Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Türk dünyası-Turan > “Ülküçülər” sənədli filmi ekranlara çıxdı
“Ülküçülər” sənədli filmi ekranlara çıxdı |
1980-ci il sentyabrın 12-də Türkiyədə hərbi çevriliş baş verdi. Hərbi çevrilişi etmiş generalların bildirdiyinə görə, ölkə xaosa qərq olmuş və Ana Yasanın müvafiq maddələrinə görə, ordu dövlətin qorunması üçün ixtiyarı ələ almaq məcburiyyətində idi.
Hələ 70-ci illərin ortalarında Türkiyədə siyasi və iqtisadi bir böhran başlamışdı. Xarici qüvvələrin müdaxiləsi ilə ölkə daxilində separatçı və sol terrorçu qüvvələr özbaşınalıq edirdilər. Bu zaman yadelli qüvvələrin dəstəyinə arxalanmış antitürk terrorizmə qarşı gənc türk millətçiləri – ülküçülər (türkçü –bozqurdçu ülkünün, ideyanın tərəfdarları) sinə gərdilər. Türkiyə şəhərləri solçu-separatçı terrorçularla dövlətin və millətin birliyini qorumağa çalışan gənc bozqurdların, yəni ülküçülərin arasında gedən qanlı toqquşmaların meydanına çevrildi. O dövrdə Alparslan Türkeş başda olmaqla millətçilərin nüfuzu gündən-günə güclənirdi. Ölkədə xaos yaratmış xarici kəşfiyyatlar (əsasən ABŞ-ın MKİ-si və keçmiş SSRİ-nin KQB-si) hadisələrin bu cür gedişatını gözləmirdilər. Nəhayət, hərbi çevriliş və küçələrə çıxan ordu zor gücünə qarşıdurmanı yatırdı. Çox maraqlıdır ki, hərbi çevrilişdən sonra ən çox və qəddar repressiyaya uğrayan məhz millətçilər oldu. Dünən Ankaranın “Prestij Ankara Vega” kinoteatrında «Siyah Türk Yapım» şirkəti tərəfindən 1980-ci il 12 sentyabr öncəsi və sonrakı dövrlərdə ülküçülərin taleyini mövzu götürmüş sənədli film ekranlara çıxdı. Filmin yaradıcıları Bilal Kalyoncu və Arif İlkedir. Filmdə xüsusilə edam edilən ülküçülərlə bağlı canlandırılmış səhnələr olduqca təsiredicidir. Sənədli filmdə səhnələşdirilmiş epizodlardan, şahid və birbaşa iştirakçıların müsahibələrində orijinal sənədli kadrlardan mozaika yaradılmışdır. Türkiyədə adları tanınan o dövrün fəal ülküçüləri Ozan Arif, Mahir Damatlar, Yusuf Ziya Arpacık, Zihni Açba, Muharrem Şemsek, Atilla Kaya, Ercüment Gediklinin də daxil olduğu 80 nəfərə qədər müsahiblər o günləri, necə ülküçü olduqlarını, ailələrinin onlara təpkilərini, cəza evlərində gördükləri işgəncələri, ülkü qardaşlarını necə itirdiklərini anladırlar. İki saatlıq sənədli filmin bir saatını canlandırmalar, qalan hissəsini isə reportajlar və arxiv görüntüləri təşkil edir. Bilal Kalyoncu film haqqında bunları söyləyir: «Xüsusilə də, edamları çəkərkən biz çox təsirləndik... Bir çox anları gerçək detalları ilə çəkməyə çalışdıq... 12 sentyabr çevrilişindən sonra dar ağacından asılanlara dair tutarlı bir məlumat tapa bilmirdik. Edam edilən ülküçülərin son məktublarından, edamı icra edən hüquq-mühafizə işçilərinin xatirələrindən yararlandıq. Gənc aktyorların istedadı ilə edam edilmiş ülküçülər Mustafa Pehlivanoğlunun, Selcuk Duracıkın, Fikri Arkanın, Ali Bülent Orkanın və Ahmet Kerseyin obrazlarını yaratdıq. Bu ülküçülərin son anlarını, dar ağaclarına necə getdiklərini göstərdik. Gerçəkdə olduğu kimi onlar ölümü bir kərə belə yalvarmadan qəbul etmişdilər. Kinoteatra gələnlərə sözüm budur ki, onlar ağır dəqiqələr yaşaycaqlar və çox ağlayacaqlar». Kalyoncu həmçinin bildirmişdir ki, əslində 12 sentyabra qədər Türkiyədə yeni Qurtuluş Mücadiləsi getmiş və bunun da qalibləri ülküçülər olmuşdular. Prodüsserin fikrincə, «Ülküçülər» filmi bir çox yanlış məlumatların, doqmaların və fikirlərin məhv olmasına səbəb olacaq. Prodüsserlər bildiriblər ki, onların hesablamasına görə, filmə bir milyon tamaşaçı baxacaq. Həmçinin, bu sənədli film yalnız müasir türk millətçilərinin deyil, Türkiyədəki bütün ictimai-siyasi kəsimlərin marağına və müzakirələrinə səbəb olacaqdır. Film maraqlı bir gerçəkliyi də açıqlayır. Bu gün Türkiyədə türk-kürd qarşıdurmasını salmaq istəyənlər filmdəki həqiqətlərdən çox narazı qalacaqlar. Məsələ ondadır ki, filmdə kürd əsilli 10 minlərlə ülküçünün necə türk millətçiliyi və türk milləti uğrunda mübarizəyə sadiq qaldığı və bu amallar uğrunda hətta canlarından keçdikləri də bariz olaraq təsvir edilmişdir. Zülfiyyə Məmmədli/“Millətçilik” qəzeti Geri dön |