Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Şevardnadzenin azərbaycanlı müşaviri: “Saakaşvilinin hakimiyyətə gəlməsində özü maraqlı idi” - MÜSAHİBƏ
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Müsahibə > Şevardnadzenin azərbaycanlı müşaviri: “Saakaşvilinin hakimiyyətə gəlməsində özü maraqlı idi” - MÜSAHİBƏ

Şevardnadzenin azərbaycanlı müşaviri: “Saakaşvilinin hakimiyyətə gəlməsində özü maraqlı idi” - MÜSAHİBƏ


İmir Məmmədli: “Şevardnadzeni xaç suyuna çəkdilər, adı Georgi oldu”

“Heydər Əliyev prezident Sezərə dedi: “Əhməd, bizim babalarımız lülə kababı belə yeməyiblər””
İmir Məmmədli ilə müsahibəni təqdim edirik.

ARAYIŞ: İmir Məmmədli 1957-ci il avqustun 7-də Gürcüstanın Kaspi rayonunun Paşiyan kəndində anadan olub.
Tiflis Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb. (1975-1980). İmir Məmmədli 1985-ci ildə Gürcüstan Dövlət Radio və Televiziya Şirkətində, Gürcüstan Yazıçılar İttifaqında, "Sovet Gürcüstanı" qəzeti redaksiyasında çalışıb
1990-cı illərin axırlarında Gürcüstan dövlət başçısı aparatında məsləhətçi, müşavir (1992-1996), Gürcüstan Dövlət Dəftərxanasında millətlərarası münasibətlər üzrə referent (1996-2000) olub, Gürcüstan Prezidenti Regional Siyasət və İdarəetmə Xidmətinin rəis müavini vəzifəsinə qədər yüksəlib.
Hazırda Azərbaycanda İctimai Televiziya və Radio Yayımları Şirkətində radionun "Ədəbiyyat və İncəsənət" departamentinin direktorudur.


-Dünyada kifayət qədər tanınan Eduard Şevardnadzenin yaxın ətrafında olmusunuz. Qısa bir ekskursiya edək. Necə oldu ki, Şevardnadzenin komandasında təmsil olundunuz?

-Şevardnadze ilə ilk tanışlığımız 1980-ci illərə təsadüf edir. O zaman mən universitetdə oxuyurdum – ikinci kurs tələbəsi idim. Təxminən 1981-ci ildə Gürcüstanda çıxan “Gürcüstan” qəzetinin 60 illik yubileyi idi. O zamanlar həmin qəzet “Sovet Gürcüstanı” adlanırdı. Müstəqillik dövründə isə həmin qəzetin adı “Gürcüstan” oldu. Bu qəzetin 60 illik tədbirində Gürcüstanın o zamankı başçısı, I katib Şevardnadze də iştirak etməli idi.
Belə oldu ki, şairlərdən kiminsə tədbirdə çıxış etməsi, şeir oxuması təklif edildi. Qərara alındı ki, bu tədbirdə oxunacaq şeir həm gürcü, həm də Azərbaycan dilində olsun. Məqsəd bu idi ki, gürcü dilində şeir səslənəndə Şevardnadze də onun məzmunundan xəbərdar olsun. Bəxtimdən belə oldu ki, mənim üzərimdə dayandılar. Çünki həm doğma dilimizdə, həm də gürcü dilində şeirlər yazırdım. O vaxtkı qəzetin redaktoru Süleyman Süleymanov təklif etdi ki, qəzetin yubiley tədbirində mən çıxış edəm – həm ana dilimizdə, həm də gürcü dilində şeir oxuyam.
Nəhayət, mən bu tədbirdə çıxış etdim. Mən tədbirdə Rəyasət Heyəti əyləşən yerdə oturmuşdum. Şeiri deyəndən sonra qayıdıb öz yerimdə əyləşdim. Sonradan mənə dedilər ki, qayıdıb öz yerimdə oturmaq istəyəndə Şevardnadze ayağa durub əl çalıb. Dedilər ki, Şeverdnadze mənim ona tərəf baxmağımı istəyib. Sözsüz ki, mən o zamanlar bir qədər çəkinirdim ki, dönüm onun tərəfə baxım. Şeverdnadze istəmişdi ki, mən onunla ünsiyyət yaradım. Şeverdnadze onun komandasında çalışan şöbə müdirinə tapşırıb ki, məni onunla görüşdürsün. Aradan 2-3 gün keçəndən sonra mənimlə əlaqə saxladılar. Nəhayət mən Şeverdnadze ilə görüşdüm. Bir neçə ildən sonra Şeverdnadze Moskvaya vəzifəyə getdi.
SSRİ dağıldıqdan sonra, müstəqil Gürcüstanın dövlət başçısı kimi Şevardnadze ölkə ziyalıları ilə görüşürdü. O cümlədən milli azlıqların öncül ziyalıları ilə. Elə oldu ki, Azərbaycan ziyalıları ilə olan görüşə mən gedə bilmədim. Həmin görüşdə Şevardnadze Süleyman Süleymanovdan məni soruşub. Onlar da deyiblər ki, İmir Məmmədli Tiflisdədir. Şeverdnadze tapşırıb ki, mən onunla əlaqə saxlayım. Mənə bu xəbəri çatdırdılar. Sonra mən Şeverdnadze ilə əlaqə saxladım. Bu dəfə də görüşümüz oldu. Bu görüşdə də ilk görüşümüzü xatırladı. “Mən istərdim ki, etiraz etmirsənsə, sən mənim aparatımda işləyəsən” deyə təklif etdi.
-Birinci görüşlə ikinci arasındakı müddətdə heçmi bir kontaktınız olmamışdı?

