzu sübuta kifayətdir. Yazdığım məqalələrdə daimi olaraq tarixi hadisələrə işarə edir və tarixin böyük təcrübələrə malik olduğunu vurğulayır, gələcəyimizi təyin etməkdə də onun yeganə müraciət mənbəyi olduğunu dilə gətirmək istəyirəm. Tarix, böyük şairimiz Ustad Şəhriyarın dediyi kimi, "bir sinəma pərdəsi" kimidir, ora baxdıqda hər şeyi açıq-aydın görə bilərsiniz. On doqquzuncu əsr, bəşəriyət tarixində "müstəmləkəçilik əsri" kimi yazılmışdır. Xüsusilə on yeddinci əsrdə gecələrin asudə havasını pozan vəhşi kaftarlar kimi özünü göstərən qərbli müstəmləkəçilər, bu rəftarlarını on doqquzuncu əsrdə kəllə-çarxa çıxardılar. Onların gəmi bu cür azı dişinə salmalarında amil olan əlbəttə ən önəmli səbəblərdən biri, on altıncı əsrdə Əmir Teymurun Qızıl Orda dövlətini məhv edib aradan götürməsi və rusların qarşısındakı ən böyük maneəni dağıtması olmuşdur. On səkkizinci yüzillikdə Rusiyanın başında dayanan, Türkiyədəki adıyla desək Dəli Piyotrun isti dənizlərə enmək xəyalı ilə alışırdı. Dünya müstəmləkəçilik imperiyasını yaratmaq üçün insanlıq ləyaqətini belə ayaqlar altına salaraq çığnayan Avropalı imperialistlərin, rusları özlərinin müstəmləkə sahələrinə yanaşdımamaq üçün həyata keçirdikləri siyasət, dünyada yaşayan bütün xalqların tarixində öz güclü təsirini bağışlamışdır. Osmanlı İmperiyasının qüdrətli olduğu vaxtlarda nə ruslar, nə də Avropalı qansoran imperialistlər bəşəriyyəti o qədər də narahat edə bilməyiblər, ancaq Osmanlı dövlətinin zəifləməsi, onların gəmi azı dişinə salmalarına və dünyanı qan dəryasına döndərmələrinə səbəb olmuşdur. Avropalı imperialistlər içində İngiltərə və Fransanın başda dayandığı şəksizdir. On doqquzuncu yüzillikdə İngiltərənin baş naziri olan William Evart Gladstone, İngilis müstəmləkəçiliyi ilə onun müstəmləkəçi siyasətinin ən önəmli simasıdır. O, Osmanlı Dövlətinin ləğvi üçün həm İngiltərə həm də qərb ictimaiyyəti ilə birlikdə Rusiyaya da güclü təsir bağışlayan bir siyasətçi kimi adını tarixdə səbt etdirmişdir. Gladstone, 1809-cu ildə Liverpol şəhərində dünyaya gəldi. Oxuduğu kollec antik Yunan mədəniyyətinə xüsusi diqqətlə yanaşan bir tədris proqramı yeridirdi. O burada Latın dilini öyrəndi. Bu marağı Oxford Universitetində oxuyarkən də davam etdi. Aldığı təhsil və gördüyü təlimlə Yunan mədəniyyətini, Avropa mədəniyyətinin özülü kimi qəbul etdi və bu fikrinə ömrünün axırına kimi sadiq qaldı. Babası Evanjelist Xıristiyan dini anlayışını mənimsəyən bir şəxs idi. Bu inam oğlu Johna, ondan da nəvəsi William Evart Gladstonea miras qalmışdı. Anası da ifrat səviyyədə qatı bir evanjelist idi. Məlumdur ki, evanjelistlər Katoliklərdən də daha radikal dini anlayışı mənimsəyiblər. Onların ən önəmli xüsusiyyəti isə İslam dininə duyduqları kin və nifrətdir. Gladstone də babasının, dədəsinin və anasının havasını udduğu ifrat evanjelist atmosferdə yetişdi. Bacısı Helenin 1842-ci ildə Roma Katolik Kilsəsinə üzv olmasını həzm edə bilmiyən Gladstone, dədəsinə yazdığı məktubunda bacısını dəhşətli şəkildə cəzalandırmasını və ailədən kənarlaşdırmasını tələb edəcək qədər ifrat bir dini anlayışa malikdi. Tanrının özünə xüsusi bir vəzifə tapşırdığını və dünyaya Evanjelist Din Dövlətini yaratmaq üçün gəldiyinə inanırdı. Təbii ki, bir əlində xristianlıq, digər əlində də İngilis imperializmini əsas götürən bir siyasət xətti izləyirdi. Gladstone, on birinci yüzillikdə başladılan Xaçlı Yürəşlərinin on doqquzuncu əsrdəki yeni siması idi. Uşaqlıq və gənclik illərində İslam dininə düşmən bir şəxs kimi yetişən Gladstoneun İngiltərədə dörd dəfə baş