Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Hürrəmilər dövlətini ilk türk - müsəlman dövləti kimi qəbul etmək olarmı? - ARAŞDIRMA
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Türkün şanlı tarixi > Hürrəmilər dövlətini ilk türk - müsəlman dövləti kimi qəbul etmək olarmı? - ARAŞDIRMA

Hürrəmilər dövlətini ilk türk - müsəlman dövləti kimi qəbul etmək olarmı? - ARAŞDIRMA


Enter.News tanınmış araşdırmaçı yazar Ceyhun Bayramlının növbəti araşdırmasını təqdim edir:

Babəkin rəhbərliyi altında 816-cı ildən başlayaraq ge­niş vüsət almış Hürrəmilər hərəkatının Azərbaycan ərazilə­rinə nəzarəti ələ keçirməsi ilə faktiki olaraq qurulmuş olan Hürrəmilər dövlətinin ideya əsasları, əsasən, İslami yönümlü olsa da, şəriət modelli İslama yox, xalq İslamına mənsub olmaqla Abbasi sarayının rəsmi məzhəbi olan mötəziliyyəyə (Mötəziliyyə - Abbasilərin saray məzhəbi. Özünün bir sıra prinsip və müddəalarına görə İslamın təməllərinə zidd cərəyan idi – C.B.) qarşı idi. Və bu dövlətdə şəriət qanunları dövlətin idarə olunmasında heç də mühüm rola malik deyildi. Bunu isbatlayacaq faktlar tərəfimizdən “Babək və Hürrəmilik: yalanlar və gerçəklər” adlı kitabda sadalanmışdır. Bu gün ortaya daha bir məntiqi sual çıxmaq­dadır: Hürrəmilər dövlətini tarixdə ilk türk-müsəlman döv­ləti olaraq qəbul edə bilərikmi və bunun üçün əldə hansı ciddi əsaslar vardır?

İlk əvvəl onu bildirək ki, tarix elmində ilk türk-islam dövləti olaraq Qaraxanlılar (Mərkəzi Asiyada, Aral dənizindən şərqə və cənub-şərqə doğru olan ərazilərdə 942-1212-ci illərdə mövcud olmuş türk dövləti. Banisi Əbdülkərim Satuq Buğra Xan olmuşdur – C.B.) dövlətinin qəbul edilməsi fikri yanlışdır. Çünki bundan çox-çox əvvəl İslam xilafətinin təsir dairəsində olan torpaqlarda türk sülalələrinin qurmuş olduqları dövlət qurumlarının mövcudluğu faktları vardır. Bu sırada elə təkcə Azərbaycanda IX əsrin II yarısından etibarən siyasi səhnəyə çıxmış olan Sacoğulları (Sacilər) dövlətini (Tarixi Azərbaycan torpaqlarında 879-941-ci illərdə mövcud olmuş türk-islam dövləti. Qurucusu xilafət ordusunun sərkərdəsi Əbu Sac Divdad olmuşdur. Paytaxtı əvvəlcə Marağa, sonra isə Ərdəbil şəhəri idi – C.B.) xatırlamaq kifayət edər. Lakin Hürrəmilər hərə­katının 816-cı ildə mütəşəkkil formada yenidən vüsət ala­raq genişlənməsi və qarşısıalınmaz qüvvəyə çevrilməsi ilə İslam coğrafiyasında müstəqil bir dövlət qurulmuşdur ki, bu faktı isbatlayacaq dəlillərdən bəzilərini bundan əvvəl qeyd etdik. Bu dövlətin təməl prinsiplərinin Hürrəmilər hərəka­tının və cərəyanının ideya prinsipləri ilə eyniyyət təşkil etməsi aydındır və heç bir şübhə doğurmur. O zaman Hür­rəmilər hərəkatının ideyalarında ən ümdə yeri tutan prinsiplərin milli təşəkkül, türk özünüdərki və islam inan­cından ibarət olmasını təsdiqləyə biləcək faktları da demək lazımdır ki, Hürrəmilər dövlətinin təməl prinsiplərinin türk-islam sintezinə əsaslanması tezisinin ciddi əsaslara malik olması üzə çıxsın. Hürrəmiliyin dini-ideoloji tərəfləri İslami yöndən bundan öncəki “Babək və hürrəmilik: yalan­lar və gerçəklər” adlı kitabda müəyyən qədər təhlil süz­gəcindən keçirilib mənbələrin məlumatları və bir sıra faktlarla oxuculara təqdim olunmuşdur. Hürrəmiliyin məhz heterodoks (Hetrodiks (yunanca “hetro” fərqli, “doxa” düşüncə, öyrəti mənasındadır.) – ümumən “əsas xətdən sapan, başlıca axından yayınan” anlamında işlədilir – C.B.) islamın bir qolu olduğu sözügedən faktlarla öz təsdiqini tapmaqdadır. Bu haqda irəlidə ətraflı danışıla­caqdır.