-Maraqlı bir əhvalat olmuşdu. 1982-1983-cü illərdə nişanlandım, toyum oldu. Cavanlıq idi, özüm də çox cəsarətli idim. Belə qərara aldım ki, artıq Şevardnadzeni tanıyıram, o da məni tanıyır, buna görə də onu toyuma dəvət etməliyəm. Mən Şevardnadzeyə dəvətnamə yazdım. Dəvətnaməni müəyyən yollarla ona çatdırmaq istədim. Bayaq adını çəkdiyim şöbə müdiri dedi ki, vaxt olsa yenidən məni Şeverdnadze ilə görüşdürər. Və mən özüm dəvətnaməni birbaşa özünə təqdim edərəm.
Doğurdan da bunu təşkil etdilər. Hiss edirdilər ki, Şevardnadzenin mənə bir ziyalı, şair, yazıçı kimi simpatiyası var. Buna görə də fürsət yaratdılar ki, mən dəvətnaməni əldən-ələ Şevardnadzenin özünə çatdırım. Belə də oldu. Amma Şevardnadze mənə “Səni təbrik edirəm. Təəssüf ki, toyuna gələ bilməyəcəyəm, lakin yaxın adamlarım sənin toyunda iştirak edəcək” dedi. Təsəvvür edin ki, toy günü vəzifəli şəxslərin qara maşınları qapımızda idi. Toya hakimiyyətdən xeyli adam gəlmişdi. Bundan başqa, toyun bütün xərcini Şevardnadzenin tapşırığı ilə rayon katibi öz üzərimə götürmüşdü. Şevardnadze toyumuza tarixi bir məktub yazmışdı. O, məktubunda bildirirdi:

“Əminəm ki, siz Gürcüstanın, Cənubi Qafqazın tanınmış yazıçısı olacaqsınız. Buna görə də, istərdim ki, sizin gələcəyinizdə mənim də rolum olsun”.

Bu məktubu bu gün də mən özümdə saxlayıram. Bu məktub toy günü həm gürcü, həm də Azərbaycan dilində qəzetdə də getdi. Mən elə bilirdim ki, Şevardnadze ilə əlaqəm bununla da bitəcək.
Lakin belə olmadı. Toydan sonra həyat yoldaşımla gəzməyə getmişdik. Qayıdanda məlum oldu ki, Şevardnadze bizim toya hədiyyə olaraq Tiflisin mərkəzində ev hədiyyə edib. Bu, mənim üçün gözlənilməz oldu. Qədim Tiflis deyilən yerdə ümumiyyətlə yazıçılara, şairlərə evlər hədiyyə edilirdi. O evdə biz 21 il yaşadıq. Həmin evdə bizim övladlarımız dünyaya gəldi, övladlarımızı bu evdə böyütdük.

-Həmin ev indi də sizin mülkiyyətinizdədir?

-Mən Bakıya köçüb gələndə o evi satmalı oldum.
Maraqlıdır, nə şeir demişdiniz ki, Şevardnadze bu qədər təsirlənmişdi və sizinlə birbaşa ünsiyyət qurmaq istəmişdi?

-Gənc şair və yazıçılar məhəbbətdən əlavə əsasən 3 mövzuda yazırlar: vətən, dostluq və bahar. Mən də həmin tədbirin mənasını və məğzini nəzərə aldım, gürcü və Azərbaycan xalqının dostluğuna həsr olunmuş bir şeir oxudum.

-Mən nəsə xatırlaya bilmirəm. Şevardnadze ilə Əbülfəz Elçibəyin görüşü olmuşdumu?

