Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Samançı oğlunun milyonçu oğlu - Musa Nağıyevin qəribə əhvalatları - Atam, mənim hesabıma niyə qurban nəzir edirsən
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, DAVAMın yazıları > Samançı oğlunun milyonçu oğlu - Musa Nağıyevin qəribə əhvalatları - Atam, mənim hesabıma niyə qurban nəzir edirsən

Samançı oğlunun milyonçu oğlu - Musa Nağıyevin qəribə əhvalatları - Atam, mənim hesabıma niyə qurban nəzir edirsən


Bakı milyonçularından biri də Ağa Musa Nağıyev idi. O da başqa milyonçular kimi, istismarçı, üstəlik, həddindən ziyadə xəsis, malını yeməyən idi. Var-dövlətdə o, Hacıdan heç də geri qalmırdı. Hətta üstün idi. Axır vaxtlarda Tağıyevin tanxası beş-altı milyon, o da əmlak və əşyadan ibarət olduğu halda, Musa Nağıyevin varı-dövləti yetmiş milyon manat qızıl pula çatmışdı. Ağa Musanın adı gələndə Balzakın təsvir etdiyi Qobsek xatırlanır. Ağa Musa Avropa kapitalist tamahkarlığının və xəsisliyinin Şərq variantıdır. Milyonçu Ağa Musa “əfsanəvi” bir şəxsiyyətə dönmüşdü. “Cəmiyyəti xeyriyyə” üçün şəhərin mərkəzində əzəmətli “İsmailiyyə” binasını ucaltmağına, bu mülkdən bir qədər yuxarıda Realnı məktəbinin inşasını öhdəsinə alıb yarımçıq qalmış üçüncü mərtəbəsinin xərcini ödəməyinə, şəhər kənarında (Semaşko kimi tanınan xəstəxana) xəstəxananı tikdirdiyinə və Bakı su kəməri üçün xeyli pul verməyinə baxmayaraq camaat tərəfindən xəsis sözü ilə damğalanmışdı.

Manaf Süleymanov “Eşitdiklərim, oxuduqlarım, gördüklərim” adlı kitabında yazır ki, Ağa Musa cavanlıqda adi hambal imiş, dalında palan biri üç qəpiyə, beş qəpiyə ona-buna şələ daşıyarmış; neft hesabına milyonçu olmuş neftxuda idi. Şəhərdə həm çoxlu mülk tikdirdi və həm də yenisini aldı; yüzə qədər əzmətli bina və neçə-neçə gəmi sahibi idi, (Bakıda evi çox olanlara mülkədar deyirdilər).

O, uzun müddət Bayır şəhərdə, Qasım bəy məscidinin arxasında, Spaski (Zərgərpalan) küçəsi ilə Kimnazist (L. Tolstoy) küçəsinin tinində ikimərtəbəli binada yaşayırdı. Evin tinindəki daş fanara - “Səng fanar” deyirdilər. Daş fanara qırmızı, yaşıl, abı, firuzəyi şüşələr salmışdılar; axşamlar ətrafa əlvan şəfəqlər saçardı. Uşaqlar toplaşıb “Sənk fanar”a heyran-heyran, maraqla tamaşa edərdilər. Təmtərağı sevən deyildi, şan-şöhrətdən məst
olmazdı, artıq xərcdən, israfçılıqdan boyun qaçırardı.
Musa Nağıyev öz maşınında

Bir nəfər neftli torpaq ələ keçirdib, quyu qazdırır. Neft isə çıxmır ki, çıxmır. Əlindəki var-yox qurtarır. Qohum-əqrəbadan borc alır, yenə neft çıxmır. Usta və fəhlələr işi yarımçıq qoyub gedir. Kimə ağız açır, pul verən olmur. Axırda məcbur olub gedir Ağa Musanın yanına, vəziyyəti ona danışıb, borc istəyir. Ağa Musa onun xahişini rədd edir. Əlacsız qalıb tanınmış ağsaqqallardan, sözü keçən ruhanilərdən bir neçə nəfər götürüb təzədən Ağa Musanın yanına xahişə gedir. Xeyli söhbətdən sonra gəlirlər mətləb üstə, Ağa Musa deyir: “Atam, atam, zəhmət çəkib gəlmisiz, bu cəncəl adama mən pul etibar edə bilmərəm... Desəm ki, yoxumdur, yalan olar. Varımdır. Amma vermirəm”.

