Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Mənim nəğməli bibim -Xanımana Sabir bəy qızı Əlibəyli
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, DAVAMın yazıları > Mənim nəğməli bibim -Xanımana Sabir bəy qızı Əlibəyli

Mənim nəğməli bibim -Xanımana Sabir bəy qızı Əlibəyli


(20.04.1920,Bakı - 07.05.2007,Bakı)


Xanımana Əivəyli 1938-1942-ci illərdə Azərbaycan
Medisina(Tibb-N.N.) İnstitutunda atamla bir kursda oxumuşdur "Atamın tələbə dostları" kitabı üzərində işləyərkən arxivlərdə onun da adına rast gəldim.Tanışlarla səhbətləşdim,müəyyən araşdırmalar apardım. "Atamın tələbə dostları" adlı belə bir kitabın yazılma ideyası işin çöxluğu ucbatından reallaşdırmaq bir qədər ləngiyir. Sağlıq olsun ,tezliklə bu işi qurtaracağam.
Mənim nəğməli bibim -Xanımana  Sabir bəy qızı Əlibəyli


Kitabda professor Mürsəl Qarayev,Sosialist Əməyi Qəhrəmanı əslən naxçıvanlıolan Zəhra Şeyx Kərim qızı Qazıyeva, professor Sayalı Abdulla qızıTağıyeva,Xanımana Sabir bəy qızı Əlibəyli və başqa tanınmış həkimlər və ziyalılar haqqında maraqlı yazıları oxuya biləcəksiniz.
Mayın 7-də Xanımana Əlibəylinin anım günüdür.On ildir ki,o ,həyatını dəyişib.
Bədii sözün dili ilə ana dilimizin böyük təbliğatçısı və bu dildə gözəl tərcümələr yaradan, "nəğməli bibim" kimi tanıdığım Xanımana Əlibəyli həmişə hörmətlə xatırlanacaqdır.

Nazim Nəsrəddinov,

Azərbaycan Respublikasının əməkdar müəllimi,
türkoloq.

Bakı.
04.052017.

P.S. Oxuculara təqdim etdiyim bu yazının müəllifi mən deyiləm. (Mən öz yazımı hələ yekunlaşdırmamışam).
Oxuduğum mənbədə müəllifin adı göstərilməyib.Yazı xoşuma gəldi.
Müəllifini müəyyənləşdirə bilmədiyim bu maraqlı yazını kiçik redaktə və ixtisarla sizlərə təqdim edirəm.


"Xanımana Sabir qızı 20 aprel 1920-ci ildə Bakı şəhərinin Keşlə kəndində maraqlı mədəni ənənələrə malik zadəgan ailəsində dünyaya göz açmışdır. Babası general Ağasəlim bəy Əlibəyov və nənəsi Xanımana o zamanın yüksək təhsil görmüş ziyalılarından olmuşlar. Bədii istedadı olan Xanımana nənə hərdən şeir də yazarmış. Şairimizin atası Sabir bəy Əlibəyov Sankt-Peterburq universitetini bitirmişdi və ölkəmizin xaricdə ixtisaslaşmış ilk ali təhsilli peşəkar hüquqşünaslarından biri kimi tanınırdı.

Xanımananın anası Məsumə xanım Qarayeva H.Z.Tağıyevin məşhur Qızlar gimnaziyasını və Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirmiş, Əli Bayramov adına Qadınlar klubunun fəallarından olmuş, uzun illər Bakının orta məktəblərində dərs demiş, məktəb direktoru, rayon xalq maarif şöbəsinin müdiri vəzifələrində çalışmış, bu sahədə səmərəli fəaliyyətinə görə əməkdar müəllim fəxri adına layiq görülmüşdü.
Xanımana dörd qızın və üç oğlanın böyüdüyü bu ailənin ilk uşağı idi və təbii ki, valideynləri onun təlim-tərbiyəsi ilə ciddi məşğul olurdular. Onların səyləri və şəxsi nümunələri zəminində qızcığaz mütaliəyə aludə olur, Azərbaycan və rus dillərində əvvəlcə xırda həcmli uşaq ədəbiyyatı nümunələrinin, sonra isə sanballı poeziya əsərlərinin, povest və romanların ardıcıl və potensial oxucusuna çevrilir.