-Bildiyimə görə, bir görüşü olub. Amma mən o zaman hələ Şevardnadzenin yanında işləmirdim.

-Şevardnadzeyə yaxın adam olmusunuz və onun dilindən çox sözlər eşitmisiniz. Sualım belə olacaq: Şevardnadze Əbülfəz Elçibəyi Qamsaxurdiya ilə müqayisə edirdimi?

-Mənim onunla çox söhbətlərim olub, hətta öz evində çay süfrəsi arxasında da müzakirələr aparmışıq. O heç zaman Qamsaxurdiya və Elçibəyi müqayisə etməyib, ümumiyyətlə bu barədə söz belə, salmayıb. Ancaq ulu öndərimiz Heydər Əliyevdən danışardı. Həmişə Heydər Əliyevi özünün böyüyü, yol göstərəni kimi qeyd edirdi. Həmişə “mən çətin məqamlarımda Heydər Əliyevlə məsləhətləşmişəm. O, mənə yaxşı məsləhətər verib” deyirdi. Şevardnadze Heydər Əliyevi özünə böyük dost bilirdi. Bunu həmişə deyərdi.

-Gürcüstanda yaşayan azərbaycanlıların əsas problemlərdindən biri də gürcü cəmiyyətinə lazımınca inteqrasiya edə bilməməsidir. Şevardnadze bu haqda nəsə deyirdimi?

-Müstəqil dövlətlərin əsas dövlətçilik atributlarından biri də dövlət dilidir. Şevardnadze o zamanlar çalışırdı ki, azərbaycanlıların kompakt yaşadığı ərazilərdəki məktəblərdə gürcü dili yaxşı tədris olunsun.
Lakin bu siyasət istənilən nəticəni vermirdi. Tutaq ki, Azərbaycan məktəbində gürcü dilini gürcü tədris edir. Amma gürcü müəllimi Azərbaycan dilini heç olmasa danışıq səviyyəsində bilmirdisə, sözsüz ki, şagirdlə onun arasında ünsiyyət yarana bilməzdi. Mən izləyirəm və müşahidə etmişəm ki, bu gün o dövrlə müqayisədə gürcü dilini bilən azərbaycanlılar daha çoxdur. Əgər Gürcüstandakı azərbaycanlılar kütləvi şəkildə yaşadıqları dövlətin dilini öyrənməsələr, yaxşı mənada dövlətin siyasi-iqtisadi həyatına inteqrasiya oluna bilməyəcəklər. Dili bilən insan həmin dövlətdə öz hüquqlarını da daha yaxşı bilir. Lakin öz milli kimliyimizi də qoruyub saxlamalıyıq.
Şevardnadzenin hakimiyyəti dövründə “Dövlət dili haqqında” qanun qəbul olunmuşdu. Həmin dövrdə Gürcüstanda Dil Palatası fəaliyyət göstərirdi. Həmin qurumun təklifi ilə milli azlıqların dilləri barədə təxminən belə bir ifadə qanunvericilikdə öz əksini tapmışdı: “Dövlət dili və başqa dillər...”.
Bu o demək idi ki, dövlət dilinin hüquqları filan-filan şeylərdir. Mən komissiyanın üzvü idim. Çıxış edib demişdim ki, komissiyanın üzvü kimi öz dilimə başqa dil deyə bilmərəm. Çünki o, mənim doğma, ana dilimdir. Bundan sonra qanunda düzəliş oldu. “Dövlət dili və Gürcüstanda yaşayan milli azlıqların ana dilləri” deyə düzəliş edildi.


-Şevardnadzenin hakimiyyətdən devrilən Qamsaxurdiyaya münasibəti necə idi? Onun millətçi məzmunlu siyasətindən heç danışmırdı?

