Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin Paris Sülh Konfransına təqdim etdiyi tarixi sənəddəki mühüm bəndlər
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət, DAVAMın yazıları > Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin Paris Sülh Konfransına təqdim etdiyi tarixi sənəddəki mühüm bəndlər

Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin Paris Sülh Konfransına təqdim etdiyi tarixi sənəddəki mühüm bəndlər


Enter.News yarandığı gündən maraq kəsb edən və tozlu arxivlərdə qalaqlanan bir sıra sənədlərin, cəmiyyət üçün maraqlı olan tarixi yazıların üzə çıxarılıb yayımlanmasına nail olub. Bu yolda araşdırma və axtarışlarını davam etdirən saytımız, Azərbaycan Xalq Cümhuriyyəti dövründə - 23 aylıq bir müddətdə hökumət tərəfindən görülən işlər, yaradılan nazirlik və müəyyən qurumlar haqqında məlumatları oxucularına təqdim edir. Növbəti materialımız - Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin Paris Sülh Konfransına təqdim etdiyi tarixi sənəddəki mühüm bəndlər barəsindədir:

1918-ci il dekabrın 28-də Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti Parlamentin ağsaqqallar şurası üzvlərinin iştirakı ilə Paris Sülh Konfransına göndəriləcək Azərbaycanın nümayəndə heyətinin tərkibini müəyyən etdi. Parlamentin sədri Əlimərdan bəy Topçubaşovun rəhbərlik etdiyi nümayəndə heyətinə Məmməd Həsən Hacınski, Əhməd bəy Ağayev, Əkbər Şeyxülislamov, Məhəmməd Məhərrəmov, Mir Yaqub Mehdiyev və Ceyhun bəy Hacıbəyli daxil idilər. Yanvarda İstanbula gedən nümayəndə heyəti üç ay orada gözlədikdən sonra, nəhayət, 1919-cu il aprelin 22-də İtaliya gəmisi ilə Fransaya yola düşdü və mayın əvvəllərində Parisə çatan nümayəndə heyəti hələ İstanbulda ikən Ə.Topçubaş, Ə.Ağayev və C.Hacıbəyli tərəfindən hazırlanmış “Qafqaz Azərbaycanı Cümhuriyyətinin Paris Sülh Konfransına memorandum” adlı sənəd üzərində yenidən işləyərək, onu daha da təkmilləşdirdi. Məqsəd memorandumu Paris Sülh Konfransının keçirildiyi ingilis və fransız dillərində kitabça şəklində hazırlayıb konfrans iştirakçılarına paylamaq idi. Ə.Topçubaşov 1919-cu il iyunun 8-10-da Azərbaycan Cümhuriyyəti Nazirlər Şurası sədrinə yazdığı məktubda memorandum üzərində gedən gərgin iş barədə məlumat verərək bildirirdi ki, “İndi nümayəndə heyətinin bütün üzvləri həmin məsələ ilə məşğuldurlar. Ümid edirik ki, memorandumu tezliklə başa çatdırıb lazımi yerlərə və şəxslərə təqdim edəcəyik”. Həmin il iyulun 8-9-da yazdığı digər məktuda isə o, memorandumun iyunun 12-də, ümumən, yazılıb başa çatdırıldığını, onun nümayəndə heyəti üzvlərinin təklifinə əlavə və düzəlişləri əsasında yenidən təshih olunub fransız dilinə tərcümə edildiyini bildirirdi.


Azərbaycan Hökumətinin memorandumu, hələ kitabça şəklində çap edilməzdən əvvəl, ingilis və fars dillərində əlyazması şəklində Sülh Konfransının katibliyinə təqdim olunmuşdu.

“Qafqaz Azərbaycanı Cümhuriyyətinin Paris Sülh Konfransına memorandum” on dörd bölmədən ibarət idi. “Azərbaycanın mənşəyi-müstəqil xanlıqlar və onların tənəzzülü adlanan 1-ci bölmədə Azərbaycan xalqının mənşəyi və formalaşma prosesi, Azərbaycanın qədim coğrafı hüdudları, müstəqil xanlıqların yaranması və onların Rusiya imperiyası tərəfindən işğalı barədə Sülh Konfransı iştirakçılarına, Avropa və Amerika ictimaiyyətinə qısa məlumat verilirdi.