Gənc şair Bakıdakı 13 nömrəli orta məktəbdə təhsil almış, həmişə yaxşı oxumuş, müəllimlərinin sevimlisi olmuşdur. Onlardan biri, sonralar görkəmli yazıçı kimi tanınan Məhərrəm Əlizadə Xanımananın istedadını görüb onun, ilk şeirlərinin o dövrün qəzet və jurnallarına yol açmasına nail olmuşdur.
Məhərrəm Əlizadə gənc şairin Azərbaycan radiosu ilə çıxışlarına məsləhətçi və köməkçi olmuşdur. Xanımananın ilk şeirləri 1938-ci ildən dövri mətbuatda dərc olunmağa başlamış, "Balaca həkim" adlı birinci kitabı isə 1955-ci ildə "Uşaqgəncnəşr" tərəfindən 30.000 nüsxə tirajla çap olunmuşdur.

16 yaşında ikən Xanımana Azərbaycan Medisina (Tibb-N.N.)İnstitutuna daxil olmuş, 1942-ci il avqustun 10-dainstitutu uğurla bitirmişdir. O, təyinatla vətənimizin dilbər guşələrindən olan Masallıya göndərilmiş, orada Qızılavar kənd tibb məntəqəsində həkimlik fəaliyyətə başlamışdır.
Tezliklə Xanımana ikinci ali təhsil almaq üçün ADU-nun filologiya fakültəsinə qəbul imtahanları vermiş, beş il sonra həmin fakültəni müvəffəqiyyətlə bitirmişdir.

Bədii yaradıcılıq sahəsində yeni, ciddi uğurlar qazanan məhsuldar şairəmiz 1953-cü ildə o zamankı uşaq ədəbiyyatımızın parlaq simalarından olan Mirvarid Dilbazi və Mikayıl Rzaquluzadənin zəmanətləri ilə SSRİ Yazıçılar İttifaqına üzv qəbul edilmişdir.

Xanımana ömrünün ixtiyar çağında -7 may 2007-ci ildə dünyasını dəyişmiş, Bakı şəhərində dəfn edilmişdir.


O,18.05.1972Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanı ilə təltif olunmuşdur.1

Xanımana Əlibəyli uşaqlar üçün yazılmış yüzlərlə şeirin, onlarla poema və səhnə əsərinin, 30-dan artıq kitabın müəllifidir. Onun sənətkar əməyi həmişə tənqidin və ədəbi ictimaiyyətin diqqət mərkəzində olmuş, yüksək qiymətləndirilmişdir. "Aycan" pyesinin uğurlu tamaşası münasibətilə yaradıcı heyətin üzvləri rejissor Ulduz Rəfili, bəstəkar Şəfiqə Axundova və baletmeyster Nailə Nəzirova ilə birlikdə Xanımana da Azərbaycan SSR-in Dövlət mükafatına layiq görülmüşdür. 1991-ci ildə ona əməkdar incəsənət xadimi adı verilmişdir. 1998-ci ildə Xanımana "İlin qadını" adını almaq şərəfinə nail olmuşdur. 1999-cu ildə ümummilli liderimiz Heydər Əliyev ona Prezident təqaüdü təyin etmiş, bu münasibətlə xatirə olaraq ona gözəl bir büllur şamdan da bağışlamışdır.

X.Əlibəylinin bədii yaradıcılığına Azərbaycan uşaq ədəbiyyatının inkişafında böyük xidmətləri olmuş