Axund söhbətə qarışır, üz vurur: “Ağa Musa, əl tutmaq Əlidən qalıb. Kömək elə, yazıq dara düşüb, müsəlman qardaşdır, əsirgəmə, bir-iki min manat borc ver, sözümüzü yerə salma”.

Ağa Musa azca fikirləşib deyir: “Atam, atam, yaxşı, üz vurursunuz, sözünüzü yerə salmıram... Amma bir şərtim var. O şeyi ki, borcu istəyəndə pulumun əvəzinə mənə göstərəcək, qoy onu elə indidən göstərsin ki, sora mənə ağır gəlməsin”.

Adamlar gülür. Axund danışmaq istəyəndə Ağa Musa onun sözünü kəsir: “Atam, atam, dedim qurtardı. Bir də deyirəm, indi görsəm sonra məni o qədər də ağrıtmaz...”.

Şəhərin mərkəzində tikdirdiyi binalar hazır olanda Ağa Musa müsəlman arvadını və uşaqlarını Tarqovı (Nizami) küçə ilə Marinski (Karqanov) küçəsindəki əzəmətli binaya köçürdür. Özü isə milliyyətcə gürcü olan ikinci arvadı ilə Telefonnı (28 May) küçəsində yerləşən binanın ikinci mərtəbəsini tutur. Məclislərdə gürcü qızını camaata təqdim edəndə rus dilində kələ-kötür deyərdi: “Naş jena...”. Zarafatcıllar daldada onu ələ salırdılar: “Nə olar, II Nikolay həmişə “ya” əvəzinə “mı , bir də: “Ya I Rossiya”. “Mı i Rossiya” deyirdi Ağa Musa da “naş jena” deyir. Özünü çar Nikolaya oxşadır”. Ağa Musa arvadını maya Amaliya çağırırdı.

Mantaşev bir dəfə söhbət əsnasında öyünür ki, Parisdən yola düşməmiş Puankare mənim şərəfimə təntənəli raut düzəltmişdi.

Ağa Musa soruşur: “O Raut Puankaranın neçə buruğu var? Nə qədər neft çıxardır gündə!”.

“Raut adam adı deyil, qonaqlıqdır, məclisdir. Puankara neft çıxarmır. – Mantaşev izah edir. - O, Fransanın prizidenti, upravlyaşisidir”.

“Əh! Nə böyük matah imiş pravlyaşi... Mənim hər mədən başı bir pravlyaşim var, - deyə Ağa Musa ağzını əyib, eyhamla gülür. - Gözləri elə əlimdədir; ömrümdə, dünyasında onlara qonaq getmərəm. Pravlyaşi nədir ki, ona qonaq da gedəsən?!”.

Ağa Musadan xoşu gəlməyən adam soruşanda ki, işlərin nesədir, qəsdən heç bir mənası olmayan: “işlərim Nobelinki kimi - baca enli, güdəy, nə qədər istəsək qara tüstü, göz çıxardır...” cavab verərmiş. Heç kim bilməzdi ki, mədənlərdən nə qədər neft hasil edir, bağlı fontan var ya yox. Çənlərdə, anbarlarda nə qədər neft var, haçan satacaq. Əşyanı alanda qəpik təklif edərdi, satanda isə eyni şey üçün manat istərdi. Saçını rəngləmək üçün həna ilə basına qaranın girvənkəsinə (400 qram) bir şahıdan (5 qəpik) artıq verməzdi; deyərdi ki, 1870-ci ildə o qiymətə alırmış, Baqqallar da ona satdıqları hənaya, rəngi çox, hənanı lap az qatardılar.