nazirlik postunda oturması, müsəlmanlara və Müsəlman dünyasının o vaxtlardakı hamisi olan Osmanlı Dövləti üçün hansı duyğuları hiss edəcəyi aydın şəkildə təxmin edilə bilər. Ona görə mədəniyyəti təmsil edənlər xristianlardı. Mədəniyyətin düşmənləri isə barbarlardı, vəhşilərdi, barbarlığı da təmsil edən din Müsəlmanlıqdı. İlahi mesajları yunanlılar xristian dini ilə yayırdılar və xristianlıq ilahi vəhin sonuncusu idi. Gladstone üçün İslam dini deyilən şeydən söhbət də gedə bilməzdi. On doqquzuncu yüzillikdə İngiltərədə Ellen mədəniyyətinə duyulan heyranlıq zirvəyə çatmışdı. Ellen mədəniyyətinə duyulan heyranlıq da özü boyda Türk düşmənçiliyini tələb edirdi. Yunanıstanın müstəqillik mübarizəsi yeritdiyi vaxt tanınmış ingilis şairi Lord Byronun yunanlılarla çiyin-çiyinə səngərlərdə türklərə qarşı döyüşməsi Ellenizm heyranlığının çatdığı səviyyəni göstərirdi. İngilis toplumunda James Bryce, Sir Charles Newton, Oscar Wilde kimi dünya miqyasında şöhrət qazanmış simaların Ellenizm mədəniyyətinin təsirində qalaraq Türk düşmənçiliyi yeritmələrinin, onları James Francis Stevenson, Edwin Pears, Arnold Toynbee kimi şəxslərin izləməsi, Evanjelizm və Ellenizm heyranlığının nə mənaya gəldiyini açıq-aydın vurğulayır. William Evart Gladstoneun millətçilik anlayışı da İngilis irqçiliyi özülü üstündə ucalmışdır. Britaniyalıların müstəmləkələrdə məskunlaşdırılması və oralarda yaşayan yerli əhaliyə ağalıq edərək onları idarə etməsi, onun demokratiya və mədəniyyət adına əsas götürdüyü bir fakt idi. Ona görə barbar dünyaya yalnızca ingilislər mədəniyyət apara bilər, digər xalqlar da onlara köləlik eliyərək mədəni ola bilərdi. İngiltərənin xarici siyasəti, onun maliyyə naziri təyin olmasına kimi ötən vaxt ərzində rusların Ağdənizə (Aralıq Dənizi) enməsinə mane olan Osmanlı Dövlətinə arxa durmaq özülü üstündə qərar tapmışdı. Fransızları hər cəbhədə məğlub etmiş, Hindistan ticarət yolunu əllərinə keçirmiş və bu yol üstündəki bütün ölkələri müstəmləkələşdirmişdilər. Rusiyanın Ağdənizə enməsi Hindistan ticarət yolunu təhlükə ilə üzləşdirə bilərdi. İngiltərə, 1853-cü ildə başlayan Krım Hərbində həmin siyasətini yeritmək adına Osmanlı Dövlətini dəstəkləyərək Rusiyaya hərb elan etdi, ancaq Gladstone, maliyə naziri sifətiylə elə bir büdcə hazırladı ki, İngiltərə hərbdə nəhəng bir mali yüklə üzləşər deyə iştirak etmədi və Osmanlı Dövləti Rusiya qarşısında tək qalıb məğlub oldu. Ruslar, müqəddəs torpaqlardakı Ortodokslarla maraqlanmaq məsələsinin özlərinə tapşırılmasını tələb edirdi. Əslində bu istək və arzu, onların Ağdənizə enməsi mənasına gəlirdi. Bu da ənənəvi İngilis siyasətinə müxalif olmaq deməkdi. Gladstone belə bir anda Osmanlı Dövlətinin təklənməsi və tənəzzülünün bünövrəsini qoymaq üçün lazımi addımı götürürdü. Əslində Krım Hərbi, Osmanlı Dövlətinin məhvinin özülünün qoyulduğu tarixi hadisədir. Bu hərbdə Osmanlı Dövləti götürə bilmiyəcəyi bir mali yükün altına girmiş və axırda Padşah II Əbdülhamid dövründə Düyunu Ümumiyyə deyilən və dövlətin xarici borclarını nəzarət altına alan idarə yaradılmış, bununla da Osmanlı Dövləti Avropalı imperialistlərin yarımmüstəmləkəsi halına gəlmişdir. Hərbin axırında elan edilən İslahat Fərmanı ilə birlikdə qərb dünyasının liberal fikirləri Osmanlı Dövlətinə axın-axın gəlməyə başlamış və Osmanlı ictimaiyyəti, müxtəlif fikirlərin qalmaqal yaratdığı bir iğtişaş səhnəsinə dönmüşdür. William Evart Gladstoneun nələri həyata keçirdiyini və fikirlərinin davamını bundan sonrakı məqalədə dilə gətirəcəyəm. Seyfəddin Altaylı, Ankara Geri dön |