peşəkar uşaq ədəbiyyatımızın banisi və ən məhsuldar nümayəndəsi, bu ədəbiyyatın bir sıra klassik nümunələrinin yaradıcısı Abdulla Şaiqin güclü təsiri olmuşdur.
X.Əlibəylinin adı Azərbaycan uşaq ədəbiyyatında özünə məxsus yeri bu sahədə tanınan şairlərdən Teymur Elçin və İlyas Tapdığın adı ilə birgə çəkilir.
X.Əlibəyli uaq aləminin bilicisi idi.Bu cəhətdən o, M.Ə.Sabir, A.Səhhət və A.Şaiq ənənələrinin layiqli davamçılarından biridir. Onun bir uşaq şairi kimi yazı üslubunun püxtələşməsində, mövzu və obrazlar aləminin zənginləşməsində, sənətkarlıq vərdişlərinin cilalanmasında dünya uşaq ədəbiyyatı klassikləri cərgəsində öncüllərdən olan Korney Çukovski, Samuel Marşak, Sergey Mixalkov kimi rus şairlərinin əsərlərinin də danılmaz rolu vardır. Yeri düşəndə Xanımana həm onların, həm də bəzi Avropa uşaq ədəbiyyatı korifeylərinin şeirlərindən nümunələr deyər, imkanı olduqca onların əsərlərini dilimizə tərcümə edərdi.
Şeirsiz günü olmadığına, yazı masasının gözlərində çoxlu əsərlərinin üst-üstə qalaqlandığına baxmayaraq o, uzun müddət kitab çap etdirməyə çalışmamışdır.
Maraqlıdır ki, Xanımananın "Balaca həkim" adlı ilk şeirlər toplusu 1955-ci ildə- şairənin 35 yaşı olanda işıq üzü görmüşdür. Halbuki bu zaman o, yetkin bir şair kimi çoxdan təqdir olunurdu və neçə il idi ki, SSRİ Yazıçılar İttifaqının üzvü idi. "Balaca həkim" kitabı da bir daha sübut etdi ki, Xanımananın timsalında bizim qiymətli ənənələrə malik uşaq ədəbiyyatımıza həqiqətən də öz təsvir və ifadə tərzi, öz obrazlar aləmi, başlıcası isə, özünə məxsus şeir dili, oxucusuna müraciət tərzi olan orijinal bir qələm sahibi gəlmişdir.

Xanımana böyük arzular, yüksək amallar şairi idi. O, bütün vətən balalarının azad, şən, ağıllı, mədəni, hazırcavab, tərbiyəli, təmizkar, ətrafdakılara qarşı diqqətli, həssas, ehtiyacı olanlara kömək əlini uzadan nəcib və xeyirxah insanlar kimi böyümələrini istəyirdi. Özünün 70 ilin civarında davam etmiş yaradıcılıq yollarında şair həmişə bu məqsədə qulluq edirdi. Lakin onun sənətkar gözü öz əziz övladları qədər sevdiyi vətən balaları arasında bəzi yalançıları, gopçuları, xəsisləri, qorxaqları, paxılları da görür, onların da ailədə, bağçada, məktəbdə, cəmiyyətdə tərbiyələnib püxtləşməsinə, yaramaz xasiyyətlərdən uzaqlaşmasına, xalqın güvənc yeri olan vətəndaşlar kimi yetişməsinə çalışırdı. Bu deyilənlər yaradıcılıq aləmində asanlıqla əldə edilməsi mümkün olan mətləblər deyil.

Xanımananın əsərlərindəki ahəngdarlıq, axıcılıq, uşaq aləminə uyarlıq da qətiyyən asan başa gəlmirdi. Yaradıcı sənətkarlar adətən sevib-seçdiyi mövzunu ətə-cana gətirmək, onu öz təbii yatağına salmaq, obrazlarının hər birinə sözdən uyarlı libaslar biçib geyindirmək, onları canlandırmaq üçün böyük axtarışlar aparır, axtardığını tapmayınca rahatlıq nə olduğunu bilmirlər. Bizim bir oxucu kimi bəyəndiyimiz, sevdiyimiz, bəzən hətta aludə olduğumuz cazibədarlıq, rəvanlıq, ahəngdarlıq da şeirdə məhz bu yolla yaranır.
Bir uşaq şairi olaraq Xanımananın üstünlüyü bir də onda idi ki, böyüklər üçün on illər bundan öncə adiləşmiş həyat hadisələrini, insanlar arasındakı münasibətlərin rəngarəngliyini kiçik oxucular üçün məhz "onların səviyyəsində", məhz balacaların duyğu və düşüncələri müstəvisində kəşf və təqdim edə bilirdi. Bu da öz növbəsində balacaların və yeniyetmələrin dünyagörüşünün inkişafında, maraq dairəsinin genişlənməsində, əxlaq və mənəviyyatının tərbiyəsində, onların xarakterinin mətinləşməsində və bütün bunların zəminində bədii zövqünün cilalanmasında əhəmiyyətli rol oynayırdı.