-Şevardnadze heç zaman birbaşa Qamsaxurdiya haqqında danışmazdı. Amma siz sual verib təkid etdiyinizə görə, maraqlı bir fakt demək istəyirəm.
1980-ci illərdə Gürcüstanda bir sıra dissidentlər, o cümlədən Zviad Qamsaxurdiya da həbs olundu. Qamsaxurdiyanın həmfikirləri də həbs olunmuşdular. Tale belə gətirdi ki, mən Şevardnadzenin apartında işləyəndə onlardan biri ilə yaxından tanış oldum. Və sonra onunla bir yerdə işlədik. Bu adam Qamsaxurdiyanın vaxtı ilə ən yaxın silahdaşı olan Teymuraz Çanturişvili idi. Bu adam Qamsaxurdiya ilə birlikdə qeyri-leqal jurnal buraxanlardan idi. Teymuraz Çanturişvili siyasi məhbus kimi 6 il türmədə olmuşdu.
Qamsaxurdiyadan sonra Şevardnadze hakimiyyətə gələndə Çanturişvili tez-tez gürcü qəzet və jurnallarında publisist kimi çıxışlar edirdi. Sən demə Şevardnadze özünün sovet Gürcüstanı zamanındakı hakimiyyəti zamanı həbs olunan adamın yazılarını izləyirmiş.
Şevardnadze o qədər bu şəxslə maraqlanır ki, vaxtı ilə siyasi baxışlarına görə həbs olunan birini Prezident Aparatına işə dəvət edir. Şevardnadze onu milli azlıqlar üzrə şöbə müdiri təyin etmişdi. Bu faktın özü də Şevardnadzenin orijinal siyasətçi olmasından xəbər verir.
Çox güman ki, Şevardnadzenin Qamsaxurdiyaya münasibətində də Çanturişviliyə olan münasibət var idi. Əgər siyasi baxışlar get-gedə onun baxışlarına yaxınlaşırdısa və burada Gürcüstanın xoşbəxt gələcəyini görürdüsə, o zaman əməkdaşlıq etməyə hazır idi.

-Şevardnadzeyə iki dəfə sui-qəsd olmuşdu, amma ikisindən də sağ çıxdı. Çoxmu qorxmuşdu bu terrordan?

-Sözsüz ki, Şevardnadzenin həyata keçirdiyi siyasəti Moskvada da, dünyada da istəməyənlər var idi. Amma onu belə şeylərlə qorxutmaq çətin idi. O, çox cəsur adam idi. Onunla bir neçə dəfə ekstremal vəziyyətə düşmüşük. Biz hamımız qorxanda onun üzündə qorxu görə bilmirdik. Bir dəfə Türkiyədən qayıdanda təyyarə havada oynadı, hamımız çox qorxduq. Lakin Şevardnadze çox rahat şəkildə, təmkinin pozmadan dedi: “Əgər ölümümüz burada yazılıbsa, burada da öləcəyik”.
Siz dediyiniz sui-qəsddən sonra Şevardnadzeyə ilk telefon zəngi Bakıdan olmuşdu. Heydər Əliyev ona zəng etmişdi. Yadımdadır, Şevardnadze belə bir söz işlətmişdi: “Nə etməli, bu bizim taleyimizdir, yaşayırıq”.
Sizə bir hadisə də danışım. Amma özüm şahidi olmamışam, sadəcə eşitmişəm. Şevardnadze müharibə zaman Abxaziyadan qayıdanda əks tərəf ona qarşı sui-qəsd hazırlamışdı. Plan belə olub ki, onlar başqa bir uçan aparatla Şevardnadzenin olduğu helikopterin altında boşluq yaratsınlar. Bu boşluğu yarada bilmişdilər. Bu zaman da Şevardnadze qorxu hissi keçirməyib. Elə olub ki, pilotun peşəkarlığı sayəsində helikopter yerə çırpılmayıb və öz yolu ilə gedə bilib.


-Ən çox nəyə hirslənərdi? Heç sizi bir yerə yığıb danlayırdımı?

-O, həmişə özünü təmkinli göstərməyə cəhd edirdi. Bir dəfə iclas var idi. Birdən məlumat gəldi ki, Gürcüstanın sosial-demokratların liderini vurublar. Bunu Şevardnadzenin qulağına pıçıldadılar, xəbəri çatdırdılar. Siz təsəvvür edin, o qədər təmkinli idi ki, zaldan çıxana qədər nə baş verdiyini bilmədik. Ən çox hirslənməyinə gəlincə...
Mən onun dövründə 7 il Əfv komissiyasının üzvü olmuşam. O, Əfv komissiyasının sədri kimi iclas keçirəndə bir-iki məqamı vurğulayardı. Çox güman ki, həmin şeyə də daha çox acıqlanardı. Deyirdi: “Hamını bağışlaya bilərsiniz, hamı insandır, hamının başına iş gələ bilər. Buna görə də, insan insanı bağışlamağa qadir olmalıdır. Siz hətta qatili belə bağışlaya bilərsiniz. Amma heç zaman özünüzə rəva bilməyin ki, narkotik satanları bağışlayasınız. Bu barədə mənə söz də deməyin. Bu haqda mənə söz desəniz, çox pis cavabını ala bilərsiniz”.

-Şevardnadze qızılgül inqilabı baş verənə – Saakaşvili hakimiyyətə gələnə qədərki proseslərdə dərk edirdimi ki, artıq hakimiyyətinin sonudur? Bunu iclaslarda hiss etdirirdimi?


