Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Beynəlxalq konfrans: ipəkçilik üzrə mütəxəssislər Şəkidə toplaşıblar
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > İqtisadiyyat > Beynəlxalq konfrans: ipəkçilik üzrə mütəxəssislər Şəkidə toplaşıblar

Beynəlxalq konfrans: ipəkçilik üzrə mütəxəssislər Şəkidə toplaşıblar


Aprelin 3-də Şəki şəhərində “İqlim dəyişiklikləri və kimyəvi reagentlər – ipəkçilikdə yeni axtarışlar” mövzusunda Qara dəniz, Xəzər dənizi və Mərkəzi Asiya Ölkələrinin İpəkçilik Assosiasiyasının (BACSA) VIII beynəlxalq konfransı öz işinə başlayıb.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) və bu qurumun Şəki Regional Elmi Mərkəzinin (ŞREM) birgə təşkilatçılığı ilə reallaşan tədbirdə Türkiyə, Rusiya, Gürcüstan, Özbəkistan, Rumıniya, Bolqarıstan, Kuba, Çin və Tailanddan gəlmiş nümayəndələr, həmçinin ölkəmizin ipəkçilik sahəsində çalışan mütəxəssisləri iştirak edirlər.

“Marxal” mehmanxanasının konfrans zalında keçirilən tədbirdə Şəki Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov çıxış edərək, ipəkçiliklə bağlı belə bir mühüm konfransın Şəkidə keçirilməsinin xüsusi əhəmiyyət kəsb etdiyini bildirib. Qeyd olunub ki, tarixən ipəkçilik diyarı kimi tanınan Şəkidə son əsrlərdə əhalinin əsas məşğuliyyət sahələrindən biri də baramaçılıq olub. Burada ipəkçilik uzun inkişaf yolu keçib və ötən əsrin 80-ci illərində bu sahədə yüksək nailiyyətlər əldə edilib. Həmin illərdə rayonda bar verən toxmaçar bağlarının sahəsi 1300 hektara çatdırılmış, 400 tona yaxın barama istehsal olunmuşdu. Həmin dövrdə Şəkidə yaradılan İpək kombinatında 7 minə yaxın işçi çalışırdı. Rayonun kəndlərində isə 10 minə yaxın kümçü barama yetişdirilməsi ilə məşğul olurdu.

Qeyd olunub ki, SSRİ-nin süqutundan sonra respublikalar arasında iqtisadi münasibətlərin pozulması ipəkçiliyə marağın azalmasına və son nəticədə bu sahənin tənəzzülə uğramasına gətirib çıxardı. Azərbaycan Prezidenti İlham Əliyevin ölkədə baramaçılığın və ipəkçiliyin inkişafına göstərdiyi yüksək diqqət və qayğı nəticəsində hazırda bu sahə yenidən inkişaf etməyə başlayıb.

BACSA-nın Azərbaycan üzrə əlaqələndiricisi, AMEA Şəki Regional Elmi Mərkəzin direktoru Yusif Şükürlü çıxış edərək, konfransın “İqtisadi islahatların təhlili və Kommunikasiya Mərkəzi” ilə AMEA arasında bağlanmış müqaviləyə əsasən, “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritəsi”ndə aqrar istiqamətin prioritet sahəsi olan və regionların sosial-iqtisadi inkişafında önəmli yer tutan ipəkçiliyin inkişafı istiqamətində əhəmiyyətli tədbirlərdən biri olduğunu diqqətə çatdırıb. Bildirilib ki, konfransda dünyada ipəkçiliyin inkişaf etdirilməsi ilə bağlı aktual elmi mövzulara dair mühazirələr dinləniləcək, son illər ipəkçilik sənayesi və barama istehsalı ilə bağlı problemlər müzakirə olunacaq və onların həlli yolları araşdırılacaq.

AMEA Rəyasət Heyətinin üzvü, akademik Fəxrəddin Qədirov konfransın İpək Yolu üzərində yerləşən Azərbaycanda keçirilməsinin olduqca böyük elmi-praktik əhəmiyyət daşıdığını vurğulayıb. Qeyd olunub ki, ipəkçilik Azərbaycanda 1500 illik tarixə və zəngin ənənələrə malik sahədir. Azərbaycan ipəyi dünya bazarında Yaponiya və İtaliya ipəyinə bərabər tutulur, Kiçik Asiyaya və Avropanın bir sıra ölkələrinə ixrac olunurdu. Ötən əsrin iyirminci illərində Azərbaycan SSRİ məkanında yeganə xam ipək istehsalçısı idi.

Akademik bildirib ki, Azərbaycanın təbii-iqtisadi və aqroekoloji şəraiti ipəkçiliyin inkişafı baxımından çox əlverişlidir və hazırda dövlətimiz bu sahəyə xüsusi diqqət yetirir. Azərbaycan Prezidenti tərəfindən baramaçılığın və ipəkçiliyin inkişafı ilə bağlı mühüm sərəncam və fərmanlar imzalanır, məqsədyönlü tədbirlər həyata keçirilir.

Konfransda Qara dəniz, Xəzər dənizi və Mərkəzi Asiya Ölkələrinin İpəkçilik Assosiasiyasının (BACSA) prezidenti, bolqarıstanlı professor Panomir Tzenov “İqlim dəyişikliklərinin Avropa, Qafqaz və Mərkəzi Asiya ipəkçiliyinə təsiri” mövzusunda məruzə edib.

Konfransın ilk günü, həmçinin AMEA-nın müxbir üzvü, Genetik Ehtiyatlar İnstitutunun direktoru Zeynal Əkbərovun “Azərbaycanda ipəkçiliyin inkişafına innovasiyalı yanaşma”, Çin və Kubadan gəlmiş mütəxəssislərin hibrid tut sortunun yetişdirilməsi və digər aktual məsələlərə dair məruzələri dinlənilib.

Beynəlxalq konfrans aprelin 7-dək davam edəcək.

Geri dön