Xanımananın əsərləri uşaqlarda vətənə məhəbbət, insan əməyinə və istedadına ehtiram, təbiət gözəlliklərinə vurğunluq, ataya, anaya, müəllimə, ümumiyyətlə, böyüklərə hörmət, özündən kiçiklərə şəfqət, mehribanlıq, dostluqda dəyanət, kamil insan üçün yabançı olub onun şəninə, ləyaqətinə kəsir gətirən eybəcər hallara nifrət kimi çox gərəkli duyğular aşılayır, şair bütün bunları öz kiçik sevimlilərinin qavrayış tərzinə uyğun əlvan bədii təsvir və ifadə vasitələri ilə təqdim edirdi. Onun kiçik yaşlı qəhrəmanları böyük mənəvi dəyərlərin daşıyıcılarıdır. Xanımana onların bu yüksək keyfiyyətlərini bəzi müəlliflərin yazılarında olduğu kimi çağırış və şüar şəklində yox, uzun-uzadı təfərrüatlarla deyil, məhz obrazların özlərinin psixoloji durumundan çıxış edərək yığcam, müxtəsər, yüksək dərəcədə təbii və inandırıcı göstərirdi. Şeirlərindən birində təsvir olunan dəcəl pişik günahsız kuklanın üzünü cırmaqlamışdır. Həm kuklanın, həm də pişiyin hamisi olan lirik qəhrəman, yəqin ki, xeyli fikirləşəndən sonra belə düzgün bir qərara gəlmişdir:



Bir də dəcəllik etsən,
Döymərəm, azdırmaram.

Mən səni kuklam gedən
Məktəbə yazdırmaram!

Beləliklə də, Xanımana öz balaca oxucularını həyatda qarşıya çıxan mürəkkəb vəziyyətlərdə məhz humanist meyarlardan çıxış edib obyektiv qərarlar qəbul etməyə çağırır.

Əlbəttə, balacalar üçün işləyən şair, ədib və dramaturqlar, hər şeydən əvvəl öz əsərlərini saf, aydın və anlaşıqlı dildə, uşaqların təsəvvürlər dünyasına uyğun üslubda yazmalıdırlar. Lakin bu əsərlərə qarşı irəli sürülən sadəlik, aydınlıq tələbini heç vaxt sadəlövhlük, primitivlik kimi qəbul etmək olmaz. Əsl bədii əsərdə sadəlik məzmun və mətləbin dərindən əks etdirilməsinə mane olmamalı, əksinə, məzmun və mətləbin müəllif məqsədinin daha yaxşı qavranmasına xidmət göstərməlidir.

Xanımana kiçik bir şeirdə, bəzən bir neçə misrada məhz uşaqlar üçün məhrəm olan lövhə, yaxud vəziyyət, məqam yaradır, balacaların həmişə fetişləşdirib, bənzəməyə çalışdıqları, bir çox hallarda təqlid etdikləri böyüklərlə, habelə heyvanlarla, quşlarla, təbiət hadisələrilə münasibətlərinə dair onların hafizəsində izlər buraxan mənzərələr yaradır, kiçik yaşlıların hər şeyə təəccüblə baxan sual dolu gözlərini ətraf mühitə, dünyaya açır, mənəvi tələblərinə cavab verən əsərlər yazırdı.

Sənət qalası hörən hər bir istedadlı qələm sahibinin əsas "tikinti materialı" sözdür. Özəlliklə də şairlər ana dilinin böyük poetik imkanlarından ustalıqla istifadə edərək sənət möcüzəsi yaradırlar. Xanımananın əsərlərində də azyaşlılarla danışmaq üçün çox uyarlı bir ahəng, onların qəlbinə yol tapmaq üçün hər kəsin ruhuna uyğun gələn bir universal açar var idi. Yaxından tanıyanlar yaxşı xatırlayırlar ki, ulu Tanrının xoş saatda yaratdığı Xanımana elə bil nur kündəsi idi. Başdan-ayağa xeyirxahlıq, nəciblik saçan şairəmizin min adamın danışığı arasında bircə cümləsindən seçilib tanınan, yalnız onun özünə məxsus olan şeir dili, mülayim, mehriban, canayatan bir ifadə tərzi, danışıq ədası vardı.