-O, çoxbilmiş siyasətçi idi. Onun gedişləri üzdə deyildi. Mənim sonuncu iclas yadımdadır. Sonuncu iclasda elə olmuşdu ki, onun nazirlərinin 50-60 faizi gəlməmişdi. Onlar bilirdilər ki, artıq Şevardnadze hakimiyyətinin sonu çatıb. Şevardnadzenin bir jesti yadımda qalıb. Onu da deyim ki, bu iclasdan 2-3 gün sonra inqilab oldu.
Şevardnadzenin kabineti 11-ci mərtəbədə idi. O gəlib zala keçən kimi yerində oturmadı. Əvvəlcə, pəncərəyə getdi, pərdəni çəkdi və mitinq olan yerə baxdı. Bir xeyli baxandan sonra gülə-gülə dedi: “Fikir çəkməyin, hər şey yaxşı olacaq”.
Mənə elə gəlirdi ki, Şevardnadze hakimiyyətdən gedəcəyini hiss edirdi. Və artıq prosesləri öz axarına buraxmışdı. Niyə müqavimət göstərmirdi? Mənim fikrimcə, Şevardnadze artıq siyasətçi kimi yorulmuşdu. Həm də ətrafındakı ümid bəslədiyi silahdaşlar onun gümanını doğrultmurdular. Rüşvətə əl-qol açanlar var idi, Şevardnadze istədiyi kimi davrana bilməyənlər var idi. Bu nöqteyi-nəzərdən yorğun bir siyasətçi gördü ki, prosesləri öz axarına buraxmaq lazımdır. Mənə elə gəlir ki, Şevardnadze belə düşünürdü ki, əgər o, siyasətdən gedərsə, Gürcüstanı başqa adama həvalə edərsə, bu, yalnız Mixail Saakaşvili ola bilər. Çünki Şevardnadzenin özü müəyyən demokratik islahatlara başlamışdı.

-Maraqlı versiyadır...

-Mənim fikrimcə, Şevardnadze onun başlatdığı islahatları Saakaşvilinin davam etdirə biləcəyini düşünürdü. Mən qızılgül inqilabından 2 il əvvəl olan iclaslardan da bəzi məqamları xatırlamaq istəyirəm. Çünki burada paralellər var.
Böyük bir iclas keçirilirdi. Şevardnadze iclasda belə bir ifadə işlətdi: “Siz elə bilirsiniz ki, məni mətbuatda tənqid edəndə, mən qıcıqlanmıram?! Əlim dərhal telefona qaçır ki, təhlükəsizlik nazirinə zəng edim. Zəng edib demək istəyirəm ki, onlarla maraqlan. Amma sonradan əlimi dəstəkdən çəkirəm və “yox, lazım deyil” deyirəm. Əgər mən indi zəng etsəm, Gürcüstandakı demokratik rüşeymlərə zərbə vurmuş olaram. Əlimi telefondan çəkirəm ki, qoy özüm də ünvanıma səslənən tənqidlərə alışım. İctimaiyyətə də alışsın ki, belə olmalıdır”.

Necə də maraqlıdır, elə deyilmi?! Bunun özü də onu göstərir ki, Şevardnadze artıq demokratik proseslərə yol açmışdı, “yaşıl işıq” yandırmışdı. O fikirləşirdi ki, bunu davam etdirəcək, pik nöqtəyə çatdıracaq şəxs Mişa Saakaşvili ola bilər.
Şevardnadze Mişanı yaxşı tanıyırdı, özü onu ilk dəfə hakimiyyət komandasına gətirmişdi. Şevardnadzenin təqdimatı ilə Saakaşvili parlamentə ilk dəfə deputat seçilmişdi. Şevardnadze istəsəydi, prosesləri dayandıra bilərdi. Amma bilərəkdən bunu etmədi. Çünki artıq yorğun idi, komandasında da hamı onun gümanını doğrultmurdu. O düşünürdü ki, hakimiyyətdən getsə, yeni komanda, yeni nəfəs gələcək və onun başladığı işləri davam etdirəcək. Bu prosesləri bu ifadə daha yaxşı izah edər: “Məğlub Şevardnadzenin qələbəsi”.
Təsəvvür edin, Şevardnadze parlamentdə çıxış edir və bu zaman parlament necə güclü mühafizə olunur. Amma sanki şərait yaradıldı ki, etirazçılar parlamentə daxil olsun, bir güllə də atılmadı.


-Dediklərinizdən belə anladım ki, Şevardnadze özü Saakaşvilinin hakimiyyətə gəlməsi üçün şərait yaradıb.