Deyirlər İshak Qaraxanov adında bir dəllək hər həftə evə gəlib Musanın saqqalını qırxar, başını düzəldərdi. Dəllək bir dəfə yerə döşənmiş xalını göstərib deyir ki, xozeyin, dövlətli adamsan, bu xalını bağışla mənə. Ağa Musadan görünməyən səxavət, işlər müdirinə tapşırır ki, bir belə xalı al ver ustaya.

Bir dəfə də dənizdə bərk tufan olur, çoxlu gəmi batır, Ağa Musanın gəmilərindən birinin kapitanı gəlib xəbər verir ki, yükü və gəmini zorla xilas etmişəm, (bir qoyun) qurban kəsməyi nəzir demişəm, icazə ver... Ağa Musa bərk dilxor olur, kapitanı başlayır məzəmmət eləməyə: “Çox nahaq yerə, atam, atam, mənim hesabıma niyə qurban nəzir edirsən. Belə vaxtlarda əhd elə ki, bir həftə oruc tutaram, gəmidə xozeyin hesabına yox, öz hesabıma yeyərəm”.

Gəmilərin komandası, səfər zamanı sahibkarın hesabına yeyib-içir, məvacib də alırdılar.
Musa Nağıyev xəstəxanasının görünüşü - 1912-ci il.

Ağa Musa mədənə gəlir, görür ki, kontorun yanında divar hörən bənna və fəhlələr nahar fasiləsinə çıxıb, işə yaramayan taxtalardan ocaq qalayıb qızınır, çörək yeyir, söhbət edirlər. İş icraçısı papiros bükür, kibriti alışdırıb yandırır. Ağa Musa deyir: “Bala, sabahdan işə çıxma, get kontora haq-hesabını al”. İş icraçısı çaşır: “Niyə, Ağa Musa?..”. Ağa Musa: “Ona görə ki, qabağında o boyda ocaq – papirosu yandırmırsan, nahaq yerə kibriti zay edirsən, öz malının qədrini bilmədiyin halda, mənim malımın qədrini heç bilməzsən”.

Bir dəfə milyonçuların arvadları Cəmiyyəti-xeyriyyədə “İsmailiyyə” binasında ziyafət düzəldirlər, bir-birinin bəhsinə geyinib, bəzənib gəlirlər... Deyilənə görə, həmin ziyafəti təsvir etmək mümkün deyilmiş, ləl-cəvahirat, platin-qızıl içində üzən qadınların gülüş və qəhqəhələri binanın möhtəşəm salonlarında əks-səda yaradırmış. Ağa Musanın gürcü arvadı, bəzəkdə, geyimdə, cəvahiratda birinci yeri tutur. O, başdan-başa zümrüd içində imiş, hamısı da güllər-çiçəklər, quşlar, pərvanələr şəklində; ayaqqabıları bərk vururmuş. Gürcü qızı foyeyə girəndə hamı heyrətdən içini çəkir, donub qalır. Bu əhvalat şəhərdə uzun müddət söhbət mövzusu olur.

Neftxuda Mantaşovun işlər müdiri Qriqori Aleksandroviç Qazarbekov deyirdi ki, birdən xəbər yayıldı ki, bəs Ağa Musa şəhərdə səkkiz əzəmətli bina tikdirir. Dördünü Telefonnı (28 May) küçəsində, birini Kaspi (keçmiş L. Şmidt) küçəsində. Bir mülk də Tarqovı (Nizami) küçəsi ilə Marinski (keçmiş Karqanov) küçəsinin tinində, biri opera teatrının yanında, yeddi mərtəbəli “Novaya Avropa” (Göy-göl) mehmanxanası, Qarçakov (keçmiş Malıkin) küçəsində, biri də şəhərin qırağında, keçmiş “Semaşko” (indiki Musa Nağıyev adına) adına xəstəxananı...

Bu binaları tikməyi ev podratçısı Hacı Qasımova tapşırmışdı. Azərbaycanlı milyonçular evlərini tikməyi ona podrata verirdilər. Hacı Qasımovun özünün də şəhərdə bir neçə iri binası vardı.