Oxucusuna təqdim etmək istədiyi mətləbin açılması, bədii şərhi üçün adətən tez-tez müraciət etdiyi 8-10 beytlik, yaxud 2-3 bəndlik miniatür şerin çərçivələri darısqallıq edəndə Xanımana poema janrına müraciət edir, maraqlı süjet qurmaq, cazibədar məqamlar təqdim etmək, fərqli bədii obrazlar yaratmaqla öz müəllif məqsədinə nail olurdu. O, "Aman ovçu", "Ağ çəmən", "Ulduzların qucağında", "Bir yay səhəri", "Çoxbilmiş çəpişlər", "Meşə həkimi", "Sevimli şəhid babam" və digər qiymətli poemaların müəllifidir. Uzunçuluq, sözçülük, lüzumsuz təsvirçilik Xanımananın poemaları üçün də yaddır. Maraqlıdır ki,tədqiqatçılar onun lpoemalarını uşaq ədəbiyyatımızın ən yığcam poemaları kimi qiymətləndirmişlər.

"Dovşanın ad günü" Xanımananın ən populyar poemalarından biridir. Məktəb yaşına çatmamış uşaqlar üçün nəzərdə tutulan bu əsər hamını çox təsirləndirir.Xanımana bu poemada heyvanlar və quşlar aləminin ən tipik təmsilçilərini - çəpişi, quzunu, xoruzu, tülkünü, kirpini, meymunu, qazı, durnanı, iti bir məclisdə təsvir edir. Özü də onların təqdimi üçün hər bir obrazın səciyyəvi əlamət və cizgilərini əks etdirən özəlliklər tapır və uğurlu şeir parçaları əsasında təqdim edir. Şairin ustalıqla təsvir etdiyi bu ad gunü şənliyində dovşanın dostları, yaxınları bir mərəkə qoparırlar ki, hadisələrin axarı oxucunu öz stixiyasının qoynuna alıb aparır, poemanın finalının yetişməsindən narahatlıq duymağa başlayırsan. Məclis iştirakçılarından hər biri öz vərdişi, şakəri, səciyyəvi əlamətləri ilə balacalar üçün təzə bir aləmdir.
Əsərin dili də ahəngdar, oynaq və axıcıdır, onda istifadə olunan lüğət ehtiyatı, barəsində söz açılan hadisələrin məzmununa, ruhuna uyğundur, sanki obrazların boyuna biçilib onların portret cizgilərini tamamlayır.

Dovşana bax, dovşana,
Bu gün nə tez oyandı,
O, hoppanıb-hoppanıb
Pəncərədə dayandı.

Açılıb pəncərəsi
Bağ-bağçaya taybatay.
Tutuquşunun səsi
Salıb aləmə haray:

Dovşanın ad günüdür,
Dovşanın şad günüdür!

Xanımananın poemaları Azərbaycanımızın rəngarəng təbiət təsvirləri ilə zəngindir. "Meşə həkimi"ni əlinə alan bədii zövq sahibi ondakı əsrarəngiz təbiət təsvirlərinə qətiyyən biganə qala bilməz. "Yamyaşıl bir meşədir?" misrası ilə başlanan aşağıdakı ekspozisiyanı nəzərdən keçirən hər kəs hökmən poemanı axıradək oxuyacaqdır.

Yamyaşıl bir meşədir?
Odur: vələs, qovaq, şam,
Pıçıldaşmaq peşədir
Onlarda səhər, axşam.

Salıb meşəyə haray
Axır gümüş rəngli çay?
Bir tərəfdə diz çöküb
Söyüd çaydan içir su,
Hörüklərini töküb
Çimir, qaçır yuxusu.

Əsla şübhə yoxdur ki, "hərəkətdə olan estetika" təsiri bağışlayan bu təbiət təsvirləri Azərbaycan uşaq poeziyasının qızıl fondunda öz layiqli yerini tutacaq, Xanımananın digər qiymətli əsərləri ilə yanaşı, uzun illər boyu oxucularımızın bədii zövqünü oxşayacaqdır.