-Bəli. Şevardnadze özü Saakaşvilinin hakimiyyətə gəlməsindən maraqlı idi. Bu həqiqət acı da olsa deyilməlidir ki, həmin dövrdə Şevardnadzenin reytinqi xeyli aşağı düşmüşdü. İnqilab olmadan Şevardnadze Saakaşvilini hakimiyyətə gətirə bilməzdi. Reytinqi aşağı olduğuna görə, Saakaşviliyə “bu mənim namizədimdir, növbəti prezident budur” deyib insanları inandıra bilməyəcəkdi.
-Bayaq bir məqamı xatırlatdınız və mənim beynimdə tez Şevardnadzenin dinə olan inamı canlandı. Yəni “ölüm burda yazılıbsa, burada da öləcəyik” deməsini nəzərdə tutdum...

-Mən dəfələrlə Şevardnadzenin evində olmuşam. Onun oturduğu zalda divarda çoxlu dini şəkillərlə yanaşı, ikonalar da var idi. Ümumiyyətlə, dini kitablarla həddindən artıq çox maraqlanırdı. Şevardnadze dindar idi. Xristianlıqda belə bir şey var. Xaç suyuna çəkildikdən sonra onlara müqəddəs insanların birinin adını verirlər. Şevardnadze də Moskvadan qayıdandan sonra patriarxın təklifi ilə xaç suyuna çəkildi. Bu o deməkdir ki, bununla xristianlığın bütün şərtlərini qəbul edirsən. Bu zaman Eduard Şevardnadzeyə yeni ad da qoydular. Xaç suyuna çəkildikdən sonra, kilsə özü həmin şəxsə ad verir. Müqəddəslərin içərisində Eduard adlı biri olmadığına görə, Şevardnadzeyə Georgi qoydular. Yəni, mərhum prezidentin dini adı Georgidir. Şevardnadze vəfat edəndə mən də onun dəfninə getdim.
Şevardnadzenin cənazasini Gürcüstanın baş kilsəsindən – “Sameba”dan götürdülər. Nadir hallarda kiminsə cənazəsini oradan götürərlər. Hətta patriarx təklif edib ki, Şevardnadzeni kilsənin içərisində dəfn etsinlər. Çünki patiarx bilirdi ki, Şevardnadze nə qədər təmiz, Allaha yaxın insan olub. Amma Şevardnadzenin ailəsi buna razı olmayıb. Çünki o sevib evlənmişdi. Onun həyat yoldaşı Nanuli ilə arasında belə bir söz olub ki, bir yerdə dəfn olunsunlar. Verdiyi vədə görə, Şevardnadze vəsiyyət etmişdi ki, onu öz həyətlərində, həyat yoldaşının yanında dəfn etsinlər.

-İslam dini ilə də maraqlanırdı?

-Yəqin ki. O çox savadlı adam idi, yəqin ki, islamı da bilərdi. Mənim yadımdadır ki, Şevardnadze neçə də məsciddə bizim dindarlarla görüşüb. Ulu öndər Heydər Əliyev ikinci dəfə Gürcüstana səfər gələndə Şevardnadze görüşlərdən birini məsciddə keçirdi.
Onun islam dini ilə bağlı belə bir zarafatı yadıma düşür. Böyük bir iclas keçirilirdi. İclasa necəsə söhbət mənim üzərimə gəldi.
“İmir Məmmədli təkcə, sevimli yazarımız, gözəl dost deyil, həm də kürəkənimizdir”. O, elə zənn edirmiş ki, mənim həyat yoldaşım gürcüdür. Güman ki, bu da gürcülərin özləri barədə yüksək fikirdə olmalarından irəli gəlir. Yəni gürcü dilində belə sərrast danışan, gündəlik həyatda gürcü gözəlləri ilə əhatə olunmuş bir oğlan alsa, heç şübhəsiz, gürcü qızı alardı. Odur ki, zaldan ona kömək edənlər oldu, yazıçı xanımlardan biri ucadan dedi ki, yox, cənab prezident, İmir Məmmədlinin xanımı azərbaycanlıdır. Şevardnadze heç halını pozmadan üzündə xoş təbəssüm və özünəməxsus hazırcavablıqla vəziyyətdən çıxdı.
Dedi: “Lap yaxşı, olsun, azərbaycanlı olsun. Amma unutmayın ki, İmir Məmmədli müsəlmandır, onun bir neçə dəfə evlənməyə haqqı var, inşallah, gələn dəfə evlənəndə gürcü qızı alar” .



-Dövlət başçılarının keçirdiyi görüşlərin, apardıqları danışıqların mediaya bəlli hissələri var, amma açığı bu, diplomatik məzmunlu olduğuna görə, diqqəti o qədər də cəlb etmir. Bağlı qapılar arxasında olanlar çox maraqlıdır.