Bədxahlardan biri, aranı vurmaq, işi pozmaq üçün gedib Ağa Musaya xəbər verir ki, Hacı Qasımov sənin evlərinin hesabına özünə də Stanislav küçəsində Bakı texniki məktəbi ilə üzbəüz dörd mərtəbəli, böyük imarət tikdirir. Sənin səkkiz mülkünün hesabına doqquzuncunu özünə tikdirir. Ağa Musa gülüb deyir: “Atam, atam, məndən heç kəs, heç nə oğurlaya bilməz... Hacı Qasım o mülkü material aldığı adamların hesabına tikdirir; məndən səkkiz bina üçün aldığı pula, doqquz binanın materialını alır, hər səkkiz daşa bir daş, səkkiz dirəyə bir dirək, səkkiz mismara bir mismar... Bənna və əmələlərlə də eynilə. Mən mülklərimə sərf edilən şeyləri, hətta yivləri, mismarı əlimlə bir-bir yoxlamamış təhvil götürmürəm. Bunu podratçılar, mənimlə alver edənlər çox yaxşı bilir...”.



Musa Nağıyevin oğlu İsmayıl bəy Nağıyev

Hacı Qasımovun podratla bina tikmək kontoru ilə yanaşı böyük ticarət mağazaları vardı, hər növ inşaat materialı satırdı. Dünyanın hər yerindən mal gətirtdirirdi. Böyük mağazalarından birisi texniki məktəblə üzbəüz olan mülkün altında idi; cənuba baxan divarda böyük hərflərlə yazılmışdı - Parket - Döşəmə.

Qriqori Aleksandroviç Qazarbəyov danışırdı ki, Mantaşov mənə tapşırmışdı ki, müsəlmanların, Hacı Zeynalabdin Tağıyevin adı ilə bağlı bütün xeyir-şər mərasimlərinə gedərsən və o məclislərdə pul əsirgəməzsən. Bir dəfə dəvətnamə aldım ki, müsəlman Cəmiyyəti-xeyriyyəsində mərasim olacaq. Qoltuq ciblərimdən birinə yüz manat, o birisinə isə 800 manat pul qoydum getdim “İsmailiyyə”də. Foyeyə girəndə mənə sarı gələn xanımın gözəlliyinə, üst-başındakı ləl-cəvahirata valeh oldum. Durduğum yerdən tərpənə bilmədim, elə bil məni ovsunlamışdılar. Bu, Hacı Zeynalabdinin arvadı Sona xanım idi; gözəllikdə və səxavətdə məşhur idi, xeyriyyə işlərinə çox kömək edərdi. Onu müşayiət edən iki qızın əlində məcməi vardı; birisində ipək lent parçaları, o birisində isə pul... Ləl-cəvahirat içində üzən Sona xanım məcməidən bir ipək lent nişanı götürüb döşümə taxdı; mən qeyri-ixtiyari qoltuq cibimdəki pulu çıxarıb, dəvətnamənin arasına qoydum və məcməiyə saldım. Bu vaxt Ağa Musa Nağıyev göründü. Sona xanım onun da döşünə bir nişan taxdı. Ağa Musa cibindən bir göy üç manatlıq çıxardıb əli əsə-əsə məcməiyə atdı. Sona xanım gülümsəyib dedi: “Ağa Musa, bir az əvvəl oğlun Ağa İsmayıl məcməiyə bir yüzlük qoydu, sən isə...” Ağa Musa xanımı sözünü tamamlamağa qoymadı: “Atam, atam, o verər, ona nə var, o mənim oğlumdur, milyonçu Ağa Musanın oğlu... Sona xanım, mən kimin oğluyam? Saman satan biləcərili Nağının...”.

Qazarbəyov deyirdi ki, bayırda qoltuğumu yoxlayanda baxıb gördüm ki, xanımın gözəlliyinə, üst-başındakı cəvahirata valeh olub, çaşdığımdan 100 manat əvəzinə, məcməiyə 800 manat salmışam.

