Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Şuşanın “azad edilməsi” onlar üçün bayram deyil
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gənclik > Şuşanın “azad edilməsi” onlar üçün bayram deyil

Şuşanın “azad edilməsi” onlar üçün bayram deyil


Yazı “Deputat-tələbə əməkdaşlığı” müsabiqəsinin “Şuşa Qarabağın mənəvi paytaxtıdır” mövzusunda yazılıb

Azərbaycan xalqı 200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırım siyasətinə məruz qalmışdır. Azərbaycan xalqı tarxi torpaqlarından qovulmuş, qaçqına, məcburi köçkünə çevrilmiş və bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınlarla müşayət olunmuşdur. 1988-ci ildən Dağlıq Qarabağ ətrafında başlayan hadisələr erməni ideoloqlarının “dənizdən dənizə Ermənistan” adlı sərsəm bir ideyasını reallaşdırmaq cəhdi kəndlərin, şəhərlərin dağılması, on minlərlə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələndi.

1992-ci ilin mayın 8-ə keçən gecə erməni hərbi birləşmələri Şuşanın işğalı ilə bağlı hərbi əməliyyat keçirmişdir. Şəhərin işğalı əməliyyatını keçmiş sovet polkovniki Arkadi Ter-Tadevosyan hazırlayıb. O, əvvəllər Dağlıq Qarabağda erməni qüvvələrinə komandanlıq edib. Qeyd olunur ki, ermənilər Şuşadakı gözlənilməzlik və təşkilatsızlıq amilindən istifadə edərək çaxnaşma yaradıb və müdafiənin təşkilinə mane olublar. Bununla belə, küçə döyüşləri xeyli davam edib.. Şuşanın işğalı zamanı bir neçə yüz dinc sakin yaralanıb və həlak olub. Yüzlərlə insan əsir və itkin düşüb.

Elə şuşalı olmaq üçün də bu şəhərdə dünyaya göz açmaq əsas şərt deyil. Çünki xalq yazıçısı Anarın təbirincə desək, Şuşa bütün azərbaycanlıların ruhunun vətənidir. Qarabağ mənəviyyatının, mədəniyyətinin paytaxtıdır. Bu qədim şəhərin Azərbaycan adlı salnamədəki yeri çox möhtəşəmdir. Mənəviyyatımızın, mədəniyyətimizin, ədəbiyyatımızın, mərdliyimizin, tariximizin, qurub-yaratmaq əzmimizin bütün məziyyətləri bu salnamənin Şuşa səhifəsində şah sütunlarda xüsusi kursivlə həkk edilib. Bu bəxtəvərliyi, bu şöhrəti, eləcə də sonradan üzləşdiyimiz möhnəti də yazan Allahdır. Bizi sevindirən, ucaldan Tanrı xalqımızı elə bu ağır sınağa bəlkə də ona görə çəkib ki, sədaqətimizlə, şücaətimizlə, vətənpərvərliyimizlə, Şuşaya əbədi bağlılığımızla qalib çıxaq. Bir daha düşmənə kimliyimizi göstərək. "Tərlan oylağında sar ola bilməz" - deyək!

Yaxşı deyiblər ki, bütün xalqların həyatında musiqi ilə şeir əkiz doğulub. Qaynayıb qarışaraq mənəvi sərvətə çevrilib. Qarabağ muğamın beşiyidir. Bu milli sərvətin sarı simi isə Şuşadır. Şuşa haqqında yaranan şifahi və klassik poeziya nümunələrində şəhərin adı Şişə kimi vəsf edilib: "Misli yoxdur Şişənin", "Şişədir cənnət mənə", "Cənnətdir Şişənin İsa bulağı", "Pənahabad olan Şişəm, səni kim eylədi bərbad", "Şişənin vardır gözəl, ahu baxışlı qızları". Bunlar da səbəbsiz deyildir. Şuşa, əslində, şiş qayaları ilə diqqət çəkən dağların qoynunda yerləşir.

Şuşadan kimlər keçməyib - dost da, düşmən də, səyyah da, musiqişünas da, etnoqraf da... Hər kəs öz qəlbinin gözü ilə bu şəhərə göz yetirib, qiymət verib. Rus şairi Sergey Yesenin onun gözəlliyini, insanların musiqiyə bağlılığını belə dilə gətirib: "Əgər oxumursansa, deməli, şuşalı deyilsən". Musiqi və poeziya beşiyi adlanan bu qeyri-adi şəhərdə demək olar ki, Azərbaycanın bütün məşhur mədəniyyət xadimləri yaşayıb yaradıblar - Cabbar Qaryağdıoğlu, Məşədi İsi, Hacı Hüsü, Keçəçi Məmməd, İslam Abdullayev, Seyid Şuşinski, Xan Şuşinski, Bülbül, Rəşid Behbudov... XVIII əsrdə Şuşa şəhərində Vaqif kimi bir şeir tacidarı olub. Burada Qasım bəy Zakir yaşayıb yaradıb. Xan qızı Natəvanın şeir məclisləri dillər əzbərinə çevrilib.

Bu aynada biz yadlar tapdağında saralan Şuşamızın tarixində adları həkk edilən neçə-neçə etnoqrafın, arxeoloqun, musiqişünasın, nəqqaşın, xəttatın, rəssamın, memarın pəjmürdə ruhlarını görürük. Onlar ana yurdlarının taleyindən narahatdırlar

Ermənistanın “Armtoday” agentliyi özü də etiraf edir ki, ermənilər və Ermənistan hakimiyyəti nə qədər çalışsa da Şuşanı bu 20 ildə erməniləşdirə bilməyib. Necə deyərlər, Şuşanı sözdə “Şuşi” ediblər. Əməldə və reallıqda Şuşa hələ də Azərbaycan şəhəri olaraq qalıb. Necə ki, hər zaman Azərbaycan şəhəri olub, olacaq da.

Erməni mətbuatı yazır ki, bu 20 ildə Şuşa real olaraq erməni şəhəri ola bilməyib. Onlar nə qədər çalışsalar da ermənilər bura heç bir maraq göstərmirlər, orada məskunlaşmaqdan vaz keçirlər. Sanki bilirlər ki, Şuşa onların deyil və heç zaman onların olmayacaq.

Hətta erməni mətbuatı etiraf edir ki, Şuşanın “azad edilməsində”, Şuşanın işğalında iştirak etmiş komandirlərdən biri Sasun Milaelyan adlı birisi hazırda həbsdədir. Onlar yazır ki, hazırki Ermənistan hakimiyyəti onu həbsə atdırıb. Hətta onun tutulması və Şuşanın “azad edilməsi” onlar üçün heç də bayram deyil.

Ruhumuzun ünvanı olan müqəddəs şəhər, Allahın izniylə övladlarının səni azad edəcəyi gün mütləq olacaq. Dağın, daşın zirvəsində yenə də abidələr tikiləcək, bulaqlarının başına yenə də qonaqların gələcək. Hüsnü gözəl Şuşanın yeni növrağı başlayacaq.

Məmmədli Mehdi
Qərb Universiteti Siyasi Elmlər fakultəsi
III kurs tələbəsi

Geri dön