-O, böyük insan olduğu qədər xarakterində yumşaqlıq var idi. Mən onun xarakterini açan bir neçə məqama toxunmaq istəyirəm. Olurdu ki, görüş zamanı, mən ya da özünə yaxın buraxdığı adamlardan biri ona yaxınlaşıb nəsə xahiş edirdik. Deyirdik ki, siz bunu da deyərsinizmi? O da “baş üstə, məmuniyyətlə” cavabını verərdi. Sonra bir də xatırladırdıq. O isə “bunu özünüz edin, prezidentlik deyil” deyirdi. Halbuki, deyirdi ki, özü edəcək bunu.
Bir dəfə ulu öndərimizlə Tiflisdə görüşürdülər. Görüş zamanı Şevardnadze dedi: “Sizdən bizə tərəf neft axırsa, bizdən də sizə tərəf su, çay axır”. Heydər Əliyev isə bildirdi: “İcazə verin, düzəliş edim. Eduard, bilmirəm, sizin üçün xoşdur ya yox. Amma deməliyəm ki, Azərbaycandan neft axır və başqa türk dövlətinə gedir. Kür çayı da digər türk dövlətindən öz başlanğıcını götürür və digər türk dövlətinə gəlir. Hər iki halda Gürcüstan tranzitdir. Buna görə, sizə minnətdarıq”.
Bir dəfə mərhum prezident Heydər Əliyev Gürcüstana səfər etmişdi. Gürcüstanda prezidentlər üçün ziyafət təşkil olunur. Bəstəkar Tofiq Quliyev də orda olur. Tofiq müəllim mikrofona yaxınlaşaraq, prezidentlərin şərəfinə badə qaldırmaq istəyir. Bu arada Tofiq müəllim bir-iki dəfə Gürcüstan prezidentinə müraciət edərək, “Eduard Amvrosiyeviç” demək istəyib, amma çətinlik çəkib. Şevarnadze də ona deyir: “Həyəcan hissi keçirməyin, bu sözü demək mənə də çətindir”.
Daha maraqlı bir epizodu danışım. Bir dəfə Boris Nemtsov Bakıya gəlmişdi. Bu zaman Şevardnadzenin Qazaxıstana rəsmi səfəri var idi. Məni də özü ilə aparırdı. İki-gün biz Alma-Atıda olduq. Biz oradan birbaşa Tiflisə deyil, Bakıya gəldik. Gəlib gördük ki, Nemtsov burdadır. Səhəri günü Nemtsov qayıdıb getdi. Türkiyənin o zamankı prezidenti Əhməd Necdət Sezər də Bakıda idi. Elə oldu ki, günorta Heydər Əliyev, Şevardnadze, Əhməd Sezər bir yerdə nahar etməli idilər. Sözsüz ki, Əhməd Sezərlə ulu öndər arasındakı söhbətə tərcüməçi lazım deyildi. Şevardnadze isə nə türkcə, nə də ingiliscə bilirdi. Sezər isə türk və ingiliscə danışa bilərdi. Buna görə də, bura 4-cü adam – tərcüməçi cəlb olunmalı idi. Belə qərara aldılar ki, onlarla bir yerdə naharda olum. Bu, mənim üçün tarixi hadisə idi. Prezidentlər bir yerdə nahar etdilər və onlarla bir yerdə oldum. Orada ulu öndər Əhməd Sezərə məni də təqdim etdi.
Ora süfrəyə yuxaya bükülmüş kabab gəldi. Əhməd Sezər çalışırdı ki, o kababı çəngəl-bıçaqla yesin. Bu zaman yuxa açılırdı. Ulu öndərimiz isə vəziyyəti görüb dedi: “Əhməd, bizim babalarımız bunu belə yeməyiblər”. Əhməd Sezər də başa düşdü.


-Boris Yeltsin-Eduard Şevardnadzenin şəxsi münasibətləri mənə maraqlıdır.

-Şevardnadze heç zaman razı deyildi ki, Yeltsinlə görüşsün. O, Yeltsindən çox narazı idi. Həmişə deyirdi: “Yeltsin məni aldatdı, yalan vədlər verdi”. Çünki Abxaziyadakı müharibə zamanı Yeltsin Şevardnadzeyə verdiyi vədləri yerinə yetirməmişdi.
Yeltsin Şevardnadzenin sevmədiyi siyasətçilərdən idi. Heç zaman onun haqqında müsbət fikir söyləmirdi. O cümlədən Qorbaçovu da sevmirdi.
Çoxları düşünə bilər ki, SSRİ zamanında Qorbaçovla bir yerdə işlədiyinə görə, Şevardnadze ona məhəbbət bəsləyib. Amma qətiyyən belə deyildi.
Qorbaçov Nobel mükafatı alanda Şevardnadze belə reaksiya verdi: “Göydə Allah bilir ki, bu mükafat kimə düşürdü”. Yəni demək istəyirdi ki, bu mükafat onun özünə düşürdü.