Hürrəmilər dövlətini ilk türk - müsəlman dövləti kimi qəbul etmək olarmı? - ARAŞDIRMA

Hürrəmilərin eyni zamanda milliyyətçi məfkurəyə sahib olmalarını təsdiqləyən faktlar çoxdur, lakin bunun ən bariz nümunəsinə İbn Vazeh Yəqubinin “Tarixi-Yəqubi” əsərində rast gəlmək mümkündür: “Sonra o, (xəlifə əl-Məmun nəzərdə tutulur - C.B.) Hatim ibn Hərsəmə ibn Əyunu Ərminiyyəyə vali təyin edir. O, ölkəyə gəlir və mütəzililərlə ifrat milliyyətçilər arasında qalmış olur. Onlar bir-biri ilə elə vuruşurlar ki, az qala məhv olacaqdılar, sonra barışırlar. Hatim ibn Hərsəmə elə bir neçə gün ölkədə qalmışdı ki, ona atası Hərsəmənin ölüm xəbəri və onun necə şəraitdə ölməsi çatır”. Burda söhbət xilafət dövründə “Ərminiyyə” adlandırılan quzey Azərbaycan torpaqlarında xəlifə Məmun dövründə hakim mötəziliyyə cərəyanının tərəfdarları ilə onlara qarşı etiraz çıxışları edən ifrat milliyyətçilərin olduqca sərt qarşıdurmasından gedir. İfrat milliyyətçi adlanan cinahın mənsublarının məhz Hürrəmilərdən ibarət olması tarix qeydlərindən də aydın görünməkdədir. Əks təqdirdə bu cinahın mənsubları Hürrəmilərdən ayrı bir qüvvə olaraq daha ətraflı və məxsusi olaraq qeyd olunardı, İbn Vazeh Yəqubi isə öz əsərində 212-ci hicri ilində (827-828-ci illərdə) baş verən hadisələrə və Hürrəmilərin fəaliyyətinə toxunarkən bu hadisəni qeyd edir. Deməli, Hürrəmilər məhz Azərbaycanın milliyyətçi qüvvələri idi ki, bölgəyə nəzarəti əllərinə keçirmiş, Abbasi ordularını ard-ardına məğlub etmiş, müstəqil dövlət qurmuşdular.

Azərbaycan tarixində bu cür türk milli özünüdərk məfkurəsinə əsaslanan və İslamın heterodoksal yönümünə uyğun prinsiplərə dayanan dövlət qurulması hadisəsinə Hürrəmilərdən təxminən yeddi əsr sonra - Səfəvi Qızılbaş dövlətinin qurulması dönəmində də rast gəlinmişdir. Bu üzdən Hürrəmilər dövlətinin ideoloji tərəflərini dəqiq müəyyən etmək üçün onu sonrakı dövrlərlə də müqayisə etmək və paralellər aparmaq lazım gəlir. Azərbaycan Səfəvi-Qızılbaş dövlətinin təməl prinsiplərinin özülü hələ bu dövlət qurulmamışdan əvvəl - Qızılbaşların mürşidi Şeyx Cüneydin (Qızılbaşların Ərdəbil ordeninin başçısı və şeyxi, Şah İsmayıl Xətainin babası – C.B.) və oğlu Şeyx Heydərin (Şeyx Heydər Qızılbaşların Ərdəbil ordeninin başçısı və Şah İsmayıl Xətainin atası – C.B.) zamanında qoyulmuş­du. Şeyx Heydərin təliminin Hürrəmilik ideyaları ilə nə dərəcədə bağlı olduğunu isə müxtəlif mənbələrdən bilmək olar. Sözügedən mənbə məlumatlarından birini bu yerdə xatırlamaq, zənnimcə, məsələyə aydınlıq gətirməyə kömək edər.

