Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > “Freedom House”un Azərbaycanla bağlı hesabatına fərqli reaksiyalar
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev > “Freedom House”un Azərbaycanla bağlı hesabatına fərqli reaksiyalar

“Freedom House”un Azərbaycanla bağlı hesabatına fərqli reaksiyalar


Fərəc Quliyev: “Qərəz olduğu açıq şəkildə ortadadır”
Zahid Oruc: “Kimlərinsə sifarişidir...”;
Mehman Əliyev: “Vəziyyət yaxşı deyil”

“Freedom House” insan haqları təşkilatı aprelin 4-də “Keçid ölkələri 2017" (Nations in Transit 2017) hesabatını açıqlayıb. Sayca 22-ci hesabatda Mərkəzi və Şərqi Avropa, Balkanlar və Avrasiyada demokratiyanın durumundan söz açılır.
Ölkələr 1-7 bal üzrə dəyərləndirilib. Burada 1 ən yüksək, 7 ən aşağı göstəricidir.
Azərbaycan seçki prosesi, vətəndaş cəmiyyəti, müstəqil media, milli demokratik idarəçilik, məhkəmə qanunvericiliyi və müstəqilliyi, korrupsiya kateqoriyaları üzrə 7 balla qiymətləndirilib. Təkcə yerli demokratik idarəçilik üzrə 6.50 bal toplayıb. Bu göstəricilər əsasında hesablanan demokratiya balı isə 6.93 olub.
Ötən il bu rəqəm 6.86 olub.
Qonşu Gürcüstanın demokratiya balı 4.61, Ermənistanın isə 5.39-dur.
Hesabatda regiondakı 12 ölkənin 5-də korrupsiya xallarının azaldığı, bu sahədə durumun pisləşdiyi göstərilib. Azərbaycan, Türkmənistan və Özbəkistanda isə ən aşağı həddə yuvarlanıb.
Qeyd edək ki, son bir ildə beynəlxalq təşkilatların yaydığı hesabatlarda Azərbaycan ötən illərə baxanda statistikalarda ciddi şəkildə geriləyib. Həmçinin qonşu ölkələrdən geridə qalıb. Bu da ölkə daxilində hesabatlarla bağlı mövqelərin birmənalı olmamasına səbəb olub. Xüsusilə hakimiyyət dairələri hesabatların Azərbaycanla bağlı bölümündə qərəzin olduğunu bildirirlər.



Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev bildirdi ki, dünyada ideal ölkə yoxdur: “Azərbaycan belə təşkilatların hesabatlarında demokratiya baxımından bu qədər krizis yaşayan ölkə deyil. Konkret olaraq kimlərsə həbs olunublarsa, onlar peşələrinə görə deyil, törətdikləri cinayətlərə görə məsuliyyətə cəlb olunublar, barələrində cinayət işi açılıb. Heç kimə statusu kömək etmir ki, törətdiyi cinayətə görə məsuliyyətdən yayınsın. Digər tərəfdən, belə hesabatlar həmin ölkələrin QHT-lərinin rəyləri əsasında hazırlanır ki, bu qurumlar da beynəlxalq təşkilatların əlaltılarıdır. Məsələlərə həmin beynəlxalq təşkilatların qərəzli yanaşdıqları göz önündədir. Göstərilən faktlar əsassızdır. Burada siyasi amillər də var. Azərbaycanın müsəlman ölkəsi olması da burada əsas faktorlardan biri sayılmalıdır. Ermənilər cəbhədə məğlubiyyətlərini görəndən sonra çalışırlar ki, beynəlxalq diplomatiyada Azərbaycana zərbə vursunlar. Ölkəmizdə çatışmazlıqların olduğunu heç kim inkar etmir. Amma istənilən halda, hər kəs razılaşar ki, bu məsələlərdə qərəzin olduğu açıq şəkildə ortadadır”.

İqtidaryönlü deputat Zahid Oruc bildirdi ki, ölkələrin müxalif təşkilatlarından, media qurumlarından götürdükləri məlumatları heç bir fərqinə varmadan hesabatlara salırlar: “Ötən il Azərbaycanın idarəetmə sistemində aparılan çox böyük və misilsiz dəyişiklikləri nəzərə almamağın özü suallar doğurur. İnsanda belə təsəvvür yaranır ki, ölkəmizin adının ”qara siyahılara" salınması kimlərinsə sifarişi, arzusudur, bundan da əldə olunan külli miqdarda qazanclar var. “Freedom House”un hesabatları korrupsiya faktları kimi bir çox hallarda özünü göstərib və buna da şübhə yoxdur. Azərbaycanın beynəlxalq təşkilatlarla, dövlətlərlə qurduğu əlaqələr, atdığı addımlar heç vaxt dəyərini almayıb. Sanki kimlərəsə metafora kimi lazımıq. Bu çox yanlış yanaşmadır. Ermənistan seçkilərinə mövqe bildirmək mümkündür. Ohanyan blokunun seçkilərlə bağlı mövqeyi belə oldu ki, bu seçki bazarıdır, xalqın iradəsini əks etdirmir, biz də o parlamenti tanımırıq. Necə olur ki, bunlar “Freedom House” hesabatını hazırlayanların eynəklərinin qarşısına çıxmır. Əgər onlar insan haqlarının qorunmasında maraqlıdırlarsa, Azərbaycan hakimiyyətinə müraciət etsinlər, onları narahat edən məsələləri çatdırsınlar. Amma bunların heç birinin olmadığı göz önündədir".

“Turan” informasiya agentliyinin rəhbəri Mehman Əliyev bildirdi ki, kifayət qədər düzgün və mövcud duruma adekvat hesabatdır: “Ölkəmizdə bütün sahələrdə vəziyyət yaxşı deyil. Vaxtilə Azərbaycanda böhranın yaranması ilə bağlı bir yazı yazmışdım və həmin yazıda ölkəmizdə azad medianın, vətəndaş cəmiyyətinin, müstəqil QHT-lərin olmamasının böhrana səbəb olduğunu göstərmişdim, insan haqlarının pozulmasını da səbəblərdən biri kimi önə çəkmişdim. İnsan haqları dedikdə təkcə siyasi sahələri düşünmək olmaz, baxın görün iqtisadi sahələrdə necə kütləvi şəkildə insan haqları pozulur. Bütün bu pozuntular sonunda böhranla nəticələnir ki, bu da təbiidir. Bu pozuntular da sonunda belə hesabatların meydana çıxmasına səbəb olur”.

Geri dön