-Qorbaçov yenidənqurma və aşkarlığın banisi idi, üstəgəl Qərb üçün əsas təhlükə olan SSRİ-ni dağıtdı. Buna görə, onun Nobel Sülh mükafatı alması normal idi. Bəs Şevardnadze hansı xidmətlərinə görə, bu mükafatı gözləyirdi?

-Şevardnadze əmin idi ki, Qorbaçovu bu yola yönəldən onun özü idi. Tutaq ki, Almaniyanın birləşməsi altındakı aktın altında Qorbaçovun yox, Şevardnadzenin imzası var idi. Yəqin düşünürdü ki, Amerika, Qərb həmin proseslərin yönəldicisinin kim olmasını daha yaxşı bilir. Şevardnadzenin nəzərində özü lokomotiv rola malik olub.

-Mənim, ya da başqa bir media nümayəndəsinin alkoqollu içki içib-içməməsi cəmiyyət üçün qətiyyən maraqlı deyil. Amma siyasətçi, ali səviyyəli insanların hər bir hərəkəti, dünyagörüşü hamıya maraqlıdır. Şevardnadze içki içirdi?

-İçirdi. Özü də qırmızı şəraba üstünlük verirdi. Ziyafətlərdə içirdi çox vaxt. İçəndən sonra zarafatlaşardı. Gürcü xoru oxunan zaman o da qoşulub oxuyardı. Mən axırıncı dəfə onun 80 illiyində iştirak etdim. Evində qonağı oldum. Bütün süfrədə ağ şərab var idi. Amma məhz Şevardnadzenin qarşısında qırmızı şərab idi.
Şevardnadzenin sevimli bacısı vəfat etmişdi. Biz, aparatın əməkdaşları yığışıb getdik ki, prezidentə mərhumun evində başsağlığı verək. Şevardnadze cənazə olan otaqda deyil, yandakı balaca otaqda idi. Ora yalnız ona yaxın olan adamları buraxırdılar. 5-6 kişiylə birlikdə mən də həmin otağa keçdim. Biz sıra ilə ona yaxınlaşıb başsağlığı verməyə başladıq. Mənim növbəm çatanda yerli qaydaya riayət edərək, əl tutub üzündən öpərək “başınız sağ olsun!” dedim. O isə cavab olaraq həmin məqamda pıçıltıyla dedi: “Srağa gün gəzetdə sənin şeirlərini oxudum, çox bəyəndim, beləcə də davam et”. Həmin həftə Gürcüstanın ədəbiyyat qəzetində (“Literaturuli Sakartvelo”) bir səhifə şeirlərim getmişdi. Bilirdim prezident həmin qəzeti oxuyur... Təsəvvür edin ki, onun üçün belə bir ağır gündə o mənimlə şeirlərimdən danışdı...


-İmir müəllim, publisistik məqalələriniz, şeirləriniz var. Eyni zamanda İctimai Televiziya və Radio Yayımları Şirkətində radionun "Ədəbiyyat və İncəsənət" departamentinin direktorusunuz. Bu departament Azərbaycanın ədəbi-mədəni mənzərəsini yetərincə canlandıra bilirmi?

-Biz çalışırıq ki, Azərbaycandakı ədəbi mühitin bütün spektrlərini əhatə edək. Həm klassiklərimizi, həm də 60-70-ci illər nəslini. Eyni zamanda gənclərimizi də. Ola bilər ki, kimsə nəzərdən qaça. Ancaq biz çalışırıq ki, ədəbi cərəyanından, ədəbiyyatda tutduğu mövqedən asılı olmayaraq bütün mövqeləri əks etdirək. Sizə deyim ki, İctimai radioda çox maraqlı verilişlər olur. Elə bir ədəbi nəsil qalmır ki, onlara axtarıb tapmayaq. Biz müntəzəm olaraq onlarla bağlı verilişlər hazırlayırıq.

-Kino, ədəbiyyat sahəsində hansı yeni planlarınız var?

-Mən bədii yaradıcılıqda planla yaşaya bilmirəm. Hər şey spontan olur. Qəfil ideya gəlir və mən vaxt tapıb onu həyata keçirməyə çalışıram. Ələlxüsus da şeiri heç zaman planlaşdıra bilmirsən.
Amma arzu edərdim ki, yeni ssenarilərim əsasında filmlər çəkilsin, yeni kitablarım çıxsın.

Aqşin KƏRİMOV

Geri dön