Fəzlullah ibn Ruzbehxanın fikrincə, “Şeyx Heydər öz müridlərinə Babəkin dini qayda-qanunlarını təbliğ edir­di”. Burdan belə bir nəticə hasil edə bilərik ki, Şeyx Heydər oğlu Şah İsmayılın qurduğu Səfəvi Qızılbaş dövləti öz dini-ideya məzmununa görə məhz Babə­kin qurmuş olduğu Hürrəmilər dövlətinin məntiqi davamı olmaqla, onun təməl prinsipləri ilə eyniyyət təşkil edirdi.

Yuxarıda sadalanan tarixi mənbə məlumatları və bir sıra tarixi faktlar onu söyləməyə əsas verir ki, Babək Abbasilərin yürütdüyü siyasətə qarşı xalq-azadlıq hərəka­tının öndəri olmaqdan əlavə, həmçinin, bu hərəkatın nəticə­si kimi bölgədə ortaya çıxmış, türk-islam düşüncəsinə əsaslanan müstəqil Hürrəmilər dövlətinin də hökmdarı olmuşdur. Mənbə müəllifləri bu dövlətin ismini o səbəbdən öz əsərlərində qeyd etməmişlər ki, ilk növbədə iqtidarda olan işğalçı Abbasi xanədanı mənsubları bunu yazmağı qa­dağan etmişlər. Sonrakı yüzilliklərin tarix yazarları isə Ba­bəkin başçılıq etdiyi Hürrəmilər hərəkatı və Hürrəmilər dövləti barədə yazdıqları qeydlərdə özlərinə əziyyət vermə­dən, sadəcə olaraq özlərindən əvvəlki dövrlərin saray tarixçilərinin qərəzli məlumatlarına istinad etməyi daha doğru hesab etmişlər.

Hürrəmilər dövlətini ilk türk - müsəlman dövləti kimi qəbul etmək olarmı? - ARAŞDIRMA

Babəkin hökmdarı olduğu Hürrəmilər dövləti barədə ilk növbədə bunları demək olar ki, bu dövlət Azərbaycan türklərinin 816-cı ildə yenidən baş qaldıran milli-azadlıq hərəkatının məntiqi nəticəsi kimi, təxminən 820-ci ildə meydana çıxmışdır. Azərbaycan Hürrəmilər dövlətinin banisi olan Babək Hürrəminin konkret ərazilərdə idarəetmə sisteminə malik olması bunu söyləməyə əsas verir. Hürrəmilər dövlətinin təməlində dayanan ideoloji prinsiplər türklük və heterodoks islam düşüncəsi idi, dövlət şəriət qanun­ları ilə idarə olunmurdu. Qonşuları Xəzər xaqanlığı ilə Bizans imperiyasının tənəzzül dövrünə təsadüf edən Hürrəmilər dövləti mövcud olduğu 22 il ərzində İslam dini adı altında İslama tamamilə zidd mövqe tutan və ərəb im­perializmi düşüncəsi ilə işğal siyasəti yürüdən Abbasilər dövlətinin davamlı təhdid və müdaxiləsi ilə baş-başa qalmış, özünümüdafiə məqsədilə bu işğalçı dövlətlə arasıkəsilmədən müharibələr aparmalı olmuşdur. Bu müharibələr za­manı Azərbaycan Hürrəmilər dövlətinin orduları hökmdar Babəkin başçılığı altında uzun müddət nəinki vətən torpaq­larını yadellilərin təcavüzündən qorumuş, hətta Abbasilər xilafətinin bir sıra digər əraziləri (Xorasan, İsfahan, Təbəristan və s.) üzərində nəzarəti zaman-zaman ələ keçirmişdir. Babəkin orduları bu müddət ərzində Göyçə gölünün şima­lından və Ağrıdağdan tutmuş Həmədana, Zəncana, Marağa yaxınlığında Həştadsər dağma, Deyləmə, Təbəristana, hətta İsfahana qədər nəhəng ərazilərdə düşmənlə çoxsaylı qeyri-bərabər döyüşlərə girmiş, bu döyüşlərin də bir çoxunda qə­ləbə çalmışlar.

