Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > DAVAMın yazıları > Türküstanda cədidçilik və Fitrət
Türküstanda cədidçilik və Fitrət |
Başlanğıc tarixi tədqiqatçılar tərəfindən hələ də tam dəqiqləşdirilməmiş cədidçilik XIX əsrin sonu-XX əsrin əvvəllərində Türküstanda maarifçilik hərəkatı kimi geniş vüsət almağa başladı. İmperiya işğalı və nəticədə aparılan assimilyasiya Türküstanı tarixi qüdrətindən uzaqlaşdırmış, müti və asılı vəziyyətə salmışdı. Bir zamanlar Türk nərəsindən lərzəyə gələn qərb-xristian dünyası protestantizmin nəticəsində cəhalət məngənəsində əzilən türkləri, o cümlədən, digər Şərq xalqlarını çox geridə buraxmışdı. Türk toplumunun inkişafına xitam verəcək bir hərəkata ehtiyac duyulurdu. Sisitemli şəkildə ilkin olaraq M.F.Axundov tərəfindən XIX əsrin 50-ci illərində Azərbaycanda maarifçi hərəkat başladı. Daha sonra bu hərəkat Türküstanda həmin əsrin 80-ci illərində cədidizm adı altında meydana gəldi. İsmayıl bəy Qaspiralının rəhbərliyi ilə açılmağa başlayan "üsuli-cədid” məktəbləri cədidizm hərəkatının başlanğıcı oldu. Təsadüfi deyil ki, Ziya Göyalp özünün "Türkçülüyün əsasları” kitabında ilk türkçülərdən bəhs edərkən M.F.Axundov və İsmayıl bəy Qaspiralının adını qeyd etmişdir.
İlk dövrlərdə cədidizm təhsil reformu uğrunda mübarizə aparan hərəkat kimi meydana çıxdı. Cədidizm "üsuli-cədid” anlayışı ilə birbaşa əlaqədardır, bu isə yeni təlim üsulunu, metodunu özündə ehtiva edir. Cədidçilərin məqsədi köhnəlmiş təhsil sistemini yeniləşdirmək, dünyəvi elmləri tədris edən yeni məktəblər açmaq idi. Bu işin təbliğində İsmayıl bəy Qaspiralının rəhbərliyi ilə fəaliyyətə başlamış "Tərcüman” qəzeti mühüm yer tuturdu. Yenilik və inkişaf ideyaları tezliklə bütün Türküstana yayıldı. Təhsillə başlayan cədid ideyaları tez bir zamanda bütün ictimai, mədəni, siyasi sferaları bürüdü və ümumxalq hərəkatına çevrildi. 1901-ci ildə "Buxara cədidizminin atası” sayılan Münəvvər Kari tərəfindən Buxarada ilk "üsuli-cədid” məktəbi açıldı. Daha sonra 1903-cü ildə Mahmud Xoca Behbudi Səmərqənddə cədid məktəbinin açılmasına nail oldu. Əbdürrauf Fitrət Türküstanda türk-islam təməlinə əsaslanan yenilikçi fikrin təbliğində ən fəal çalışan cədidçilərdən biri olmuşdur. Fitrətin genişlənən cədid hərəkatına qoşulması XX əsrin ilk illərinə təsadüf edir. İsmayıl bəy Qaspiralıdan təsirlənən özbək cədidçiləri inkişafa səbəb olacaq ideyaları tez bir zaman da bütün ictimai, siyasi çevrələrə daşıya bildilər. Özbək cədidizminin inkişafında bədii ədəbiyyat özünəməxsus rol oynadı. Təsadüfi deyil ki, Fitrətlə bərabər, Çolpan, Abdulla Qədiri kimi şairlər, Mahmud Xoca Behbudi teatr sahəsində cədidizmin fəal təbliğatçıları idilər. Cədidçilik ideyalarının yayılmasında mətbuat mühüm rol oynadı. Təsadüfi deyil ki, qədimçilər cədidçiləri "qəzet oxuyanlar” adlanıdırırdılar. İsmayıl bəy Qaspiralının "Tərcüman”ı 31 il müddətində bütün Türk dünyasının inkişafına səbəb olacaq fikirləri təbliğ edirdi. "Tərcüman” tək Türküstanı deyil, Qafqazı, Orta Asiyanı əhatə edən bir qəzetə çevrilmişdi. Osmanlı İmperiyasında II Əbdülhəmidin hakimiyyətə keçməsi ilə bütün türkçülər təqib olunmağa başladı. Bu zaman hökümət "Tərcüman”ın Osmanlıda yayımına qadağa qoymuşdu. XX əsrin ilk illərindən başlayaraq Türküstanda mətbuat