"Balaca həkim" adlı digər bir miniatür poemasında da Xanımananın əsas təsvir və tərənnüm obyekti heyvanlar, onların kukla və oyuncaq variantlarıdır. İş elə gətirib ki, onlar hamısı birdən "xəstələniblər". Bu xəstələrin "həkimi" ? hamisi öz zəngin daxili aləmi, hərəkət, danışıq və əməlləri ilə ətrafa nur saçan son dərəcə həssas və qayğıkeş bir qızcığazdır. O, gözünü açanda öz evlərində həmişə ana şəfqətinin tərkib hissəsi olan həkim qayğısı görmüş, anasının öz xəstələrinə də öz övladı kimi şəfa verdiyinin şahidi olmuş, onun təsiri ilə bu qızcığaz da evlərindəki divanın üstündə öz "xəstəxanasını" yaratmışdır. Əziz dostlarının ? bu kuklaların, oyuncaqların azarladığını görən qızcığaz böyük həvəs, mən deyərdim ki, balacalara məxsus qarşısıalınmaz bir cidd-cəhdlə müalicə tədbirlərinə başlayır:

Sağ qoluma bağladım
Tez aypara nişanı,
Yavaşca qucaqladım
Atı, fili, dovşanı
Qoydum divanın üstə.

Uzandı çoxlu xəstə:
Keçi, dəvə, qaz, toyuq?
Çoxuna dəyib soyuq.

Həkim qızcığaz özü xəstələnəndə aldığı müalicələr və anasının danışdığı "xəstəlik tarixçələri" əsasında bir-bir öz patsientlərinin dərdinə qalır, boğaz ağrısına mübtəla olmuş qaza qarqara verir, səhərəcən öskürmüş boz itin belinə banka salır, məstan pişiyin şıltaqlığından üzü cırmaqlanmış keçinin yarasına yod sürtür? və əlbəttə, bir azdan sonra qızcığazın bütün xəstələri, o cümlədən fil də, dəvə də, sevimli kuklası Güldəstə də sağalır:

Təkcə darıxdım yaman,
Saydım düz ona qədər,
Verdiyim dava-dərman
Gördüm, getməyib hədər.

Hamı gözünü açdı,
Birbaş yanıma qaçdı.

Tərtəmiz sağaldılar,
Sevinib əl çaldılar!

Daxili dinamikaya, tükənməz enerjiyə malik olan bu əsərin qəhrəmanı şairin təqdimatında öz xəstələrinə o qədər can-dildən qulluq edir ki, onu sevməmək olmur. Bəlkə də indi deyəcəyim söz bir qədər mübaliğəli göründü: şəxsən mən bu fikirdəyəm ki, keçən əsrin ortalarından etibarən Azərbaycanın digər ali məktəbləri ilə müqayisədə Tibb İnstitutuna qızların daha çox meyl göstərməsində o illərin Azərbaycan uşaq ədəbiyyatının ən maraqlı və populyar nümunələrindən olan "Balaca həkim"in də şəksiz rolu olmuşdur.



Xanımana müxtəlif illərdə "Gözəllər gözəli", "Nişanlı quş", "Aycan", "Dovşanın ad günü", "Cunquş", "Kənd həkimi", "Durnalar lələk salır", "Meyvələrin şahı" və s. dram əsərləri yazmış, onların bir çoxu ölkəmizin gənclər və kukla teatrlarında göstərilmiş, müəllifinə Azərbaycan uşaq dramaturgiyasının görkəmli nümayəndəsi şərəfini gətirmişdir.