Bir sıra tarixçilərimiz ilk türk-islam dövlətinin Volqa Bulqarlarının dövləti olması fikrini müdafiə etməkdədir. Bu fikirdə, az da olsa, həqiqət payı vardır. Lakin onu nəzərə al­maq lazımdır ki, Volqa Bulqarlarının dövləti öz yararnışında İslam inancına söykənməmişdi, məhz sonradan İslam dinini qəbul etməklə öz təməl prinsiplərində dəyişiklik etmişdi. Babəkin qurucusu olduğu Hürrəmilər dövləti isə məhz xalq islamı düşüncəsi üzərində qurulmuş bir türk dövləti idi, bu baxımdan Hürrəmilər dövlətini çəkinmədən ilk türk-müsəl­man dövləti olaraq qəbul etmək olar. “Müsəlman dövləti” məsələsinə ənənəvi yanaşmanın mənfi cəhəti ondadır ki, bu yanaşmalarda bir qayda olaraq yalnız şəriət qaydalarına əsaslanan dövlətlər əsas götürülmüş, məzhəbi və fiqhi mə­sələlərə əsas əhəmiyyət verilmişdir, yerdə qalan və İslami nöqteyi-nəzərdən daha mühüm olan məqamlara diqqət yetirilməmişdir. Əlbəttə ki, İslam dedikdə sırf şəriət qaydaları və şəriət fiqhi nəzərdə tutula bilməz. Bu baxımdan şəriətə əsaslanmayan, şəriət hökmlərini, məzhəb düşün­cəsini və fiqhini dövlətin təməl doktrinası və prinsipləri kimi görməyən, lakin İslam inancına söykənən dövlət qurumlarını da mütləq surətdə nəzərə almaq gərəkdir. Hürrəmilər dövləti, qeyd olunan faktlardan da göründüyü kimi, məhz bu tipli dövlət olmuşdur və yalnız xəlifəlik institutunu öz əlində saxlamış olan Abbasilər dövlətinin hakim sülaləsinə zidd olması səbəbindən müsəlman dövlət­ləri sırasında adı yanlış yerə qeyd olunmamışdır. Eyni sub­yektiv və qərəzli yanaşmaya bizlər Səfəvi-Qızılbaş dövləti­nin timsalında da rast gəlirik. Belə ki, İslamın sufi yoluna sadiq olan bu dövlətə digər ənənəvi şəriət fiqhinə əsaslanan dövlətlər qeyri-islami bir dövlət kimi yanaşmış, onu İslama zidd bir dövlət qurumu kimi təqdim etməyə çalışmışlar. Təəssüf ki, bu qərəzli baxış bucağı nəinki Nadir şah Əfşar dövrünədək davam etmiş, hətta XX əsrin bir sıra fərqli məzhəbi dünyagörüşünə malik tarixçi-alimlərinin yazdıqları əsərlərdə də özünü biruzə vermişdir. Hər halda, ümid etmək olar ki, bu kimi bir çox məsələlərə tarix elmində gec-tez aydınlıq gələcək və hər şey öz yerini tutacaq, eyni zamanda, aparılan gələcək tədqiqatlar Hürrə­milər dövləti ilə bağlı daha qaranlıq və maraqlı məqamları üzə çıxarmaqla yanaşı, onun milli kimlik təməli, istiqlal düşüncəsi və İslam prinsipləri üzərində bərqərar olması fikrini də möhkəmləndirəcəkdir. Bizim düşüncəmizə görə, Azərbaycan milli dövlətçilik tarixində Hürrəmilər dövlətinin mövcudluğu faktı gec-tez elmi müstəvidə rəsmən qəbul edilməli, bu dövlətin tarixi ayrıca araşdırılaraq tədqiqat obyekti olmalıdır.

Geri dön