inkişaf edir, mətbu orqanların sayı hər gün artırdı. Fitrət və digər şair yoldaşları həmin mətbu orqanların fəal yazarlarından idilər. Daşkənddə 1905-ci ildə fəaliyyətə başlamış "Cədid” qəzeti, 1906-cı ildən nəşr olunmuş "Xurşid” və "Tərəqqi”, "Şöhrət”, "Asiya”, "Sədayi”, "Türküstan” qəzetləri, həmçinin, Səmərqənddə X.Behbudi və onun tərəfdaşları "Səmərqənd” və "Ayna” jurnalları nəşr etdirməyə başladılar. Təkcə 1905-1907-ci illərdə Özbəkistanda 12 qəzet, 2 jurnal və çoxlu sayda kitab-broşur nəşr olunmuşdu. Mətbuatda fəal iştirak edən Fitrət Türküstanın birliyi, İslam dininin və imperiyanın unutdurmağa çalışdığı türkçülüyün doğru əsaslarla təbliği, təhsil sisteminin yeniləşməsi və inkişafı, təhsildə dünyəvi elmlərin tədrisi kimi ideyaları durmadan təbliğ edirdi. İnkişaf edən cədid ideyaları Çar Rusiyasını qorxuya salmışdı. Buxarada daha da genişlənən cədidizm qarşısına yeni hədəflər qoymuşdu. Buxaranın Rusiyadan ayrılaraq müstəqillik əldə etməsi bir çox cədidçilər tərəfindən dəstəklənirdi. Çar Rusiyası və onun bölgə nümayəndələrinin dəstəyi ilə cədidizm hərəkatına qarşı mübarizəni sərtləşdirirdilər. Belə bir durumda Buxarada 1909-cu ildə qurulmuş "Tərbiyəyi Ətfal” cəmiyyəti tərəfindən öz sıralarını gücləndirmək, hərəkatın təsir effektini yüksəltmək üçün bir qrup gənc təhsil almaq üçün İstanbula göndərildi. İstanbula göndərilənlər arasında Fitrət öz zəkası ilə seçilirdi. Türkiyədə siyasi durum, "Gənc Türk”lərin siyasi mübarizəsi, türkçü və yenilikçi fikirlər Fitrət və digər cədidçi yoldaşlarının fikirlərinin formalaşmasına ciddi təsir etdi. Bu dövrdə o, Buxara əmirliyinin quruluş və idarəetmə sistemi ilə bağlı araşdırmaya başladı. İstanbulda təhsil aldığı dörd il Fitrəti siyasətə qoşulmağa vadar etdi. İlk ilində "Tarifi Müsəlman” dərgisində "Buxara vəziri Nəsrullahbəy Pərvanəçi həzrətlərinə açıq məktub”u yayımlandı. İstanbulda 1909-1913-cü illər arasında "Münəzara”, "Hind səyyahı”, "Rəhbəri Nicat” əsərlərini, "Səyhə”( "Fəryad”, 1912) adlı şeir kitabını yazdı. Fitrət Türkiyədə inkişaf edən yenilikçi ideyaların, türkçü fikirlərin Türküstanda təbliği yollarını düşünürdü. Ədibin 23 yaşında qələmə aldığı "Münəzara” əsəri Türküstan cədidçilərinin ilk bildirişi hesab olunur. Əsər 1909-cu ildə farsca yazılıb 1911-ci ildə İstanbulda nəşr olunmuşdur. Türküstanda isə əsər 1912-ci ildə "Türküstan vilayətinin qəzeti”ndə Hacı Muinin tərcüməsiylə, M.X. Behbudi tərəfindən yazılan ön sözlə kitab halında nəşr olunmuşdur. "Münəzara” Türkiyə yenilikçi mühitinin təsiri ilə qələmə alınmış, bir Fransızla Buxaralı müdərrisin müxtəlif mövzularda apardığı müzakirələrdən ibarətdir. "Bu zaman mədəniyyət zamanıdır. Bu zamanda hər millət insanlığın və öz vətəndaşlarının mənfəəti və uğuru üçün qarşılıqsız xidmət edir. Hətta bu yolda canını və malını da ortaya qoyanlar az deyildir. Ənvər və Niyazi bəylər Osmanlı məşrutiyyəsi və hüriyyəti üçün hər cür fədakarlıqlar etdilər. Onların məqsədi millətinə xidmət deyildimi?” "Münəzara” əsəri Türküstan ziyalıları arasında böyük marağa səbəb olur. Hətta Daşkənddəki "Puşkin cəmiyyəti”nin rəhbəri Alpay Yagello əsəri 1912-ci ildə ruscaya çevirərək çap etdirir. İstanbulda olduğu müddətdə bir yandan türkçü "İttihad və tərəqqi”, digər tərəfdən islamçı "Sirati Müstəqim” təşkilatları