Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan-Təbriz > TƏBRİZ
TƏBRİZ |
Təbriz Şərqi Azərbaycan əyalətinin və Təbriz şəhristanlarının mərkəzidir. Şərqdən 46-cı meridianla şimaldan 38 dərəcə paralel yerləşən Təbriz şəhəri dəniz səviyyəsindən 1351,4 metr yüksəklikdədir. Azərbaycan Respublikası sərhədi ilə Təbrizi 140150 km-lik masafə ayırır. Təbriz-Culfa yolunun uzunluğu şosse yolu ilə 146 km, dəmiryolu ilə 155 km-dir. Bu şəhər Azərbaycan Respublikası, Naxçıvan və Ermənistanla həmsərhəd olduğu üçün strateji və ticari əlaqələr cəhətdən də böyük əhəmiyyətə və mövqeyə malikdir. Təbriz şəhristanının sahəsi 453000 kv.km, əhalisi isə 3526000 nəfərdir. Şəhristan şimaldan Əhər və Şəbüstərlə, şərqdən Sərab və Miyana, cənubdan Marağa, qərbdən usə Urmiya gölü ilə həmsərhəddir.
İllər üzrə Təbrizdə əhalinin artım dinamikası belə olmuşdur (nəfər): 1956- 289.996, 1966 – 403.413, 1976 – 597.976, 1986 – 971.481, 1996 – 1.191.043, 1997 – 1.486.509. Hazırda ətrafı ilə birlikdə götürüldükdə Təbrizdə (şəhristanda) əhalinin sayı 3526000 nəfərdir. Təbriz yollar qovşağında yerləşən şəhərdir. Tehrandan Təbrizə qədər uzanan asfalt yol (624 km) Culfaya qədər (Azərbaycan Respublikasına qədər) uzanıb gəlir. Təbrizdən keçən digər yol (şahrah yol) bütün İranı Türkiyə (Tehran-Ankara) və Avropa ilə birləşdirir. Bu yol Azərbaycanın Qəzvin, Zəngan, Miyana və Marağa şəhərlərindən keçərək Təbrizə gəlir. Tehrandan başlayıb Təbrizdə qurtaran dəmiryolu Təbrizin yaxınlığında Sofiyan qəsəbəsindan iki istiqamətə: Şimala – Culfaya, Qərbə – Türkiyəyə tərəf yönəlir. Bu yol İranın təsərrüfat həyatı, xarici iqtisadi əlaqələri və sərnişin daşıma işlərində və s. mühüm əhəmiyyəti vardır. Təbriz eyni zamanda hava yolları üzərində yerləşən şəhərdir. Acıçay vadisində yerləşən Təbriz təyyarə meydanı Güney Azərbaycanın ən böyük hava limanıdır. Hava xətti ilə Tehrana, Bakıya və Ankaraya cəmi 1 saatlıq yoldur. Şəhər ətrafındakı Səhənd dağları və şəhərin içindəki eynəli təpələri, yaşıl parklar, xüsusən El gölü parkı, böyük və qədim bazar, çoxlu tarixi abidələr, magistral yollar, böyük ticarət mərkəzləri bu şəhərə xüsusi bir gözəllik bəxş edir. Şəhərə həmçinin Göy məscid, Ərk qalası, "Gəncinə” (Xəzinə) muzeyi, Təbriz bazarı, Şah gölü (El gölü), Məqbərətüşşüara (Şairlər Məqbərəsi), Camaat (Camiə) məscidi və s. xüsusi gözəllik verir. Təbriz Yaxın və Orta Şərqin qədim şəhərlərindəndir. Tarixi mənbələrdə Təbrizin adı müxtəlif cür (Tarmakis, Tavrakis, Təvrej, Təvriz, Tarbiz və s.) verilsə də, o, Azərbaycan tarixinə Təbriz kimi düşmüş və bu ad həmişə əzəmətlə səslənmişdir. Təbriz sözünün etimologoyası və şəhərin yaranma tarixi haqda çoxlu fikir, mülahizə və fərziyyələr vardır. Güney Azərbaycanın və onun paytaxt şəhəri Təbriz haqqında məlumat güneyli alimlər Prof. Məhəmmədtağı Zehtabinin "İran türklərinin əski tarixi” (Təbriz, 1998) və Dr. Səməd Sərdariniyanın "Təbriz əvvəlinci şəhərlərdəndir” əsərlərində verilib. Təbriz Atropaten dövlətinin əsas şəhərlərindən biri olmuşdur. Sasanilər dövründə və ondan sonra ərəb xilafəti zamanında Təbriz Azərbaycanın Mahal mərkəzi olduğu qeyd edilir. Babək hərəkatının mühüm dayaqlarından biri Təbriz olmuşdur. Xilafətin zəiflədiyi dövrlərdə Azərbaycanda yaranmış Rəvvadilər dövründə paytaxt olaraq Təbriz seçilmişdi. XI əsrin ortalarında Səlcuq Sultanı I Toğrul, daha sonra 1174-cü ildə Qızıl Arslan Təbrizi özünə baş iqamətgah seçmişdir. Sonrakı dövrlərdə Təbriz Eldəgəzlər dövlətinin paytaxtı olmuşdur. Bu dövr tarixi ədəbiyyatda Təbrizin çiçəklənməsi dövrü kimi səciyyələnir. Təbriz bir neçə dəfə monqolların hücumuna məruz qalmışdır. 