Memorandumun “Azərbaycanın yerli əhalisi, onların keçmiş rus imperiyasına münasibəti” adlanan 2-ci bölməsində Rusiya işğalından sonra Qafqazın digər xalqlarına nisbətən azərbaycanlıların daha çox təqiblərə məruz qalması, onların uzun müddət milli məktəbinin, anadilli mətbuatının, xeyriyyə cəmiyyətlərinin qadağan edilməsi, məmurlarının müsəlman xadimlərinə etimadsızlığı və haqqında məlumatlar açıqlanırdı.

“Transqafqaz seymi və federasiyası - onların tənəzzülü və süqutu” adlanan 3-cü bölmə Cənubi Qafqazda müxtəlif dövlət qurumlarının yaradılması, onların daxili və xarici siyasəti, Zaqafqaziya seymi daxilindəki ziddiyyətlər, habelə Seymin süqutunun səbəbləri əksini tapmışdı.

Memorandumun “Azərbaycan Cümhuriyyətinin höküməti və onun paytaxtı Bakı şəhəri” adlanan 4-cü bölməsində Azərbaycanın müstəqilliyinin elan edilməsi, Cümhuriyyət Hökumətinin təşkili, onun fəaliyyəti barədə hərtərəfli və yığcam məlumat verilir, Bakı şəhəri, onun bir paytaxt kimi Azərbaycanın siyasi, iqtisadi və mədəni həyatındakı roluna geniş yer ayrılırdı. Memorandumun 5, 6 və 7-ci bölmələrində Azərbaycan xalqının bolşevik və erməni-daşnak quldurlarına qarşı mübarizəsindən, bolşevik-daşnakların Bakı, Şamaxı, Quba və digər yerlərdə azərbaycanlılara qarşı törətdikləri soyqırımı cinayətlərindən və Bakının azad olunmasından bəhs edilirdi.

Memorandumun ən mühüm bölmələri Azərbaycan Xalq Cümhuriyyətinin ərazisi və əhalisinə aid bölmələr idi. Ermənistanın, Gürcüstanın və İranın konfransa təqdim etdikləri ərazi iddiaları bilavasitə Azərbaycana qarşı yönəldiyindən, Cümhuriyyət ərazilərinin tarixən ona məxsus olması, Azərbaycana qarşı iddia qaldırılmış ərazilərdə əhalinin böyük əksəriyyətini ta qədimdən azərbaycanlıların təşkil etməsi tarixi faktlarla əsaslandırılırdı.

“Millətlər liqası. Azərbaycanlıların mövqeyi. Bolşeviklərə qarşı mübarizədə türklərə müraciət” adlanan 13-cü bölmədə Azərbaycan Xalq Cümhuriyyətinin Millətlər liqasına daxil olmaq təşəbbüsü, dünya xalqları ailəsində özünün qanuni yerini tutmaq üçün Millətlər liqasının tribunasından istifadə arzuları ifadə edilmişdi.

Memorandumun sonuncu - 14-cü bölməsində Azərbaycan nümayəndə heyətinin Paris Sülh Konfransına bəslədiyi ümidlər və konfransdan tələbləri əksini tapmışdı.

Azərbaycan nümayəndə heyətinin tələbləri konfrans nümayəndələrinin ciddi müzakirələrinə səbəb oldu və nəhayət, bəhrəsini verdi. 1920-ci il yanvarın 11-də Paris Sülh Konfransının Ali Şurası Azərbaycan Cümhuriyyətinin varlığını de-fakto tanımaq barədə qərar qəbul etdi. Bu, Azərbaycanın Parlamentinin sədri Ə.Topçubaşovun rəhbərlik etdiyi sülh nümayəndə heyətinin, ümumiyyətlə isə, Azərbaycan xalqının, Hökumətinin və diplomatiyasının böyük qələbəsi idi.

QEYD: Materialın hazırlanmasında “Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası”ndan istifadə edilib.

Geri dön