Rusiyada oxuyan azərbaycanlı tələbələr üçün pul yığanlar Ağa Musanın yanına gedirlər; o da çıxardıb üç manat verir. Deyəndə ki, Tağıyev 200 manat verdi, Ağa Musa cavab verir: “Hacı dövlətli adamdır, o, əlbəttə verər. O, beş yüz də verə bilər... Atam, atam, mən kasıb babayam, məndə o qədər tanxa hardan!”.

“Qış klubu” adlanan əzəmətli bina və ona bitişik “Astoriya” mehmanxanası da Musa Nağıyevinki idi, çoxlu mənfəət götürür, kirə alırdı.


Ağa Musanın qardaşı oğlu Nağı Nağıyev bir gecə “Qış klubu”nu bağlatdırıb ziyafət vermişdi. Əliaçıq adammış; əmisi də xatirini çox istərdi. Ağa Musa bəzən qumar otağında həmişə oturduğu kresloda əyləşər, qumar oynayanlara baxar, arabir mürgüləyərdi; var-yoxunu uduzanlar, dəryada batan saman çöpündən yapışan kimi Ağa Musa oturan kresloya tərəf qaçar, ətəyindən tutub yalvarmağa başlardı. O isə, halını pozmadan bircə kəlmə ilə qərarını deyərdi. Hamı bilərdi ki, qoyduğu şərti göy yerə ensə də dəyişdirə bilməz. Bu yolla on minlərlə manat pul, iri imarətlər, neftli torpaq, mədən və zavodlar, gəmilər onda bir, iyirmidə bir qiymətinə dəyər-dəyməzinə Ağa Musanın polad caynağına, amansız pəncəsinə keçərdi. Qumar ayağında doğma qardaş belə dada çata bilmirdi.

...Banket və məclislərdə hər kəs varına və nüfuzuna görə ayrılan yerdə, göstərilən stulda otururdu. Künclərdə dəllallar və iş düzəldənlər, yan tərəflərdə zavod sahibləri, ortada isə bankirlər, maliyyə nəhəngləri, neftxudalar əyləşərdilər. Hər stolun arxasına qoyulan stulların qoyuluşunda bir məna vardı. Salon özlüyündə iqtisadi xəritəyə oxşayırdı. Sərvətin artması və azalması ilə ildən-ilə bu xəritəyə əl gəzdirilərdi; birdən küncdəki, heç kəsin vaxtilə saymadığı nəzəri cəlb etməyən dəllal gözlənilmədən mərkəzə köçərdi və əksinə, mərkəzdə ən mötəbər yerdə əyləşənlər yoxa çıxardı, Bəzən xəritə hər an təshih olunar və yerlər dəyişərdi. Öz yerində daimi oturanlar on-on beş nəfər idi; mövqeləri heç vaxt dəyişməzdi.

Güzgülü salondakı girdə ziyafət stolunun dövrəsində ancaq nəhəng neftxudalar və bankirlər oturardılar.

Qab-qacaq gümüşdən, billurdan və farfordan olurdu.

Ziyafət zamanı bir-birinin sirrini, planını, maliyyə gücünü və buraxılacaq aksiyanın miqdarını min bir yolla öyrənməyə cəhd edərdilər.

Əli aşağı olan adamlar Ağa Musaya dövlət bankına veriləcək vekselə (zəmanət kağızına) qol çəkdirmək üçün əvvəldən bir balaca qumar məclisi düzəldər və Musaya beş-altı manat qəsdən uduzub kefini kökəldəndən sonar zəmanət kağızını imzaladardılar. Bəzən onu restorana qonaq aparırlarmış. Bir kənarda oturub, bir tikə çörək üstünə kotlet qoydurub yeyərmiş ki, atam, atam, mən toxam, iştahım küsüb. Heç bir dilənçi ona əl açmazdı, bilirdilər ki, faydasızdır.

Borc istəyənlərə deyirmiş ki, pul işinə mən baxmıram... Pravlyaşim Fətulla bəy baxır... Beləliklə, yaxasını qurtarırmış...

Davamı var...

Enter.News

Geri dön