ilə yaxından əlaqə quran Fitrət Buxaralı tələbələrə yardım etmək məqsədiylə bir qrup tərəfdaşı ilə birgə "Buxara Tamami maarif cəmiyyəti”ni yaradır. Türkiyədə aldığı islam təhsili və türkçü dünyagörüşünün təsiri ilə yazılan "Münəzara” Fitrətin vətənin dolğun təsvirini, onun geri qalma səbəblərini aydınlatmağa imkan vermişdir. Əsərdə Fitrət İslam müdərrislərinin İslamın və Türklüyün gücünü zəiflətməkdə ittiham edir. Əsərdə iştirak edən Fransız şairin özüdür. Qərbli bir obrazın timsalında Fitrət özünün mütərəqqi ideyalarını ifadə edir. Əsərdə Fransızın dilindən Türküstanlılara müraciət edir: "İnsanlığın inkişafına görə deyirəm: Siz Türküstanlıların yolu budursa, yəni ömrünüzün dəyərli 37 ilini müzərafat parçalarının təhsilinə sərf edib, özünüz faydalı elmlərdən kənarda qalacaqsınızsa bir neçə ildən sonra Türküstanda İslamdan əsər-əlamət qalmaz, sadəcə tarix səhifələrində onun adı ilə rastlaşarsınız!” İslamın yanlış təbliğinin və bu yolla insanları cəhalətə, fanatizmə, geriliyə sürükləyən din xadimlərini və onların təhsil sistemini Fitrət tənqid edir. Əsər boyu Buxaralı müdərrisin Fransızın qarşısında gətirdiyi faktlar onun nə qədər cahil olduğunu göstərir. Nəticədə bəlli olur ki, İslam mədrəsələrində 25-30 il ərəb dili tədris olunmasına baxmayaraq bitirənlər ərəb dilini belə dürüst bilmirlər. "Quran”, Peyğəmbərin "hədisi-şərif”i yanlış olaraq təbliğ olunur. Halbuki, bir zamanlar "Buxarayi Şərif”i Fərabi, İbn Sina, Uluğbəy, İmam Buxari kimi dahilər yetişdirirdi. Bir zamanlar Avropaya qədər İslam düşüncəsinin, Türk qüvvətinin XX əsrdə düşdüyü durum şairi qəzəbləndirir. "İspaniya xristianların əlinə keçdi. Alim və üləmaların ömrünü keçirtdiyi məscidlər bu gün kilsədir, azan səsi yerinə bu gün çan səsi duyulmaqdadır. Yeniləşmə hərəkatı olaraq cədidizmin təməlində İslamçılıq və Türkçülük fikirləri dayanırdı. Bu baxımdan Cədidçilərin tarixə və tarixi qəhrəmanlara münasibətləri olduqca əhəmiyyət kəsb edir. Cədidçilər Türkün şanlı tarixinə müraciət etməklə Türk insanını uyduğu qəflət yuxusundan oyatmağı, öz varlığını və böyüklüyünü ona anlatmağa çalışırdılar. Cədidizm ədəbiyyatında ən çox müraciət olunan tarixi şəxsiyyət Əmir Teymur olmuşdur. Cədidizmin nümayəndələrinin bir çoxlarının əsərlərində Əmir Teymur adı keçməkdədir. İsmayıl bəy Qaspiralı Əmir Teymurun məşhur "Güc ədalətdədir” fikrini "Mükələmeyi Salatın” əsərinə epiqraf olaraq seçmişdir. Firtəin yaradıclığında da Əmir Teymur tez-tez xatırlanan tarixi şəxsiyyət olmuşdur. Fitrətin 30-dan çox əsərində Əmir Teymurun adı vardır. 1917-ci ildən nəşr olunmağa başlayan "Hüriyyət” qəzetinə bir müddətdən sonra Fitrət baş redaktorluq etməyə başalayır. Fitrət qəzetdə cəhalətə, fanatizmə qarşı mübarizəsini sərt şəkildə davam etdirir. Qəzet səhiflərinin birində yurdunun düşdüyü səfalətli vəziyyətə acıyaraq, bu acınacaqlı vəziyyətə laqeyd yanaşan xalqından qəzəblənən Fitrət, Əmir Teymura müraciət edir: ".......sənin Turanını mən yağmalatdım, sənin Türklüyünü mən əzdirdim, sənin əmanətinə mən xəyanət etdim”. Əslində bu, şairin üsyanı idi. Fitrət bütün yaradıclığı boyu millətinin yüksəlişini qəlbən istəyən, buna istedadlı qələmi ilə ömrünün sonuna qədər çalışan və bu yolda canını fəda edən əvəzolunmaz bir şəxsiyyətdir. Geri dön |