1258-ci ildən Elxanilər dövlətinin tərkibinə daxil olan Təbriz sonralar bu dövlətin paytaxtına çevrildi (paytaxt Marağadan Təbrizə köçürüldü). Elxanilər dövründə Təbrizdə aparılan abadlıq işləri şəhərin 5-6 dəfə böyüməsinə səbəb olmuşdu. XIII-XIV əsrlərdə Təbriz artıq Yaxın və Orta Şərqin mədəniyyət, ticarət və sənətkarlıq mərkəzlərindən biri kimi tanınırdı. 1387-ci lldə Əmir Teymur Təbrizi tutarkən ilk növbədə onun dünya şöhrətli sənətksrlarını Səmərqəndə aparmağa cəhd etmişdi. Qaraqoyunluların və Ağqoyunluların hakimiyyəti illərində Təbriz paytaxt şəhəri kimi genişləndirilmiş, böyümüş və abadlaşdırılmışdı. Bir sıra tarixi abidələr, yollar və karvansaralar məhz bu dövrdə yaradılmışdı. Ağqoyunlu dövlətinin banisi Uzun Həsən Təbrizdə "Nəsriyyə” və"Məqsudiyyə” mədrəsələrini, məşhur "Qeysəriyyə” bazarını tikdirmişdir. Səfəvilər hakimiyyəti, xüsusən Şah İsmayıl Xətai dövründə Təbriz Səfəvi dövlətinin əzəmətli paytaxtına, Yaxın və Orta Şərqin möhtəşəm şəhərlərindən birinə çevrilmişdi. Bu dövrdə də şəhərin sakinlərinin sayı 300 min nəfəri keçmişdi ki, bu da orta əsr şəhərləri üçün böyük əzəmət hesab olunurdu. XVII əsrin tarixçisi Orucbəy Bəyat Təbrizi təkcə Azərbaycanın yox, "Şərqin paytaxtı” adlandırmışdı. Orucbəy o zaman Təbrizdə 80 min ev (366 min sakin) olduğunu qeyd etmişdi. Şah Abbas Səfəvi dövlətinin paytaxtı, Təbrizdən Qəzvinə, daha sonra isə İsfahana köçürülməsi də Təbrizin əzəmətinə xələl gətirmişdi. Fransız səyyahı Şarden isə (XVII əsr) Təbrizin İsfahandan böyük olduğunu yazırdı. Həmin dövrə aid xalq deyimlərinin birində deyilir: İsfahan, nefse cahan, əgər Təbriz olmasa. Təbriz öz varlığı müddətində bir neçə dəfə (852, 1721, 1780, 1844, 1986-cı illərdə) dağıdıcı zəlzələlərə məruz qalmasaydı, o yəqin ki, daha abad, daha geniş və əzəmətli olardı. Təbriz şəhəri Şərqdən Avropa və Rusiya, eləcə də Böyük Türküstan ellərinə gedən yolların üzərində yerləşmiş və tarixi İpək Yolunun mühüm mərkəzlərindən olmuşdur. İpək Yolunun xarici və daxili müsafirlərin bu şəhərdən gəlib keçməsi şəhərin çiçəklənməsində və inkişafında tarixi faktorlardn biridir. Yük daşımada, ticarətdə və mədəni əlaqələrdə Təbriz topdan satış bazarı vasitəsilə Yaxın və Orta Şərq malları Avropa bazarlarından tutmuş uzaq Çinə qədər aparıldı. Təbrizin Ərəbistan, İtaliyanın Genuya şəhəri, Moskva knyazlığı, Orta Asiya dövlətləri, Osmanlı imperiyası, Hindistan, Çin, İngiltərə, İsveç, Polşa, Danimarka və s. ilə iqtisadi-ticarət və mədəni əlaqələri var idi. Gülüstan və Türkmənçay müqavilələri əsasında Təbriz Güney Azərbaycanın inzibati, siyasi, iqtisadi və mədəni mərkəzi olmaq etibarilə İranın tərkibində qaldı. Qoca Təbrizdə yüz min il keçsə, Bakı qardaşlarını unutmayacaq M.H.Şəhriyar * * * Yaman günlər gəlib ötüb keçəndi, Bir yaxşılıq muradına yetəndi. O tay, bu tay nə fərqi var, vətəndi, Bir gün olar bu dağları yararlar, İstəklilər bir-birini taparlar. M.H.Şəhriyar Ağalar bilmədi birdir bu torpaq Təbriz də, Bakı da Azərbaycandır. Bir elin ruhunu, dilini ancaq Kağızlar üstündə bölmək asandır B.Vahabzadə Təbrizdə texnologiya və sənət də qədim zamanlardan xüsusi yer tutur. Müasir Təbriz həm də Güney Azərbaycanın başlıca sənaye və ticarət mərkəzidir. Təbrizdə maşınqayırma, traktor və dizel mühərrikləri quraşdıran, neftayırma, sement, kərpic zavodları, toxuculuq, kibrit fabrikləri fəaliyyət göstərir. Ən iri xalçaçılıq mərkəzlərindən olan Təbrizdə istehsal olunan gəbələr çox qədim zamanlardan dünya şöhrəti qazanmışdır. Qeyd etmək lazımdır ki, çox yaxın gələcəkdə Təbrizin traktor istehsal edən zavodunda İranın "Səba” adlı ən azı yanacaq işlədən avtomobillər istehsal edən zavodu işə düşəcək və öz məhsulunubazara çıxaracaq. Təbriz Güney Azərbaycanın inzibati mərkəzi olmaqdan başqa mədəniyyət və zəngin tarixi abidələr ocağıdır. Yazar: Sübhan Talıblı Geri dön |