Məhz bu cür fikri-bədii keyfiyyətlərinə görə Xanımananın "Cunquş" adlı başqa bir əsəri vaxtilə respublikanın dövlət mükafatına layiq görülmüşdü. Bu pyesdə də Xanımana öz sevimli mövzu və obrazlar aləminə sadiq qalmış, yaxşı insan, ideal bəşər övladı xarakterinin təcəssümü üçün bədii axtarışlarını uğurla davam etdirmişdir.
Çox maraqlı faktdır ki, kukla teatrımız 1980-ci ildə Hindistanda qastrol səfərində olarkən Dehli və Bombey şəhərlərində iki əsərin tamaşası ilə çıxış etmişdi: dahi Ü.Hacıbəyovun "Məşədi İbad" komediyası, bir də Xanımananın "Cunquş" pyesi! Hər iki tamaşa böyük rəğbətlə qarşılanmışdı. O zaman bu barədə Bakı qəzetlərindən birində verilmiş yazının başlığı belə idi: "Xeyirxahlıq mücəssəməsi Cunquşu Hindistanda da sevdilər!"


Xanımananın yaradıcılığı həmişə ədəbi ictimaiyyətin, tənqidin diqqət mərkəzində olmuş, ona saysız-hesabsız məqalələr, resenziyalar həsr edilmiş, pyeslərinin uğurlu tamaşalarına dair çoxlu qəzet-jurnal yazıları buraxılmış, nadir halları çıxmaqla bütün bu materiallarda şairin yaradıcılıq uğurları həmişə təqdir olunmuşdur.
Görkəmli uşaq ədəbiyyatı tədqiqatçısı f.e.d., prof. Qara Namazovun 1984-cü ildən bəri dəfələrlə nəşr edilmiş "Azərbaycan uşaq ədəbiyyatı" dərsliyindəki xüsusi bölmə əsasında Xanımananın yaradıcılığı universitetlərimizin filologiya fakültələrində öyrədilir. Prof. Aydın Hacıyevin "Azərbaycan uşaq ədəbiyyatı tarixi" kitabında da onun yaradıcılığına xüsusi bölmə ayrılmışdır. Bu sətirlərin müəllifi də imkanları dairəsində Xanımananın yeni əsərlərini həmişə diqqətlə izləmiş, hələ 1980-ci illərdə nəşr etdirdiyi "Uşaq ədəbiyyatımız müasir mərhələdə" adlı icmal məqaləsində onun həmin dövrün məşhur uşaq yazıçıları M.Rzaquluzadə, Q.İlkin, M.Dilbazi, T.Elçin, Ə.Babayeva, İ.Tapdıq, T.Mahmud və Z.Xəlillə bir sırada balacaları gözəl bədii nümunələrlə təmin etmək sahəsində fəal çalışdığını, aktual mövzularda maraqlı əsərlər yazdığını təqdir etmişdir.

Ümumiyyətlə, şairin şəxsiyyəti, yeni əsərləri və pyeslərinin səhnə təcəssümü haqqında qələm yoldaşı olan tanınmış sənətkar, şair və tənqidçilərdən M.Rzaquluzadə, M.Dilbazi, T.Mahmud, İ.Tapdıq, Z.Xəlil və başqaları, Cabir Səfərov, Ulduz Rəfili, AMEA-nın müxbir üzvü İnqilab Kərimov, digər teatrşünaslar, müəllimlər, kitabxana işçiləri qədirşünaslıq duyğularının ifadəsi olan gözəl məqalə və resenziyalar yazıb nəşr etdirmişlər.
Şeirlərinin birində X.Əlibəyli şeirlərinin birində valideynlərə müraciətlə yazırdı:

Həkiməm, şairəm, dinləyin məni,
Körpəniz ağlasa xiffət etməyin.

Ya beş-altı damcı dərman içirdin,
Ya beş-altı misra şerimdən deyin?


Yetmiş il davam edən zəngin bir yaradıcılıq yolu keçmiş Xanımananın bütün əsərlərinin ən ali məqsədi onun bu misralarında özünün aydın-aşkar ifadəsini tapmışdır:

Heyranam hər çağına,
Bağçasına, bağına.

Yıxılım ayağına
Azərbaycanım mənim!

Xalqına, vətəninə, onun insanlarına, maddi və mənəvi potensialına beləcə səmimi məhəbbətinə görədir ki, vətən də Xanımananı öz qoynunda qayğı ilə bəsləmiş, onun istedadına pərvəriş vermiş, yaradıcılıq uğurlarını daha da zənginləşdirmişdir. "Avrasiya" nəşriyyatında hazırlanmış bu ikicildlik də şairin irsinə vətən qayğısının növbəti təzahürüdür.

Geri dön